şənbə 17 may 2025 - 23:58
Əbcəd hərfləri ilə falçılığın reallığı/ Adın dəyişdirilməsi taleyinizi dəyişə bilərmi?

Hövzə / Adın dəyişdirilməsi, həqiqətən, həyatdakı problemləri həll edə bilərmi, yoxsa bu, sadəcə bir yanlış inancdır? Bu söhbətdə ad dəyişikliyinin həyat şəraitinin yaxşılaşmasına təsir edib-etmədiyi, elmi və İslam dini baxımından araşdırılır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə: Ad, şəxsiyyət və tale bu üç ünsür tarix boyu müxtəlif mədəniyyət və inanclarda bir-birindən ayrılmaz şəkildə əlaqələndirilmişdir.

Bəziləri hesab edir ki, adın dəyişdirilməsi problemlərin həlli və daxili rahatlığa çatmaq üçün bir açar ola bilər. Lakin bu inanc elmi və dini baxımdan nə dərəcədə təsdiq olunur?

Bu söhbətdə, rəvayətlər və elmi sübutlar nəzərdən keçirilərək, məsələ araşdırılıb. Bu istiqamətdə biz Quran və hədis üzrə mütəxəssis Höccətül-İslam vəl-Muslimin Seyid Əhməd Musəvi Dərçeyi ilə söhbət etmiş, bu inancların fiqhi və şəri aspektlərini onunla müzakirə etmişik. Aşağıda bu mövzuya dair söhbətin təfərrüatını təqdim edirik.

Sual:

Elmi və ya tədqiqat yönümlü dəlillər varmı ki, adın dəyişdirilməsi həyat şəraitinin yaxşılaşmasına, problemlərin həllinə və ya xəstəliklərin aradan qalxmasına yardım edə bilər?

Həmçinin, dini baxımdan (İslam nəzəri ilə) adın dəyişdirilməsi tövsiyə olunurmu? Hansı hallarda adın dəyişdirilməsi qəbul edilə bilər və bu, insanın həyatı üzərində təsir göstərə bilərmi?

Cavab:

İslam dinində gözəl ada sahib olmaq bir dəyər sayılır və bu, insanın ruhuna və bədəninə müsbət təsirlər göstərə bilər. Bu səbəbdən, hər bir müsəlman övladları üçün mənası gözəl və müsbət çağırışlara malik adlar seçməlidir. Çünki yaxşı ad gözəl məna ilə assosiasiya olunur, pis ad isə çirkin və xoşagəlməz məfhumları yada salır ki, bu da bəzən insanın lağ obyektinə çevrilməsinə və hörmətsizliklə qarşılaşmasına səbəb ola bilər.

Lakin əsas məsələ budur ki, bir ad və ya ad dəyişikliyi insan həyatında nə dərəcədə təsirli ola bilər? Yəni xüsusi bir ad seçməklə və ya adı dəyişməklə onun mənfi təsirlərindən uzaq durub, müsbət təsirlərindən faydalanmaq mümkündürmü?

Rəvayətlərdən əldə olunan nəticə budur ki, gözəl ad seçmək şəxs üçün hörmət, izzət və bərəkət gətirə bilər. Amma təkcə ad seçmək və ya onu əbcəd hərflərinə əsasən dəyişdirməklə insanın həyatındakı bütün problemlərin həll olunacağı, maddi arzularının gerçəkləşəcəyi kimi bir məqam heç bir rəvayətdə nə vurğulanır, nə də təsdiqlənir.

Bu mövzuya dair bəzi rəvayətlərdə Allahın Rəsulu (s) belə buyurur: 

إنَّ أوَّلَ ما یَنحَلُ أحَدُکُم وَلَدَهُ: الاسمُ الحَسَنُ، فَلْیُحَسِّنْ أحَدُکُمُ اسمَ وَلَدِهِ.
"Sizdən hər birinizin övladına hədiyyə etdiyi ilk şey gözəl addır. Elə isə övladınıza gözəl ad qoyun."
(Biharül-Ənvar, c. 104, s. 130, h. 20)

Həmçinin buyurur:

"Övladlarınıza peyğəmbərlərin adlarını verin. Ən gözəl adlar 'Abdullah' və 'Əbdül Rəhmandır."
(Məkarimul-Əxlaq, s. 22)

İmam Kazım (ə) buyurur:

"Elə bir ev yoxdur ki, orada 'Məhəmməd', 'Əhməd', 'Əli', 'Həsən', 'Hüseyn', 'Cəfər', 'Talib', 'Abdullah' və qadınlardan 'Fatimə' adı olmasın və həmin evə yoxsulluq və darlıq daxil olmasın."
(Vəsailüş-şiə, c. 15, s. 129)

İmam Baqir (ə), atalarından rəvayət edir ki, Allah Rəsulu (s) buyurmuşdur:

"Peyğəmbər (s.) kişilərin və şəhərlərin çirkin adlarını dəyişdirərdi."
(Vəsailüş-şiə, c. 15, s. 124)

إنَّ أوَّلَ ما یَنحَلُ أحَدُکُم وَلَدَهُ: الاسمُ الحَسَنُ، فَلْیُحَسِّنْ أحَدُکُمُ اسمَ وَلَدِهِ.
Bir şəxs Allah Rəsulunun (s) yanına gəldi. Peyğəmbər (s) ondan soruşdu:
Adın nədir?
Dedi: Bağiz (yəni nifrət doğuran).
Peyğəmbər (s) buyurdu: Xeyr, sən Həbibsən (yəni sevimli). Və onun adını dəyişdirərək Həbib qoydu.
(Əsədül-Ğabə, c. 1, s. 681, h. 1067)

Adın seçilməsi və ya dəyişdirilməsi ilə bağlı çoxlu rəvayətlər mövcuddur. Lakin onların heç birində adın əbcəd hesabı və ya əlmləri ğəribə (yəni qeyri-adi gizli elmlər) əsasında seçilməsi və ya dəyişdirilməsi tövsiyə olunmur. Rəvayətlərdə əsas meyar adın gözəl olması və mənasının müsbət çağırışlar daşımasıdır.

Bəzi şəxslər iddia edirlər ki, insanın taleyini öyrənmək üçün əvvəlcə onun və anasının adını "əbcəd kəbir" (böyük əbcəd) üsulu ilə saylara çevirmək lazımdır. Sonra bu sayları birləşdirərək 12-yə bölürlər. Qalıq isə insanın 12 bürcdən hansına məxsus olduğunu göstərirmiş. Onların iddiasına görə, insanın taleyi bu bürclərə görə dörd ünsürə: od, torpaq, hava və suya meyl edir.

Əbcəd üsulu ilə fal baxmaq istəyənlər üçün ilk addım, öz bürcünü tapmaqdır. Hər il 12 ay olduğu kimi, hər aya da bir bürc nisbət verilir və bu bürclərin hər birinin insan təbiətinə təsir etdiyi iddia olunur.

Bürclərin ümumi xüsusiyyətləri barədə deyilənlər:

Həməl, Əsəd və Qövvs (Qoç, Şir və Oxatan) bürcləri od ünsürünə bağlı sayılır. Od təbiətli insanlar tez hirsli olurlar, lakin eyni zamanda tez sakitləşirlər. Onlar münaqişə və mübahisələrin başlanğıc nöqtəsi olsalar da, kin saxlamazlar. Bədənləri isti və daim susuz olur.

Saur, Sunbulə və Cədi (Buğa, Qız və Oğlaq) bürcləri torpaq ünsürünə mənsubdur. Torpaq təbiətli insanlar təvazökar, səssiz və başqalarına hörmətlə yanaşan olur.

Cəvza, Mizan və Dəlv (Əkizlər, Tərəzi və Dolça) bürcləri isə hava ünsürünə aiddir. Hava təbiətli insanlar adətən təkəbbürlü, iti zəkalı və tez hərəkət edən sayılırlar.


Bu baxımdan, bir şəxsin adının əbcəd dəyəri onu bu 12 bürcdən birinə daxil edirsə, bu onun təbii xüsusiyyətlərinə və xasiyyətinə təsir göstərə bilər, deyə iddia olunur.

Nümunə olaraq "Həməl" (qoç) bürcünə aid edilən xüsusiyyətlər:

Qadınlar üçün: Həməl bürcündə doğulan qadınlar adətən uzunboylu və qaşları çəkilmiş (yay formasında) olur. Zəkalı və ağıllı sayılırlar. Hansı evə girsələr, orada bərəkət artar. Ərinə qarşı mehriban, ev işlərində bacarıqlı və tədbirlidirlər. Onların həyatında adətən bir qadın düşməni olur bu qadın xarici görünüşdə dost görünsə də, daxilən düşmən niyyətlidir. Qısa boylu, mavi gözlü və açıq dərili olması ilə tanınır.

Kişilər üçün: Qoç bürcündə olan kişi adətən uzunboylu, xoşxasiyyətli və uğurlu olur. Üzünün sağ tərəfində uğur gətirən bir xalı və ya nişanı olur. Yalana nifrət edir və özü də yalandan və haramdan uzaq durandır. Əgər pis bir iş görərsə, tez peşman olur. Asanlıqla hirslənsə də, tez də sakitləşir. Ticarət və maliyyə işlərini Ordibeheşt (may) ayında görməsi daha xeyirli sayılır.

Yuxarıda irəli sürülən iddiaların nə dini, nə də rəvayət mənbələrinə əsaslanan bir sübutu yoxdur ki, onların əsasında əməl edilə bilsin və nəticədə şəriət baxımından düzgün və qəbulolunan bir nəticə əldə olunsun. Bundan əlavə, bu iddiaların bir sıra ciddi nöqsanları da vardır, o cümlədən:

1. Bir çox hikmət sahibləri və mütəfəkkirlər insan təbiətini doğulduğu yerin şəraiti, qidalanma tərzi və digər ətraf mühit faktorları ilə əlaqələndirirlər. Halbuki yuxarıdakı bölgü təkcə ad və doğum ayı əsasında qurulub və bu amillərə heç bir yer verilmir.

2. İslam təlimlərinə görə, insanın səadət və xoşbəxtliyinin əsas səbəbi onun əməlləri və əxlaqıdır. Amma bu bölgülərdə və onların iddia edilən xüsusiyyətlərində bu önəmli prinsipə yer verilməmişdir.

3. Bürclər haqqında deyilən xüsusiyyətlərdən belə anlaşılır ki, bu xislət və xüsusiyyətlər dəyişməz və sabitdir. Halbuki biz bilirik ki, insanın əxlaqi fəzilətləri və mənfi xüsusiyyətləri dəyişdirilə və tərbiyə oluna bilər. Yəni insan öz üzərində çalışmaqla əxlaqını inkişaf etdirə bilər.

4. Əgər doğrudan da adın seçilməsi və ya dəyişdirilməsi əbcəd hesabına əsaslanmaqla bu qədər insan taleyinə təsir edirsə, bəs nə üçün məsumların rəvayətlərində, hansı ki, 50-dən çoxdur bu məsələyə toxunulmayıb? Məgər bu qədər mühüm bir məsələ diqqətdən qaçırılıb? Bu, olduqca şübhəlidir və qəbul ediləsi deyil.

5. Real həyatda və cəmiyyətdə müşahidə olunan budur ki, hansı insanlar elm, sənət və peşə öyrənməyə yönəlmiş və gecə-gündüz çalışmışlarsa, maddi və elmi baxımdan uğur qazanmışlar. Halbuki bəzilərinin bəzi bürclərə nisbət verilən iddialarından belə anlaşılır ki, təkcə ad seçmək və ya ad dəyişdirməklə insanın bütün problemləri həll olunur və bol qazanc əldə edilir. Bu isə reallıqla uyğun gəlmir.

6. Bir çox hallarda və bəzilərinə şəxsən mən özüm şahid olmuşam bəzi insanlar ad dəyişikliyi üçün falçılara və cadugərlərə müraciət etmiş, lakin heç bir nəticə əldə etməmişlər. Məsələn, qohumlarımızdan biri maliyyə baxımından iflasa uğramışdı. Onun adı Möhsün idi. Falçının tövsiyəsi ilə adını Baqir olaraq dəyişdi. Lakin bu hadisədən illər keçməsinə baxmayaraq, heç bir xüsusi dəyişiklik baş vermədi və həmin şəxs hələ də borc içində və iflas vəziyyətindədir.

7. Maraqlıdır ki, ad dəyişikliyi ilə taleyi dəyişdirəcəyini iddia edən falçının özü nə üçün öz adını dəyişmir ki, maliyyə çətinliklərindən qurtulsun və 300 min tümən (və ya hər nə qədərsə) pul üçün başqasına möhtac qalmasın? Açıq şəkildə görünür ki, özləri də bilirlər bu üsulların heç bir təsiri yoxdur və bu iddiaları yalnız pul qazanmaq məqsədilə ortaya atırlar.

8. Mənim apardığım araşdırmalara əsasən, bürclərə aid edilən bu xüsusiyyətlər və ad dəyişikliyinin guya təsirləri, etibarlı və klassik "elmi qəyb" (qeyb elimləri) mənbələrində məsələn, Xacə Nəsirəddin Tusi və ya Şeyx Bəhai kimi böyük alimlərin əsərlərində yer almır. Bu mövzular daha çox saxta falçılar və şarlatanların uydurduqları tələlərdir.

9. Ən doğrusu və düzgünü bu barədə deyilə biləcək odur ki, bəzi insanlar oturub, müxtəlif bürclərə süni şəkildə xarakter və xüsusiyyətlər uydurublar. Məsələn, deyirlər ki, "Fərvərdinli (mart/aprel doğumlular) belədir", "Şəhrivəri (avqust/sentyabr doğumlular) elədir" və s. Bu da mahiyyətcə falçılığın bir formasıdır və elmə və dinə əsaslanmır.

Əgər insanlar bu məsələyə bir az ağıl və düşüncə ilə yanaşsalar, mənim kimi daha çox məntiqi və dini nöqsanları görəcək və anlayacaqlar ki, bu sahə kökündən batil və əsassızdır. Bu cür mövzulardan yalnız falçılar, cadugərlər və maddi mənfəət güdənlər bəhrələnirlər və cəmiyyətdə bu batil inancları yaymaqda maraqlıdırlar.

Müsahibə: Səmira Qolkar

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha