Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, bu gün – miladi təqvimlə 22 aprel 2025-ci il çərşənbə günü, Qum şəhərində yerləşən Qədir beynəlxalq konfranslar salonunda keçirilən “Humanitar elmlər sahəsində startapların inkişafında süni intellektin tətbiqləri və potensialı” adlı milli ixtisaslaşmış iclasın açılış mərasimində Ayətullah Möhsün Əraki süni intellekt texnologiyasından istifadənin fiqhi yönlərini və bəzi dini vəzifələri izah etdi.
Elmi Hövzələrin Ali Şurasının üzvü süni intellekti müasir güc aləti kimi qiymətləndirərək bildirdi: Bu yeni gücün mahiyyəti, onunla bağlı nəzəri və texnoloji məsələlər, eləcə də süni intellekt əsaslı tətbiq və əməliyyatlar yalnız fərdlərin deyil, xüsusilə İslam hakimiyyətinin də vəzifələri sırasına daxildir. Çünki süni intellektlə bağlı məsələlər fiqhi hökmlər çərçivəsində ümummilli vəzifələr kateqoriyasına aiddir və cəmiyyətin ümumi maraqlarına toxunan hər bir vəzifə birbaşa hakimiyyətin məsuliyyəti sayılır.
O, əlavə etdi: Strateji səviyyədə güc, əsasən ümumi və genişmiqyaslı davranışlarla bağlı olur və süni intellekt bu sahədə önəmli və təsiredici bir rol oynayır. Buna görə də dövlət bu sahədə bütün səylərini ortaya qoymalıdır. Həmçinin fəqihlərin də bu böyük güc qarşısında fiqhi hökmlərin istinbatına ciddi yanaşmaları zəruridir.
Ayətullah Əraki çıxışının davamında bu yeni texnologiya ilə bağlı bir sıra fiqhi hökmlərə toxunaraq bildirdi: Süni intellektin tətbiq sahələrindən biri də şəxsiyyət yaratmaq və əməl və davranışların müəyyən şəxslərə aid edilməsi qabiliyyətidir. Bu isə bəzən real şəxsiyyətlə süni intellekt tərəfindən yaradılmış surət arasındakı fərqi ayırd etməyi çətinləşdirir. Belə olan halda sual yaranır: bu cür surət çıxarma (kopyalama) əslində caizdirmi? Və bu hökm müsəlmanla qeyri-müsəlman arasında, yaxud hərbi düşmən (kafiri hərbi) və qeyri-hərbi kafir arasında fərqlidirmi, ya yox?
Xubriqan Məclisinin üzvü, süni intellektin təhlükəsizlik, iqtisadiyyat və cinayətlərin aşkarlanması sahələrindəki tətbiqlərinə işarə edərək əlavə etdi: Biz bu vasitədən şübhəlini etirafa vadar etmək üçün istifadə edə bilərikmi? Məsələn, şübhəlinin şəriki olan bir şəxsin süni intellektlə etiraf edirmiş kimi canlandırılması, nəticədə şübhəlinin də etirafa gəlməsi məqsədilə bu texnikadan faydalanmaq şəriət baxımından caizdirmi?
O, fiqhi baxış bucağını izah edərək əlavə etdi: Bu məsələ 'fiqh əl-qaza' (qazilik fiqhi) ilə bağlıdır. Yəni, cinayətin sübutu üçün yalnız qazinin elmi kifayət edirmi, yoxsa şəhadət (bəyyinə) lazımdır? İlahi cəza və Haqqullah (Allahın haqqı) ilə bağlı məsələlərdə təkcə qazinin elmi kifayət etmir. Bu səbəbdən bu hallarda cinayətin sübutu üçün süni intellektdən istifadə etmək caiz deyil. Lakin insan haqqı (Haqqünnas) ilə əlaqədar məsələlərdə – istər kiçik, istər böyük, məsələn ictimai təhlükəsizlik və ya bazar nizamı – əgər bir qazi öz elmi və ya süni intellekt kimi elmi vasitələrlə cinayəti sübuta yetirə bilirsə, bu cür istifadə caizdir.
Ayətullah Əraki əlavə etdi ki: Cəmiyyətdə təhlükəsizliyin pozulması 'muharibə' (İslam dövlətinə qarşı savaş) hallarından sayılır. Əgər elə bir mühit yaranarsa ki, bir qadın çadırlı halda rahat şəkildə cəmiyyətə çıxa bilməz, yaxud bir tacir öz iqtisadi fəaliyyətində özünü təhlükəsiz hiss etməzsə, bu vəziyyət ictimai təhlükəsizliyin pozulması və İslam hakimiyyəti ilə mübarizə kimi qiymətləndirilir. Belə hallarda süni intellektdən istifadə təkcə caiz deyil, hətta vacibdir.
