bazar ertəsi 1 sentyabr 2025 - 19:48
İmam Əlinin (ə) kəlamlarında İmam Zamanın (ə.f) zühur nişanələri

Hövzə / Əmirəl-möminin (ə) buyurmuşdur ki, zühurun dəqiq zamanı məlum deyil. Lakin onun əlamətləri vardır. O cümlədən namaza etinasızlıq, əmanətə xəyanət, yalanın yayılması, riba və rüşvətin genişlənməsi, qohumluq əlaqələrinin kəsilməsi və insan həyatının dəyərsiz hala gəlməsi. Belə bir zamanda möminlərin vəzifəsi, Həzrət Mehdinin (ə.f) zühurunun tezləşməsi üçün dua etməkdir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İmam Zamanın (ə.f) imamətinin başlanması münasibətilə Ayətullah Məkarim Şirazi çıxışlarından birində “İmam Əlinin (ə) kəlamlarında yer alan İmam Mehdinin (ə.f) zühur əlamətləri" mövzusuna toxunmuşdur. Biz bu mətləbləri siz əziz oxuculara təqdim edirik.

Bağışlayan və mehriban Allahın adı ilə 

Əmirəl-möminin Əli (ə) bir xütbəsində buyurub: Nə qədər ki, varam və sizinləyəm soruşun. Çünki sizin verdiyiniz bütün sualların cavabı hazırdır. Bu zaman camaat arasından bir nəfər qalxaraq dedi:  یا امیرالمؤمنین، متی یخرج الدجال؟

Ya Əmirəl-möminin! Dəccal nə vaxt çıxacaq və zühurun başlanğıcı nə zaman olacaq?

Başqa sözlə, o şəxs Həzrət Mehdinin (ə.f) zühurunun vaxtını bilmək istəyirdi.

İmam Əli (ə) cavabında buyurdu ki, bu məsələ hamı üçün bir ibrət dərsi olmalıdır.
Sonra isə Həzrət buyurdu:  «من المسؤول بأعلمَ من السائل»

Sənin soruşduğun bu sual barədə bildiyim bir şey yoxdur. Yəni İmam Mehdinin (ə.f.) zühurunun vaxtına dair bir şey tam dəqiq bilmirəm.

Bu sözün mənası budur ki, zühurun dəqiq zamanını heç kəs müəyyən edə bilməz. Ardınca isə buyurdu:
  ولکن له علامات
Lakin onun nişanələri vardır və mən onları sənə deyə bilərəm.

Bu mübarək hədisdə İmam Əli (ə) zühurdan öncəki dövr üçün təqribən əlli əlamət zikr etmişdir.  Həzrət buyurdu: 
«ألا وإنّ من أعلام الساعة: إذا ضُیّعت الصلاة»

 Xəbərdar olun! Qiyamətin nişanələrindən biri namazın puç edilməsi və onun əhəmiyyətinin aradan qalxmasıdır.

İlk əlamət insanların namaza qarşı etinasız olmalarıdır.

Sonra buyurdu:
«وإذا ضُیّعت الأمانة»
İkinci əlamət: "Əmanətə xəyanət ediləcək.” Yəni əmanətlərə riayət olunmayacaq. Bu əmanət bəzən mal-dövlət, bəzən də valideynə əmanət edilən övlad ola bilər. Əgər bir ata-ana övladlarını azğınlıq yoluna vadar edərsə, bu da Allahın əmanətinə xəyanət sayılır. Din də Allahın əmanətidir. Əgər onu əməllərimizlə zay etsək, bu hədisin açıq nümunəsi olar.

Üçüncü əlamət:
«واستُحلّ الکذب»
 “Yalanı halal bilərlər.” İnsanlar deyərlər: “Yalansız dolanmaq, ticarət etmək mümkündürmü?” Bu isə həmin nişanədir.

Dördüncü nişanə: 
«ظهر الربا»
“Ribanın aşkar olmasıdır.” Şəriət müqavilələri kənara qoyular, saxta sövdələşmələr və uydurma qəbzlərlə faiz artar.

Beşinci: 
 «أُخذت الرشوة»
“Rüşvət yayılacaq.”

Altıncı: 
«وشُید البنیان»
“Binalar möhkəm və bəzəkli tikiləcək, amma dinin və imanın binası zəif olacaq.”

Yeddinci:
«وبیع الدین بالدنیا»
 “Dini dünyaya satacaqlar.” Mənəvi dəyərlər maddi ləzzətlərə qurban veriləcək.

Səkkizinci: 
«وتولی السفهاء»
“Səfehlər və cahillər vəzifə başına gətiriləcək.”

Doqquzuncu:
«وقُطعت الأرحام»
 “Qohumluq əlaqələri kəsiləcək.” Valideynlər qocalıb aciz qaldıqda övladları onlara baxmaq istəməyəcək, onları müxtəlif bəhanələrlə tək buraxacaqlar.

Onuncu: 
«واتُبعت الأهواء»
“Nəfsani istəklərə tabe olacaqlar.” Onun təzahürü haram məclislərdə, günaha aludə olmuş haram toy məclislərində, əxlaqsız filmlərdə, həmçinin narkotik maddələrə aludəçilikdə və digər nəfsə qulluq təzahürlərində üzə çıxır.

On birinci: 
«واستُخفّ بالدماء»
“Qan tökmək asan olacaq.” İnsanların canı dəyərsiz sayılacaq. Cahilləri və ya aldadılmış insanları özünü partlatmağa sövq edəcək, günahsız qadın, uşaq və ziyarətçilər qətlə yetiriləcək. Bir anda onlarla, yüzlərlə insan qətl ediləcək. Bu gün dünyada vəhabi təfəkkürlü təfriqəçi qruplar bunun bariz nümunəsidir. Tarixdə heç vaxt insan qanı bu qədər dəyərsiz olmamışdır.

Bütün bu nişanələri sadaladıqdan sonra İmam Əli (ə) buyurdu:
«فَذلکَ الوَیحُ الوَیحُ، العَجَلُ العَجَلُ»

(Fəzalikəl vəyhul vəyh, əl-əcəlul-əcəl) Yəni: Belə bir zamanda möminlərin vəzifəsi budur ki, daha çox dua etsinlər və Allahdan Həzrət Mehdinin (ə.f) zühurunun tezləşməsini diləsinlər.

Səsi dinləmək və yükləmək üçün buraya klikləyin

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha