Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafinin “Nümunəvi və öncül Elmi Hövzə: Strateji müraciətdən xalq yönümlü ictimai fəaliyyətə doğru” adlı konfransa müraciət ünvanlayıb. Müraciətin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Uca Allahın salam və rəhməti İslam İnqilabının bütün şəhidlərinə, xüsusilə də İslam İnqilabının Ali Məqamlı Rəhbəri şəhid Xameneiyə (Allah ona rəhmət eləsin), əziz şəhid ailələrinə, böyük İran xalqına, eləcədə siz dəyərli ziyalılara, Elmi hövzələrin əziz övladlarına, mömin və məsuliyyət hissi daşıyan ictimai fəallara, həmçinin xalq yönümlü fəaliyyət sahəsində fikir və əməl sahiblərinə olsun.
“Nümunəvi və öncül Elmi hövzə: Strateji müraciətdən xalq yönümlü ictimai fəaliyyətə doğru” adlı dəyərli konfransın keçirilməsi münasibətilə bütün təşkilatçıları, bu işdə əməyi keçənləri və iştirakçıları səmimi qəlbdən təbrik edirəm.
Bu toplantı Elmi hövzələrin dinamizminin, məsuliyyət hissinin və İran İslam cəmiyyətinin ehtiyaclarının mərkəzində təsirli iştirakının aydın göstəricisidir.
Şübhəsiz ki, Elmi hövzələr tarix boyu yalnız təhsil və elm ocağı olmamışdır. Onlar ilahi maarifin bəyanı ilə yanaşı, ictimai, mədəni, əxlaqi və xalq yönümlü sahələrdə də həmişə fəal, ilhamverici və yolgöstərən rol oynamışlar.
Bu gün də əvvəlkindən daha çox gözlənti budur ki, Elmi hövzə öz elmi və mənəvi simasını qorumaqla yanaşı, ictimai fəaliyyət meydanında, insanların real problemlərinin həllində və cəmiyyətin yeni yaranan ehtiyaclarına cavab verməkdə öncül, hikmətli və təsirli iştirak nümayiş etdirsin.
Ölkənin müxtəlif bölgələrindən gəlmiş hövzə mənşəli fəal ictimai xadimlərin, eləcə də hövzə yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərlərinin belə bir toplantıda bir araya gəlməsi böyük bir uğur və iftixardır. Onlar burada şəhid İnqilab Rəhbərinin strateji müraciəti ilə xalq yönümlü ictimai fəaliyyət arasındakı əlaqəni müzakirə etmək və bu barədə fikir mübadiləsi aparmaq üçün toplaşıblar.
Bu birlik və həmfikirlik Elmi hövzələrin sosial sağlamlığın möhkəmləndirilməsi, ictimai problemlərin və zərərli halların aradan qaldırılması, sosial kapitalın gücləndirilməsi və xalqa xidmət fəaliyyətlərinin genişləndirilməsi sahəsində malik olduğu böyük imkanların yenidən dəyərləndirilməsi üçün qiymətli bir fürsətdir.
Bu çərçivədə hövzə mənşəli ictimai fəalların xidmət fəaliyyətlərinin daha səmərəli istiqamətləndirilməsi üçün bir neçə strateji məqamı xatırlatmaq istərdim:
1. Dəqiq ehtiyacların müəyyənləşdirilməsi və fəaliyyətlərin problem yönümlü olması
İctimai xidmət fəaliyyəti cəmiyyətin real ehtiyaclarının, yerli prioritetlərin və insanların qarşılaşdığı konkret problemlərin düzgün şəkildə müəyyənləşdirilməsi əsasında qurulmalıdır. Bu fəaliyyətlər yalnız şəxsi zövqə, emosiyalara və ya müvəqqəti təşəbbüslərə əsaslanmamalıdır.
2. Xalq əsaslı fəaliyyət və lazımsız idarəçiliyin qarşısının alınması
Hövzə mənşəli fəaliyyət o zaman daha təsirli olur ki, insanları prosesin mərkəzinə gətirsin, xalq potensialını fəallaşdırsın və ağır, hərəkətsiz və bürokratik strukturlara çevrilməkdən uzaq olsun.
3. Əməkdaşlığın gücləndirilməsi, şəbəkələşmə və paralel fəaliyyətlərin qarşısının alınması
Ən mühüm zərurətlərdən biri hövzə fəalları, xalq yönümlü qeyri-hökumət təşkilatları, mədəni və ictimai qurumlar, həmçinin cihadçı qruplar arasında əlaqələrin gücləndirilməsidir. Beləliklə, mövcud imkanlar pərakəndə şəkildə deyil, vahid, koordinasiyalı və məqsədyönlü sistem daxilində istifadə edilə bilər.
4. Ağıl, mənəviyyat və səmərəliliyin vəhdəti
Hövzənin ictimai xidməti həm elmi və mənəvi dayaqlara söykənməli, həm rasional və düzgün idarəçilik prinsiplərinə əsaslanmalı, həm də nəticəyə yönəlmiş və ölçülə bilən olmalıdır. Yalnız bu halda onun təsiri insanların həyatında hiss olunan və davamlı ola bilər.
5. Orta səviyyəli qüvvələrin və yeni nəsil hövzə fəallarının yetişdirilməsi
Bu yolun davam etdirilməsi və inkişafı üçün imanlı, bacarıqlı, yaradıcı və dövrün problemləri ilə tanış olan kadrların hazırlanması zəruridir. Belə olduqda bu hərəkat yalnız müəyyən şəxslərdən asılı qalmayacaq və davamlı bir axına çevriləcəkdir.
6. Cəmiyyətin real və təxirəsalınmaz problemlərinə üstünlük verilməsi
Sosial sağlamlıq, ailə institutunun möhkəmləndirilməsi, əxlaqi problemlər, yoxsulluq, məhrumiyyət, narkomaniya, sosial tənhalıq və şəxsiyyət böhranları kimi məsələlər Elmi Hövzələrin təsirli və nüfuz yaradan rol oynaya biləcəyi əsas sahələrdəndir.
Mən böyük maraq və həvəs göstərməyimə baxmayaraq, yaranmış şərait səbəbindən sizin aranızda olmaq və bu çox dəyərli toplantıda iştirak etmək imkanından məhrum qaldım. Halbuki səmimi qəlbdən sizin nurani və bərəkətli məclisinizdə iştirak etməyi arzulayırdım.
Bununla belə, uzaqdan bu konfransın keçirilməsini ümid, ruh yüksəkliyi və Elmi Hövzə ilə cəmiyyət arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm bir addım hesab edir, hamınıza uğurlar, təsirli fəaliyyət və artan nailiyyətlər arzulayıram.
Ümid edirəm ki, bu toplantı Elmi jövzələrin inkişafı və cəmiyyətin bütün təbəqələrinə səmimi xidmət yolunda daha alimcəsinə, daha koordinasiyalı və daha xalq yönümlü addımların başlanğıcı olacaq və onun nəticələri ölkənin mənəvi, ictimai və mədəni sağlamlığının yüksəlişində aydın şəkildə özünü göstərəcəkdir.
Uca Allahdan hamınız üçün müvəffəqiyyət, sağlamlıq və izzət diləyirəm.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz