Hövzə Xəbər Agentliyi – İslam dini, insanı yalnız özünü islah etməyə məsuliyyətli olmağla kifayətlənmir; sosial yönümlü bir din olaraq hər bir fərdi digər insanlara qarşı da məsuliyyət daşıyan bir varlıq kimi qəbul edir. Bununla belə, hər kəs cəmiyyətin islahı sahəsində fəaliyyət göstərə bilməz. Bu səbəbdən bu mühüm vəzifəni öz üzərinə götürəcək xüsusi mərkəzlərə və qurumlara ehtiyac duyulur.
Peyğəmbərlər (s) silsiləsinin sona çatmasından və sonuncu pak İmamın (ə) qeybə çəkilməsindən sonra fəqihlər və din xadimləri bu mübarək nəslin canişinləri və varisləri kimi tanınır. Müxtəlif hədislərə əsasən, Həzrət Peyğəmbər (s) və Əhli-Beyt İmamları (ə), fəqih və müdəssisləri özlərinin canişinləri olaraq təqdim etmiş, bu barədə çox dəyərli və mənalı ifadələr işlətmişlər. Aşağıda bu ifadələrdən bir neçəsinə nəzər salacağıq:
1. Həzrət Peyğəmbər (s) buyurur: “Ya Rəbb, mənim canişinlərimə rəhmət et!” – bu duanı üç dəfə təkrarladı. Soruşuldu: “Ya Rəsuləllah, sizin canişinləriniz kimlərdir?” Buyurdu: “Onlar məndən sonra gələcək, hədislərimi və sünnəmi nəql edəcək və insanlara öyrədəcək şəxslərdir.”
2. İmam Sadiq (ə) buyurur: “Alimlər peyğəmbərlərin varisləridirlər. Çünki peyğəmbərlər miras olaraq mal-dövlət qoymazlar; onlar öz sözlərindən ibarət hədisləri miras qoyurlar. Həmin hədislərdən faydalanan şəxs, həqiqətdə böyük və dəyərli bir mənfəət əldə etmiş olur. Buna görə də baxın, elminizi kimdən alırsınız! Çünki bizim: Peyğəmbər (s) Əhli-Beytinin (ə) hər bir dövründə elə ədalətli insanlar var ki, onlar dinə edilən təhrifləri, bidətçi təbliğləri və cəhalətlə edilən yozumları ondan uzaqlaşdırırlar.”
3. İmam Kazım (ə) buyurur: “Mömin, yaxud mömin fəqih vəfat etdikdə, mələklər, onun üzərində ibadət etdiyi torpaq və duaları ilə açılan səma qapıları onun üçün ağlayar. O, dünyasını dəyişdikdə, İslam qalasında elə bir boşluq yaranar ki, onu heç nə doldura bilməz. Çünki imanlı fəqihlər İslamın qalalarıdır; onlar İslam üçün şəhəri qoruyan divar kimidirlər.”
4. İshaq ibn Yəqubdan nəql olunur: “Mən Məhəmməd ibn Osman Öməriyə məktub verdim ki, onu İmam Zamanın (ə.f) xidmətinə çatdırsın və çətinlik çəkdiyim məsələləri soruşdum. Cavab gələndə, Həzrətin mübarək xətti ilə belə yazılmışdı: ‘Yeni yaranan hadisələrdə bizim hədislərimizi nəql edən ravilərə müraciət edin. Çünki onlar mənim sizə olan höccətimizdirlər və mən də Allahın hpccətiyəm.’”
Yuxarıda qeyd olunan hədislərdən aydın olur ki, İslam alimləri peyğəmbərlərin və məsum imamların (ə) varisləridir. Bu pak nəsildən sonra dini qorumaq və müdafiə etmək vəzifəsi fəqihlərin və alimlərin üzərinə düşür. Qeybət dövründə insanlar üzləşdikləri çətinliklərdə fəqihlərə müraciət etməlidirlər.
Hövzə və ruhaniyyətin mahiyyəti və kimliyi
İslam, ilahi dinlərin sonuncusu və ən kamilidir. Bu ilahi din, insanı həqiqi səadətə çatdırmaq üçün onun həm fərdi, həm də ictimai ehtiyaclarını əhatə edən bir sistem təqdim edir. İslamın təlimləri, məsumların (ə) hidayəti sayəsində dəyişiklik, təhrif, azğınlıq və sapmadan qorunmuşdur. İslam Peyğəmbəri (s) bu ilahi hədiyyənin müjdəçisi və İslam sivilizasiyasının qurucusudur. İmamlar (ə) isə bu əzəmətli binanı tamamlamış, sütunlarını qorumuş və qeyb dövründə də ruhaniyyət adlı mübarək ağacı torpağa basdırmış, fəqih və alimləri öz höccəti olaraq xalqa təqdim etmişlər. Bu baxımdan, onların səhabələri ilk dini tələbələr idilər və qeyb dövründə isə mübarək ruhaniyyət qurumu ilahi elçilərin, rəsulların və əziz İmamların (ə) yerini tutmuşdur.
Hövzə elmi mərkəzi, dərin köklərə malik, düz və uca boylu bir ağaca bənzəyir. O, şiə tarixinin parlaq və şərəfli keçmişindən qaynaqlanır, Əhli-Beytin (ə) saf və təmiz mənbəyindən qidalanır. Özünün əsaləti, möhkəmliyi və dözümlülüyü ilə bəlalar tufanına və fitnə dalğalarına sinə gərmiş, hər zaman öz mərifət və məhəbbət kölgəsini ümmətin və cəmiyyətin üzərinə salmışdır.
Bu qədim və dəyərli müəssisə, Allah-Təalanın bu mübarək ayəsində bədii şəkildə təsvir edilən gözəl məcazın parlaq nümunəsidir:(أَ لَمْتر کیفَ ضَرَبَ اللَّهُ مَثَلًا کلَمَةً طَیبَةً کشَجَرَةٍ طَیبَةٍ أَصْلُهَا ثَابِتٌ وَ فَرْعُهَا فیِ السَّمَاءِ تُؤْتیِ أکلَهَا کلُحِینِ بِإِذْنِ رَبِّهَا).
"Məgər Allahın necə bir misal çəkdiyini görmədinmi? Gözəl bir söz, kökü yerdə möhkəm duran, budaqları göyə uzanan gözəl bir ağaca bənzər. O, Rəbbinin izni ilə hər zaman bəhrə verər."
(İbrahim surəsi, ayə 24–25)
Hövzə elminin kimliyini və mahiyyətini təşkil edən ünsürlər və əsaslar
Hövzə elmi mərkəzlərinin kimliyi və mahiyyəti üç əsas baxış bucağından izah edilə bilər.
Birinci baxış bucağı:
Hövzənin kimliyi və mahiyyəti, aşağıdakı əsas və ünsürlərdən ibarətdir:
1. Hövzə alimləri və din xadimləri daim “risalətə bağlı”, “ideallara yönəlmiş” və “İslamın məqsədlərinə sadiq” olmuşlar. Bu dini öhdəlik və məsuliyyət, hövzənin kimliyinin təməl daşlarından və onun varlıq fəlsəfəsinin əsas sütunlarından biridir.
2. Hövzədə öyrədilən bütün elmlərin və sahələrin üzərində dini təfəkkür və İslam maarifi hakimdir. Bu elm sahələri ya birbaşa dini düşüncəni və maarifi öyrənməyə yönəlib, ya da onunla əlaqəli və ya ona xidmət edən sahələrdir. Bu səbəbdən, hövzə elmlərinin “İslami və dini xarakteri” onun kimliyini formalaşdıran əsas cəhətlərdən sayılır. Şübhəsiz ki, bu sahə zaman-zaman genişlənib və ya daralıb. Müasir dövrdə dini maarif və təfəkkürün insan və cəmiyyət elmləri ilə qarşılıqlı əlaqəsinə daha geniş və kompleks yanaşma müşahidə olunur.
3. Elmə və düşüncəyə “müqəddəs bir baxış” – yəni elmin varlıq mənbəyi, qeybi aləm və mələkutla rabitədə olması – hövzə kimliyinin digər əsas tərəfini təşkil edir.
4. Hövzənin mahiyyətində “əxlaq və tərbiyənin əsaləti və üstünlüyü” xüsusi yer tutur. Hövzə təhsil və maarif sistemində təkcə elmi tədris deyil, eyni zamanda nəfsi saflaşdırmaq, əxlaqi dəyərləri inkişaf etdirmək və ruhi təmizliyə nail olmaq öncül vəzifələrdəndir. Hövzənin ən önəmli fərqləndirici xüsusiyyətlərindən biri də, ümumi cəmiyyət səviyyəsindən daha yüksək bir mərifət və əxlaq tərbiyəsini hədəfləməsidir.
5. Hövzələrin “irqi və milli sərhədləri aşması” da onun kimliyini müəyyən edən mühüm ünsürlərdəndir. Bu xüsusiyyət, İslam maarifinin və Əhli-Beyt (ə) məktəbinin təbiətindən qaynaqlanır və bu məsələyə ciddi diqqət və önəm verilməlidir.
İkinci baxış bucağı:
İslam necə ki, hər bir fərdi özünü islah etməyə məsul etmişdir, eyni zamanda, İslamın ictimai yönü nəzərə alınaraq, insanları bir-birinə qarşı da məsuliyyətli saymışdır. Lakin hər kəs bu sahəyə daxil olub cəmiyyəti islah etməyə qadir deyil; buna görə də bu vəzifəni öz üzərinə götürəcək mərkəzlər və qurumlar olmalıdır.
Fiqhi baxımdan, hövzənin və ruhaniyyətin kimliyi üç mühüm fiqhi prinsipə əsaslanır:
1. Cahili maarifləndirmə qaydası (Qaidei irşadi cahil): Bu prinsipə əsasən, elm və idrak gücünə malik olan şəxs, digərlərinə qarşı düşüncə, əqidə, davranış və əxlaq sahəsində məsuliyyət daşıyır. Beləliklə, dini alimlər insanlar arasında müxtəlif sahələrdə maarifi artırmaqla mükəlləfdirlər.
2. Hidayət və tərbiyə qaydası: Bu prinsipə əsasən, ruhaniyyət başqalarını mənəvi baxımdan tərbiyə etmək və onların ruhunu inkişaf etdirmək vəzifəsini daşıyır. Hövzələr, dini hökmləri bilən, lakin onlara əməl etməyən şəxslərə qarşı da məsuliyyət daşıyır və onlarda dini bağlılığı və sadiqliyi yaratmağa çalışmalıdırlar.
3. Əmr be-məruf və nəhy əz-münkər (Yaxşılığa çağırış və pislikdən çəkindirmə) qaydası: Hər bir kəs, doğru bildiyi halda, səhvə düşmək üzrə olan və ya artıq günah və pis əməldə olanlara qarşı məsuliyyət daşıyır.
Bu üç fiqhi prinsip, cəmiyyətlərin inkişaf və təkamülündə mühüm rol oynayan bir zənciri təşkil edir. Hövzə elmi mərkəzləri də məhz bu üç əsas şəri strateji prinsipin yerinə yetirilməsi məqsədilə qurulmuşdur. Bu mühüm prinsiplər, dini mərkəzlərin təşkilatlanmasının və hövzələrin qurulmasının əsasını təşkil edir.
Sözügedən üç prinsip, bəşər cəmiyyətinin düşüncə sisteminin mühəndisliyini formalaşdıran təməl sütunlardır. Çünki əgər insan öz halına buraxılsa, ali məqsədlərə və mənəvi dəyərlərə yönəlməz. Buna görə də fiqh və İslam şəriəti bu prinsiplərlə dini alimləri cəmiyyətin fikri istiqamətinə rəhbərlik etməyə vəzifələndirmişdir. Bu baxışdan, dini hövzələr cəmiyyətin düşüncə mühəndisləri və insanların qəlb və ruhlarının memarlarıdır.
Üçüncü baxış bucağı:
Uca Allah “Nəfər” ayəsində buyurur: «وَ مَا کاَنَ الْمُؤْمِنُونَ لِینفِرُواْ کافَّةً فَلَوْلَا نَفَرَ مِن کلُ فِرْقَةٍ مِّنهْمْ طَائفَةٌ لِّیتَفَقَّهُواْ فیِ الدِّینِ وَ لِینذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَیهْمْ لَعَلَّهُمْ یحَذَرُونَ»
“Möminlərin hamısının bir yerə çıxması (cihad və ya elm öyrənmək üçün) mümkün deyildir. Elə isə hər bir tayfadan bir dəstə çıxmalı və dini dərindən öyrənməli və qayıtdıqları zaman öz qövmlərini xəbərdar etməlidirlər ki, bəlkə (pis işlərdən) çəkinsinlər.” (Tövbə, 122)
Hövzə elmlərinin və dini təhsil mərkəzlərinin əsas vəzifə və fəaliyyətləri bu mübarək ayədən qaynaqlanır. Bu ayədə dini dərinliklə öyrənmək (təfəqqüh) və cəmiyyəti xəbərdar etmək, xəbərdarlıq və oyanış vermək üzərində durulur. Şübhəsiz ki, dini alimlərin və hövzə mütəfəkkirlərinin müxtəlif vəzifələri və rolları vardır; lakin onların ən mühüm vəzifəsi bu iki əsas prinsiplə - “təfəqqüh ” və “inzar” ilə bağlıdır.
Allah Təala bu ayənin bir hissəsində buyurur: «لِّیتَفَقَّهُواْ فیِ الدِّینِ وَ لِینذِرُواْ قَوْمَهُمْ»
“Dində dərindən anlayış əldə etsinlər və qayıtdıqları zaman öz qövmlərini xəbərdar etsinlər.”
Bu “təfəqqüh” – yəni dini dərindən anlama – dinin yalnız müəyyən bir sahəsinə deyil, bütövlükdə dini biliklərə, təlim və tərbiyəyə, əqidəyə, əxlaqa və şəri hökmlərə şamil olunur. Təfəqqüh müxtəlif dərəcələrə malikdir və hövzələrin əsas vəzifələrindən biri, məhz bu sahədə ixtisaslı alimlər yetişdirməkdir. Başqa sözlə, insanların ehtiyac duyduğu dini maarifin dərindən və düzgün şəkildə anlaşılması, hövzənin ən önəmli məqsədlərindən biridir.
Bu əsasla, hövzə alimləri bir tərəfdən bu anlayışı özləri əldə etməli, digər tərəfdən bu bilik və şüuru başqalarına ötürməlidirlər.
Ayənin davamında Allah buyurur: “Onlar öz qövmlərinə qayıtdıqları zaman onları xəbərdar etsinlər.”
Bu təfəqqüh sahibi olanlar qayıtdıqları zaman cəmiyyətə inzar – yəni xəbərdarlıq, maarifləndirmə və ruhən oyandırma – verməlidirlər. Bu xəbərdarlıq təkcə məlumat vermək deyil; əksinə, bu cəmiyyətə istiqamət verən, onları oyadan və nicat yoluna çəkən maarifləndirmədir. Bu, real həyatla bağlı olan, insanı qəflətdən oyadan və təhlükələrdən qoruyan bir oyandırmadır.
Beləliklə, hövzə elmlərinin və ruhaniyyətin əsas vəzifəsi, insan və cəmiyyətin oyanışı məqsədilə Allahın həyat verən və oyadıcı maarifini insanlara çatdırmaqdır. İslamda müjdələmədən daha çox xəbərdar etməyə, yəni “inzara” önəm verilmişdir; çünki cəmiyyəti həlakətdən xilas edəcək maarifə sahib olmaq əsas hədəfdir.
Elmi Hövzələrin və ruhaniyyətin missiyası və funksiyaları
İslam, ilahi dinlərin sonuncusudur və insanın həqiqi səadətə çatmaq üçün ehtiyac duyduğu hər şey bu ilahi dinin çərçivəsində bəyan olunmuşdur. Bu məktəbin təlimləri, Həzrət Məhəmməd Peyğəmbər (s) tərəfindən böyük İslam sivilizasiyasının əsaslarının qoyulmasına səbəb olan həqiqətləri bəyan edir. İmamlar (ə) da bu möhtəşəm binanı kamilləşdirib onun sütunlarını qorumuşlar. Qeybət dövründə isə, müqəddəs ruhaniyyət qurumu bu ilahi elçilərin yerinə keçmiş və bəşəriyyətin mənəvi ucalması və ilahi tərbiyəsi üçün bütün imkanlarını səfərbər etməlidir.
İslam sivilizasiyasının qurulması , elmi hövzənin əsas missiyası
Mövcud dövrdə, elmi hövzələrin əsas və fundamental missiyası İslam sivilizasiyasının yenidən qurulmasıdır. Buna görə də, hövzələr öz inkişaf və yenilənmə proseslərində bu məsələyə diqqət yetirməli və bu böyük missiyanın icrası üçün lazım olan islahatları həyata keçirməlidirlər.
İslam sivilizasiyasının bərpası və İslam dünyasında yenidən dirçəlişə yönəlmiş müxtəlif yanaşmalar və istiqamətlər mövcuddur. Bu yanaşmalar arasında ifrat və təfrit meyilləri də görünməkdədir: bəziləri İslamın dirçəlişini Qərb sivilizasiyasına tam uyğunlaşmaqda görür, digərləri isə çağdaş dünyanın təcrübələrinə qarşı laqeyd yanaşırlar. Halbuki, İslam sivilizasiyasını bərpa etmək üçün həm öz irsimizə və orijinallığımıza güvənməli, onu dəyərləndirməli, həm də bəşəriyyətin müsbət təcrübələrinə diqqət yetirməliyik.
"Orijinallıq" və "müasirlik", "ənənə" ilə "yeni sivilizasiya" arasında düzgün bir tarazlıq yaratmaq, olduqca dərin düşüncə, geniş agahlıq və yüksək ayıqlıq tələb edir. Bu sahədə İslam dünyasının alimləri, mütəfəkkirləri və ziyalılarının rolu seçkin və əvəzedilməzdir.
İslam sivilizasiyasının hövzə daxilində yenidən qurulma mərhələləri
Hazırda hövzələrdəki istiqamətlənmə İslam sivilizasiyasının bərpasına doğrudur və bu potensial İslamın daxilində də mövcuddur. Amma belə bir sivilizasiyanı qurmaq olduqca çətin bir işdir.
Əslində, yeni bir sivilizasiyanın qurulması hansı ki, ağıl və düşüncə ilə bəşəriyyətin bütün nailiyyətlərinə münasibət bildirir və onları vahid bir ilahi sistemdə bir araya gətirir, çox zaman tələb edən, mürəkkəb və həssas bir prosesdir və böyük səylər olmadan mümkün deyil.
Bu sivilizasiyanın əsas təməlləri hövzənin içindən çıxmalı, onunla yanaşı universitetlər və icraedici orqanlar da bu yanaşmanı rəhbər tutaraq bu səhnəyə daxil olmalıdır.
İslam sivilizasiyasına doğru irəliləmək mərhələlərini ümumi şəkildə iki əsas hissəyə bölmək olar:
1. Dini təlimlərin aşkarlanması və İslam maarifi sisteminin yaradılması
Birinci mərhələ – yəni sivilizasiya quruculuğunun əsas və infrastruktur mərhələsi dini təlimlərin mənbə mətnlərindən çıxarılması, araşdırılması və nizama salınmasını əhatə edir. Başqa sözlə desək, Həzrət Məhəmməd Peyğəmbər (s) və Əhli-Beyt (ə) İslam tarixinin həssas bir dövründə elmi, mədəni və mənəvi bir hərəkatın örnəkləri, simvolları və rəhbərləri olmuşlar. Onların parlaq fikirləri və nurani maarifləri sayəsində elm, mənəviyyat, əxlaq və mədəniyyət dünyası nura qərq olmuşdur.
İslam dünyasındakı elmi hövzələr, İslam və dini əsaslar üzərində elmi bir inqilabın və innovativ bir hərəkətin bünövrəsini qoymaq üçün İmamət və rəhbərlik sisteminin "günəşlərini" yenidən tanımağa və dərk etməyə şiddətlə ehtiyac duyurlar. Dini maarif fəlsəfə, əxlaq və fiqh sahələrində sistemli şəkildə çıxarılmalı və İslamın müxtəlif suallara baxışı nəticəsində əldə olunan nəticələr, vahid və ardıcıl bir sistem halına gətirilməlidir.
Bu maarif sisteminin dizaynı şəhid Ayətullah Məhəmməd Baqir Sədr kimi böyük alimlərin öncüllük etdiyi bir proses sırf hövzəyə aid bir işdir və mütləq bu dini qurumun daxilində həyata keçirilməlidir.
2. Dinin Sistemli Maariflərinin Həyatın Bütün Sahələrinə Nüfuzu
İslam sivilizasiyasının qurulmasında ikinci əsas mərhələ, dini düşüncə və sistemli maariflərin insan həyatının bütün sahələrinə daxil olmasıdır. Bu mərhələdə, elmi hövzələrlə yanaşı, ölkənin icra strukturları da bu məsələni dəqiq başa düşməli, universitetlər də öz mövqelərini tanımalı və bu prosesdə fəal iştirak etməlidirlər. Bu mərhələ o qədər mühümdür ki, deyə bilərik: bu mərhələdən keçilmədən sivilizasiya formalaşmaz.
Bu, dünyada formalaşan digər sivilizasiyalar üçün də keçərlidir. Məsələn, təxminən dörd yüz il əvvəl Qərb sivilizasiyasının formalaşması və yenidən qurulması üçün Qərbdə yeni bir karvan hərəkətə başladı. Bu karvan bir tərəfdən fəlsəfə, ictimai elmlər və təbii elmlər sahəsində Qərb düşüncəsi əsasında böyük həcmdə və sürətlə elmlər istehsal etdi və bu şəkildə bir düşüncə sistemi yaratdı. Digər tərəfdən isə bu düşüncə sistemi cəmiyyətə və insanların gündəlik həyatına daxil oldu və zamanla bütün düşüncə axınlarında iştirak etməyə başladı. Bu iştirak, insanların həyat sistemlərinin əsasına çevrildi. Bu düşüncələrin təsiri həyatın həm texniki (sərt), həm də mədəni (yumşaq) aspektlərində görünməyə başladı və artıq ayrılmaz bir hissəyə çevrildi. Bu sivilizasiya nüfuzunu memarlıq və yaşam tərzi kimi sahələrdə aydın şəkildə müşahidə etmək olur və onun təsiri humanitar elmlərdən tutmuş, texniki və mühəndislik elmlərinə qədər genişlənmişdir.
İslam sivilizasiyasının yenidən qurulmasında da bu prinsip keçərlidir. Yəni, insan həyatının bütün “sərt” və “yumşaq” komponentləri İslamın fundamental baxışları ilə formalaşmalıdır ki, İslam sivilizasiyasının qurulması mümkün olsun. Buna görə də İslam sivilizasiyasının qurulması uzunmüddətli və çoxşaxəli bir prosesdir və bu, yalnız elmi hövzələr, universitetlər və ölkənin idarəetmə və siyasət qurumlarının qarşılıqlı əməkdaşlığı ilə mümkün ola bilər.
Elmi hövzələrin daşıdığı potensiala əsasən, İslam sivilizasiyasının yenidən dirçəlməsini dünya miqyasında gözləmək olar. Əlbəttə, yeni dəyişikliklər, informasiya partlayışı, çağdaş dünyanın artan təhlükələri və beynəlxalq dəyişikliklər, hövzəni öz dəyərlərini qorumaqla yanaşı, qədim və qiymətli ənənələrini müdafiə etməklə bərabər, yeni təcrübələri öyrənməyə, müasir metod və yanaşmalardan faydalanmağa və özünü sistemli və əsaslı şəkildə yenidən qurmağa məcbur edir. Hövzə özünü yeni meydanlarda iştirak etməyə, yeni suallara cavab verməyə və bütün sahələrdə təsirli elmi və mədəni rol oynamağa hazırlamalıdır. Əslində, düşüncə rəqabətləri, qlobal fürsətlər və təhdidlər, eləcə də beynəlxalq istək və hazırlıq, hövzəni qlobal planlaşdırma, elmi yarış və mədəni təsir üçün daha artıq hazırlıqlı olmağa sövq edir.
İslam Sivilizasiyasının Qurulmasında Hövzənin Vəzifələri
İslam sivilizasiyasının qurulması yolunda müvəffəqiyyətə çatmaq üçün elmi hövzələr müxtəlif vəzifələr daşıyırlar. Bu vəzifələr hövzənin müxtəlif sahələrində ardıcıl şəkildə izlənilməlidir. Aşağıda bu vəzifələrin bəzilərinə ümumi şəkildə nəzər salınır:
1. Tərbiyəvi və Əxlaqi Rol
Ruhanilər və elmi hövzələr hidayət tarixi xəttinin varisləri və bəşəriyyətin səadətini təmin etmək üçün döyünən qəlbdirlər. Onlar dünya insanlarını inanc və dini hidayət yolu ilə inkişaf və tərəqqiyə çatdırmalıdırlar. Hövzə fəaliyyətlərinin əsas mərkəzi nöqtəsi, əsas hədəfi və təməl idealı – saf qəlblərin yetişdirilməsi, kamil insanların formalaşdırılması, təqvalı alimlərin tərbiyəsi və bəşəriyyətin bütün dünyada hidayət edilməsidir.