Elmi Hövzələrin Ali Şurasının üzvü çıxışında süni intellekt vasitəsilə insanlara yalan və ya yanlış nisbətlərin verilməsi məsələsinə toxunaraq bildirdi: Əgər kimsə süni intellektdən istifadə etməklə yalan bir məlumatı bir şəxsə aid edərsə, bu, fiqhi baxımdan caizdirmi? Hətta əgər həmin nisbət doğru olsa belə, şəxsin real kimliyindən onun razılığı olmadan istifadə etmək düzgündürmü? Cavab budur ki, bu hal yalan olmasa belə, şəxsin şəxsiyyətindən istifadə yalnız onun icazəsi ilə mümkündür. Çünki bu, bir növ qanunsuz sahiblənmə və şəxsi hüquqlara müdaxilə kimi qiymətləndirilir.
Ayətullah Əraqi əlavə etdi: Əgər bir şəxs özü üçün heç bir hörmət nəzərdə tutmur və ya açıq şəkildə yalan danışdığını etiraf edirsə – məsələn, bəzi Qərb siyasətçiləri kimi, o cümlədən Trampın siyasəti yalan kimi dəyərləndirməsi belə şəxslərə qarşı hörmət göstərmək də vacib sayılmır. Əgər insan özü üçün hörmət tanımırsa, başqalarının da ona hörmət göstərməsi vacib deyil.
Ayətullah Əraki həmçinin qeyd etdi ki: Xarici təhlükəsizlik məsələsində əgər düşmən bizə qarşı heç bir ehtiram göstərmirsə, bizim də ona qarşı bu ehtiramı qorumaq kimi öhdəliyimiz yoxdur. Lakin nəzərə almaq lazımdır ki, bu açıqlamalar İslam fiqhində ilkin hökmlər səviyyəsindədir və icra mərhələsində digər bir çox dini və hüquqi prinsiplər də nəzərə alınmalıdır.
Elmi Hövzələrin Ali Şurasının üzvü, müharibədə hiylənin şəriət baxımından icazəli olduğuna toxunaraq bildirdi: “Əl-hərbu xudə‘ah” – yəni "müharibə hiylədir". Məsələn, əgər süni şəkildə bir xəbər hazırlamaqla ABŞ iqtisadiyyatını sarsıtmaq mümkün olarsa, bu cür bir tədbir doğrudur. Çünki düşmən də bizə qarşı bu üsullardan istifadə edir. Hətta həmin xəbər əsassız və yalan olsa belə, iqtisadi müharibə çərçivəsində bu cür yanaşmalar caiz sayılır. Bu məsələ fiqhi baxımdan diplomatiya fiqhinin sahəsinə aiddir və ilkin hökmlərə əsasən, süni intellektdən bu istiqamətdə istifadə mümkündür və faydalı hesab olunur.
Ayətullah Əraqi həmçinin qeyd etdi: İnsanlar arasında barış və islah məqsədilə yalan danışmaq, bəzən təkcə caiz deyil, hətta müəyyən hallarda vacib sayılır. İstər iki fərd arasında, istərsə də iki siyasi cərəyan arasında olsun. Beləliklə, əgər süni intellekt vasitəsilə barışıq və qarşılıqlı anlaşma yaratmaq məqsədilə bir video (klip) hazırlanarsa, bu əməl güclü şəkildə tövsiyə olunan (müstəhəbb-i müəkkəd) bir işdir.
Qeyd edək ki, bu iki günlük ixtisaslaşmış konfransın əsas mövzuları aşağıdakılardır:
– "Süni intellekt və mədəni sənayelərdə məzmun istehsalı",
– "Mədəni və ictimai məlumatların süni intellektlə təhlili"
– "Mədəni startapların idarə edilməsi və inkişafında süni intellektdən istifadə"
– "Süni intellektin humanitar elmlərin tədrisi və inkişafındakı rolu"
– "Yaradıcı sənaye sahəsində süni intellektin yaratdığı problemlər və imkanlar"
– "Süni intellektin mədəni kimlik və ictimai dəyərlərə təsirinə dair gələcək tədqiqatlar".
Mətnin sonu
Rəyiniz