Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, yəhudiliyin bir din, sionizmin isə siyasi hərəkat kimi eyniləşdirilməsi ətrafında qlobal miqyasda artan mübahisələr fonunda, eləcə də İsrail işğalçı rejiminin davam edən soyqırımı müharibəsi və Fələstin torpaqlarının işğalı şəraitində özünü “yəhudiləri təmsil edən dövlət” kimi təqdim etməkdə israr etməsi zamanı bu narrativə qarşı çıxan dindar bir yəhudinin səsi xüsusilə diqqət çəkir.
Anti-sionist mövqeyi ilə tanınan “Neturei Karta” təşkilatının üzvü olan yəhudi ravvini Devid Feldman “Ərəbi 21” portalına verdiyi eksklüziv müsahibədə yəhudiliklə sionizm arasındakı fundamental fərqi izah etmiş, fələstinlilərə qarşı törədilən cinayətlərin yəhudi dinini təmsil etmədiyini, əksinə, bütün dünyada yəhudilərə ciddi zərər vurduğunu vurğulamışdır.
Feldman İsrail işğalçı rejiminin ərazisində yaşayan yəhudi gənclərə birbaşa müraciət edərək onları bu dövləti tərk etməyə çağırmış, davam edən soyqırım müharibəsinin təkcə fələstinlilər və müsəlmanlar üçün deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində yəhudilərə qarşı nifrət və zorakılıq riskini də ikiqat artırdığını bildirmişdir. O, həmçinin son dövrlərdə yenidən gündəmə gətirilən iki dövlət həlli məsələsinə dair mövqeyini açıqlamışdır.
Müsahibənin tam mətni aşağıdakı kimidir:
İlk olaraq özünüzü və təmsil etdiyiniz təşkilatı təqdim edin.
Adım ravvin Devid Feldmandır. Mən beynəlxalq “Neturei Karta” təşkilatının üzvüyəm. Biz sionizm ideologiyasına, İsrail dövlətinə və Fələstinə qarşı törədilən bütün cinayətlərə etiraz edən, dünyanın müxtəlif yerlərində yaşayan geniş yəhudi kütlələrinin səsini ifadə edən qlobal yəhudi dini təşkilatıyıq.
Fələstində baş verənlərə münasibətiniz necədir?
Fələstində baş verənlər təkcə beynəlxalq hüquq normalarına və bütün insan haqları meyarlarına zidd olan bir cinayət deyil, eyni zamanda yəhudi dini baxımından da ağır bir cinayətdir.
Bir xalqın bütövlükdə qətlə yetirilməsi, talan edilməsi və zülmə məruz qalması yəhudi təlimlərinə tamamilə ziddir. Xüsusilə də bu hadisələr Fələstində baş verdikdə. Halbuki fələstinlilər, yəni həmin insanlar bizə hörmət etmiş, biz uzun müddət onların himayəsi altında yaşamışıq. Bu vəziyyət sionizmin 1920-ci illərdə müqəddəs torpaqlara daxil olmasına qədər davam edib.
Bu səbəbdən baş verənlər yanlışdır və biz insanlara sionist təbliğatdan kənara çıxaraq başa düşməyə kömək etməyə çalışırıq ki, bu cinayətlərə qarşı çıxmaq onları tənqid edənlərin yəhudi düşməni və ya yəhudi xalqına qarşı olduğu anlamına gəlmir.
İsrail dövləti bütün dünya yəhudilərini təmsil edirmi?
İsrail dövləti bütün yəhudiləri təmsil etmir və qətiyyən yəhudi dininin nümayəndəsi deyil. Dünyanın müxtəlif yerlərində yaşayan çoxsaylı yəhudilər bu cinayətlərin hamısına qarşıdır və yəhudi dini də bu cinayətlərin əleyhinədir.
Vicdan sahibi, dürüst və ədalətli insanlar gözləri önündə artıq iki ildir dayanmadan davam edən soyqırımı gördükləri zaman səslərini ucaltmalıdırlar.
İsrailin Fələstində törətdikləri yəhudilərə təsir göstərirmi və bu təsir nədən ibarətdir?
Təəssüf ki, insanlar öldürülür, uşaqlar aclıqdan həyatlarını itirirlər və bu faciə hələ də davam edir. Biz vəziyyəti dəyişmək, bu işğala son qoymaq, fələstinlilər üçün ədaləti və yəhudilər üçün təhlükəsizliyi təmin etmək üçün əlimizdən gələni etməliyik. Çünki yəhudilər öz adlarına törədilən hərəkətlərə görə nəticələr, nifrət və təhlükə ilə üz-üzə qalırlar.
