Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Baqirül-Ülum (ə) Universitetinin elmi heyətinin üzvü və İslam elmləri üzrə tədqiqatçı Höccətül-İslam vəl-müslimin Əhməd Vaizi Rusiyanın Kazan şəhərində İranın Mədəniyyət Həftəsi çərçivəsində keçirilən «Süni intellekt və İslam irsi» adlı toplantıda çıxış edərək süni intellektlə keçmişdəki sadə kompüterlər arasındakı fərqə toxunaraq bildirib: Süni intellekt keçmişdə istifadə olunan sadə kompüterlərdən fərqlənir. Süni intellekt öyrənən rəqəmsal maşındır, keçmişdəki sadə kompüterlərdə isə belə bir imkan yox idi. Mühüm fərqlərdən biri də məzmun yaratmaq qabiliyyətidir.
Baqirül-Ülum (ə) Universitetinin elmi heyətinin üzvü əlavə edib: Keçmişdə kompüterlər mövcud irsi və əvvəlki dövrlərə aid məzmunu təqdim edirdilər, lakin süni intellekt özü məzmun yaradır və təbii intellektə xas fəaliyyətlər həyata keçirir, bununla belə, süni intellektlə təbii intellekt arasında ciddi fərqlər mövcuddur.
Höccətül-İslam vəl-müslimin Vaizi süni intellektin iki əsas kateqoriyasına toxunaraq deyib: Bizim proqnozlaşdırıcı süni intellektimiz və generativ süni intellektimiz var. İqtisadiyyat və səhm bazarı sahəsində proqnozlaşdırıcı süni intellekt bazarı izləməklə hansı addımı atmağınız barədə sizə tövsiyə verə bilər. Təhlükəsizlik sahəsində də cəmiyyətdə cinayətlərin baş verməsi üçün zəmin yaradan amilləri proqnozlaşdıra və ya insanların şəxsiyyətinin təhlilini təqdim edə bilər.
Hövzə və universitet müəllimi sözlərini davam etdirərək bildirib: İkinci kateqoriya generativ, yəni məzmun yaradan süni intellektdir. Bu süni intellekt film və musiqi, video və musiqi kimi sahələrdə məzmun yaradır, hətta bir binanın memarlıq layihəsini də hazırlaya bilər. Bu növ süni intellektin modellərinin böyük əksəriyyəti mətn yaradır və hətta kitab hazırlaya bilir.
Baqirül-Ülum (ə) Universitetinin elmi heyətinin üzvü bu mövzunun İslam irsi ilə əlaqəsinə toxunaraq vurğulayıb: İslam irsinin Qurandan tutmuş təfsirlərə, hədislərə və digər mənbələrimizə qədər böyük hissəsi mətn formasında olduğuna görə, hazırda bizim müzakirə mövzumuz mətn əsaslı süni intellektdir və söhbət ondan gedir ki, onun İslam irsi ilə bağlı hansı funksiyaları və tətbiq imkanları mövcuddur.
Höccətül-İslam vəl-müslimin Vaizi İslam irsi sahəsində generativ süni intellektin dörd məqsəd və funksiyasını izah edərək bildirib: Generativ süni intellektdən dörd istiqamətdə istifadə etmək mümkündür. Birincisi, o, tədqiqat köməkçisinə çevrilə bilər. İkincisi, tədris məqsədilə istifadə oluna və insanın əvəzinə süni intellekt tədris apara bilər.
O əlavə edib: Ötən il Harvard Universitetində tələbələri iki qrupa böldülər, bir qrup süni intellekt vasitəsilə, digər qrup isə müəllim tərəfindən təhsil aldı və süni intellekt vasitəsilə təhsil alan tələbələrin nəticələri digər qrupdakı tələbələrdən daha yaxşı oldu.
Hövzə və universitet müəllimi üçüncü funksiyanın adi insanların İslam və İslam elmləri haqqında məlumat əldə etmək üçün süni intellektdən istifadəsi olduğunu bildirərək deyib: Adi insanlar İslam və İslam elmləri haqqında məlumat əldə etmək üçün süni intellektə müraciət edə bilərlər.
