cümə axşamı 4 iyun 2026 - 22:26
Qədir-Xum hadisəsinin müasir cəmiyyət üçün ən mühüm media dərsləri

Media tədqiqatçısı bildirib: Qədir-Xum hadisəsi təkcə tarixi və etiqadi məna və anlayışdan ibarət deyil, əslində böyük bir kommunikasiya və media hadisəsidir ki, vilayətin izahı və təbliği istiqamətində bu potensialdan layiqincə istifadə olunmalıdır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə Dr. Məsumə Nəsiri Qədir-Xum bayramını “Allahın ən böyük bayramı” kimi təbrik edərək bildirib ki, Qədir Xum hadisəsi təkcə tarixi və dini bir hadisə deyil, həm də kommunikasiya və media baxımından İslam tarixinin ən mühüm hadisələrindən biridir.

O qeyd edib ki, hicrətin 10-cu ilində, Vida həccindən sonra Peyğəmbər İslam (s) Qədir Xum bölgəsində böyük müsəlman karvanını dayandırdı ki, Allah tərəfindən ona çatdırılması əmr olunan mesajı açıq və geniş şəkildə elan etsin. Məkanın, zamanın və çatdırılma üsulunun seçilməsi Peyğəmbərin (s) bu vəhy üçün dəqiq bir kommunikasiya strategiyasından istifadə etdiyini göstərir.

Media tədqiqatçısı əlavə edib ki, Qədir hadisəsində Peyğəmbər (s) geniş kütlənin qarşısında uzun xütbə ilə çıxış edərək və insanlardan öz rəhbərlik və vilayət mövqeyinə dair təsdiq alaraq, özündən sonrakı rəhbərlik məsələsini gündəmə gətirdi və «من کنت مولاه فهذا علی مولاه» “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” buyurdu. Bu, əslində geniş, açıq və rəsmi bir ictimai elan idi və uğurlu media kommunikasiya modelinin bütün elementlərini özündə birləşdirirdi: geniş auditoriya, aydın mesaj, təkrar vurğu, auditoriyadan təsdiq alınması və hətta mesajın absent olanlara çatdırılması çağırışı.

O həmçinin bildirib ki, Peyğəmbərdən (s) sonra baş verənlər göstərdi ki, bir xəbərin təkcə çatdırılması onun ictimai yaddaşda qalmasına zəmanət vermir. O dövrün müsəlman cəmiyyəti müxtəlif sosial və siyasi amillərin təsiri altında idi və bu da Qədir mesajının fərqli şəkildə anlaşılmasına səbəb oldu.

D.r Nəsiri vurğulayıb ki, rəqiblər Qədir hadisəsinin özünü deyil, daha çox onun “şərhini” və “çərçivələnməsini” dəyişdirdilər. Kommunikasiya elmlərində bu, “mesajın yenidən təfsiri” adlanır: hadisə eyni qalır, lakin onun mənası dəyişdirilir. Nəticədə şiə baxımından İmam Əlinin (ə) vilayətinin rəsmi elan edilməsi kimi qəbul edilən hadisə bəzi rəvayətlərdə sadəcə fəzilət və sevgi ifadəsinə çevrildi.

Media tədqiqatçısı əlavə edib ki, ictimai rəy həmişə sosial və siyasi şəraitdən təsirlənir. O dövrün müsəlmanlarının bir qismi Qədir mühitindən uzaqlaşma, siyasi dəyişikliklər və yeni narrativlərin təsiri ilə tədricən əsas mesajdan uzaqlaşdılar. Bu isə göstərir ki, kommunikasiya sahəsində mesajın davamlı şəkildə təkrar istehsalı və izahı onun ilkin elan qədər vacibdir.

Sonda o çıxışının davamında edib ki, Qədir hadisəsi tarix üçün mühüm bir dərsdir: Həqiqət nə qədər aydın olsa da, onun ictimai yaddaşda qalması üçün davamlı “narrativ”, düzgün izah və mümkün təhriflərə qarşı mübarizə zəruridir. Buna görə də Qədir təkcə tarixi hadisə deyil, həm də mesaj, media, ictimai rəy və interpretasiya gücünün öyrənilməsi üçün mühüm bir nümunədir.

Qədir-Xum hədisinin təhrif olunmasında rəvayət müharibəsinin rolu

Media savadı üzrə müəllim və tədqiqatçı həmçinin bildirib ki, Qeyd olunduğu kimi, Qədir-Xum hadisəsi auditoriyanın genişliyi və xəbərin açıq şəkildə elan olunması baxımından İslam tarixinin ən mühüm hadisələrindən biri idi. Lakin Peyğəmbərdən (s) sonra baş verənlər göstərdi ki, bir mesajın taleyi yalnız onun elan edildiyi anla müəyyən edilmir, əksinə rəvayətlər və təfsirlər meydanında formalaşır. Başqa sözlə, Qədir-Xum hadisəsindən sonra əsas mübarizə hadisənin özü uğrunda deyil, onun mənası uğrunda idi.

O əlavə edib: Siyasi kommunikasiya təhlilində, bir mesajı tamamilə inkar etmək mümkün olmadıqda, onun məzmununu dəyişdirməyə çalışılır. Əslində, vilayət xəttinə qarşı olanlar Qədirin baş verməsini inkar edə bilmədilər; çünki minlərlə insan bu hadisənin şahidi olmuşdu və bu hadisə müxtəlif mənbələrdə qeydə alınmışdı. Buna görə əsas strategiya Qədir-Xum hadisəsinin rəvayətini dəyişmək oldu. Bu çərçivədə “vilayət və rəhbərlik” anlayışı “dostluq və məhəbbət” səviyyəsinə endirildi və Qədir-Xum hadisəsinin siyasi və ictimai mahiyyəti əxlaqi bir tövsiyə kimi təqdim olundu.

Qədir-Xum hədisi niyə düzgün şəkildə təbliğ olunmadı?

O bildirdi ki, bu rəvayət müharibəsi bir neçə istiqamətdə aparılmışdır:

1 — İctimai prioritetlərin dəyişdirilməsi: Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyəti rəhbərlik və hakimiyyətin idarə olunması problemi ilə üzləşdi. İctimai diqqət Qədir-Xum hadisəsinin mesajının yenidən oxunmasından çıxaraq gündəlik siyasi böhranın həllinə yönəldi və bu da Qədir-Xum rəvayətinin izahı üçün imkanları azaltdı.

2 — Alternativ rəvayətlərin yaradılması: O dövrün siyasi mühitində cəmiyyət rəhbərliyinin legitimliyi barədə başqa izahlar ortaya atıldı və zamanla bunlar bir hissə ictimai şüurda Qədir hadisəsindən daha güclü mövqe qazandı. Nəticədə Qədir-Xum “təyinedici nass”dan “tarixi fəzilət” səviyyəsinə endirildi.

3 — Dilin qeyri-müəyyənliyindən istifadə: “Mövla” sözü müzakirələrin mərkəzinə çevrildi. Şiə baxışında xütbənin kontekst və dəlilləri bu sözün vilayət və rəhbərlik mənasını göstərir; lakin rəqib rəvayətlər burada dostluq, məhəbbət və yardım mənasını önə çıxarmağa çalışdılar. Bu semantik fərq Qədir barədə rəvayət müharibəsinin əsas sahələrindən biri oldu.

4 — Hədisin təkrar yayılmasının zəifləməsi: Hər bir ictimai mesajın qalıcı olması üçün onun davamlı şəkildə təkrarlanması və yenidən istehsalı vacibdir. Rəqib rəvayətlər daha çox yayıldıqda və əsas rəvayət daha az izah edildikdə, zamanla ictimai şüur dominant rəvayətə meyl edir.

Nəsiri qeyd etdi: Bu baxımdan Qədir hadisəsi ictimai şüura təsir edən rəvayət müharibəsinin tarixi nümunəsidir. Burada əsas mübarizə bir hadisənin baş verib-verməməsi üzərində deyil, onun izahı və mənası üzərində formalaşmışdır. Məhz bu rəvayətlərin dəyişdirilməsi və çərçivələndirilməsi nəticəsində İslam cəmiyyətinin bir hissəsi Peyğəmbərin (s) nəzərdə tutduğu anlamdan uzaqlaşmış və Qədir-Xum hədisi siyasi proseslərin kənarında qalmışdır.

Qədir-Xum hadisəsi yalnız tarixi bir hadisə deyil

Media savadı üzrə müəllim və tədqiqatçı həmçinin bildirib: Qədir-Xum hadisəsi göstərir ki, ictimai və siyasi dəyişikliklərdə həqiqət hər zaman birbaşa inkarla sıradan çıxarılmır. Bəzən həqiqət “rəvayətin dəyişdirilməsi”, “prioritetlərin yerinin dəyişdirilməsi” və “qərəzli təfsirlər” vasitəsilə kənara itilir. Bu baxımdan Qədir-Xum yalnız tarixi bir hadisə deyil, eyni zamanda ictimai rəyə təsir edən rəvayət müharibəsinin nümunəsidir.

O əlavə edib: Əgər bu hadisədən bu gün üçün dərs çıxarsaq, görərik ki, müasir dövrdə də əsas mübarizə meydanı düşüncələr və rəvayətlər meydanıdır. Müasir media, sosial şəbəkələr və xəbər axınları dünyasında bir çox həqiqətlər tamamilə silinməklə deyil, yenidən çərçivələndirmə, seçici şəkildə qabartma və ya qeyri-müəyyənlik yaradılması ilə dəyişdirilir. Qədir-Xum məsələsində əsas mübahisə hadisənin özü yox, onun izahı üzərində idi. Bu gün də bir çox siyasi, mədəni və sosial hadisələr rəvayət rəqabətinin təsiri altındadır.

Qədir-Xum hadisəsinin müasir cəmiyyət üçün ən mühüm dərsi

Media tədqiqatçısı həmçinin deyib: Buna görə Qədirin müasir cəmiyyət üçün ən mühüm dərsi “media bəsirəti” və “rəvayət savadı”dır. Yəni real faktla onun təqdim edilən təfsirini ayırd edə bilmək bacarığı. Rəvayətləri analiz və tənqid edə bilən cəmiyyət ictimai təhriflərə daha az məruz qalır və həqiqət, təbliğat və yönləndirici narrativlər arasında fərq qoya bilir.

Sonda olaraq qeyd edib: Qədir-Xum həm də göstərir ki, bir həqiqətin qorunması təkcə onun deyilməsi ilə mümkün deyil; bunun üçün davamlı izah, maarifləndirmə, aydınlaşdırma və rəvayət sahəsində aktiv iştirak lazımdır. Əgər bir həqiqətin sahibləri rəvayət meydanından geri çəkilərsə, başqaları öz rəvayətini dominant edər və ictimai rəy həmin istiqamətə yönələr. Buna görə Qədir tarixi bir xəbərdarlıqdır və bütün dövrlərdə ictimai şüurun idarə olunmasının vacibliyini xatırladır.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha