Hövze Xəbər Agentliyinin məlumatına görə, Dr. Nəvvab Həmtəyan mərhum ustad Fərəcnejadın adını daşıyan Mədəniyyət və Media İnstitutunun tədqiqatçı və fəallarının iştirak etdiyi görüşdə çıxış edərək, müasir süni intellekt texnologiyalarına dərindən bələd olmağın zəruriliyinə toxunub. O bildirib ki: Bu sahədə ciddi, strateji bir yanaşmaya malik olmalıyıq və düşmənin hiylə və proqramlarına qarşı tam idrak və dərk əsasında mübarizə aparmalıyıq.
O, həmçinin ictimai media və sosial şəbəkələr arasındakı məfhum fərqinə də diqqət çəkərək əlavə edib: Televiziya minimal qarşılıqlı əlaqəyə malik bir kütləvi informasiya vasitəsidir. Halbuki ‘Aparat’ və ya ‘YouTube’ kimi platformalar sosial media nümunələri olaraq daha geniş qarşılıqlı əlaqə məsələn, fikir bildirmək və şərh yazmaq imkanı yaradır. Lakin ‘Instagram’ kimi əsl sosial şəbəkələr həm anlıq, həm də ikitərəfli qarşılıqlı əlaqəni təmin edir.
Sosial şəbəkələrin dördüncü nəsli yoldadır
O qeyd edib ki: Biz sosial şəbəkələrin dördüncü nəslinə qədəm qoymaq ərəfəsindəyik. Bu nəsil forma və görünüş baxımından əvvəlkilərə bənzəsə də, süni intellektin məzmun və alqoritmlərə daxil olması ilə köklü bir transformasiyaya uğrayacaq.
O əlavə edib ki, bu inkişafın ən böyük çətinliklərindən biri zehni geriləmə problemidir: Bu gün, mövcud modelləri tam başa düşsək belə, yeni nəsil sosial şəbəkələrdən azı altı il geridə qalırıq.
Süni intellektin təsirinin dərinliyi
Həmtəyan bu dəyişimin dərinliyini göstərmək üçün maraqlı bir statistikaya da diqqət çəkib: Süni intellektin geniş tətbiqindən sonra ‘Vikipediya’ saytının veb-trafiki 40 faiz azalıb və bu informasiya nəhəngi faktiki olaraq iflasın astanasına çatıb.
Sosial şəbəkələrin geneologiyasına qısa baxış
Media tədqiqatçısı və araşdirmacı cənab Həmtəyan sosial şəbəkələrin təkamül prosesinə də qısa nəzər salaraq deyib: Birinci nəsil ‘Facebook’ kimi mətn əsaslı şəbəkələr idi.
İkinci nəsil ‘Viber’ və ilkin ‘Telegram’ platformalarını əhatə edirdi.
Üçüncü nəsil isə ‘Instagram’ kimi şəkil mərkəzli şəbəkələrdən ibarətdir ki, bu platformalar bir milyarddan çox istifadəçi cəlb etməklə informasiya münasibətlərində ciddi dəyişikliklər yaratdı.
O əlavə edib ki: Artıq 1398–1399-cu (2019–2020) illərdən etibarən süni intellektin alqoritmlərə dərin inteqrasiyası ilə sosial şəbəkələrin dördüncü nəslinə daxil olmuşuq. Süni intellekt istifadəçinin davranışını öyrənir və fərdiləşdirilmiş məzmun təklif edir. Bu dəyişiklik sadəcə texniki təkmilləşmə deyil, struktur səviyyəsində bir inqilabdır ki, həm yeni imkanlar, həm də ciddi təhdidlər yaradır.
Davranış modellərinin dəyişməsi axtarış sistemlərindən ağıllı köməkçilərə
Süni intellekt və media savadlılığı üzrə mütəxəssis çıxışının davamında istifadəçilərin məlumat əldəetmə vərdişlərindəki dəyişikliklərə diqqət çəkərək deyib: Hazırda ABŞ-da internet istifadəçilərinin təxminən yarısı öz informasiya ehtiyaclarını artıq ‘ChatGPT’ və ‘Meta AI’ kimi ağıllı köməkçilər vasitəsilə qarşılayır.
O qeyd edib ki, bu tendensiya axtarış sistemlərinin veb-trafikində kəskin azalma ilə nəticələnib və informasiya axınının yönünü köklü şəkildə dəyişdirib.
Yeni biznes modelləri: İranın “Torob” təcrübəsi
Ekspert süni intellektin biznes modellərinə təsirini konkret nümunə ilə izah edərək deyib: ‘Torob’ adlı İran tətbiqi ‘Torobju’ adlı ‘Instagram’ səhifəsi yaradaraq onu süni intellektlə əlaqələndirib. İstifadəçi sadəcə bir məhsulun şəklini göndərməklə, dərhal həmin məhsulu təklif edən mağazaların linklərini alır.