Höccətül-İslam vəl-müslimin Vaizi sözlərini davam etdirərək bildirib: Dördüncü və daha mühüm məqsəd bundan ibarətdir: Görəsən, süni intellekt din alimlərini əvəz edərək insanların fikir və düşüncə sahəsində istinad mənbəyinə çevrilə bilərmi? Müsəlman öz dini etiqadlarını din alimlərinə müraciət etməklə öyrənir və həmin alim onun üçün fikir və düşüncə baxımından istinad mənbəyinə çevrilir. Müsəlman həmin alimə etimad edərək öz etiqadlarını formalaşdırır. Həmçinin şəriət məsələlərində müsəlman namaz, həcc və digər ibadətlərini fəqihin və din aliminin fətvasına etimad edərək yerinə yetirir. Buna görə də belə bir sual yaranır: Görəsən, din aliminə etimad etmək əvəzinə süni intellektə etimad etmək mümkündürmü?
O, belə bir əvəzlənmənin mümkün olmadığını bildirməklə yanaşı deyib: Mənim fikrimcə, bu, mümkün deyil. Süni intellektdən ilk üç məqsəd üçün müəyyən həddə istifadə etmək olar. İstənilən mənbədə xəta və yanlışlıq ehtimalı mövcuddur, lakin iman məsələlərində və dini etiqadlarımızda baş verən xəta və yanlışlıqlara göz yummaq olmaz.
Höccətül-İslam vəl-müslimin Vaizi süni intellektin fəaliyyət mexanizminə toxunaraq bildirib: Süni intellektin malik olduğu alqoritmlər elə qurulmayıb ki, onun düzgün və reallığa uyğun məzmundan istifadə etməsini təmin etsin. Mətn yaradan süni intellektin iş mexanizmi bundan ibarətdir ki, o, məlumatları işarə-işarə bir-birinin ardınca düzür və növbəti abzasın nə olacağını proqnozlaşdırır.
O əlavə edib: Bu çat-botların alqoritmləri düzgün və həqiqətə uyğun mətn təqdim etməyə deyil, inandırıcı və qəbul edilə bilən mətn təqdim etməyə əsaslanır. Dəfələrlə baş verib ki, «ChatGPT» uydurma məlumat yaradıb və ya ümumiyyətlə mövcud olmayan bir mənbəni təqdim edib. Hazırda elə bir çat-botumuz yoxdur ki, hər hansı məlumatı yanlış hesab etdikdə onu təqdim etməsin. Həmçinin mövcud olmayan bir mənbəyə istinad etməsi də mümkündür.
Hövzə və universitet müəllimi çat-botların ixtiyarında olan böyük həcmdə məlumatlara toxunaraq deyib: «ChatGPT»nin ixtiyarında olan məlumatların böyük həcmi yanlış məlumatlardan daha çoxdur və bu sistem internetdə əlçatan olan bütün məlumatlara müraciət edir. Heç kim deyə bilməz ki, bu «Böyük məlumat»da («Big Data») yanlış məlumatların həcmi düzgün məlumatlardan daha çoxdur; əksinə, düzgün məzmunun həcmi yanlış məlumatlardan daha çoxdur.
Höccətül-İslam vəl-müslimin Vaizi sonda qeyd edib: Məhz buna görə də süni intellekt qeyd etdiyim ilk üç məqsəd üçün yaxşı və faydalıdır və kifayət qədər səmərəli ola bilər. Lakin dördüncü məqsəd, yəni bəzən uydurma olan məlumatlara əsaslanaraq öz etiqad və inancımızı formalaşdırmaq baxımından süni intellektə etimad etmək olmaz. Süni intellekt məhz bu xətalara görə etiqadların formalaşdırılması və şəriətə əməl üçün dayaq baxımından heç vaxt diدn alimini əvəz edə bilməz.






Professor Vaizinin Rusiyanın Kazan şəhərində «Süni intellekt və İslam irsi» toplantısındakı çıxışı
Rəyiniz