çərşənbə 18 fevral 2026 - 15:31
Allahın ən əzəmətli ayına daxil olmağın sirri və rəmzi

Biz müqəddəs Ramazan ayının gəlişi ərəfəsindəyik, Allahın aylarının ən əzəmətlisi olan bu ayda, şübhəsiz ki, mənəvi yüksəliş və nəfsin tərbiyəsinin gerçəkləşdirilməsi istiqamətində unikal bir dövrdür.

Hövzə Xəbər Agentliyi | Biz müqəddəs Ramazan ayının gəlişi ərəfəsindəyik. Allahın aylarının ən əzəmətlisi olan bu ay, şübhəsiz ki, mənəvi yüksəlişin gerçəkləşdirilməsi, eləcə də ailəvi və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ən əlverişli bir dövrdür.

Ali Məqamlı Rəhbərimizin qeyd etdiyi kimi, həqiqətən də Ramazan ayının bütün il ərzində istisna olan imkan və fürsətləri bənzərsizdir. O, bu barədə belə qeyd edib: Biz il boyu öz yaşayış yolumuzda (uca Allaha doğru) nəfsani istəklər, günahlar və öz əlimizlə yaratdığımız qaranlıq mühitlərlə mübarizə şəraitində müxtəlif çətinliklərlə qarşılaşırıq. Məhz Ramazan ayı günahlardan tövbə etmək və uca Allaha tərəf qayıtmaq üçün əlverişli fürsət və şəraiti ən yaxşı şəkildə bizim üçün təmin edir.

Allahın ən əzəmətli ayında təqva incisinin əldə edilməsi

Əslində belə bir ayda oruc tutmağın əsas fəlsəfələrindən biri təqva incisini qazanmaq yolunda səy göstərməkdir. Necə ki, Allah-Təala Qurani-Kərimdə buyurur:

"کتب علیکم الصیام کما کتب علی الذین من قبلکم لعلکم تتقون"

Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə, günahlardan çəkinəsiniz!
Şübhəsiz ki, Qurani-Kərimdə, hədislərdə, din və şəriət hökmlərində, habelə dini-mənəvi ürfümüzdə təqvanın formalaşmasına və möhkəmlənməsinə dair onlarla tövsiyə və vəzifələr var. Məsələn, dini məclislər, məscidlərdə iştirak kimi məkan baxımından olan fürsətlər, yaxud Qədir Xum, Qurban bayramları, Məhərrəm və Səfər ayları, həzrət Fatimənin (s.ə) şəhadət günləri kimi zaman baxımından fürsətlər buna nümunədir. Bununla belə, müqəddəs Ramazan ayında insan üçün elə şərait və imkanlar mövcuddur ki, o, mərhəmətli Allaha ibadət istiqamətində daha məqsədyönlü addımlar ata və həmçinin dünya və axirətdə öz səadətinin zəminini hazırlaya bilər.

Fərdi və ictimai məsələlərdə mənəviyyat səviyyəsinin yüksəldilməsi üçün fürsət

Mədəniyyət məsələləri üzrə tədqiqatçı və universitet müəllimi doktor Tahirə Həmiz bildirib ki, Ramazan ayı həyat yoluna yenidən nəzər salmaq və insan münasibətlərini möhkəmləndirmək üçün olduqca dəyərli bir fürsətdir. O, həmçinin qeyd edib: Ramazanın ayının mühüm cəhətlərindən biri bu ayda hakim olan mənəvi aramlıqdır. İslam təlimlərində bildirilir ki, bu ayda mənfi vəsvəsələrin zəmini azalır. Məhz bu amil insan üçün daxili və xarici bir rahatlıq yaradır. Həmçinin bəzi statistik göstəricilərə əsasən, belə günlərdə cinayət və münaqişə hallarının nəzərəçarpacaq dərəcədə azalmasının şahidi oluruq.

O, həmçinin Ramazan ayının fərdi və ictimai məsələlərdə mənəviyyat səviyyəsinin yüksəldilməsi baxımından olduqca faydalı və səmərəli bir fürsət olduğunu vurğulayaraq əlavə edib: Əhəmiyyətli olan budur ki, bu mənəviyyat dolu mühit Ramazanın bir aylıq zaman çərçivəsindən kənara çıxaraq varlığımızda kök salsın və ilin digər aylarında da davam eləsin. Məşhur bir rəvayət vardır ki, “oruc tutanın yuxusu belə ibadətdir” və bu məqam özü də bu bərəkətli ayda gündəlik davranışların dəyərinin yüksəldiyini göstərir.

