Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İran İslam Respublikasının Elmi Hövzələrinin rektoru Ayətullah Ərafi Suriyada şiə alimlərinin qətlə yetirilməsini pisləyərək və beynəlxalq təşkilatlardan dərhal tədbir görülməsini tələb edərək bir bəyanat yayıb. Bəyanatın tam mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə
Dərin təəssüf və kədərlə bildirirəm ki, bir daha təkfirçi terrorizmin çirkli əlləri və qlobal hegemonluğa və sionizmə bağlı ifratçı cərəyanlar növbəti dəhşətli cinayəti törədərək, Suriyada bir qrup dəyərli və tanınmış şiə alimini şəhid edibdirlər. Bu ağrılı faciə yalnız bütün insani, hüquqi və dini prinsiplərin açıq şəkildə pozulması deyil, eyni zamanda bölgədə zorakılıq və təfriqəni məzhəb adı altında yaymaq istəyən təhlükəli layihənin davam etdiyini göstərən aydın bir işarədir.
Biz bu vəhşi cinayəti qəti şəkildə məhkum etməklə yanaşı bəyan edirik ki, beynəlxalq təşkilatların və insan hüquqlarını müdafiə etdiyini iddia edən təşkilatların bu ardıcıl faciələr qarşısında səssiz qalması zorakılığın genişlənməsinə, məzhəblərarası nifrət yayılmasına və beynəlxalq əmniyyətə ciddi təhlükə yaranmasına şərait yaradır.
Mən bütün beynəlxalq təşkilatlara xüsusilə Birləşmiş Millətlər Təşkilatına, İnsan Hüquqları Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatına və Müsəlman Alimləri Birliyinə müraciət edirəm:
1. Bu cinayətləri törədənləri dərhal məhkum etsinlər və onların birbaşa icraçılarını həmçinin regional və beynəlxalq himayədarlarını məsuliyyətə cəlb etsinlər.
2. Suriyada din xadimlərinə və sayca az olan dini icmalara qarşı törədilmiş bu cinayətlərin araşdırılması və sənədləşdirilməsi üçün müstəqil bir həqiqətləri araşdırma qurumu yaradaraq dərhal tədbir görsünlər.
3. Beynəlxalq hüququn imkanlarından, o cümlədən insan hüquqları, humanitar hüquq və beynəlxalq cinayət ədaləti prinsiplərindən istifadə etməklə bu cinayətlərin sifarişçiləri və icraçılarını mühakimə edib cəzalandırsınlar.
Din alimləri elm, hikmət və sülh daşıyıcılarıdır. Onlara qarşı edilən hücumlar, insan sivilizasiyasının köklərinə və bəşəriyyətin ortaq irsinə qarşı edilən hücumdur.
Sonda məzlum şəhidlərin əziz ailələrinə, Suriya xalqı və dövlətinə, habelə haqq və ədalət sevərlərə dərin hüznlə başsağlığı verir və bir daha vurğulayıram ki, İslam dünyasının elmi hövzələri bölgənin müqavimət göstərən xalqları ilə birlikdə haqqın müdafiəsində, İslam ümmətinin birliyinin qorunmasında və təşkilatlanmış terrorizmlə mübarizə yolunda qətiyyətlə dayanacaqlar.
Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
Şüəra surəsi, 227-ci ayə
Rəyiniz