Cənab Həmtəyan əlavə edib ki, bu sadə, lakin innovativ model artıq ‘Amazon’ kimi qlobal nəhənglər üçün ciddi bir çağırışa çevrilib. Hətta müəllif hüquqlarının pozulması ittihamı ilə ‘Toroba’ qarşı iddia qaldırılıb ki, bu da rəqəmsal mühitdə formalaşan yeni tip iqtisadi müharibə modellərinin bariz nümunəsidir.
Tətbiqlərin memarlığı və həyat tərzinin idarəsi
Rəqəmsal məkan üzrə ekspert tətbiqlərin quruluşunu təhlil edərək onları iki kateqoriyaya ayırıb: “şaquli” və “üfüqi” tətbiqlər.
Şaquli tətbiqlər, məsələn, ‘DigiKala’, müəyyən bir xidmətə fokuslanır. Üfüqi tətbiqlər və ya super-applar, məsələn, ‘Snapp’, istifadəçinin ehtiyacları ətrafında müxtəlif xidmətlər təqdim edir. Lakin bu super-appların əsas gücü istifadəçi ehtiyaclarını aşkar etmək və idarə etmək bacarığında yatır.
Ehtiyacların qarşılanması və sosial normaların dəyişməsi
Ekspert, “Snapp” platformasının rəsmi məlumatlarına istinad edərək qeyd edib: Bu platforma istifadəçilərin gəlir ehtiyacına uyğun imkan yaradaraq yeni sürücülərin 6%-nin qadınlardan ibarət olmasını təmin edib. Bu nümunə göstərir ki, bir tətbiq sadəcə ehtiyaca cavab verərək sosial normaları dəyişə bilər.
Cənab Həmtəyan əlavə edib: ‘Snapp’ vasitəsilə qara ‘Coca-Cola’ istehlakının 8% və pizza sifarişlərinin 6% artması ‘ehtiyacların idarəsi’ nəticəsidir. Bu da göstərir ki, bu platformalar həyat tərzini incə və görünməz şəkildə idarə etmək gücünə malikdir.
Süni intellekt çoxşaxəli vasitə
O vurğulayıb: Süni intellekti bütün sahələrdə çoxşaxəli alət kimi qiymətləndirməliyik. Onun potensialından həm işlərin sürətləndirilməsi və asanlaşdırılması, həm də media savadlılığı və faktların yoxlanması sahəsində yeni alətlər yaratmaq üçün istifadə etməliyik.
12 günlük müharibədə süni intellektin istifadəsi
Ekspert sual edib: Müharibə doğrudanmı 12 gün davam etdi?
O əlavə edib: General Qasım Süleymaninin şəhadətindən sonra bölgənin geosiyasi nizamı pozuldu və tərəflər öz məqsədlərini reallaşdırmaq üçün qarşıdurmanın yeni mərhələsinə keçdilər. Bu müharibə klassik xarakter daşımırdı; tərəfləri sarsıtmaq üçün ən qabaqcıl süni intellekt vasitələri tətbiq olunmuşdu.
O bir daha vurğulayıb: Əgər bir insanın baxışı 7 oktyabr və ya general Qasim Süleymaninin şəhadətindən sonra dəyişməyibsə, bu, zehni və mədəni gerilik deməkdir. Təəssüf ki, bu düşüncə bəzi rəhbər şəxslərdə də müşahidə olunur və gələcəkdə gözlənilməz sürprizlərə səbəb ola bilər.
Zehni düyünlər və memetik qısayollar
Ekspert sosial şəbəkələrdə “kognitiv düyünlər” anlayışına toxunaraq bildirib: Kognitiv düyün, insanın bildikləri ilə bilmədiklərinin toqquşduğu anda yaranır və qərarvermə və hərəkət prosesində tərəddüd yaradır. Düşmən belə suallarla məhz bu zehni düyünləri yaratmağa çalışır: ‘Axı İran supergüc deyildimi? Bəs niyə komandirlərinə hücum edildi?’
O əlavə edib: Bu mürəkkəb və gərgin mühitdə mənaları effektiv ötürmək üçün zehni qısayollar, yəni memetik üsullar tətbiq edilməlidir.
Həmtəyan nümunələr gətirərək bildirib: Göydə yüksələn ‘Sejjil’ raketinin təsviri artıq güc simvoluna çevrilib. İran bayraqlı bir şirin İsrail bayraqlı leş yeyən quşlarla əhatə olunmuş şəkildə təsvir edildikdə, mürəkkəb məfhumlar sürətlə və aydın şəkildə ötürülür. Bu memetik nümunələr mürəkkəb məlumatları ani və təsirli şəkildə çatdırır.
O yekun olaraq deyib: Biz mürəkkəb bir mərhələyə daxil oluruq. Əgər hələ də düşünürüksə ki, biz xalqa təsir etməliyik, deməli, artıq oyunu uduzmuşuq. Biz xalqla birlikdə və xalqın yanında qlobal təsirə doğru hərəkət etməyi öyrənməliyik.
Rəyiniz