Hövzə Xəbər Agentliyi | Qarşıda baş verəcək hadisələr fonunda medianın passivliyi və cəmiyyətin ziyalılarının biganəliyi, düşmənin təhdidlərinin daha da artdığı və cəsarətli addımlar atdığı bir dövrdə, həm narahatedicidir, həm də təəccüblüdür. Halbuki, media qurumları, universitet və ruhani elmi dairələrin ziyalıları cəmiyyətə aydınlıq gətirmək və maarifləndirmək vəzifəsini daşıyırlar. Əgər bu missiyanı yerinə yetirməkdə səhlənkarlıq etsələr, bu, cəmiyyətin hadisələrə qarşı diqqətsiz qalmasına və nəticə etibarilə danışıqlarda zərər görməyimizə səbəb ola bilər. Halbuki, biz hazırda olduqca həssas və mühüm bir mərhələdəyik.
İndi tədbirli olmaq və danışıqlar aparan heyətə müxtəlif formalarda dəstək göstərmək zamanıdır; bu, televiziyada çıxışlar və debatlar, daxili və xarici mediada mövqe bildirmələr, konfrans və seminarların təşkili, nümayişlər və etiraz aksiyalarının keçirilməsi kimi yollarla həyata keçirilə bilər. Bu tədbirlər ABŞ-a olan etimadsızlığı və İran xalqının ABŞ-la birbaşa danışıqlara qarşı olduğunu, eyni zamanda ölkəmizin nüvə proqramına geniş dəstəyi ifadə edir. Hətta bu dəstəklər zahiri və simvolik olsa belə, danışıqlarda iştirak edən heyətin mövqeyini gücləndirir.
Şübhəsiz ki, hazırkı mərhələdəki danışıqlar, 1392–1394-cü (2013–2015-ci) illərdə keçirilən danışıqlardan daha riskli və daha əhəmiyyətlidir. Halbuki həmin illərdə də bir çox tədbirlər, aksiyalar və ictimai fəallıqlar keçirilirdi və ümumilikdə xalq danışıqların gedişatını daha yaxından izləyirdi, media və ziyalılar isə müzakirələrlə daha ciddi məşğul olurdular.
1394-cü ilin Xordad ayında Qumun Feyziyyə mədrəsəsində böyük bir mitinq keçirildi. Bu mitinqin təşkilatçıları açıq şəkildə bildirdilər ki, tədbirin məqsədi danışıqlar aparan heyətə dəstək nümayiş etdirməkdir. Aksiyada iştirak edənlər "Nə təxirə salma, nə güzəşt – sanksiyaların tam ləğvi!" və "Nüvə inkişafı – bizim mütləq hüququmuzdur!" kimi şüarları səsləndirirdilər. Bu mitinq həm ölkə daxilində, həm də beynəlxalq mediada geniş şəkildə işıqlandırıldı.
Sionistlərin Trampa verdiyi bəzi yanlış məlumatlar əsasında və İranın vəziyyətini qarışıq və qeyri-sabit göstərməklə, Trampda belə bir təəssürat yaranıb ki, guya xalqla hakimiyyət arasında məsafə var və bu, hərbi hücum və ya təzyiq göstərmək üçün ən uyğun zamandır. Xüsusilə də xalqın səhnədəki iştirakı və siyasi-ictimai fəaliyyətləri azaldıqda, bu, düşmənin ölkəyə qarşı tamah salmasına səbəb olur. Lakin xalqın fəal iştirakı ilə düşmənin bu xəyal və xam arzuları puç olur və əksinə, qorxulu bir kabusa çevrilir.
– Məhəmməd Hüseyn Rəməzani
Rəyiniz