Təqva əldə etməklə ruhun bütün çirkinliklərdən paklanması 

Mədəniyyət işləri üzrə fəal və hövzə tədqiqatçısı olan Höccətül-İslam Həbib Babayinin ifadəsinə görə, Ramazan ayı ruhun saflaşması və illik mənəvi süzgəcdən keçirilməsi istiqamətində olduqca mühüm və təsirli bir sınaqdır. Belə ki, ilin digər aylarında Ramazan ayındakı kimi bir ay boyunca ilahi rəhmət və məğfirət qapılarının bəndələrə açıq olması üçün bu cür şərait mövcud deyildir.

O, həmçinin deyib: Allah Rəsulunun (s) və digər məsum imamların (ə) nurani kəlam və tövsiyələrinə əsasən, əgər bir bəndə bu mənəvi süzgəcdən keçmə proqramı çərçivəsində qərar tutarsa, aləmlərin Rəbbi onu sanki yenicə dünyaya gəlmiş bir bəndə kimi qərar verər. Beləliklə onun bütün mənəvi çirklənmələrini, günah və xətalarını pak edər və bu şəkildə onun ruhunda günah sayəsində mövcud olmuş bütün qara nöqtələr aradan gedər. Həmin vaxt onun yaxşı əməlləri daha qabarıq və əzəmətli olar və bütün varlığını əhatə edər.

Höccətül-İslam Babayi bəyan edib: Bəzi böyüklərin təbirinə əsasən bu əzəmətli və bənzərsiz ayda yalnız mənəvi təmizlənməni deyil, həmçinin mənəviyyat zirvələrini də düşünmək lazımdır. Təkcə ruhun saflaşdırılması deyil, həm də inkişaf və kamillik mühümdür. Özünütərbiyə (nəfsin islahı) yolunda bu qızıl fürsətin əhəmiyyətini dərindən dərk edərək əzm və səylə çalışan, nəticədə ilahi təqvanın saf və əvəzsiz incisinə nail olan bəndələr həqiqi səadətə qovuşanlardandır.

Həzrət Peyğəmbərdən (s) nurani bir kəlam

Höccətül-İslam Babayi vurğulayıb: Həzrət Peyğəmbər (s) öz gözəl bir hədisində bele buyurub:

 “الصِّیامَ ابتِلاءً لإخلاصِ الخَلقِ”, 

Yəni oruc bir sınaqdır ki, onun vasitəsilə insanların ixlası imtahana çəkilsin.
 Bu, böyüklərimizin "məşəqqətsiz insanın çirklənmələrdən xilas olması, mahiyyətinin cilalanaraq saflaşması mümkün deyildir” kəlamının ifadəsidir.

O əlavə edərək bildirib: Həqiqətən də əgər həyatın gedişatı əvvəlki qaydada davam edərsə və insan digər günlərdə necə yeyib-içir və yaşayırsa, bu müddətdə də eyni şəkildə davranarsa, bu, heç nəyi dəyişməz. Fiziki xəstəliklər zamanı qida məhdudiyyətləri xəstəlikdən qurtulma yollarından biridir. Xəstələnən şəxsə deyilir ki, bu qidanı yemə, bu qidanı isə ye, həmçinin ona dərman verilir. Ramazan ayında tövsiyə olunan bütün pəhriz və məhdudiyyətlər mənəviyyat, hətta cismin təmizlənməsi, ixlasın əldə edilməsi və paylaşmaq üçündür. Əgər biz bu yolda Allahın əmrlərinə itaət edər və Qurani-Kərimin və Əhli-beytin (ə) göstərişlərinə riayət etsək, həqiqi sağlamlıq nemətinə nail olarıq.

Höccətül-İslam vəl-müslimin  Bəhrami çıxışının sonunda həmçinin belə bəyan edib: Bu məsələdə mərifətin əldə olunması olduqca mühümdür. Necə ki, həzrət İmam Xamenei Ramazan ayı münasibətilə etdiyi çıxışlarının birində buyurur: “Bu şərəfli ayda ilahi qonaqlığa dəvət olunduğunuz halda, əgər Allah-Təalaya mərifət əldə etməmisinizsə və ya mərifətiniz artmayıbsa, bilin ki, Allahın ziyafətinə layiqincə daxil olmamısınız və bu qonaqlığın haqqını yerinə yetirməmisiniz.

Hesabat: Seyid Məhəmməd Məhədi Musəvi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha