çərşənbə axşamı 9 iyun 2026 - 19:48
Ayətullah Ərafi: ABŞ-la sivilizasiya mübarizəsində dayanmaq və geri çəkilmək mümkün deyil / Məhərrəm və Səfər ayları təbliğ və maarifləndirmə hərəkatının zirvəyə çatdığı dövrdür

Ölkə üzrə Elmi hövzələrin rektoru: Məhərrəm və Səfər ayları coşqu, müqavimət və cihad ruhunun güclənməsi üçün misilsiz fürsətdir. ABŞ-la aparılan sivilizasiya mübarizəsinin dayanacağı və ya ondan geri dönüşün mümkün olacağı barədə hər cür təsəvvür yanlışdır. Bu yolu davam etdirməliyik və yolun ortasında geri qayıtmaq qətiyyən mümkün deyil.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Əlirza Ərafi Elmi hövzələrin İdarəetmə Mərkəzinin müavinlər şurasının iclasında çıxışı zamanı müqavimət mədəniyyətinin və Amerika ilə sivilizasiya səviyyəsində qarşıdurmanın izah edilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, bu böyük mübarizə meydanına daxil olmaq və orada mövcudluğunu davam etdirmək özü böyük bir qələbədir və artıq dayanmaq və ya geri qayıtmaq imkanı yoxdur.

Ayətullah Ərafi bu qələbənin mahiyyətinə toxunaraq onu iki əsas istiqamətdə dəyərləndirib:

Birincisi, dünyanın şeytan qüvvəsi hesab olunan ABŞ ilə bu böyük qarşıdurma və əsas mübarizə meydanına daxil olmağın özü böyük bir qələbədir.

İkincisi isə, bu mübarizəyə daxil olduqdan sonra xalqın və ölkənin ayaqda qalması, öz həyatını, varlığını və kimliyini qoruyub saxlamasıdır.

Ölkə üzrə Elmi hövzələrin  rektorunun sözlərinə görə, bu iki qələbə maddi və hərbi sahədə əldə edilən bütün nailiyyətlərdən daha böyük əhəmiyyət daşıyır.

O vurğulayıb ki, bu qələbələr silsiləsi çətinliklər və əziyyətlərlə müşayiət olunur və onları qarşılamaq böyük mücahidlik ruhu tələb edir. O bildirib ki, xalq və ölkənin böyük şəxsiyyətləri bu mövqenin qorunması və yaşadılması üçün möhkəm dayanmışlar.

Elmi Hövzələrin mübarizə meydanında öncül rolu

Ayətullah Ərafi ABŞ ilə aparılan sivilizasiya mübarizəsinin dayanacağı və ya geri dönüşün mümkün olacağı barədə hər hansı təsəvvürü qətiyyətlə rədd edərək bildirib ki, bu yolu davam etdirməliyik. Yolun yarısından geri qayıtmaq ümumiyyətlə mümkün deyil. Mübarizəni dayandırmaq və ya geriyə dönmək barədə düşünənlər bilməlidirlər ki, belə bir şey mümkün deyil.

Ölkə üzrə Elmi hövzələrin rektoru hövzələrin rolunu açıqlayaraq qeyd edib: İdarəetmə və müxtəlif bölmələr aydın düşüncənin, uzaqgörənliyin, müqavimətin, müqavimət mədəniyyətinin, izzətin, şərəfin və İslamın, İranın, İnqilabın, ruhani icmasının və Elmi hövzələrin ləyaqətinin parlaq nümunəsi olmalıdır. Biz tövhid yolunda bu möhkəmliyin, müqavimətin və davamlı dayanışın öncülləri, avanqardı və simvolu olmalıyıq.

O əlavə edib ki, bu meydanda fəaliyyət göstərən hər kəs mübarizənin davam etməsi üçün daim ruh yüksəkliyi yaratmalı, bu müqavimət ruhunu alovlandırmalı və başqalarına da hiss etdirməlidir. Onun sözlərinə görə, qarşıda duran əsas xətt məhz budur.

Məhərrəm və Səfər ayları cihad və təbliğ ruhunun yüksəlişinə səbəb olmalıdır

Ayətullah Ərafi Məhərrəm və Səfər aylarının yaxınlaşmasına toxunaraq bu fürsətdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu il xüsusi şərait mövcuddur və elə indidən bütün proqramlar Məhərrəm və Səfər aylarına yönəldilir.

Qəyyumlar Şurasının üzvü qeyd edib ki, Məhərrəm və Səfər aylarının böyük potensialından, eləcə də Aşura hadisəsinin xatirəsindən başlanmış mübarizə yolunun davam etdirilməsi üçün ən yaxşı şəkildə istifadə edilməlidir.

O vurğulayıb ki, cihad ruhiyyəsi, ümid və coşqu yaradan baxış bu günlərdə ən yüksək həddə çatmalıdır. Müxtəlif tədbirlər vasitəsilə gənclərin, cəmiyyətin və ailələrin bu yolda daha fəal iştirak etməsi və bu xəttə bağlı qalması üçün zəruri zəmin yaradılmalıdır.

Meydanlarda və cəmiyyətin ön sıralarında iştirak ruhu davam etdirilməlidir

Ayətullah Ərafi vurğulayıb ki, Meydanlarda və ictimai səhnələrdə fəal iştirak ruhu davamlı şəkildə qorunmalıdır. O bildirib ki, bunlar əsas prinsiplərdir və hər kəs qətiyyətlə onların üzərində dayanmalı, bu yolu davam etdirməlidir. Eyni zamanda təbliğ və cihad ruhiyyəsi Məhərrəm və Səfər aylarında öz pik nöqtəsinə çatmalıdır.

Ölkə üzrə Elmi hövzələrə və dini təhsil müəssisələrinə mühüm strateji göstərişlər

Ölkə üzrə Elmi hövzələrin rektoru ölkənin bütün dini təhsil müəssisələri, elmi hövzələri və həmçinin aidiyyəti qurumlarına ünvanladığı göstərişdə bir sıra mühüm strateji məsələləri açıqlayıb. Həmin göstərişdə deyilir: Əlavə edilmiş qərarları və müəyyənləşdirilmiş yanaşmaları təsdiqləyərək xatırladıram ki, biz və siz haqq ilə batilin böyük qarşıdurmasının, o cümlədən İslamın, İranın, İslam İnqilabının və həmçinin müqavimət cəbhəsinin və İslam ümmətinin taleyini müəyyənləşdirən böyük savaşın tam mərkəzindəyik.

Süstlük və passivlik heç kəsdən, xüsusilə də biz hövzə nümayəndələrindən qəbul edilə bilməz. Bu mühüm vəzifədə hər hansı səhlənkarlıq və ya nöqsan göstərilərsə, qadir və uca Allahın dərgahında cavabdeh olacağıq.

Məhərrəm və Səfər ayları misilsiz bir fürsətdir

Ayətullah Ərafi qeyd edib ki, Məhərrəm və Səfər ayları, Aşura və İmam Hüseynin (ə) matəm günləri misilsiz fürsət kimi qarşıdadır. İmam Hüseyn (ə) bayraqları ucaldılıb, məclislər və minbərlər alimlər, müəllimlər, tələbələr, təbliğatçılar və həmçinin mübarizə aparan qrupların geniş iştirakını gözləyir.

O vurğulayıb ki, bu fürsətlər əldən verilməməli, cihad ruhlu təbliğ fəaliyyətinin azalması üçün bəhanələr axtarılmamalıdır.

Hövzə nümayəndələrinin böyük dirçəlişinə ehtiyac var

Ölkə üzrə Elmi hövzələrin rektoru bildirib ki, bu gün xalqın meydanlara çıxışının davam etməsi, ilahi oyanışın güclənməsi və İranla yanaşı region gənclərinin dini və inqilabçı düşüncəsinin yüksəlməsi hövzə nümayəndələrinin böyük bir dirçəlişinə və yeni bir missiyasına ehtiyac duyur. Bu meydanda mücahidlik ruhu ilə fəaliyyət göstərmək zəruridir.

Üç aylıq cihad və təbliğ səfərbərliyi

Ayətullah Ərafi vurğulayıb ki, dini təhsil ocaqları, Elmi hövzələr, Qum şəhəri və hövzə ictimaiyyətinin toplandığı bütün məkanlar cihad və təbliğ hicrətini öz fəaliyyət prinsipi seçməlidirlər.

Onun sözlərinə görə, son üç ay ərzində xalqın yanında fəal iştirak edən ruhaniyyət Məhərrəm və Səfər aylarında da yeni bir səfərbərliyə qalxmalıdır. Mədəniyyət və təbliğat qurumlarının, eləcə də “Bəlaği-Mübin” (Aydın təbliğat) qərargahının rəhbərliyi ilə İranın hər yerində iştirak və təbliğ hərəkatı davam etdirilməli və daha da gücləndirilməlidir.

Ayətullah Ərafi həmçinin bildirib ki, xarici ölkələrdə aparılan fəaliyyətlər və Ərbəin mərasimi ilə bağlı da ümumi səfərbərlik və geniş təbliğ hərəkatının formalaşdırılması zəruridir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha