şənbə 4 iyul 2026 - 14:37
Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində xalqın iştirakı milli həmrəyliyin təzahürüdür

Hövzə | Ayətullah Fəqihi bildirib ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində xalqın iştirakı izzət, istiqlaliyyət və müqavimət yoluna sarsılmaz sədaqətin cəsarətli təzahürüdür.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Müəllimlər Birliyi üzvlərindən olan Ayətullah Fəqihi Şəhid Ayətullah Seyid Əli Xameneinin Qum şəhərində keçiriləcək dəfn mərasiminə xalqın əzəmətli iştirakı ilə bağlı müraciət yayıb. O bildirib ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində xalqın iştirakı izzət, istiqlaliyyət və müqavimət yoluna sədaqətin təzahürüdür. Bu yol, şəhid Ayətullah Seyid Əli Xameneinin müqəddəs canını fəda etməklə təsdiqlədiyi yoldur.

Müraciətdə deyilir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Ey qəhrəman və rəşadətli İran xalqı!  

Ey imanlı və əziz İran xalqı!

Allahın salam və rəhməti sizin üzərinizə olsun.

Böyük alim,  mərceyi-təqlid və dünyanın azad insanlarının rəhbəri olan şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadəti İslam ümmətinin qəlbində ağır yara açsa da onun qanı İran İslam Respublikasının varlığına yeni ruh bəxş etmiş, bu yolun davamı üçün daha möhkəm iradə formalaşdırmışdır.

Kərbəla şəhidlərinin ağası İmam Hüseynin (ə) matəm günlərində, ölkənin hüzn və əzəmətə büründüyü, könüllərin isə mübariz və əziz rəhbərimizin ayrılığı ilə dağlandığı bir vaxtda dünya gözünü sizə dikib. Dünyanın diqqəti, ən çətin şəraitdə möhkəm iradə və iman dolu qəlblə meydana çıxaraq şəhid Ayətullah Seyid Əli Xamenei üçün tarixi və misilsiz yolasalma mərasimi təşkil edəcək şərəfli xalqa yönəlib.

Əziz İran xalqının bu əzəmətli iştirakı təkcə böyük bir şəxsiyyətlə vidalaşmaq deyil, həm də izzət, istiqlaliyyət və müqavimət yoluna sədaqətin cəsarətli bəyanıdır. Elə bir yol ki, şəhid Ayətullah Seyid Əli Xamenei öz müqəddəs canını fəda etməklə ona təsdiq möhürü vurmuşdur.

Bu möhtəşəm toplantı milli həmrəyliyin parlaq təzahürüdür. Son aylarda şahidi olduğumuz bu həmrəylik bundan sonra da davranışlarımızda, sözlərimizdə və ictimai münasibətlərimizdə davam etməlidir. Bu gün hər zamankından daha çox bütün İran xalqının fikir ayrılıqlarından uzaq durması, qarşılıqlı sevgi və həmrəyliyi gücləndirməsi, ölkədə əmin-amanlığı və milli birliyi qoruması zəruridir ki, düşmənlər ən kiçik fikir ayrılığından belə istifadə edərək parçalanma və ixtilaf yaratmaq imkanı əldə etməsinlər.

Siz müdrik və uzaqgörən bir xalq olaraq öz iştirakınız ilə bütün dünyaya aydın bir mesaj çatdıracaqsınız: Bu İnqilab yaşayır, bu ümmət öz möhkəm iradəsi ilə yerindədir, İran xalqı vilayət bayrağı ətrafında sıx birləşib və müqavimət bayrağı bundan sonra da uca tutulacaqdır.

Şəhid Ayətullah Seyid Əli Xameneinin milyonlarla insanın iştirakı ilə keçiriləcək misilsiz yolasalma mərasimi bu xalqın tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Bu mərhələ Ali Məqamlı Rəhbər həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyi, uca Allaha təvəkkül və Əhli-beytin (ə) inayətinə ümidlə daha parlaq üfüqlərə doğru irəliləyəcəkdir.

Uca Allahdan diləyirəm ki, bu möhtəşəm və qəhrəmanlıq dolu iştirak İranın izzətinin daha da yüksəlməsinə, düşmənlərin ümidsizliyinə, möminlər arasında sevgi və birliyin möhkəmlənməsinə səbəb olsun. Həmçinin uca Allah əziz İran xalqını həmişə olduğu kimi İmam Məhdinin (ə.f) himayəsi altında əmin-amanlıqda və başıuca saxlasın.

Allahın salam və bərəkəti sizin üzərinizə olsun.

Ayətullah Möhsün Fəqihi

3 iyul 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha