Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Şərqi Azərbaycan Elmi hövzəsinin Təbliğ və Mədəni İşlər üzrə müavini Höccətül-İslam vəl-müslimin Zakir Qasimzadə Təbrizdə «Hövzə» Xəbər Agentliyinə müsahibəsində Məhəmməd Peyğəmbərin (s) həyat və davranış nümunəsinin çoxşaxəli və sivilizasiya qurucusu xüsusiyyətlərini açıqlayaraq, bu məktəbin həqiqi və əsil təlimlərinə qayıdışın müasir dövrün əxlaqi, idarəçilik və sosial böhranlarından çıxışın yeganə yolu olduğunu bildirib. O, cəmiyyətin və hakimiyyətin müxtəlif səviyyələrində ədalətə əsaslanma, dinc yanaşı yaşama, məsuliyyətlilik və sadə həyat tərzi kimi dəyərlərin təcəssüm etdirilməsinin zəruriliyini vurğulayıb.
Höccətül-İslam vəl-müslimin Qasimzadə İslamın insan yetişdirən məktəbinin xüsusiyyətlərini açıqlayarkən, həzrət Peyğəmbərin (s) bəşəriyyət tarixinin ən qaranlıq dövrlərindən birində peyğəmbərliyə seçilməsinə toxunaraq deyib: İslam Peyğəmbərinin (s) risaləti cəhalət, ayrı-seçkilik və zorakılığa əsaslanan bütün münasibətləri sarsıdan, eləcədə tövhid, insan ləyaqəti və həmçinin ədalət üzərində yeni bir nizam quran dönüş nöqtəsi idi. Bu sistemdə təqva və əxlaqi fəzilətlər sərvət və sosial təbəqə kimi zahiri və əsassız meyarları əvəz etdi.
Şərqi Azərbaycan Elmi hövzəsinin Təbliğ və Mədəni İşlər üzrə müavini Allah Rəsulunun (s) davranış və həyat tərzini sosial qarşıdurmaların idarə olunması üçün hərtərəfli nümunə adlandıraraq əlavə edib: Mədinədə yeni qurulan cəmiyyətdə mülki müqavilələrin hazırlanması və müsəlmanlarla digər dinlərin, o cümlədən yəhudilərin ardıcılları arasında dinc yanaşı yaşamaq üçün şərait yaradılması həzrət Peyğəmbərin (s) dövlət idarəçiliyində misilsiz uzaqgörənliyini göstərir. Bununla yanaşı, onun ifratçılıqdan uzaq sadə həyat tərzi və cəmiyyətin zəif təbəqələri ilə birgə olması idarəçilərə bu aydın mesajı verir ki, İslam idarəçilik sistemində məsuliyyət xüsusi imtiyazlardan yararlanmaq fürsəti deyil, xalqa xidmət göstərmək deməkdir.
O, daha sonra İslam məktəbində qadının mövqeyinin əsaslı şəkildə dəyişdirilməsini vurğulayaraq bildirib: Qız uşaqlarının diri-diri torpağa basdırılmasının geniş yayıldığı acı bir dövrdə İslam Peyğəmbəri (s) həzrət Zəhra (s.ə) ilə misilsiz ehtiram və məhəbbətlə davranaraq qadını insan yetişdirən və tərbiyə edən əsas amil kimi bütün dünyaya təqdim etdi. Bundan əlavə, həzrət Peyğəmbər (s) xurafatçılığın ən sərt tənqidçisi kimi daim dini bidətlərdən və cahilanə davranışlardan təmizləmək istiqamətində fəaliyyət göstərirdi.
Höccətül-İslam vəl-müslimin Qasimzadə həzrət Peyğəmbərin (s) həyatında iqtisadiyyatla əxlaq arasındakı dərin əlaqəyə diqqət çəkərək bildirib: Onun peyğəmbərlikdən əvvəl «Əmin» adı ilə tanınması və malın ölçü və çəkisini əskiltməyin şiddətlə pislənməsi göstərir ki, İslam bazarı şəffaflıq və ədalətin təcəssüm etdiyi məkan olmalıdır. Məhz bu dürüstlük xüsusiyyətinin cəmiyyətdə möhkəmləndirilməsi müasir dövrdə bir çox iqtisadi və inzibati fəsadların kökünü kəsə bilər.
O, qanunun heç bir güzəştə yol verilmədən icrasını İslam Peyğəmbərinin (s) məktəbinin digər parlaq göstəricilərindən biri hesab edərək, Qüreyşin zadəgan qadınlarından birinin oğurluq etməsi ilə bağlı Peyğəmbərin (s) qətiyyətli mövqeyinə toxunub və deyib: Peyğəmbərin (s) məntiqində ədalət heç bir şəfaət və ayrı-seçkiliyə yol verməyən qırmızı xətdir. Həmçinin genişmiqyaslı idarəçilik sahəsində layiqlilik prinsipinə əsaslanma, məsləhətləşmə və ictimaiyyət qarşısında davamlı hesabatlılıq Peyğəmbərin idarəçilik sisteminin əvəzolunmaz əsasları hesab olunur.
Höccətül-İslam vəl-müslimin Qasimzadə din adı altında zorakılığı təbliğ edən təkfirçi cərəyanları pisləyərək, Peyğəmbərin (s) həyat və davranışını həqiqi sülhsevərlik və dözümlülük nümunəsi kimi xarakterizə edib və əlavə edib: Hüdeybiyyə sülhünün qəbul edilməsi, eləcə də Məkkənin fəthi zamanı Peyğəmbərin (s) alicənab davranışı və ümumi əfv elan etməsi İslam düşüncəsində sülhə müharibədən üstünlük verilməsinin aydın göstəricisidir. Peyğəmbərin mərhəməti yalnız dost və düşmən olmaqla bütün insanları deyil, təbiəti və heyvanları da əhatə edir.
Buna görə də ekstremist qrupların həyata keçirdiyi əməllər hətta qeyri-müsəlmanın cənazəsinə hörmət edən Məhəmməd Peyğəmbərin (s) davranış və həyat tərzi ilə tamamilə ziddiyyət təşkil edir.
Vilayət Elmi hövzəsinin müavini məscidlərin çoxşaxəli funksiyalarının yenidən bərpa edilməsini, onların təhsil, hüquqi xidmət və məsləhət mərkəzləri kimi fəaliyyət göstərməsini zəruri hesab edərək bildirib: Peyğəmbərin (s) elm öyrənməyin vacibliyini vurğulayan mədəni inqilabı sivilizasiya quruculuğunda mühüm rol oynadı. Elmi yüksəlişlə yanaşı, Peyğəmbər (s) «كُلُّكُم راعٍ و كُلُّكُم مَسؤولٌ» — «Hamınız vəzifəlisiniz və hamınız öz məsuliyyətiniz altında olanlara cavabdehsiniz» hədisi kimi buyuruşlarla laqeydliyi rədd edir, sosial məsuliyyəti hamının üzərinə düşən vəzifə kimi izah edirdi.
Höccətül-İslam vəl-müslimin Qasimzadə sonda hakimiyyət hərisliyi və maddiyyatçılıq kimi müasir cahiliyyətin təhlükələrinə diqqət çəkərək, şiə və sünnilər arasında vahid mövqenin formalaşdırılmasının zəruriliyini vurğulayıb və deyib: Bu gün cəmiyyətimiz sosial şəbəkələrdə qeybət və böhtan kimi mənfi xüsusiyyətlərdən təmizlənməyə, bədən və ruh sağlamlığına diqqət yetirməyə, eləcə də Peyğəmbərin (s) uca şəxsiyyətinin gənc nəsil üçün sənətkarlıqla yenidən təqdim edilməsinə ehtiyac duyur. Gənc nəslin mənəviyyata getdikcə artan meyli isə Peyğəmbərin (s) əxlaqı və dəyərləri kölgəsində ideal cəmiyyətin qurulması üçün ümidverici zəmin yaradır.
Rəyiniz