bazar ertəsi 8 dekabr 2025 - 18:54
Şayiə zamanı müdrik danışmaq Peyğəmbərin (s) bu günün cəmiyyəti üçün verdiyi mühüm tövsiyələrdən biridir

Höccətül-İslam vəl-müslimin Məliki tələbələrin Həzrət Peyğəmbərin (s) rəftar və həyat tərzindən örnək götürməsinin vacibliyinə toxunaraq dedi: Peyğəmbər (s) İbn Məsuda buyurdu: “Hər hansı bir şeyə qəti şəkildə yəqinlik tapmamısansa, onun barəsində danışma. İstər eşitmiş ol, istərsə də görmüş.” Bu xəbərdarlıq bu gün, virtual məkanda yayılan şayiələr zamanı ikiqat əhəmiyyət daşıyır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, Qum Hövzəsinin direktor müavini Höccətül-İslam vəl-müslimin Məliki, Məsumiyyə mədrəsəsində keçirilən Qurani-Kərim əxlaq dərsində, Hövzələrin rektoru Ayətullah Ərafinin bir mesajını qeyd edərək dedi:

Ayətullah Ərafi bu əxlaq dərslərinin davamlı olmasına xüsusi vurğu etmişlər və biz də bu görüşlərdə əziz tələbələrə qısa şəkildə bəzi qeydlərimizi təqdim edirik.

Qum Elmi Hövzəsinin ustadı iclasın əsas mövzusunu “tələbə və ruhanilərin Həzrət Peyğəmbərə (s) oxşaması zərurəti” kimi dəyərləndirərək bildirdi: Ruhanilər Peyğəmbərə (s) ən çox bənzəyən insanlar olmalıdır, başqa yol yoxdur.

Qum Elmi Hövzəsinin direktor müavini Nəhcül-Bəlağəyə istinad edərək əlavə etdi: Peyğəmbərin (s) xüsusiyyətlərindən biri bu idi ki, danışanda düşünərdi, fasilə verər, fikirləşər və sonra danışardı. Peyğəmbər (s) heç vaxt düşünmədən və dinləyicinin ehtiyacına diqqət etmədən söz söyləməzdi.

Peyğəmbərin sünnəsində qərarvermə

Höccətül-İslam vəl-müslimin Məliki Peyğəmbərin (s) sosial fəaliyyətlərindəki metodlarına toxunaraq dedi: Peyğəmbər (s) iş görməkdə tələsməzdi. Əvvəlcə işin nəticə və məsuliyyətlərini ölçüb-biçər, qərara gəldikdən sonra isə sürətlə və qətiyyətlə hərəkət edərdi. Bu üslub tələbələrin fərdi və ictimai həyatı üçün mühüm bir örnəkdir.

Qum Elmi Hövzəsinin ustadı Peyğəmbərin (s) bəzi əxlaqi xüsusiyyətlərinə işarə edərək vurğuladı: Həzrət (s) həmişə təbəssüm edərdi. Yalnız günah qarşısında ciddi olardı. Kimsə salam verməkdə ondan (s) öndə keçə bilməzdi və biriylə əl verəndə, qarşı tərəf əlini çəkməyincə O, əlini çəkməzdi. Hətta yanında həmişə misvak və daraq daşımaq Peyğəmbərin (s) adətlərindən idi və bu kimi sadə davranışlar belə insanları hidayət etməyə qadirdir.

Müdrikcəsinə danışmaq barədə mühüm rəvayət

Qum Elmi Hövzəsinin direktor müavini “Biharul-Ənvar”, cild 74, səhifə 106-da İbn Məsuddən nəql olunmuş bir rəvayətə işarə edərək dedi: Peyğəmbər (s) dolanışığın çətinliyindən şikayət edən İbn Məsud və yoldaşlarına buyurdu: “Heç kim səbr əhli olmadan cənnətə daxil olmaz və cənnət arzu ilə deyil, əməl ilə əldə olunur.”

Höccətül-İslam vəl-müslimin Məliki iclasın mühüm rəvayət hissəsini belə açıqladı: Peyğəmbər (s) İbn Məsuda buyurdu: “Hər hansı bir şeyə yəqinlik tapmamısansa, onun haqqında danışma. İstər eşitmiş ol, istərsə də görmüş.” Bu xəbərdarlıq bu gün virtual aləmdə şayiələrin çoxaldığı bir dövrdə ikiqat əhəmiyyət daşıyır.

O, Peyğəmbərin (s) bu məqamı izah etmək üçün bir neçə ayə tilavət etdiyini qeyd edərək dedi:

İsra surəsi, 36-cı ayə: Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır.

Zuxruf surəsi, 19-cu ayə: Yalan sözlər yazılır və insan Qiyamət günü bu sözlərə görə sorğu-sual olunacaq.

Qaf surəsi, 16–18-ci ayələr: Allah insana şah damarından daha yaxındır və insanın söylədiyi hər bir sözü mələklər qeyd edib saxlayırlar.

Qum Elmi Hövzəsinin direktor müavini əlavə etdi: Peyğəmbər (s) İbn Məsuda öyrətmək istəyirdi ki, sözü elmə əsaslanaraq desin, zənn, güman və şayiəyə əsasən yox. Bu, Həzrətin (s) tərbiyə üsulu idi.

Qum Elmi Hövzəsinin ustadı sonda elmə əməl etməyin vacibliyini vurğulayaraq belə dedi: Ümid edirik ki, Allah bizə həm elm əldə etmək yolunda, həm də bildiklərimizə əməl etməkdə sabitqədəm olmağı nəsib etsin.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha