bazar 28 iyun 2026 - 17:01
Kərbəla, sərhədləri aşan nida

Hövzə | 1447-ci hicri-qəməri (2026) ilinin Aşura mərasimləri bir daha göstərdi ki, Kərbəla artıq yalnız tarixi bir xatirə və ya dini mərasim deyil, bəşəriyyətin ortaq vicdanının dilidir. Yaxın Şərqdən Avropaya, Amerikadan Okeaniyaya qədər milyonlarla insan göz yaşları, əzadarlıq mərasimləri və sosial təşəbbüsləri ilə İmam Hüseynin (ə) əbədi ədalət, azadlıq və ləyaqət mesajını yaşatdı.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Türkiyənin Əhli-beyt (ə) Alimləri Birliyinin sədri Höccətül-İslam vəl-müslimin Şeyx Qədir Akaras Aşura mərasimlərinin coğrafi sərhədləri aşan qlobal miqyasına həsr etdiyi yazısında İmam Hüseynin (ə) qiyamının mesajının bütün dünyaya yayıldığını vurğulayaraq, Aşuranı bəşəriyyətin ortaq vicdan mirası, Kərbəlanı isə ədalət, azadlıq və insan ləyaqətinin ümumbəşəri dili kimi dəyərləndirib. Yazını təqdim edirik:

Kərbəlanın sərhəd tanımayan səsi

Hər il Məhərrəm ayı yetişdikdə dünya sanki bir qədər susur. Lakin bu, ölüm sükutu deyil. Vicdanın danışdığı, qəlblərin isə dinlədiyi bir aramlıqdır. Çünki Kərbəla təqvimdə qeyd olunan adi bir gün deyil, bəşəriyyətin vicdanında heç vaxt susmayan bir səslənişdir.

1447-ci hicri-qəməri (2026) ilinin Aşura mərasimləri bu həqiqəti bir daha bütün dünyaya nümayiş etdirdi. Bu il təkcə Kərbəla, Nəcəf, Qum və ya Məşhəddə deyil, İstanbuldan Londona, Berlindən Nyu-Yorka, Kəraçidən Sidneyə qədər dünyanın müxtəlif guşələrində milyonlarla insan eyni matəm ətrafında bir araya gəldi. Coğrafiyalar, dillər və mədəniyyətlər fərqli olsa da, göz yaşının dili dəyişmədi.

İraqda milyonlarla zəvvarın coşqun axını yalnız tarixi bağlılığın deyil, həm də canlı bir inamın təzahürü idi. İranda isə şəhid Ayətullah Seyid Əli Xameneinin (r) itkisi və müharibənin ağır şəraitinə baxmayaraq, əsrlərdir yaşadılan dini ənənələr müasir şəhər həyatı ilə yenidən vəhdət təşkil etdi. Pakistan və Hindistanda təhlükəsizlik təhdidlərinə rəğmən, xalqın İmam Hüseynə (ə) məhəbbəti yaşatmaq əzmi xüsusi təqdirə layiq idi.

Livan isə işğalçı sionist rejimin vəhşiliyi və müharibənin bütün amansızlığına baxmayaraq səslənən mərsiyələr, həmçinin qüdrət nümayişinə çevrilən anım mərasimləri ilə diqqət çəkdi. Bu mərasimlər bombaların Fələstində söndürə bilmədiyi Hüseynçi ruhu yenidən canlandırdı.

Avropa isə bu il fərqli bir mənzərə ortaya qoydu. London, Berlin, Hamburq və digər böyük şəhərlərdə keçirilən yürüşlər artıq yalnız mühacir icmalarının daxili matəm mərasimləri deyil, qlobal xarakter daşıyan tədbirlərə çevrilmişdi. Müxtəlif din və millətlərdən olan insanların maraqla izlədiyi bu tədbirlər göstərdi ki, Kərbəla mesajı artıq «ədalət», «azadlıq» və «insan ləyaqəti» anlayışları ətrafında formalaşan ümumbəşəri bir dilə çevrilməkdədir.

ABŞ-da da futbol üzrə Dünya Çempionatının yaratdığı böyük izdihama baxmayaraq, Nyu-York, Los-Anceles, Çikaqo və Hyuston kimi şəhərlərdə keçirilən Aşura proqramları yalnız matəm məclisləri ilə məhdudlaşmadı. Qanvermə kampaniyaları və ehtiyac sahiblərinə yönəlmiş humanitar aksiyalar bütün cəmiyyətə göstərdi ki, Kərbəla təkcə göz yaşı mənbəyi deyil, eyni zamanda mərhəmət və sosial məsuliyyət məktəbidir.

Türkiyədə isə, xüsusilə İstanbul, Ankara, İğdır, Qars və digər şəhərlərdə keçirilən mərasimlərin diqqətçəkən cəhəti müxtəlif yaş qruplarının vahid mənəvi mühitdə bir araya gəlməsi idi.