Əslində, elmi hövzələrin uca məqsədi yalnız elm öyrətmək və öyrənməklə məhdudlaşmır, həm də İslam tərbiyəsi, əxlaqın təmizlənməsi, hövzə tələbələrinin yüksək mənəvi dəyərlərlə bəzədilməsi və onların əxlaqını nurani etmək də bu məqsədlərə daxildir. Bu ali ideallar və uca zirvələr tarix boyu dini hövzələrə fədakar insanlar və ləyaqətli istedadlar cəlb etmişdir. Hövzələrin yetişdirdiyi tələbələr və məzunlar yüksək dini və ilahi ruhla dünyanın hər yerində elm və maarifi yaymaq, İslamı tanıtmaq, əxlaqı təkmilləşdirmək, nəfsləri tərbiyə etmək və dini hakimiyyətin bərqərar olunması üçün böyük və təqdirəlayiq addımlar atmış, bu yolda hər cür əziyyət və çətinliyə dözmüşlər.
Müasir şərait və İslam sivilizasiyasının məqsədləri baxımından, öhdəlikli və ixtisaslı insanların tərbiyəsi zəruri bir məsələdir. Bu zərurət bir tərəfdən İslam sivilizasiyasının uca məqsədləri və müsəlmanlar arasında birliyin əhəmiyyəti ilə əlaqədardır, digər tərəfdən isə Qərb sivilizasiyasının, öz məqsədlərinə çatmaq üçün Qərb dəyərlərinə sadiq insanlar yetişdirməsi təcrübəsi ilə daha da önəm qazanır. Hövzələr bu sahədəki missiyalarını yerinə yetirərkən iki mühüm məqama diqqət yetirməlidirlər:
a) İslam sivilizasiyasının genişlənməsi üçün insan resurslarının yetişdirilməsinin əhəmiyyəti:
Müsəlmanların yenidən dirçəlişi və İslam İnqilabının parlaq qələbəsi fonunda, elmi hövzələr öz köklərinə qayıtmalı və zamanını tanıyan, saf İslam və şiə mədəniyyətinə bələd olan alim və mütəxəssislərin yetişdirilməsinə yönəlməlidirlər. Şiə elmi hövzələrinin dəyərli keçmişi və İslam-şiə mədəniyyətində parlayan şəxsiyyətlərə diqqət yetirmək, eləcə də müxtəlif sahələrdə rol almağa qadir insan resurslarının hazırlanması elmi hövzələrin ən mühüm vəzifələrindən biridir.
Elmi hövzələr bu möhtəşəm irsin varisləri, böyük sərvətin daşıyıcıları və vilayət sisteminin şərəfli keçmişinə sahib olan qurumlar kimi, ali dini və mənəvi dəyərlərin qorunması və təbliği kimi bir məsuliyyəti daşıyırlar. Bu məsuliyyət hövzə tələbələrini daha çox cəhd və fədakarlığa çağırır. Bu baxımdan, tələbələrin İslam prinsipləri və hövzənin qədim ənənələri əsasında tərbiyə olunması əsas vəzifələrdən sayılır və tərbiyə prosesi bütün fəaliyyətlərin və funksiyaların ruhunu təşkil etməlidir.
b) İslam düşmənlərinin təhsil və tərbiyəyə xüsusi diqqəti:
İslam dünyasının düşmənləri uzun illərdir ki, təhsil və insan resurslarının hazırlanmasına beynəlxalq və transmilli bir baxışla yanaşır, onilliklər boyunca öz mədəniyyətlərinə uyğun elmi və peşəkar kadrların yetişdirilməsi istiqamətində geniş strateji planlar qurmuş və ciddi addımlar atmışlar. Xüsusilə son onilliklərdə və müasir əsrdə, dünyada təhsil və mədəni fəaliyyət hərbi və təbliğat vasitələrindən daha artıq nüfuz gücünə malik olmuşdur. Dünyanın müxtəlif yerlərində hərbi, siyasi və ictimai təsir vasitələri, əsasən Qərb düşüncəsi və mədəniyyəti əsasında yetişdirilmiş kadrların dəstəyi ilə tətbiq olunmuşdur.
Mövcud dünya dəyişiklikləri kontekstində hövzənin öz vəzifələrini yerinə yetirməsi çox çətinləşmişdir. Bu gün yalnız dini təbliğçilər deyil, eyni zamanda müxtəlif sahələrdə fikir və düşüncə sahibi olan müctəhidlər və mütəxəssislər də yetişdirilməlidir. Bundan əlavə, müasir dövrdə dini təbliğ yalnız dərin və zəngin məzmunla deyil, həm də müasir metod və texnikalara bələdliklə mümkün olur.
Bu məsələlər elmi hövzələri insan resurslarının tərbiyəsi məsələsində yenidən düşünməyə və ciddi proqramlaşdırmaya sövq edir. Eyni zamanda onları İslam sivilizasiyasının inkişafı, eləcə də bu dövrdə rol almağa qadir, bütün əsas göstəricilərə malik böyük alimlərin yetişdirilməsinə yönəldir.
2 Tədqiqat və ictihad rolu
Tədqiqat, düşüncə fəaliyyəti və dərin təhlil, insanın bütün sahələrdəki düşüncə və bilik səviyyəsinin artımında mühüm rol oynayır. Dini düşüncə də bu qaydaya tabedir və İslamın ruhu, saf İslam təlimlərinin yayılması və ali ilahi dəyərlərin təbliği, davamlı və yorulmaz elmi araşdırmalara əsaslanır. İnsan inkişafının təməli və ilahi vəzifələrin icrası, bilik əldə etmə və tədqiqatla bağlıdır. Bu səbəblə dini elmlər sahəsində dəqiqlik və araşdırma, tarix boyu dini hövzələrin əsas vəzifələrindən olmuşdur və ilahi düşüncənin davamlılığı və dini hövzələrin mövqeyi, elmin istehsalı və yenidən istehsalına bağlıdır.
İslam kimliyinin dirçəldilməsi, İslam sivilizasiyasına dönüş və onun yenilənməsi, İslam dünyasının elmi və intellektual kapitalının artırılması və elmi səviyyəsinin yüksəldilməsi ilə mümkündür. Əgər müsəlman ümməti və İslam ölkələri elmi istehsal etməsələr, nə İslam düşüncəsi dirçələcək, nə də yüksək elmi zirvələr fəth olunacaq. Yeni dövrdə millətlərin, dövlətlərin və mədəniyyətlərin gücünün əsas amillərindən biri də məhz düşüncə yaradıcılığı, tədqiqatçılıq, bilik istehsalı və elmin və düşüncənin sərhədlərinin genişləndirilməsidir. Buna görə də, tədqiqatın genişləndirilməsi və onun müxtəlif səviyyələrinə diqqət yetirilməsi, xüsusilə də bu tədqiqatların tətbiqə yönəldilməsi, bu gün və gələcək cəmiyyətin ehtiyacıdır.
Elmi hövzələr İslam dininin qloballaşdırılması və Məhdəvi (ə.f) dünya hökumətinin zəminələrinin yaradılması üçün bütün sahələrə ciddi şəkildə daxil olmalı, elmi tədqiqatlarını bu çərçivədə nizama salmalı və İslamın vəhyə əsaslanan təlimləri əsasında müxtəlif sahələrdə nəzəriyyələr irəli sürməlidirlər.
Elmi hövzələr tədqiqat sahəsində bir neçə əsas məsələyə diqqət yetirməlidirlər:
a) Fiqh potensialına əsaslanaraq İslam sivilizasiyasının yenidən qurulması zərurəti:
Elmi hövzələrin əsas tədqiqat vəzifəsi, dini mətnlərdəki zəngin irs və bu irsin əsasında İslam fiqhi sahəsində ictihad etməkdir. Bu xüsusilə, yeni yaranan məsələlər də daxil olmaqla, dinin müxtəlif sahələrdəki hökmlərini anlamaq və İslam elmlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tarix boyu hövzə alimlərinin bir çox səyləri də məhz bu istiqamətdə olmuşdur. Fiqh, İslam sivilizasiyasının inkişafı və dini düşüncə sistemindəki möhtəşəm quruluşun əsas dayağıdır. Şübhəsiz, şiə fiqhində elə bir sivilizasiya potensialı vardır ki, ondan istifadə etməklə elmi hövzələr insan cəmiyyətini nizamlayıb, həyatdakı boşluqları doldura bilər.
b) İslam sivilizasiyasının yenilənməsi üçün fəlsəfədən istifadə zərurəti:
Əhli-Beyt(ə) irsində və elmi hövzələrdə mövcud olan dərin fəlsəfi düşüncə, müasir insanın fəlsəfi baxışlarına və İslam dünyasına qarşı yönəlmiş düşüncəvi və idrak hücumlarına cavab verməyə qadirdir. Fəlsəfə, İslam sivilizasiyasının yenidən qurulması üçün hövzənin istifadə etməli olduğu əsas elmlərdən biridir. Fəlsəfənin vəzifəsi dini təsviri sistemin çıxarılması və onun bu günün dünyasına təqdim edilməsidir. Bu sahədə "müvafiq fəlsəfələr" (filusufiyaye muzaf) anlayışının imkanlarından maksimum istifadə olunmalıdır. Bu fəlsəfi sahələrə dərin baxış vacibdir, çünki bu sahədə aparılan bəzi fəaliyyətlərə baxmayaraq, ideal vəziyyətdən hələ də uzağıq.
c) Təfsir və Quran elmlərinin zəruriliyi
Qurani-Kərim, İslamın bəşər sivilizasiyasında yaratdığı böyük dəyişikliklərin mərkəzi və hərəkətverici qüvvəsi olmuşdur. Yeni İslam sivilizasiyası Quran-mərkəzli, söz əsaslı və ağıl yönümlü idi. İslam sivilizasiyasının dirçəlişi və müasir insan üçün mənəvi və yeni bir həyatın yenidən qurulması, yalnız Qurana dönüş və böyük Quran mədəniyyətinə yönəlməklə mümkün ola bilər. Şanlı İslam İnqilabı da bu uca məqsədi hədəfə almış və dünya bu yeni baxışa ümidlə baxır.
ç) İslam sivilizasiyasının yenidən qurulmasında digər maariflərdən istifadə zərurəti
Kəlam və İslami irfan, hövzənin qabaqcıl elmlərindən sayılır və ayələrdə, rəvayətlərdə, dualarda və münacatlarda mövcud olan ali irfani maarif, Əhli-Beyt(ə) məktəbinin insanın mənəvi və ruhi ehtiyaclarına verdiyi cavabdır. Bu elmlərlə yanaşı, hədis kimi digər İslami maarif də xüsusi üstünlüklərə malikdir və şübhəsiz ki, bu mənəvi və idrak xəzinələri dünyaya təqdim olunarsa, onlara böyük maraq göstəriləcəkdir.
d) Humanitar elmlər sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılması zərurəti
Qərb dünyasında humanitar və sosial elmlər, İrana nisbətən daha yüksək bir mövqeyə sahibdir. Əslində, müasir Qərb sivilizasiyası məhz bu elmlər və onların inkişafı əsasında qurulmuş və bu elmlər Qərb sivilizasiyasının başlıca tanınma amillərindən biridir. Təəssüf ki, İranda humanitar elmlər yetərincə yüksəlmiş bir statusa malik deyil və bu elmlərlə İran İslamının dini və yerli mədəniyyəti arasında düzgün bir əlaqə qurulmayıb. Bu baxımdan, bir tərəfdən təhsil sistemində humanitar və sosial elmlərə diqqət göstərilməli, digər tərəfdən isə bu elmlərlə ölkənin ictimai reallıqları və İslam İranının mədəni-fəlsəfi əsasları arasında uyğunluq yaratmaq üçün ciddi səylər göstərilməlidir.
3 Siyasi və ictimai rol
Dini alimlər, peyğəmbərlərin xələfləri və ümmətlərin yolgöstəriciləridirlər. Buna görə də, sosial çağırışlara və xalqların ümumi mədəni və ictimai problemlərinə diqqət yetirməli, xalqın taleyinə bağlı və məsuliyyətli olaraq, peyğəmbərlərin yolu ilə, elmi və mənəvi metodlarla bəşəriyyətin problemlərinin həlli üçün çalışmalıdırlar. Tarix boyu elmi hövzələr İslam ümmətinin ictimai və siyasi taleyində çoxsaylı rol oynamış və şiə hövzələrinin parlaq inkişaf prosesi ilə yanaşı, İslam ümmətinin kimliyinin bir hissəsi bu aynada görünür. Hövzə və dini məktəblərin tarixi göstərir ki, onlar ya birbaşa, ya da dolayı yolla siyasət və ictimai işlərdə fəal iştirak etmiş və zamanın və məkanın ehtiyac və şərtlərinə uyğun olaraq bu sahədə müxtəlif formalarda fəaliyyət göstərmişlər.