Biz sionist hərəkatı və İsrail dövlətini təkcə Fələstinə qarşı bu qədər genişmiqyaslı cinayətlər törətməkdə deyil, həm də bütün bu cinayətləri guya bütün yəhudi icması adından etdiyini iddia edərək yəhudi xalqını təhlükə altına salmaqda ittiham edirik.
Sionizm ideologiyası ilə yəhudilik arasında fərq nədən ibarətdir?
Yəhudiliklə sionizm arasındakı böyük fərqin dərk edilməsi son dərəcə vacibdir. Yəhudilik bir dindir, yalnız bir din. Yəhudilikdə hər şey Uca Allaha iman və onun göstərişlərinə əməl etmək üzərində qurulub. Bu dində siyasət və millətçilik yoxdur, qətiyyən cinayət anlayışı mövcud deyil.
Sionizm isə tamamilə siyasi bir hərəkatdır. O, yəhudilik qanunlarına riayət etməyən şəxslər tərəfindən təsis edilib. Bu insanlar əməl etməkdən imtina etdikləri dini, məhz həmin dinə görə haram sayılan cinayətləri əsaslandırmaq üçün sui-istifadə obyektinə çevirirlər.
Sizin sözlərinizə görə, yəhudiliyin imicinə zərər vuran bu ideologiya (sionizm) ilə necə mübarizə aparırsınız?
Bəli qeyd etdiyim kimi sionist hərəkat bəşəriyyət üçün təhlükədir və Allahın adının təhqir olunmasıdır. Bizim onunla mübarizə metodumuz maarifləndirmə və təhsil mübarizəsidir. İnsanlar çox zaman ən elementar məlumatlardan belə məhrumdurlar. Əsas kütləvi informasiya vasitələri düzgün qərar qəbul etmək üçün zəruri olan fundamental məlumatları insanlara çatdırmır.
Biz buradayıq ki, maarifləndirək, buradayıq ki, şüuru genişləndirək və yəhudiliyin bu vəziyyət barədə nə öyrətdiyini izah edək. Bununla da insanlara sionist təbliğatdan kənara çıxmağa, baş verənləri anlamağa kömək edirik və onlara göstəririk ki, yaxşı və ədalətli olmaq yəhudi düşməni olmaq demək deyil. İnsanlar bu zülmə qarşı səsini ucaltmaqdan qorxmamalıdırlar.
Bu dedikləriniz İsrail daxilində dindar yəhudilərin orduya çağırılması ilə bağlı siyasi proseslərə bənzəyirmi?
Bəli, müqəddəs torpaqlarda İsrail ordusunda xidmət etməkdən imtina edən gənclər İsrail dövlətinə inanmırlar. Onlar müqavimət göstərir, əllərindən gələni edirlər ki, bu cinayətləri öz əlləri ilə törətməsinlər və onları dəstəkləməklə Allaha qarşı itaətsizlikdə faktiki iştirak etməsinlər.
Təəssüf ki, gənc oğlan və qızlar on yeddi yaşına çatan kimi, yalnız hərbi xidmətdən imtina etdiklərinə görə avtomatik olaraq “cinayətkar” hesab olunurlar.
Mənim bir dostum İsrail dövlətindən qaçıb və artıq bu sistem altında yaşamaq istəmir. Lakin onun iki övladı ölkəni tərk edə bilmir, çünki hava limanına getsələr, dərhal həbs olunacaqlar.
Qəzzada israillilərlə fələstinlilər arasında davam edən qarşıdurmanı necə qiymətləndirirsiniz?
Vəziyyət son dərəcə ağırdır. Biz hesab edirik ki, baş verənlər nə bu gün başlayıb, nə dünən, nə iki il əvvəl, nə də 16 il əvvəl mühasirənin başlanması ilə. Bu proses sionizmin ilk mərhələlərindən ya 77 il əvvəl, ya da təxminən 100 il əvvəl sionist hərəkatın formalaşmağa başladığı dövrdən etibarən davam edir.
Qeyd etdiyim kimi bu bitib-tükənməyən bir dövrədir. Təəssüf ki, əsas səbəbə, yəni işğala toxunulmadığı müddətcə, bunun sonunu görmürəm.
İsrail daxilində yaşayan gənclərə mesajınız nədir? Onlara nə demək istəyirsiniz?
