Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Rüqəyyə (s.ə)-nın şəhadətinin ildönümü münasibətilə həmin məzlum xanımın şəxsiyyəti ilə bağlı irəli sürülən şübhələrdən birinə aydınlıq gətirilir. Aşağıda İslam tarixi üzrə tədqiqatçı və mütəxəssis Höccətül-İslam Mustafa Möhsünün bu məsələ ilə bağlı tarixi və rical mənbələrinə əsaslanan izahı təqdim olunur. O, bu dəlillərlə həzrət Rüqəyyə (s.ə)-nın varlığını sübut edir.
Bağışlayan və mehriban Allahın adı ilə
Bəzi şəxslər həzrət Rüqəyyə (s.ə)-nın şəxsiyyəti ilə bağlı şübhələr irəli sürürlər. Onların əsas dəlillərindən biri budur ki, Şeyx Müfid (r) "Əl-İrşad" kitabında İmam Hüseynin (ə) qız övladlarını sadalayarkən yalnız Xanım Səkinə və Xanım Fatimənin adını çəkmiş, üçüncü və ya dördüncü qızdan bəhs etməmişdir.
Lakin ilk növbədə diqqət yetirmək lazımdır ki, Şeyx Müfid (r) bizim böyük alimlərimizdən və etibarlı dini mərcələrimizdən biri, "Əl-İrşad" isə çox dəyərli və mühüm əsərdir. Amma bu, həmin kitabda qeyd olunmayan hər bir məsələnin ümumiyyətlə mövcud olmadığı anlamına gəlmir.
Bunun aydın nümunəsi elə həmin kitabın özündə görünür. Şeyx Müfid İmam Cavadın (ə) qızlarının adlarını sadalayarkən, tarixi baxımdan tanınmış və mühüm şəxsiyyət olan Xanım Həkimənin adını qeyd etmir. Halbuki, o, özünün başqa əsərlərində Həkimə xanımın adını çəkmişdir. Bu da göstərir ki, bəzən müəyyən bir ad bir əsərdə qeyd olunmaya bilər, lakin bu, həmin şəxsin və ya tarixi həqiqətin inkar edilməsi demək deyil.
Həzrət Rüqəyyə (s.ə)-nın varlığını sübut etmək üçün Şeyx Müfiddən əvvəl yazılmış mənbələrə müraciət edirik. Məsələn, Nəsəc Bağdadinin qələmə aldığı "Tarix Əhli-beyt", Hüseyn ibn Həmdan Xüsəybinin "Əl-Hidayətül-Kübra" və İskafinin "Müntəxəbül-Ənvar" kitabları Şeyx Müfiddən təxminən bir əsr əvvəl yazılmışdır. Bu üç əsərin hər birində İmam Hüseynin (ə) qızlarının sayı üç nəfər göstərilmişdir. Deməli, Şeyx Müfidin adını çəkdiyi iki qızdan əlavə, İmam Hüseynin (ə) ən azı daha bir qızı olmuşdur.
Bundan əlavə, Şeyx Müfiddən sonra yazılmış bəzi kitablarda İmam Hüseynin (ə) dörd qızının adı qeyd olunur. Həmçinin, Şeyx Müfiddən əvvəlki mənbələrdə, onun dövründə və hətta özünün digər əsərlərində İmam Hüseynin (ə) qızlarından bəhs edilərkən "bənat" (qızlar) ifadəsindən istifadə edilmişdir. Əbu Məxnəf, Şeyx Müfid və Dinəvəri "Əxbarut-Tival" əsərində də məhz bu ifadəni işlətmişlər. Bu ifadə isə iki qızdan artıq övladın olduğunu göstərir.
Beləliklə, bu dəlillərin cəminə əsasən, İmam Hüseynin (ə) həzrət Səkinə və həzrət Fatimədən (ə.s) əlavə, ən azı bir və ya iki qız övladı da olmuşdur.
İbn Fənduq "Lübabul-Ənsab" kitabında İmam Hüseynin (ə) qızlarının sayını dörd nəfər göstərir: Fatimə, Səkinə, Zeynəb – hansı ki, İmam Hüseynin (ə) həyatı dövründə vəfat etmişdir – və açıq şəkildə həzrət Rüqəyyə (s.ə)-nın da adını qeyd edir.
Hər bir elm sahəsində həmin sahənin mütəxəssisinə müraciət edilməlidir. Necə ki, bir çox təqlid mərcələri öz nəsəb və şəcərə məsələlərini Ayətullah Mərəşi Nəcəfiyə təqdim edirdilər. Çünki o, nəsəb elmi sahəsində dövrünün böyük mütəxəssislərindən idi.
Buna görə də, nəsəb elminin görkəmli alimlərindən olan İbn Fənduq öz kitabında həzrət Rüqəyyə (s.ə)-nın adını açıq şəkildə qeyd etdikdə, bu, mühüm və etibarlı bir sübut sayılır. Deməli, onun əsəri ilə yanaşı, İmam Hüseynin (ə) qızlarının sayını üç və ya dörd nəfər göstərən digər mənbələr birlikdə həzrət Rüqəyyə (s.ə)-nın varlığını aydın və sadə şəkildə sübut edir.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun .
Rəyiniz