Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İtaliyanın Milan şəhərindəki Duomo meydanında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları 2023-cü il 7 oktyabrdan 2025-ci il 31 iyuladək Qəzzada sionist rejim tərəfindən qətlə yetirilən 18457 fələstinli uşağın adının yazıldığı 27 metrlik banner nümayiş etdiriblər.
Banner açılmazdan əvvəl etirazçılar meydanda sükutla dayanaraq sionist rejimin törətdiyi qırğın və cinayətlərə etirazlarını bildiriblər. Daha sonra onlar Fələstin bayraqlarını və kəfiyyələri qaldıraraq izdihamın hər yerindən görünməsini təmin ediblər.
Aksiyanın təşkilatçıları bu banneri müharibə dövründə qətlə yetirilən uşaqların simvolu kimi təqdim ediblər.
İştirakçılar böyük kəfəni xatırladan ağ banneri Duomo meydanından Sforza qalası istiqamətində sükut yürüşü ilə aparıblar. Yürüş qurbanların xatirəsini yad etmək və İsrail hərbçilərinin Qəzzadakı işğalçı siyasəti ilə qətliamlarına etiraz məqsədi daşıyıb.
Fələstin rəsmilərinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada davam edən İsrail hücumları nəticəsində təxminən 73 min fələstinli həyatını itirib, 173 mindən çox insan isə yaralanıb. Yaralananların və həlak olanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.
Mənbə: Anadolu Agentliyi
Rəyiniz