Əhli-beytə (ə) məhəbbətlə yoğrulmuş Anadolu xalqının kədər dolu sevgisi, geniş xalq kütlələrinin iştirakı ilə hakim partiyadan müxalif siyasi qüvvələrə qədər cəmiyyətin bütün təbəqələrini eyni matəm məclisində birləşdirən təsirli mənzərə yaratdı. Qara libaslı gənclər qara geyimli ahıllarla çiyin-çiyinə addımlayaraq babalarından eşitdikləri Kərbəla həqiqətlərini artıq öz dilləri ilə gələcək nəsillərə ötürürdülər. Bu, sadəcə bir ənənənin davamı deyil, tarixi yaddaşın nəsildən-nəslə əmanət edilməsi idi.

Lakin builki mərasimlərdə məni ən çox düşündürən məsələ iştirakçıların çoxluğu deyildi. Əsas sual bundan ibarətdir:

Kərbəlanın yalnız xatirəsi yayılır, yoxsa onun dərki və anlayışı da?

İmam Hüseyni (ə) yad etmək, onun üçün göz yaşı tökmək asandır. Çətin olan isə onun uğrunda qiyam etdiyi həqiqətlər əsasında yaşamaqdır. Bu baxımdan, Kərbəla mesajının dövrün tələblərinə uyğun şəkildə yenidən təqdim olunması və mərasimlərin zalımlara qarşı real mövqe nümayişinə çevrilməsi ümidverici haldır.

Bu gün də yer üzündə zülm davam edir, məzlum uşaqlar hələ də göz yaşı tökür. Aclıq, müharibə, işğalçılıq və ədalətsizliyin bəşəriyyətin ortaq yarası olaraq qalması Kərbəla mesajının çağımız üçün nə qədər aktual və zəruri olduğunu bir daha göstərir.

Əgər Aşura məclislərindən qayıdan insanlar iş yerlərində daha ədalətli, ailələrində daha mehriban, cəmiyyətdə daha dürüst və zalımlar qarşısında daha cəsarətli olmurlarsa, deməli, Kərbəla mesajı hələ qəlblərə tam nüfuz etməyib. Çünki Kərbəla yalnız ağlamaq üçün yaşanan bir hadisə deyil, zülm qarşısında susmamağı öyrədən böyük bir əxlaq məktəbidir.

Bu il diqqət çəkən digər mühüm məqamlardan biri də rabitə texnologiyalarının inkişafı fonunda Aşura mədəniyyətinin qlobal miqyas alması idi.

Keçmişdə insanlar yalnız öz şəhərlərində keçirilən mərasimlərdə iştirak edə bilirdilər. Bu gün isə dünyanın müxtəlif nöqtələrində keçirilən Aşura mərasimlərini eyni anda izləmək mümkündür. Bir şəhərdə oxunan mərsiyə bir neçə dəqiqə sonra başqa bir qitədə səslənir, bir uşağın payladığı su isə minlərlə kilometr uzaqda yaşayan insanların qəlbinə toxunur.

Sanki əsrlər öncə Fərat sahilində ucalan «Mənə yardım edəcək bir kəs varmı?» nidası bu gün fiber-optik kabellər vasitəsilə bütün bəşəriyyətə yenidən çatır. Bəlkə də Aşuranın ən böyük möcüzəsi məhz budur.

Aradan on dörd əsr keçməsinə baxmayaraq, nə zalımlar unudulub, nə də məzlumların səsi susub. Səltənətlər tarix səhnəsindən silinib, saysız-hesabsız imperiyalar süqut edib. Lakin Kərbəlanın qırmızı bayrağı bu gün də dünyanın müxtəlif guşələrində dalğalanır. Çünki həqiqət qılıncla deyil, oyaq vicdanla yaşayır.

Vicdanın ömrü isə dövlətlərin ömründən daha uzundur.

1447-ci hicri-qəməri (2026) ilinin Aşura mərasimləri bir daha göstərdi ki, Kərbəla artıq müəyyən bir coğrafiyaya məxsus deyil, bəşəriyyətin ortaq vicdan mirasına çevrilib. Harada bir məzlum varsa, orada İmam Hüseynin (ə) adı yenidən xatırlanacaq. Harada bir insan ədalət uğrunda bədəl ödəyirsə, orada Aşura yenidən yaşanacaq. Çünki Kərbəla tarixdə qalmış bir döyüş deyil, hər dövrün insanına xitab edən əxlaq və qiyam çağırışıdır.

Bu çağırış bu gün də ilk günkü kimi canlıdır:

«İnsan zalımın yanında dayanacaq, yoxsa haqqın?»

Müəllif: Qədir Akaras

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha