Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin informasiya portalının verdiyi xəbərə əsasən, Hövzələrin Ali Şurasının katibi Ayətullah Məhəmməd Mehdi Şəbzendedar, Həzrət Məsumə (s.ə) ziyarətgahının yaxınlığında keçirilən tələbələrdən ibarət bayram məclisində Qurani-Kərimin ayəsinə
«وَمِنْ آیَاتِهِ أَنْ خَلَقَ لَکُم مِّنْ أَنفُسِکُمْ أَزْوَاجًا لِّتَسْکُنُوا إِلَیْهَا وَجَعَلَ بَیْنَکُم مَوَدَّةً وَرَحْمَةً»
« Onun nişanələrindən biri də budur ki, sizin üçün öz cinsinizdən zövcələr yaratdı ki, onların yanında aramlıq tapasınız və aranızda məhəbbət və mərhəmət yaratdı» istinad edərək, ailə qurulmasını ilahi əzəmət və hikmətin böyük nişanələrindən biri kimi dəyərləndirdi. O dedi: Allah-Təalanın insan üçün müəyyən etdiyi bu sistem, yəni bir kişinin və bir qadının ailə qurması ilahi ayələrdəndir. Əgər mütəfəkkirlər yalnız bu məsələnin haqqında dərindən düşünüşlərsə, Allahın sonsuz qüdrət və hikmətinə daha açıq şəkildə bələd olarlar.
Hövzələrin Ali Şurasının katibi Quranda nigahın fəlsəfəsinə işarə edərək əlavə etdi: Uca Allah sizin üçün öz cinsinizdən həyat yoldaşı qərar verib ki, aramlıq və ruhi sabitlik əldə edəsiniz. Aramlıq, hər cür inkişaf və kamilliyin birinci sütunudur və bu sakitlik həm kişi, həm də qadın üçün təmin olunur.
Ayətullah Şəbzendedar qeyd etdi: Həyatın başlanğıcından etibarən əsas hədəflərimizdən biri bu olmalıdır ki, sakit, səmimi və aram bir mühit yaradaq və bir-birimizə dəstək olaraq həyat yoluna qədəm qoyaq.
Məhəbbət və mərhəmət ailə səadətinin iki sütunu
Hövzələrin Ali Şurasının katibi olan Ayətullah Şəbzendedar sözünə davam edərək bildib: Allah-Təala həyat yoldaşlarının arasına iki mühüm ünsür qoymuşdur: Məvəddət (məhəbbət) və rəhmət.
Məvəddət qarşılıqlı sevgi və məhəbbət deməkdir. Yəni ər-arvadın bir-birini könüldən sevməsi. Sevgi, əsassız gözləntiləri azaldır və dözümlülüyü artırır.
Hövzələrin Ali Şurasının katibi vurğuladı: Rəhmət isə qayğıkeşlik və dərin mərhəmət deməkdir. Necə ki, ata və ana övladlarına qarşı qayğı göstərirlər. Əgər ər-arvad bir-birinə qarşı dərin qayğı və mərhəmət bəsləsə, problemlərin çoxu heç yaranmaz. Yaransa belə, məhz bu məhəbbət və qayğı ilə asanlıqla aradan qalxar.
Qadının cihadı layiqli ailə idarəçiliyidir
Ayətullah Şəbzendedar qadınların vəzifələri barədə bir rəvayətə toxunaraq dedi: İslamda Allah yolunda cihad böyük qiymətə malikdir, lakin Allah cəbhə cihadını qadınlardan götürmüş, onlar üçün başqa bir cihad müəyyən etmişdir. Rəvayətdə buyurulur: ‘جهادُ المَرأةِ حُسنُ التَّبعُّل’ yəni qadının cihadı, gözəl evdarlıq və layiqli həyat yoldaşı olmaqdır.
O əlavə etdi: Qadın həyatında müəyyən gözləntilər və çətinliklərlə qarşılaşa bilər, lakin səbirli olsa, öz istəklərini tənzimləsə, düzgün idarəçiliklə ailə aramlığına töhfə versə bu, Allah yolunda cihad sayılır.
Hövzələrin Ali Şurasının katibi Ayətullah Şəbzəndədar İslamın kişilərə tövsiyələrinə toxunaraq dedi: Rəvayətdə buyurulur ki, qadınlar ‘reyhanədirlər’. Yəni incə bir çiçək kimidirlər. Kişi çiçəyə necə yanaşmalıdır? Ən yüksək nəvaziş və mərhəmətlə. Kişi həyat yoldaşını sevməli, ona sevgi göstərməli, hansı davranış yaraşırsa, o cür mehriban olmalıdır.
Gənclərin evlənməsi üçün şərait yaratmaq ən üstün şəfaət
Ayətullah Şəbzendedar çıxışının digər hissəsində Həzrət Əmirəl-möminin (ə) rəvayətinə işarə edərək bildirdi: “Həzrət buyurur: ‘افضلُ الشَّفاعاتِ أن یُشفَعَ بَینَ اثنَینِ لِیَتَزَوَّجا؛’ — yəni ən üstün şəfaət, iki nəfərin evlənməsi və ailə qurması üçün vasitəçilik etməkdir.
Sonda Hövzələrin Ali Şurasının katibi İmam Xomeyninin (r) bir kəlamını xatırladaraq dedi: İmam Xomeyni (r) nigah oxuyarkən buyurardı: Gedin bir-birinizlə mehriban yaşayın. Əgər bu hikmətli cümlə həyatın şüarı seçilsə, ailədə aramlıq və uyğunluğu təmin edər.
Xəbərin sonu
Rəyiniz