Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Məsləhət Şurasının üzvü, doktor Qulaməli Həddad Adil “Şəhid mücahid Ayətullah Xamenei Məktəbi” adlı konfransının açılış iclası çərçivəsində Hövzə Xəbər Agentliyinin müxbirinə müsahibəsində şəhid Ayətullah Seyid Əli Xamenei ilə uzun illərə söykənən tanışlığından danışıb.
O bildirib ki, İslam İnqilabının qələbəsindən sonrakı ilk həftədən etibarən şəhid Ayətullah Seyid Əli Xamenei ilə görüşmək və onun hüzurunda olmaq nəsib olub. Həmin gündən onun məhəbbəti qəlbində yer tutub. Bu sevgi illər keçdikcə daha da artıb və dövlət sistemində daşıdığı müxtəlif vəzifələr dövründə daim onun hidayət və tövsiyələrindən bəhrələnib.
Doktor Həddad Adil əlavə edib ki, uzun illər davam edən bu tanışlıq sonradan qohumluq əlaqəsinə çevrilib. Ailə bağları yarandıqdan sonra isə şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsi həyatı ilə daha yaxından tanış olmaq imkanı əldə edib. Onun sözlərinə görə, ən çox heyrətləndirən məqam şəhid Ayətullah Seyid Əli Xameneinin daxili aləminin zahirindən də gözəl olması idi. Çünki sadə həyat tərzi, yüksək əxlaq və İslam dəyərləri barədə söylədiyi hər bir sözü öz şəxsi həyatında da eyni şəkildə həyata keçirirdi.
Doktor Həddad Adil vurğulayıb ki, şəhid Ayətullah Seyid Əli Xameneiyə olan ehtiramının daha da artmasının əsas səbəblərindən biri onun övladlarının tərbiyəsini yaxından müşahidə etməsi olub.
O deyib: Əziz kürəkənim və bu gün ölkənin Ali Rəhbəri olan şəxs məhz həmin ailənin tərbiyəsinin bəhrəsidir. Onun qızımla ailə həyatı qurmasından ötən 28 ildən artıq müddət ərzində ailəvi gediş-gəlişimiz olub və bu müddətdə onun əxlaqını, mənəviyyatını və tərbiyəsini yaxından görmüşəm. Ərəb ədəbiyyatında deyildiyi kimi, ağacı meyvəsindən tanıyırlar. Mən də o möhtəşəm ağacın əzəmətini onun şirin meyvəsində müşahidə etdim.”
Şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyətinin müxtəlif cəhətlərinə toxunan doktor Həddad Adil bildirib ki, hər kəs bu böyük şəxsiyyətə fərqli prizmadan baxa bilər.
O qeyd edib: “Bu yaxınlarda onun haqqında yazdığım məqalədə böyük şair Füruği Bəstaminin bir qəzəlini sitat gətirmişəm. Həmin qəzəl şəhid Ayətullah Seyid Əli Xameneinin çoxşaxəli şəxsiyyətini çox gözəl təsvir edir. Elə bir şəxsiyyət ki, saysız-hesabsız məziyyətləri ilə hər dəfə yeni bir tərəfdən tanınır.”
Doktor Həddad Adil şəhid Ayətullah Seyid Əli Xameneinin ən mühüm xüsusiyyətlərindən birinin ailə məsələsinə xüsusi önəm verməsi olduğunu bildirib.
O vurğulayıb ki, Şəhid Ayətullah Seyid Əli Xamenei ailəni olduqca mühüm hesab edir, sevgi, düzgün idarəçilik və ailədaxili həmrəylik sayəsində həyat yoldaşını, övladlarını, gəlinlərini, kürəkənlərini və nəvələrini daim bir arada saxlaya bilirdi. Onun sözlərinə görə, bu həyat tərzi bütün İran ailələri üçün nümunə olmalıdır. Xüsusilə də ailəni dünyanın bir çox cəmiyyətlərində sarsıntı və müxtəlif problemlərlə üzləşdiyi indiki dövrdə belə bir örnək böyük əhəmiyyət daşıyır.
O, əlavə edib ki, ailəyə diqqət Şəhid Ayətullah Seyid Əli Xameneinin İslami həyat tərzinin əsas göstəricilərindən biri idi. O, ailənin əhəmiyyəti barədə söylədiyi bütün fikirləri şəxsi həyatında da tam şəkildə həyata keçirirdi.
İran İslam Məsləhət Şurasının üzvü çıxışının digər hissəsində şəhid Ayətullah Seyid Əli Xameneinin qızı Zəhranın Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə ailə qurduğu gün münasibətilə yazdığı bir şeirə toxunaraq bildirib: Bu şeir uzun illər həmin ailənin sadə evinin divarında kiçik bir çərçivədə nəstəliq xətti ilə asılmışdı. Lakin son raket hücumları zamanı məhv oldu və onun yalnız bir nüsxəsi mənə çatdı.
O izah edib ki, bu şeir məhəbbət, hidayət, nəsihət və ata arzuları ilə zəngin idi və Şəhid Ayətullah Seyid Əli Xameneinin ailə üzvlərinə necə dərin sevgi və məhəbbətlə yanaşdığını göstərirdi.
Doktor Həddad Adil şəhid qızının vida mərasiminə toxunaraq deyib: Bir neçə gecə əvvəl şəhid qızımın cənazəsi ailəsinə təhvil veriləndə onun tələbələri, həmkarları, müəllimləri, dostları və yaxınları cənazəsinin başında göz yaşı tökürdülər. Həmin mərasimdə Şəhid Ayətullah Seyid Əli Xameneinin onun üçün yazdığı şeir oxundu. Bu şeir bu gün qızı, kürəkəni və ailəsinin digər üzvləri ilə birlikdə uca məqama qovuşmuş bir atanın məhəbbətini xatırladır.
Həddad Adil şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində xalqın geniş iştirakına da toxunaraq vurğulayıb: Mən İran xalqı kimi böyük bir okeanın kiçik bir damlası olmağımla fəxr edirəm. Elə bir xalqın ki, təxminən əlli ildir ki, uzaqgörənlik və mətinlik nümayiş etdirərək tarix yazır və İslam İnqilabının bayrağını onun həqiqi sahibi həzrət Məhdiyə (ə.f) təhvil veriləcəyi günədək uca tutacaqdır.
Xəbərin sonu
Rəyiniz