Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Üzma Cavadi Amuli bu gün fiqh dərsində Həzrət Məsumənin (s.ə) mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək, ölkənin mövcud vəziyyətinə toxundu və belə buyurdu:
Baxmayaraq ki, İran bu günlərdə müsibət içindədir, lakin Əhli-Beyt (ə) vilayəti, bu müqəddəs ailənin ucalığı və məqamı bütün bu əzabları yüngülləşdirir. Bu pak zatlarla olan əlaqə, həm dünyasını dəyişənlərə cənnət nemətini qazandırır, həm də sağ qalanlara gözəl səbir və bol savab bəxş edir.
Ayətullah Üzma Cavadi Amuli bu münasibətin mənəvi mahiyyətinə toxunaraq əlavə etdi: Söhbət sıradan insani bir sevincdən getmir, bu sevinc vilayət sevincidir. Bu səbəblə, həm vəfat edənlər ali məqamlara yetişirlər, həm sağ qalanlar təsəlli tapırlar, həm də bu günü hörmətlə qeyd edənlər Əhli-Beytin (ə) xüsusi hidayətinə nail olurlar.
Sonra İslam mədəniyyətində qadının yerindən danışaraq bildirdi: İslamda qadın sadəcə adi bir insan deyil. Nə bütün qadınlar bir-birinə bənzəyir, nə də bütün kişilər. Bu böyük xanımı, Həzrət Məsuməni (s.ə.) görürsünüzmü? Ən azı üç məsum İmam ona xüsusi hörmət göstərmişdir. Onun məqamı o qədər ucadır ki, İmam ona xüsusi ziyarətnamə təklif edir. Bu ziyarətnamədə bir neçə baxımdan ona olan məhəbbət ifadə olunur: Salam olsun İmam qızına, Salam olsun İmamin bacısına, Salam olsun İmamin bibisinə . Bu nisbətlərin hamısı həmin xanımın ucalığının göstəricisidir.
Ayətullah Üzma Cavadi Amuli çıxışının davamında Həzrət Məsumənin (s.ə) məzarının yaxınlığında olmanın bərəkətinə də toxunaraq qeyd etdi: Bu böyük xanım yüksək məqama sahib bir şəxsiyyətdir. Onun uca məqamının nişanəsi də elə onun nurani məqbərəsinin yanında formalaşan bu bərəkətli Qum Hövzəsidir. Elmi fəaliyyətlərin, o cümlədən fiqhin inkişafı da məhz bu müqəddəs məzarın yaxınlığında başlamışdır.
Ayətullah Üzma Cavadi Amuli çıxışının digər bir hissəsində təhsil illərindən bir xatirəni yada salaraq buyurdu: Yadımdadır ki, Tehranda mərhum Ayətullah Mühəmməd Təqi Amulinin xidmətinə çataraq dedim: Biz yeni xarici dərs mərhələsinə başlamışıq və hələlik təqrirlər (şagird qeydləri) yazmağa alışmamışıq. Ondan xahiş etdik ki, öz yazılarını bizə versin, biz də onlardan faydalanaraq təqrirlər yazmağı öyrənək. O böyük insan böyük lütfkarlıq göstərərək razılaşdı və yazılarını bizə təqdim etdi. O yazılara baxanda gördüm ki, hər bir səhifənin yuxarısında bu cümlə qeyd olunub: 'Bismillahir-Rahmənir-Rahim, ya Sahub -əz Zaman ədrikni' (Rəhmətli Allahın adı ilə, ey Zamanın Sahibi, yardım yet!). Bizim böyüklər elmi və mənəvi bərəkətlərini bu pak nəsildən alıblar.
Ayətullah Üzma Cavadi Amuli Həzrət Məsumənin (s.ə) ziyarətgahının mənəvi məqamına xüsusi vurğu edərək əlavə etdi: Həzrət Məsumənin (s.ə) müqəddəs məqbərəsi rəhmət və fəzilət məkanıdır. Böyüklər bizə hər zaman tövsiyə ediblər ki, Quma gələndə əvvəlcə Bibi Həzrət Məsuməyə (s.ə) təvəssül edin – o böyük xanıma ki, ali ilahi yaxınlıq dərəcəsinə çatmışdır. Elə bu səbəbdəndir ki, üç Məsum İmam (ə) onun fəziləti haqqında salam vermişdir. Bu böyük xanımın nurani məzarının yanında böyük alimlər və mərcəyi-təqlidlər dəfn olunublar ki, onların varlığı da bir bərəkət mənbəyidir. Buna görə də biz bu günü zahiri bayram kimi deyil, ehtiram və təvəssül günü kimi qeyd edirik və bu müqəddəs məqama sevgi və bağlılığımızı daim ifadə edirik.
Sonda Ayətullah Üzma Cavadi Amuli İslam ümməti üçün dua edərək belə ümidvarlıq ifadə etdi: Ümid edirik ki, bu müqəddəs Bibi Həzrət Məsumənin (s.ə) bərəkəti ilə İslam Respublikasının sistemi, İslam cəmiyyəti, İslam ümməti, İran İslamı və İslam elm hövzələri Əhli-Beytin (ə) xüsusi inayət və himayəsi altında öz yolunu davam etdirəcəkdir.
Rəyiniz