Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi Fatimiyyə adlı hüseyniyyədə qıldığı cümə namazının xütbələrində İran və ABŞ prezidentləri arasında imzalanmış son anlaşma memorandumu ilə bağlı danışaraq bildirib ki, dünyada formalaşan ümumi qənaətə görə, bu memorandum İranın güclü və qalib tərəf olduğunu bir daha sübut edib və İran İslam Respublikasını devirmək istiqamətində göstərilən bütün səylər iflasa uğrayıb.
O əlavə edib ki, ABŞ prezidenti özü də İran sistemini devirmək planlarının uğursuzluğunu etiraf edib. Onun sözlərinə görə, bu sistemi aradan qaldırmaq üçün onlarla cəhd göstərilsə də, onların hamısı xalqın ayıqlığı, rəhbərliyin düzgün mövqeyi və insanların qəlbini, düşüncəsini dolduran İmam Hüseyn (ə) dəyərləri sayəsində nəticəsiz qalıb.
Sədrəddin Qəbançi vurğulayıb ki, buna baxmayaraq, yaralar hələ də qanamaqdadır və bu yaraları yalnız qəsbkar rejimlərin aradan qalxması sağalda bilər. O qeyd edib ki, İmam Zamanın (ə.f) zühurunadək bu mövqedə qalacaqlar:
«أین الطالب بذحول الأنبیاء وأبناء الأنبیاء، أین الطالب بدم المقتول بکربلاء»
“Haradadır peyğəmbərlərin və peyğəmbər övladlarının qanının intiqamını alan? Haradadır Kərbəlada qətlə yetirilənin qanının tələbkarı?”
Minab şəhidlərinin ailələrinin həzrət Əlinin (ə) hərəminə səfəri
Müqəddəs Nəcəf şəhərinin cümə imamı daxili məsələlərə toxunaraq bildirib ki, İranda Minab şəhərinin tam orta məktəbində şəhid olmuş şagirdlərin ailələrinin həzrət Əlinin (ə) mübarək hərəmində qarşılanması İraq və İran xalqları arasındakı qarşılıqlı bağlılığın göstəricisidir.
O qeyd edib ki, müqəddəs ziyarətgahlar bu mənəvi əlaqələrin bəyan edilməsində öncül rol oynayır. Çünki burada söhbət coğrafi sərhədlərdən, milli mənsubiyyətdən və ya iqtisadi maraqlardan deyil, din, məzhəb və insani dəyərlərdən gedir. Qəbançi bu münasibətlə həzrət Əlinin (ə) mübarək hərəminə və İraqdakı digər müqəddəs ziyarətgahlara təşəkkürünü bildirib.
Livan xalqı ilə həmrəylik çağırışı
Seyid Sədrəddin Qəbançi beynəlxalq məsələlərə də toxunaraq Livan xalqına qarşı davam edən hücumların bütün razılaşmaların və insan haqlarının açıq şəkildə pozulması olduğunu bildirib.
O vurğulayıb ki, onlar Livan şiələri, Livandakı Hizbullah və bütün Livan xalqı ilə həmrəylik nümayiş etdirir, beynəlxalq ictimaiyyəti bu qırğınların qarşısını almaq üçün tədbir görməyə çağırırlar.
Dini Xütbə
Niyə İmam Hüseynlə (ə) mübarizə aparırlar?
Müqəddəs Nəcəf şəhərinin cümə imamı dini xütbəsində təqvaya tövsiyədən sonra bildirib ki, Məhərrəm ayının ikinci günündə İmam Hüseyn (ə) Kərbəla torpağına daxil olduqda buyurmuşdur:
«ها هنا مناخ رکابنا، ها هنا محط رحالنا، ها هنا تُسفک دماؤنا، ها هنا یُستباح حریمنا»
“Bura bizim miniklərimizin dayanacağı, karvanımızın məskəni, qanlarımızın töküləcəyi və hərəmimizin təcavüzə məruz qalacağı yerdir.”
İmam Hüseyn (ə) buyurmuşdur ki, bu həqiqəti ona cəddi Rəsulullah (s) xəbər verib. Sədrəddin Qəbançi qeyd edib ki, bu ifadələr İmam Hüseyn (ə) qiyamının ilahi proqram əsasında baş verdiyini göstərir.
O əlavə edib ki, Aşura hərəkatı ilahi iradə və ilahi planın təzahürüdür. Necə ki, ərşdə yazılmışdır:
«الحسین مصباح الهدی وسفینة النجاة»
“Hüseyn hidayət çırağı və nicat gəmisidir.”
Seyid Sədrəddin Qəbançi bildirib ki, bu nuru söndürmək üçün göstərilən bütün cəhdlər yalnız onun daha da parlamasına səbəb olub.
Müqəddəs Nəcəf şəhərinin cümə imamı daha sonra belə bir sual ünvanlayıb: “Nə üçün İmam Hüseynlə (ə) döyüşürlər və niyə İmam Hüseynin (ə) matəm mərasimlərdən qorxurlar?”
O qeyd edib ki, bu gün bəzi Körfəz ölkələri İmam Hüseyn (ə) mərasimlərini qadağan edir və keçmiş Bəəs rejiminin siyasətini davam etdirirlər.
Seyid Sədrəddin Qəbançi bu çərçivədə İraqın keçmiş rejiminin Məhərrəm ayı ilə bağlı 25 mart 2001-ci il tarixli göstərişlərindən bəzi bəndləri xatırladıb. Həmin göstərişlərdə piyada ziyarətlərin, küçələrdə sinə vurma mərasimlərinin, eyni zamanda küçələrdə mərsiyə oxunmasının və həmçinin mərsiyələr səsləndirməyin qadağan olunduğu qeyd edilirdi.
O vurğulayıb ki, bütün bu qadağalara baxmayaraq, İmam Hüseyn (ə) qalıcı oldu, onun düşmənləri isə tarix səhnəsindən silindi. Bu səbəbdən İmam Hüseynin (ə) düşmənləri keçmiş Səddam rejiminin aqibətindən ibrət götürməlidirlər.
Sonda müqəddəs Nəcəf şəhərinin cümə imamı İmam Hüseyn (ə) mərasimlərin yaşadılmasında xidmət göstərən bütün şəxslərə, o cümlədən möminlər, xeymələr, şairlər, mərsiyəxanlar və həmçinin xətiblər, din alimlərinə və eləcədə mərceyi-təqlidlərə təşəkkürünü bildirib və onların bu müqəddəs dəyərlərin qorunmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Seyid Sədrəddin Qəbançi
Rəyiniz