İsraildə yaşayan insanlara söylədiyim əsas fikir budur ki, artıq ayılmaq və nəyinsə kökündən yanlış getdiyini dərk etmək vaxtıdır. Biz başa düşməliyik ki, sionist hərəkatın bizə verdiyi vədlər guya yəhudilər üçün təhlükəsizlik, himayə və vətən təmin edəcəyi iddiası mahiyyət etibarilə səhv olub və elə başlanğıcdan yəhudi etiqadının fundamental prinsiplərinə ziddiyyət təşkil edib.
Hətta bunu əvvəlcə anlamayanlar belə, ən azı indi dərk etməlidirlər ki, bu vəziyyət heç kimin xeyrinə deyil. Təəssüf ki, çoxsaylı cinayətlər baş verir, dərin ədalətsizlik hökm sürür və bütün tərəflər üçün ciddi təhlükə mövcuddur.
Biz sionist hərəkatı dəstəkləməkdən imtina etməli və bu proseslərin bir hissəsi olmaqdan çəkilməliyik. Sionist sistem mövcud olduğu müddətdə yəhudilər də daxil olmaqla hamı təhlükə altındadır.
Mən hər bir yəhudini istər qadın, istərsə də kişi olmaqla ölkəni tərk etməyə çağırıram. Çünki onların həyatı təhlükə altındadır. Psixoloji durumu risk altındadır və yəhudi kimliyi təhlükə qarşısındadır. Ora təhlükəli bir məkandır. Biz insanları yalnız sionist təbliğatdan kənara çıxmağa, sionizmi və İsrail dövlətini tərk etməyə, sionizmdən əvvəlki qədim tarixə qayıtmağa təşviq edirik.
İki dövlətli həll prinsipini dəstəkləyirsinizmi?
Xeyr, mən fələstinlilərə qaytarılacaq hissə ilə razıyam, lakin sionist təşkilatların nəzarətində qalacaq hissə ilə razı deyiləm. Çünki bu, yəhudilik baxımından yanlışdır və praktik olaraq burada ehtiyac duyulan ədaləti təmin etmir.
Bizim söylədiyimiz budur ki, Fələstindəki sionist işğala tam şəkildə son qoyulmalıdır, hər bir məzlumun bütün hüquqları bərpa edilməli və bütün qaçqınlara geri qayıtmaq imkanı verilməlidir. Yerli fələstinli əhali öz dövlətlərini özləri seçməlidir.
Yəhudilərin yaşadığı torpaqla bağlı təsəvvürünüz nədir: Fələstin dövləti, yoxsa yəhudi-İsrail dövləti?
Bu suala cavab vermək üçün tarixə müraciət etməliyik. Biz artıq yəhudi dövlətinin nəyə gətirib çıxardığını görmüşük. Bu, yəhudi dininin pozulmasıdır və heç bir sülh gətirmir.
Lakin Fələstin dövlətinin, yəni bu torpaqlarda müsəlman hakimiyyətinin mövcudluğunu biz keçmişdə yaşamışıq və bu təcrübə tam uğurlu olub. Bu vəziyyət 100 ildən artıq müddət əvvəl mövcud idi və gələcəkdə hamımızın can atmalı olduğu model də məhz budur.
Müqəddəs torpaqlarda bizim kimi düşünən insanlar deyirlər ki, onlar müqəddəs torpaqlarda qeyri-yəhudi bir dövlət istəyirlər. Onların fikrincə, fələstinlilərin hansı idarəetmə formasını seçməsi önəmli deyil. Hətta islam dini dövləti olsa belə, bu mövcud vəziyyətdən qat-qat yaxşı olar. İslam dini dövləti bu gün mövcud olan vəziyyətdən daha çox yəhudiləri qoruyar və yəhudi dininə daha çox hörmət edər.
Sonda, ərəb dövlətlərinin İsraillə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar və ABŞ-ın İsraili dəstəkləyən ümumi siyasəti barədə mövqeyiniz nədir?
Mən yəhudi bir insanam və baş verənlərə dair yəhudi dininin baxışını ifadə edə bilərəm. Bəzən İsrailə göstərilən kor-koranə dəstəyi görmək son dərəcə kədərli və narahatedicidir. Bu isə, təəssüf ki, yenidən Allaha qarşı çıxmaq və bəşəriyyətin məhvinə xidmət etmək deməkdir və bu prosesdə iştirak edən hər kəsə təsir göstərir.
Biz ümid edirik və siyasətçilərdən xahiş edirik ki, təbliğatdan kənara çıxsınlar, İsraillə münasibətlərinə yenidən baxsınlar və insaniliyi müdafiə etsinlər.
Rəyiniz