Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Möhsüni Ejei sosial media hesabında yazıb:
“İranın qəhrəman xalqının meydanlarda olan mübarizəsi artıq 100-cü gecəsini geridə qoyub...”
Artıq 100 gecədir ki, İran xalqının müxtəlif təbəqə və sosial qruplarını birləşdirən qürurverici coşqu və dəstək nümayişi vətənə və İslam Respublikasına sədaqətin bariz təzahürü kimi dünya ictimaiyyətini heyrətləndirir.
Xalqımızın küçə toplantılarında nümayiş etdirdiyi birlik bu gün haqq uğrunda və taleyüklü mübarizədə şər qüvvələri və təkəbbür cəbhəsi qarşısında keçilməz qalxana çevrilib. Bu mənəviyyat dolu toplantılarda ilahi dəyərlər ucaldılır, vətən sevgisi məktəbi təbliğ olunur və insanlara aşılanır. Belə toplantılarda hər bir fərd ayrılmaz bağlarla vahid bir bədənə çevrilir və milli müqavimət ruhunu daha da yüksəldir.
Düşməni məyus edən bu toplantılarda qadın, kişi, yaşlı və gənc olmaqla bütün təbəqələr fəal iştirak edir. Lakin xüsusilə diqqət çəkən məqam müxtəlif baxış və düşüncələrə malik olan iffətli və ləyaqətli İran qadınlarının birlik və həmrəyliyi gücləndirən bu toplantılardakı geniş iştirakıdır.
Gecə toplantılarında, minlərlə qəlbin İran İslam Respublikasının müdafiəsi naminə eyni ritmlə döyündüyü məkanlarda ölkənin ləyaqətli və iffətli qadınları sanki bu birliyin ən parlaq simasına çevriliblər. Onlar möhkəm addımlarla, əllərində təsbeh, dillərində zikr, bəzən isə övladlarını qucaqlarında daşıyaraq kişilərlə çiyin-çiyinə küçələri İslamın və İranın müdafiə meydanına çeviriblər. Beləliklə, onlar sübut ediblər ki, bu vətənin təhlükəsizliyi öz yurdunun keşiyində duran ayıq və fədakar anaların tərbiyəsindən qaynaqlanır.
Bizə belə agah, uzaqgörən və iradəli bir xalq bəxş etdiyi üçün uca Allaha şükür edir, bu böyük nemət qarşısında səcdəyə qapanırıq.
Bu məqamda bizim – məsul şəxslərin və dövlət məmurlarının üzərinə düşən vəzifə son dərəcə ağırdır. Biz bu xalqa minnətsiz xidmət etmək üçün daha böyük səylə çalışmalı, özümüzü daim onların qarşısında borclu bilməliyik.
Digər tərəfdən, silahlı qüvvələrimizin göstərdiyi şücaəti də yad etməliyik. Xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava və Kosmik Qüvvələrinin qeyrətli döyüşçülərinin – həzrət Sahibəz-Zamanın (ə.f) ixlaslı əsgərlərinin qüdrətli əllərindən öpməliyik. Onlar yer üzündə tanınmayan, lakin səmalarda məşhur olan qəhrəmanlardır.
İran İslam Respublikasının döyüşçüləri hazırda vəhşi sionistləri cəzalandırmaqla məşğuldurlar. Xalq da, məsul şəxslər də bütün varlıqları ilə silahlı qüvvələrin yanındadırlar. Vətənin müdafiəsi üçün səngərdə duran mübarizlərimiz tək deyillər.
Hamımız İnqilabın Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) rəhbərliyi və göstərişləri altında fəaliyyət göstərir və təkəbbürlü qüvvələrə və təcavüzkarlara qarşı mübarizənin davam etdirilməsi üçün tam hazırlıq vəziyyətindəyik.

Xəbərin sonu
Rəyiniz