Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, mərcəyi-təqlid Həzrət Ayətullah Hacı Şeyx Cəfər Sübhani Təbrizi 11 dekabr cümə axşamı günü Qum şəhərində yerləşən “vədə verilmiş Həzrət Məhdinin köməkçiləri kompleksində keçirilən “Qurani-Kərim təfsirinin öncülləri” adlı milli konfransda çıxış edərək Qurani-Kərimin İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi kimi uca məqamını izah etmişdir.
Sonuncu peyğəmbərin şəriətinin əbədi möcüzəsi
O, əvvəlki peyğəmbərlərin dövründəki mədəniyyət və fikri fərqliliklərə toxunaraq belə xatırlatdı: Musa (ə) zamanında sehr və ilğım, İsa (ə) dövründə təbabət və şəfa, İslam Peyğəmbərinin (s) dövründə isə şeir və bəlağət geniş yayılmışdı. Buna görə də onların möcüzələri öz dövrlərinin intellektual ehtiyaclarına uyğun idi.
O buyurdu: İslam Peyğəmbərinin (s) şəriəti əbədi olduğu üçün yalnız elə bir möcüzə həqiqi təsir göstərə bilər ki, tarix boyu yaşasın. Bu isə Qurani-Kərimdir. Qurani-Kərim insanları və cinləri ona bənzər bir mətni yaratmağa çağırmış, lakin indiyə qədər heç kəs bu meydanda uğur qazana bilməmişdir.
Səmavi kitabların ölçü meyarı olan Qurani-Kərim
Mərcəyi-təqlid Maidə surəsinin 48-ci ayəsindəki «مُهَيْمِنًا عَلَيْهِ» ifadəsinə işarə edərək bildirdi ki, Qurani-Kərim əvvəlki peyğəmbərləri təsdiqləməklə yanaşı, onların kitabları üzərində də hakimiyyətə və əsas istinad mövqeyinə malikdir.
Həzrət Ayətullah Sübhani sözlərinə belə davam etdi:
Əgər bugün mövcud olan Tövrat və ya İncil nüsxələri özlərinin doğru olduğunu iddia edirlərsə, onların məzmunu Quranla müqayisə edilməlidir. Çünki təhrifə uğramış mətnlərdəki uyğunsuzluqlar Quranla müqayisədə aydın şəkildə üzə çıxır.
Təfsir yazılarında yenilik zərurəti
O, sözlərinin davamında təfsir müəlliflərini təkrardan çəkinməyə və yeniliyə yönəlməyə çağıraraq belə dedi: Təfsiri şifahi şəkildə izah etmək asandır, lakin onu yazmaq böyük bir məsuliyyətdir. Təfsirçi gərək bir düyünü açsın, yeni bir məqam ortaya qoysun ki, əsəri həm elmi dəyər qazansın, həm də qalıcı olsun.
Qurani-Kərimin leksikasına diqqət
Həzrət çıxışının başqa bir hissəsində Qurandakı tək sözlərin dəqiq araşdırılmasının vacibliyini vurğulayaraq bildirib: Bəzi sözlər, məsələn «إله», bəzi yerlərdə yalnız «ibadət edilən» kimi tərcümə olunur. Halbuki bir çox ayədə onun düzgün mənası "Allahdır". Bu cür yanlış məna çıxarmalar ayələrin anlaşılmasında səhvlərə səbəb ola bilər. Ona görə də Qurani-Kərim sözləri üzərində tədqiqat aparmaq daim zəruridir.

Qeyd edək ki, bu konfransda ölkənin müxtəlif bölgələrindən müəllimlər, ruhani şəxslər, Quran fəaliyyətçiləri və təbliğçilər iştirak edirdilər. Hər bir əyalətdən təfsir sahəsində təsirli bir neçə şəxs Quma dəvət olunmuşdu ki, öz fəaliyyətləri barədə hesabat təqdim etməklə yanaşı, təcrübə mübadiləsi aparsınlar və ölkədə təfsir hərəkatının inkişafı üçün birgə planlaşdırma ilə məşğul olsunlar.
Xəbərin sonu
Rəyiniz