Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, mübarək Məhərrəm ayının daxil olması hər il yenidən dəyərli bir fürsət yaradır ki, bu zaman Mühəmməd Məhsət (Möhtəşəm) tərəfindən deyilmiş məşhur və sual dolu beyt yenidən xatırlansın: “Yenə bu nə qiyamdır ki, bütün aləm içində baş qaldırıb?” Bu məqamda biz hər il təkrarlanan adi təqvim hadisəsindən daha artıq bir həqiqətlə üzləşir, İmam Hüseyn (ə) və Kərbəla hadisəsinin əzəmətini və böyüklüyünü daha dərindən dərk edirik. Həqiqətən də bu ilk on günün hansı sirri var ki, bütün insanları qəribə bir coşqu və həyəcanla doldurur və bu nə növ matəm və əzadarlıqdır ki, bizi əbədi olaraq Seyyidüş-şühəda (ə) və onun hidayətçi səhabələrinə bağlı edir.
Bəli, Məhərrəm sanki səmadan gələn bir nida olaraq Kərbəla cazibəsinin təcəllası ilə pak qəlbləri və ruhları özünə səsləyir və bu şəkildə Allahın qanı adlandırılan həzrət İmam Hüseyn (ə) öz qara geyimli böyük ordusunu səfərbər edir.
Kərbəla imtahanı hər zaman qarşımızdadır
Hövzə yazıçısı və mədəniyyət fəalı Höccətül-İslam Seyid Mahmud Musəvi Həsəb Kərbəla hadisəsini hər il möminlərin həyatında təkrarlanan bir imtahan kimi dəyərləndirərək bildirib ki, əgər diqqətlə nəzər salsaq görərik ki, hər il bu günlərdə İmam Hüseynin (ə) “Mənə kömək edən varmı?” nidası tarixin qulaqlarında əks-səda verir və bizdən tələb olunur ki, haqq və batil cəbhəsinin hansında dayandığımızı müəyyən edək.
O əlavə edib ki, İmam Hüseyn (ə) ən ağır mühasirə və təzyiq şəraitində belə bizə sübut etdi ki, zahirən azlıqda və məzlum halda olmaq, tarixdə həqiqi qələbəyə mane deyil. İnsan zahirdə tənha qala bilər, lakin Allah yolunda canından keçərək bəşər tarixində ən böyük dəyişimi yarada bilər.
İmam Hüseyn (ə) agahlığı: Batilə qarşı mübarizənin əsas şərti
O həmçinin bildirib ki, Kərbəla imtahanı hər il davam edir və əgər biz bu imtahandan uğurla keçmək, Allah və Məsumların (ə) hüzurunda üzüağ olmaq istəyiriksə, ilk növbədə haqqı batildən ayırma bacarığını əldə etməliyik. Bu isə yalnız düşüncə və anlayış səviyyəsinin yüksəlməsi, başqa sözlə desək, İmam Hüseyn (ə) məktəbindən əldə edilən agahlığın gücləndirilməsi ilə mümkündür.
Yazıçı qeyd edib ki, İmam Hüseynin (ə) səhabələri Kərbəlada elə bir elm, mərifət və bəsirət səviyyəsinə sahib idilər ki, həqiqi dinlə zahiri riyakarlıq arasında fərqi ayırd edə bilirdilər. Onlar nəfsani istəklərdən uzaqlaşaraq öz baxışlarını Allahın vəlisi ilə uyğunlaşdırmışdılar. Məhz buna görə də haqqı tanımaqda səhvə yol vermədilər və döyüş meydanında sabit qaldılar.
Hüseynçi qalmaq üçün bədəl ödəmək lazımdır
Höccətül-İslam Musəvi Həsəb bildirib ki, Hüseynçi olmaq və xüsusilə də Hüseynçi olaraq qalmaq üçün insan mütləq müəyyən “bədəl” ödəməlidir. O qeyd edib ki, Aşura hadisəsinə baxış insan qarşısında daim bu əsas sualı qoymalıdır: Haqq və batilin tanınmasında biz hansı mərhələdəyik və haqqı tanıdıqdan sonra onu müdafiə etmək və bu yolda fədakarlıq göstərməyə hazırıqmı?
O əlavə edib ki, haqq yolunda dayanmaq hər zaman təzyiq, tənqid və çətinliklərlə müşayiət olunur. Buna görə də Kərbəla məktəbi “dözüm və səbir” məşqidir. Bu yolda ən çox ehtiyac duyulan iki dəyər ixlas və səbirdir. İxlas insanın niyyətini saflaşdırır və çətinliklər qarşısında dözümlülüyünü artırır. Səbir isə passivlik deyil, əksinə, çətinliklər qarşısında dayanmaq və yolundan dönməmək deməkdir.
O vurğulayıb ki, belə ixlaslı səbrin ən böyük nəticəsi gələcəyə ümiddir. İmam Hüseyn (ə) bütün müsibətlərə baxmayaraq heç vaxt ümidsiz olmayıb. Çünki Hüseyn (ə) məktəbində haqq yerə tökülən qanlar heç vaxt zay olmur, əksinə, cəmiyyətdə oyanışın toxumunu səpir və batilin məhvinə zəmin yaradır.
Qadınlara məxsus Elmi hövzənin tədqiqatçısı Nərgiz Şəkərzadə isə bildirib ki, İmam Hüseyn (ə) məktəbinin əsas dərslərindən biri insan ləyaqətinin qorunmasının dünya və axirət həyatındakı zillətdən üstün olmasıdır. O qeyd edib ki, Hüseyn (ə) yolunu qəbul edən hər kəs üçün izzət və azadlıq həyati əhəmiyyət daşımalıdır və bu yolda sükut və laqeydlik qəbuledilməzdir.
O əlavə edib ki, Kərbəla məktəbi insanı cəmiyyət qarşısında məsuliyyətli olmağa çağırır və fədakarlıq bu mədəniyyətin əsas mahiyyətidir. Şəxsi maraqlardan cəmiyyətin mənafeyi üçün keçmədən insan özünü “Kərbəla məktəbinin davamçısı” hesab edə bilməz.
O həmçinin vurğulayıb ki, “əmr be məruf və nəhy əz münkər” (yaxşılığıa dəvət, pislikdən çəkindirmək) prinsipi də məhz bu məsuliyyət hissindən qaynaqlanır və müsəlman cəmiyyətin islahı üçün əsas vasitələrdən biridir.
Sonda o qeyd edib ki, İmam Hüseyn (ə) məktəbinin ən mühüm dərslərindən biri də vəzifəyə əməl etməkdir. İmam Hüseyn (ə) Kufə əhlinin dəvətlərinə baxmayaraq, bunu özünə ilahi vəzifə hesab edərək hərəkət etmişdir. İmam Xomeyni (r) də bu barədə bildirib ki, İmam Hüseyn (ə) az sayla qiyam etdi, çünki onun vəzifəsi pislikdən çəkindirmək idi və bu yol cəmiyyətin islahına xidmət edirdi. Bununlada Yezidin dalğalanan təkkəbür bayrağını yerə saldı.
Xəbərin sonu
Rəyiniz