Təbliğat Qurumunun katibi Höccətül-İslam vəl-müslimin Seyid Əli Ğərəvi Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbiri ilə müsahibəsində bildirib ki, İmam Həsən Əskərinin (ə) şəhadət günü digər oxşar münasibətlər kimi Əhli-Beytin (ə) həyat yolu, yaşayış tərzi, əxlaqi və mənəvi təlimlərinin yenidən nəzərdən keçirilməsi üçün qiymətli bir fürsətdir. Çünki bu, xalqın mədəni və idrak səviyyəsinin yüksəlməsinə zəmin yarada bilər. O əlavə edib: Belə münasibətlər gənc nəslin Əhli-Beytin (ə) həyat yolu ilə daha yaxından tanış olması, İslam dininin əxlaqi, ictimai və siyasi prinsiplərini daha dərindən dərk edərək öz vəzifələrini daha yaxşı və hərtərəfli şəkildə yerinə yetirməsi üçün imkan yaradır.
Təbliğat Qurumunun katibi söhbətinə davam edərək, şiələrin on birinci imamının həyat tarixçəsinə toxundu və dedi: Həzrət Həsən Əskərinin (ə) imamət dövrü altı il olmuşdur ki, Hicri-Qəmərinin 254-cü ilindən başlamış və Hicri-Qəmərinin 260-cı ilində sona çatmışdır. İmam Həsən Əsgəri (ə) zalım və ədalətsiz xəlifələrlə daim mübarizə aparması və xalqın hüquqlarını müdafiə etməsi səbəbilə ömrünün çox hissəsini sürgün və zindanda keçirmiş, nəhayət 28 yaşında Samirra şəhərində şəhadətə çatmışdır.
İmam Əskərinin (ə) Allahla ünsiyyət yaratmaq üçün verdiyi dərs
O, sözünə davam edərək İmam Həsən Əskərinin (ə) bir neçə xüsusiyyətinə toxundu və qeyd etdi: İmam Həsən Əskəri (ə) digər məsum imamlar (ə) kimi ibadət əhli və gecəni ibadət ilə keçirərdi. Həzrət hər dəfə azan səsini eşidəndə işi yarımçıq qoyar, ibadət ilə məşğul olardı. Bu barədə Əbu Haşim Cəfəri belə nəql edir: «Bir gün imamın yanına getdim. İmam bir şey yazmaqla məşğul idi. Namaz vaxtı çatanda yazını kənara qoydu və namaza durdu.» Əhli-Beyt (ə) bu davranışları ilə insanlara Allahla münacatın əhəmiyyətini və Allah-Təala ilə ünsiyyətin mənəvi təsirlərini anlatmış olurdular.
Höccətül-İslam vəl-müslimin Ğərəvi İmam Həsən Əskərinin (ə) zöhd və sadə yaşayışına işarə edərək əlavə etdi: Kamil ibn İbrahim Mədəni bu barədə belə nəql edir: «Bəzi suallarımı soruşmaq üçün imamın yanına gedərdim. Onun yanına çatanda gördüm ki, Həzrət ağ və yumşaq bir libas geyinmişdir. Öz-özümə düşündüm: Allahın vəlisi yumşaq və nazik paltar geyinir, halbuki bizə dini qardaşlarımızla həmrəy olmağı əmr edir və belə libaslardan çəkindirir. Bu zaman İmam təbəssüm etdi, sonra isə qolunu qaldırdı və mən gördüm ki, Həzrət altından qalın və kobud bir paltar geyinib. O zaman buyurdu: «Ya Kamil! bu (qalın paltar) Allah üçündür, bu (yumşaq libas) isə sizin üçün»
Əhli-Beyt (ə) hər zaman sadəlik və hər bir halda Allaha yönəlişin canlı nümunəsi olmuşdur. Buna görə də onların həyat yolu müasir dildə və cəlbedici üslubla insanlara təqdim edilməlidir.
İmam Həsən Əskərinin (ə) həyat tərzi insanların İmam Mehdinin (ə.c) qeybətinin daha yaxşı başa düşməsi üçün nümunə idi
O, İmam Hadi və İmam Həsən Əskərinin (ə) hakimiyyəti dövründəki çətin şəraitə Həzrət Mehdinin (ə.f) qeybətinin başlanmasına zəmin hazırlamasına işarə edərək əlavə etdi: İmam Həsən Əskərinin (ə) həyat yolu hikmətlə dolu idi. Çünki şiələrin Həzrət İmamla əlaqəsi o dövrdə İslam cəmiyyətində hökm sürən sıxıntılar səbəbindən çox çətin və məhdud idi. İmam Həsən Əskəri (ə) ömrünün böyük hissəsini zalım hakimiyyətin ciddi nəzarəti altında keçirmiş, lakin onun davranışları və fəaliyyəti şiələri imamın zahiri görünüşdəki çətin gizli dövrünə hazırlayırdı.
Həzrət Həsən Əskərinin (ə) həyatı gənc nəsil üçün ən yaxşı nümunədir
Təbliğat Qurumunun katibi bildirib ki, Həzrət Həsən Əskərinin (ə) həyatı qısa olmasına baxmayaraq, xalq üçün çoxlu dərs və mesajlarla doludur. O deyib: Bu qısa ömür göstərir ki, insanların vəzifələrini yerinə yetirmək və əxlaqın kamillik mərhələsinə çatmaq üçün mütləq uzun ömür yaşaması lazım deyil. Buna görə də Həzrət Həsən Əskərinin (ə) həyatı gənc nəsil üçün ən yaxşı nümunədir.
O, sonunda Həzrət Həsən Əskəridən (ə) nəql edilən bir hədisə işarə edərək bildirib:
«خَصْلَتانِ لَیْسَ فَوْقَهُما شَیءٌ: الاْیمانُ بِاللهِ، وَنَفْعُ الاْخوانِ»
“İki xüsusiyyət vardır ki, onlardan daha üstün bir şey yoxdur: Allahı imanla tanımaq və dostlara, tanışlara fayda vermək.” O qeyd edib ki, insan həyatı bu nurani sözə əsasən iki vacib hissəyə bölünür: Allahla əlaqə və başqaları ilə qarşılıqlı münasibət. Buna görə də insanlar hər gün həyatlarının bu iki mühüm hissəsi üçün planlaşdırma aparmalıdırlar.
Xəbərin sonu
Rəyiniz