Ayətullah Cənnəti: İslam ümmətində birlik olsaydı, sionist rejim belə cinayətlər törədə bilməzdi
Hövzə Xəbər Agentliyinin Tehrandan verdiyi xəbərə əsasən Konstitusiya Nəzarət Şurasının katibi ayətullah Əhməd Cənnəti bildirmişdir ki, əgər İslam ümməti arasında tam birlik mövcud olsaydı, işğalçı sionist rejiminin Qəzza xalqına qarşı tarixin nadir zülmlərindən biri olan cinayətlərini həyata keçirməsi mümkün olmazdı.
O, bu fikirləri çərşənbə günü, 3 sentyabr 2025-ci ildə (hicri-şəmsi tarixlə: 12 şəhrivər, 1404-cü il), Şura iclasının əvvəlində, Vəhdət həftəsi və Həzrət Muhəmməd Peyğəmbərlə (s) İmam Sadiqin (ə) mübarək mövludları ərəfəsində səsləndirmişdir. Ayətullah Cənnəti bu mübarək bayram münasibətilə təbriklərini çatdıraraq, İslam dünyasında həmrəyliyin vacibliyini xüsusi vurğulamışdır.
O qeyd etmişdir ki, bugünkü dünya şəraitində İslam ümmətinin birliyi danılmaz bir zərurətdir və hər kəs İslamın əziz Peyğəmbərinə (s) sevgi bəsləyirsə, müsəlmanlar arasında birliyi gücləndirmək üçün səy göstərməlidir.
Nəzarət Şurasının katibi parçalama və nifaq amillərini iki qrupa bölərək demişdir: "Davranış və sözləri ilə İslam ümmətinin birliyinə zərbə vuranlar ya İslam düşmənlərilə bilərəkdən əməkdaşlıq edən qüvvələrdir, ya da İslam dininin təlimlərini səhv başa düşənlərdir."
Fələstində baş verən hadisələrə toxunan ayətullah Cənnəti əlavə etmişdir: “Əgər İslam ümmətində tam birlik olsaydı, Qüdsü işğal etmiş rejimin Qəzzanın məzlum xalqına qarşı tarixdə görünməmiş zülmləri törətməsi mümkün olmazdı.”
O, xüsusu olaraq vurğulamışdır: “İslam düşmənləri müsəlmanlar arasında parçalanma və nifaq yaradan davranışların əsas dəstəkçiləridir. Düşmənşünaslığın və dini bəsirətin aydın nəticəsi isə İslam ümmətində birliyin yaradılması üçün çalışmaqdır.”
Ayətullah Cənnəti: Yəmənin paytaxtı Sənaya hücumu qətiyyətlə pisləyirik
Nəzarət Şurasının katibi ayətullah Əhməd Cənnəti işğalçı və qeyri-legitim sionist rejimin Yəmənin paytaxtı Sənaya təşkil etdiyi vəhşicəsinə terror hücumunu, nəticədə inqilabi hökumətin baş naziri və bir sıra digər nazirlərin şəhid olmasını da kəskin şəkildə pisləmişdir.
O, bu ağır itki münasibətilə Yəmənin qəhrəman xalqına başsağlığı vermiş və demişdir: “Yəmən xalqının bu günlərdə göstərdiyi qəhrəmanlıqlar bəşəriyyətin və insanlıq tarixinin şanlı səhifələrinə yazılır. İslam ümmətinin bu cəsur övladlarının şəhadəti Yəmən xalqının əzmini sarsıda bilməyəcək.”
Ayətullah Cənnəti vurğulamışdır ki, bu cinayətlər sionist rejimin taleyini dəyişə bilməyəcək: “Qüdsü işğal etmiş rejimin başçıları hər kəsdən yaxşı bilirlər ki, belə vəhşiliklər onların sonunu yaxınlaşdırmaqdan başqa bir nəticə verməyəcək və çox keçmədən onların zülm dolu hakimiyyətləri tarixdə ibrət dərsinə çevriləcək.”
O, həmçinin xəbərdarlıq edərək bildirib ki, bu gün bu qaniçən və mənfur rejimin cinayətlərinə qarşı susan hər kəs, əslində onun cinayətlərinə şərikdir və müharibənin, habelə insanlıqdan uzaq davranışların yayılmasına xidmət etmişdir.
Xəbərin sonu
Rəyiniz