Bu gün də bu istiqaməti davam etdirməyin zəruriliyində heç bir şübhə yoxdur. Hövzələr, həm İslam cəmiyyətini İslam sivilizasiyasına yönəltmək üçün mədəni-ictimai sahələrdə rol oynamalı, həm də müxtəlif siyasi sahələrdə aktiv iştirak etməli, bu sahədə ehtiyac duyulan elmləri istehsal etməlidirlər. Bu baxımdan, hövzənin ictimai sahədəki əsas vəzifələri iki əsas bölmədə toplanır:
1 — Qeyri-İslam mədəniyyətlərinin hücumlarına qarşı dinin və İslam cəmiyyətinin müdafiəsi və İslam sivilizasiyasına doğru hərəkətin asanlaşdırılması:
Bu məqsəd aşağıdakı yollarla həyata keçirilə bilər:
a) İslamdan kənar kəlam və fəlsəfi düşüncələrlə tanışlıq;
b) İslam dini haqqında ortaya atılan şübhələrlə tanışlıq;
c) Kafirlərin mədəni-siyasi hiylələrinin tanınması.
2 — Ədalətin bərqərar olunması və İslam torpaqlarında ilahi hakimiyyətin müxtəlif siyasi, ictimai və mədəni sahələrdə tətbiqi:
Bu məqsədə çatmaq üçün aşağıdakı yollarla fəaliyyət göstərmək lazımdır:
a) Siyasi məktəblər və sistemlərlə tanışlıq;
b) Müasir siyasi cərəyanların tanınması;
c) Siyasi hakimiyyətin vasitələrinin öyrənilməsi;
d) Hüquqi və məhkəmə sistemləri, eləcə də cinayətşünaslıq əsaslarının tanınması;
e) Cəmiyyətin ilahi vilayət əsasında idarə olunması.
İslam sivilizasiyasının qurulmasına doğru hərəkət etmək üçün hövzə elmləri cəmiyyəti ilahi vilayət əsasında idarə etməlidir. Bu rol, Əhli-Beyt(ə) məktəbində ümumi nümayəndələrin (naib) nüfuzuna əsaslanaraq formalaşmış və şiə düşüncəsində vilayəti fəqih və mərcəiyyət anlayışları ilə əlaqələnmişdir. Şiə məktəbində fiqh və fəqih cəmiyyət üzərində nəzarət və rəhbərlik mövqeyinə malikdirlər. Fiqhin ümumi nəzarəti «əmr bil-məruf və nəhy əz-münkər» çərçivəsində, elmi nəzarət isə müctəhidin simasında özünü göstərir. Həmçinin, vilayət əsaslı nəzarət vilayəti fəqihin üzərinə qoyulmuşdur.
4 Təbliğ və mədəniyyətin rolu
Adəm Peyğəmbərdən (ə) bu günə qədər vahid bir tövhid xətti formalaşmışdır ki, bu xətti peyğəmbərlər və ilahi övliyalar qoruyub saxlamış və onlardan sonra bu xətti dini elmlər mərkəzləri, yəni hövzələr davam etdirmişdir. Bütün bu dövrlərdə peyğəmbərlər, onların vəsiləri və daha sonra din alimləri tövhid dininin təbliği və yayılması ilə məşğul olmuşlar. Bu xətt, insanlığın yaradılış məqsədinə çatması üçün sonadək davam edəcəkdir. Beləliklə, əvvəl peyğəmbərlər, sonra imamlar və daha sonra vilayət və mərcəiyyət bu missiyanı öz üzərinə götürmüş, cəmiyyətə rəhbərlik və qoruma vəzifəsini icra etmişlər.
Hazırda alimlər və dini qurumlar, ilahi maarifin və tövhid düşüncəsinin yayılmasını öz vəzifələri hesab edirlər. Onlar insanları bu mənəvi xəzinələrlə, vəhyin bəhrələri, İslamın zəngin mənbələri və Əhli-Beyt (ə) məktəbinin möhtəşəm və qürurverici təlimləri ilə tanış etməlidirlər. Bu təlimlər insanlıq üçün qiymətli, yeni və zəruri mesajlar daşıyır. Bu səbəbdən hövzənin əsas missiyası, şiə etiqad xəttinin və Əhli-Beyt (ə) maarifinin qorunması və yayılmasıdır. Bu da yalnız ruhaniyyətin iradəsi və düzgün fəaliyyəti ilə mümkündür.
Tarixə nəzər saldıqda görünür ki, bu saf yol həmişə şeytan və onun əlaltılarının hücumlarına məruz qalmışdır. Bu yol üç mərhələyə bölünür:
1. Adəm Peyğəmbərdən(ə) İslam Peyğəmbərinə(s) qədər — bu dövrdə ləyaqətsiz insanlar tərəfindən müxtəlif şübhələr və sapmalar yaradılmışdır.
2. Peyğəmbərdən( s) İmam Zamanın (ə.f) qeybətinə qədər müxtəlif qruplar çoxsaylı sapmalar və şübhələr yaymışlar.
3. Qeybət dövründən Zühura qədər, bu dövrdə isə Bəhai, Babi və Şeyxiyyə kimi firqələr yaranmışdır.
Mövcud dünya şəraitində təbliğ xüsusi əhəmiyyət qazanmışdır. Müasir dövr, əsrlər boyu mənəviyyatdan uzaq düşdükdən sonra, yenidən əxlaq və mənəviyyata dönüş mərhələsinə qədəm qoymuşdur. Bu dönüş, ağıla, məntiqə və fikri əsaslara bağlıdır və İslam təlimlərində bu əsaslar xüsusi şəkildə mövcuddur. Belə bir şəraitdə İslam dünyası və şiə məktəbi mənəviyyatın güclənməsində təsirli rol oynaya bilər.
Halbuki Qərb dünyasında müxtəlif elmi nəzəriyyələr vasitəsilə insanı Allahdan, mənəviyyatdan və qeybi aləmdən uzaqlaşdırmaq üçün çox səy göstərilmişdir, lakin bu cəhdlər nəticəsiz qalmış və bu gün insan vicdanı mənəviyyat və Allahla əlaqəyə açıqdır. Müasir insan maddi elmlər və texnologiyanın onu mənəviyyatdan qurtaracağına ümid edirdi və düşünürdü ki, artıq dinə ehtiyac qalmayıb. Ancaq zaman keçdikcə bu yanaşmaların mənasız və boş olduğu ortaya çıxmışdır.
Qərb sivilizasiyasının dindən uzaqlaşmasından sonra insan, görünən rifaha və inkişaflara baxmayaraq, böyük psixoloji və mənəvi problemlərlə qarşılaşmışdır. Bu səbəbdən, bu gün insan dini və mənəvi dəyərlərə dönüşə ehtiyac duyur. Bu dönüşün əsas səbəblərindən biri, insanın ağıla, mə’rifətə və düşüncəyə olan ehtiyacıdır ki, digər dinlər bu ehtiyaclara cavab verə bilməmişdir. Çünki onların tutumu və zənginliyi İslam kimi deyildir.
Bu əsasa görə, müasir insan hər zamankından daha çox hikmətə, mərifətə, mənəviyyata və yüksək dini və islami dəyərlərə möhtacdır. Hazırda bu ali dinin təbliğ və tədrisi kritik bir mərhələyə çatmışdır. Bu dövrdə din alimləri və İslam mütəfəkkirlərinin əsas vəzifəsi, insanlığın Allaha dönüşünü düzgün şəkildə idarə etmək və İslama yönəlişi möhkəmləndirməkdir.
İslamın mənəviyyat və irfana baxış tərzi, İslam dünyası və İslam sivilizasiyasının Qərb sivilizasiyasına nisbətdə üstünlüklərindən biridir. Bu gün əksər sivilizasiyalar, xüsusilə də Qərb və Şərq sivilizasiyaları, mənəviyyata ehtiyac duyduqlarını və öz kimliklərinə qayıtmaq istəyində olduqlarını ifadə edirlər; lakin bu baxışlarda fərqli yanaşmalar mövcuddur.
Müasir dövrdə xristian sivilizasiyasında mənəviyyata dönüş iki xüsusiyyətlə müşayiət olunur:
1. Bu dönüş, ağıl, fəlsəfə və məntiqdən uzaq düşmüş, daha çox şəxsi və fərdi ehtiyac səviyyəsinə enmişdir;
2. Bu mənəvi meyl, insanın ictimai və siyasi həyatından ayrılmış, onlardan kənar bir sahəyə çevrilmişdir.
Amma İslam irsində, bu baxışın tam əksi olan iki xüsusiyyət mövcuddur:
1. İslam baxımından mənəviyyat ağıl və məntiqlə əsaslandırılmalı və bu düşüncə İslam fəlsəfi irsində tam şəkildə mövcuddur;
2. İslamda mənəviyyat, din və şəriət çərçivəsində ortaya çıxır və insan həyatının bütün sahələrinə sosial, siyasi və hüquqa dair nəzəriyyələr təqdim edir.
Bu səbəbdən İslamın ateist düşüncələrlə qarşılaşma və mübarizə qabiliyyəti o qədər güclüdür ki, onlara asanlıqla üstün gələ bilər. Şübhəsiz, tövhid peyğəmbərlərinin risaləti və insanlara qarşı məhəbbət və sevgi əsasında formalaşan İslam düşüncəsi, bəşəri cəmiyyətə ali insan haqlarının təminində, qlobal sülhün bərqərar olunmasında, ədalət, azadlıq və iman mənəviyyatının inkişafında möhkəm zəmin yaradır.
İslam mədəniyyəti, digər mədəniyyət və sivilizasiyaların ağıla və ağılçılığa əsaslanan tərəfləri ilə düşmən deyil. Ancaq bu mədəniyyət, mütləq haqq ilə sıx bağlıdır, əbədi və sabit məqsədlər, prinsiplər və dəyərlərə malikdir. Bu baxımdan, Qurani və nəbəvi mədəniyyət sabit və müəyyən kimliyə sahibdir və "ölçü mədəniyyəti" kimi qəbul edilməlidir. Bütün digər mədəniyyətlər və sivilizasiyalar özlərini bu mədəniyyətlə müqayisə etməli, onunla uyğunlaşdırmalı və özlərini yenidən qurmalıdırlar.
Bu mədəniyyətdə həm əbədi sabit dəyərlər mövcuddur, həm də zaman və məkanın, müxtəlif mədəniyyətlərin ehtiyaclarına uyğun çeviklik və dəyişkənlik çərçivələri nəzərə alınmışdır.
Ruhani şəxslər və elmi hövzələr bu sahədə iki mühüm məsələyə xüsusi diqqət yetirməlidirlər:
a) Alimlərin dünyada gedən fikri və mədəni rəqabət səhnəsində iştirakı zəruridir
İslam düşüncəsi və elmi hövzələr həmişə dünya miqyasında yaranan fikri dəyişikliklərə açıq olmuş, yeni fikir cərəyanları ilə tələsik və mühafizəkar müxalifət əvəzinə, onları təhlil edib dərindən araşdırmağa üstünlük vermişdir. Əgər bu fikirlər faydalı olmuşsa, onlardan bəhrələnmiş və əks təqdirdə, elmi müzakirə və tənqid yolu ilə onlarla mübarizə aparılmışdır. Bu gün də dünyada müxtəlif fikri, elmi və mədəni axınlar rəqabət aparır. Buna görə də elmi hövzələr bu sahədə alimcəsinə mövqe tutmalı və dini düşüncənin bu qlobal fikri müzakirələrdə iştirak etməsini təmin etməlidirlər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, İslam İnqilabı İslamın və Əhli-beyt(ə) məktəbinin dünyaya yayılması üçün bir baza yaratmış və İslam sivilizasiyasının formalaşması istiqamətində dünya miqyasında hərəkət başlatmışdır. Bu da elmi və dini qurumların fəal iştirakı zərurətini daha da artırır.
b) Amerika mərkəzli mədəniyyətin qloballaşması təhlükəsinə diqqət
Müasir dünyada mədəniyyət sahəsini rəqibləri və düşmənləri tanımadan idarə etmək mümkün deyil. Hazırda İslam sivilizasiyasının mədəniyyət sahəsindəki əsas rəqibi, ABŞ-ın rəhbərlik etdiyi Qərb sivilizasiyasıdır. Amerikanın uzunmüddətli strateji planlarını və siyasətlərini diqqətlə təhlil etdikdə, onun mədəniyyət və sivilizasiya üzərində qlobal hegemonluq yaratmağa çalışdığı açıq şəkildə görünür. Bu məqsədlə ABŞ, müxtəlif düşüncə və icra vasitələrindən istifadə edərək çoxlu alim və mütəxəssisi bu yolda səfərbər etmişdir.
Bu səbəbdən, elmi hövzələr və ölkənin mədəni qurumları rəqib cəbhəni dərindən tanımalı və bu "yumşaq hücuma" qarşı müqavimət qabiliyyəti və mədəni immunitet formalaşdırmalıdırlar.
İbrahim surəsi, ayələr 24–25:
Tövbə surəsi, ayə 122:
Xəbərin sonu
Hövzə elmi mərkəzinin təkamül yolu: təsis fəlsəfəsindən mədəniyyət və sivilizasiya quruculuğu missiyasına doğru
Ayətullah Ərafidən bir yazı
Rəyiniz