Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Əhməd Hüseyn Şərifi, Qum Universitetinin rektoru şəxsi səhifəsində “İmam Səccadın (ə) təhlükəni fürsətə çevirmə strategiyası” mövzusunda belə yazıb:
[Bir] Şübhəsiz ki, şiəliyə qarşı yönəlmiş ən sərt və sarsıdıcı təhdidlərdən biri Kərbəla faciəsi idi. Aşura günü düşmənlər elə zənn edirdilər ki, Kərbəla çölündə hər şeyə birdəfəlik son qoyublar!
İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətdə belə deyilir: “İmam Hüseyndən (ə) sonra insanlar (haqdan) dönüb getdilər, yalnız üç nəfər istisna olmaqla.”
Bu üç nəfər tanınmış şəxsiyyətlər idi və adları rəvayətlərdə belə çəkilir: Əbu Xalid Kabuli (Kabildən), Yəhya ibn Ummit-Tavil və üçüncü şəxs isə ya Cubeyr ibn Mutim, ya da digər nəqllərə əsasən Həkim ibn Cubeyr olmuşdur.
[İki] Haqq cəbhəsi o qədər tənha qalmışdı ki, İmam Səccad (ə) buyururdu: “Bu insanlarla necə rəftar edəcəyimizi bilmirik!”
Bir tərəfdən səssiz qalmaq və biganə qalmaq yolverilməz idi. Çünki İmam öz üzərinə düşən vəzifəni yəni İslam maarifini və həqiqətlərini təbliğ etməli və yerinə yetirməli idi. Digər tərəfdən isə insanlar o dərəcədə qafillik içində idilər ki, Peyğəmbərdən (s) bir hədis belə nəql etdikdə, gülüşlə qarşılayırdılar!
İmam Səccad (ə) belə buyururdu: “Biz bu insanlarla nə edəcəyimizi bilmirdik. "Allah Peyğəmbərindən (s) eşitdiyimiz sözləri onlara danışanda onlar gülməyə başlayırdılar, susduqda isə vicdanımız narahat olurdu.
[Üç] Lakin bütün bu çətinliklər İmam Səccadı (ə) və onun azsaylı sadiq yoldaşlarını ümidsizliyə sürükləmədi. Onlar böyük səbir, uzaqgörənlik və qətiyyətlə İslam maarifini təbliğ etməyə davam etdilər. Zaman keçdikcə cahilliyin pərdələrini aradan apararaq insanlara həqiqətləri açıqladılar. Nəticədə İmam Sadiqin (ə) sözü ilə desək, insanlar yavaş-yavaş haqq cəbhəsinə qoşulmağa başladılar və Əhli-beyt tərəfdarlarının sayı gündən-günə artmağa başladı. “Sonra insanlar (yenidən) qayıtdılar və çoxaldılar.”
[Dörd] İmam Səccadın (ə) ən mühüm cəhdlərindən biri İslamın əsl və həqiqi maarifini təbliğ və izah etmək oldu.
Lakin bu vəzifə olduqca ağır idi. Bir tərəfdən Bəni-Üməyyə tayfası heç bir şəkildə İmama açıq fəaliyyət imkanı vermirdi. Digər tərəfdən isə xalqın özü İmamın dediyi kimi desək, artıq Quran və sünnənin həqiqi maarifini eşitmək istəmirdi. Xalq İslamın həqiqətindən uzaq düşmüş, dünya zövqlərinə uymuşdu. Xüsusilə də Mədinə Bəni-Üməyyənin yaydığı azğınlıqlar nəticəsində əyləncə, musiqi və mənəvi fəsadın mərkəzinə çevrilmişdi.
[Beş] Bu səbəbdən İmam Səccad (ə) müdrik və uzaqgörənliyi ilə İslam maarifini təbliğ etmək üçün xüsusi və diqqət cəlb etməyən bir forma həyata keçirdi. "Bu dua və münacat üslubu idi". O, İslamın ən dərin mənəvi qatlarını, ən mühüm siyasi və inqilabi fikirlərini, cəmiyyətin islahına dair təsirli tərbiyə metodlarını, duaların dili ilə xalqa çatdırdı.
Bu səbəbdən, İmam Səccadın (ə) duaları sadəcə dua və münacatdan ibarət deyil. Onlar İslam maarifini anlamağın unikal bir mənbəyidir. Həmçinin zülmə qarşı mübarizənin prinsiplərini, İslam hökumətinin əsaslarını və cəmiyyətin düşüncə, əxlaq və mənəviyyat yollarını ehtiva edən dərin mətnlərdir.
Məsələn, zöhd (dünyadan uzaqlıq) və dünyaya bağlı olmamaq siyasi və inqilabi azadlığın əsas amili olaraq İmamın dualarında açıq şəkildə özünü göstərir.
O, zalım hökumətlə əməkdaşlıq edən tanınmış fiqh alimi olan Məhəmməd ibn Şihab Zöhrini danladığı bir məktubda da bu dildən istifadə edərək onu xəbərdar etmişdir.
[Altı] Nəticə olaraq mən belə hesab edirəm ki, elə bir çətin şəraitdə İmam Səccad (ə) İslam mədəniyyətini formalaşdırmaqda tarixin ən uğurlu simalardan biridir. Bir çox insanı cahillik və azğınlıq qaranlığından xilas etdi və bəzilərini isə zalım tayfa olan Bəni-Üməyyə tayfasından uzaqlaşdırdı.Həmçinin onları dünyapərəst alimlərin təsiri altından çıxardı.
İmam Səccad (ə) 30 illik fəaliyyəti nəticəsində Mədinənin ictimai və mədəniyyətini dəyişdirdi. Beləliklə İmam Baqir (ə) və İmam Sadiq (ə) dövründə Mədinə şəhəri Əhli-beyt (ə) məktəbinin ən mühüm elmi və mədəni mərkəzinə çevrildi.
Rəyiniz