Pakistanda İslam ümmətinin birliyi mövzusunda “Həzrət Peyğəmbərin (s) Eşqi konfransı” keçirilmişdir
Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, illik “Böyük Peyğəmbərimizin (s) Eşqi” toplantısı Pakistan Milli Şurasının təşəbbüsü və Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin ev sahibliyi ilə İslamabadda keçirilmişdir. Tədbirdə bu ölkənin müxtəlif bölgələrindən dini və siyasi liderlər, tanınmış alimlər, şeyxlər və milli simalar iştirak etmişlər. Eyni zamanda bütün təfəkkür məktəblərinin davamçısı olan çoxsaylı qadın və kişilərin iştirakı ilə İslam ümmətinin vəhdət və həmrəyliyinin möhtəşəm mənzərəsi bu konfransda nümayiş etdirilmişdir.
Qurani-Kərim və Peyğəmbərimizin (s) ali sünnəsi – İslam ümmətinin ən mötəbər istinad mənbəyidir
Konfransda çıxış edənlər vurğulamışlar ki, Qurani-Kərim və sünnə İslam ümmətinin ali istinad mənbəyidir və Peyğəmbər Əkrəmin (s) müdafiəsi haqqında qanunlarda heç bir dəyişikliyə icazə verilməyəcək. Onlar həmçinin bildiriblər ki, sonuncu Peyğəmbərə (s) eşq bəsləmək İslam ümmətinin həmrəyliyi və birliyinin əsas rəmzidir.
Zülm, istibdad və müqavimətin zərurəti
Müsəlmanların Vəhdət Məclisinin sədri senator Raca Nasir Abbas çıxışında dünyanın mövcud vəziyyətinə toxunaraq bildirmişdir ki, bu gün bəşəriyyət zülm və istibdadın təzyiqi altındadır və Qərbin çılpaq sivilizasiyasının qurbanına çevrilmişdir. Onun sözlərinə görə, Qərb öz mediası vasitəsilə həqiqi simasını gizlədir, lakin Peyğəmbər Əkrəmə (s) qarşı həyasızlıq etdikdə, onun əsl qəddar və amansız mahiyyəti üzə çıxır.
Senator qeyd etmişdir ki, bu reallığın ən bariz nümunəsi Qəzzada törədilən cinayətlərdir və əlavə etmişdir: “Qərb müsəlmanlardan onların istədiyi kimi hərəkət etməyincə, heç zaman razı qalmayacaq.”
ABŞ və Qərb siyasətinin tənqidi
Raca Nasir Abbas çıxışında Qətərə hücum və müqavimət liderlərinin şəhid edilməsinin ABŞ-ın müdaxiləsi olmadan mümkün olmadığını vurğulamışdır. O, hətta öz dostlarına qarşı belə ABŞ-ın etibarsız olduğunu, Qətərin ABŞ hökumətinə külli miqdarda maliyyə yardımı etməsinə baxmayaraq, bu ölkəyə hücum edildiyini misal gətirmişdir.
O, milli sərvətlərin və resursların belə güclərə etibar edilməsinin casus təşkilatlarının nüfuz etməsinə və onların müdaxiləsinin artmasına zəmin yaratdığını bildirmişdir.
Düşmənlə dostluq barədə Qurani-Kərimdə xəbərdarlıq
Senator Qurani-Kərimə istinad edərək vurğulamışdır ki, yəhudi və xaçpərəstlərlə dostluq qadağandır və kim onları dost seçərsə, onlardan sayılacaqdır. O bildirmişdir ki, Qərb sivilizasiyası vəfasızlıq, insanlığı alçaltmaq və dəyərlərə hörmətsizlik üzərində qurulub. Buna görə də müsəlmanlar Qurana və sünnəyə sarılaraq bu mədəniyyətə qarşı möhkəm dayanmalı və müqavimət göstərməlidirlər.
Təbii fəlakət qurbanlarına dəstək
Senator Raca Nasir Abbas çıxışının digər hissəsində ölkədə baş vermiş son daşqın fəlakətinə toxunaraq bildirmişdir: “Minlərlə vətəndaşımız ağır itkilər yaşayır; evləri və arzuları viran olmuşdur, insanlarımız sığınacsız və köməksiz şəkildə tərk edilmişlər. Təəssüf ki, məsul şəxslərin səmərəsiz işləri və korrupsiyası səbəbindən insanlar təbii fəlakətlərin qurbanı olurlar.”
O əlavə etmişdir ki, vətəndaşların həyat və maliyyə təhlükəsizliyinin təmin olunması və zərərçəkənlərə yardım göstərilməsi hökumətlərin əsas vəzifəsidir. “Xəbərləri gizlətmək yerinə həqiqətləri ortaya qoymaq lazımdır ki, xalq zərərçəkənlərə kömək edə bilsin,” – deyə senator vurğulamışdır.
Daşqınlardan zərər görmüş ailələrin ağrılı vəziyyətinə diqqət çəkən Raca Nasir Abbas qeyd etmişdir: “Suyun qəzəbli dalğaları qoynunda çox sayda kişi, qadın və uşaq həyatını itirmişdir. Övladlarını və əzizlərini itirənlərin ürəyi kədərlənmirmi? Bu əzab hamını ayılmağa vadar etməlidir və belə fəlakətlər qarşısında laqeyd qala bilmərik. İndi hər zamandan daha çox bu məzlum insanlara həmrəylik və praktik dəstək göstərmək vacibdir.”
İslam ümmətinin birliyi böhranlarla mübarizənin yoludur
Pakistan Milli Şurasının konfransında İslami Camaat Partiyasının sədr müavini Ləyaqət Bəluç İslam ümmətinin vəziyyətinin ciddi şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq hökumət və xalq üçün açıq mesaj vermişdir.
O bildirmişdir ki, bu gün İslam ümməti ciddi şəkildə parçalanmışdır və bunun əsas səbəbi eqoizm, şəxsi mənafelər və fərdi rəqabətlərdir. Qlobal kolonializm böyük maliyyə xərcləyərək müsəlmanlar arasında nifaq və ixtilaf yaratmağa çalışır.
Ləyaqət Bəluç əlavə etmişdir: “İran İslam İnqilabı uğur qazandıqda, bütün İslam dünyasında, hətta Pakistanda da sevinc və ümid yaranmışdı. Lakin ABŞ bu böyük inqilabı yalanla ‘şiə inqilabı’ kimi təqdim edərək müsəlmanlar arasında ixtilaf yaratmağa və onu ərəb hökumətləri üçün təhlükə kimi göstərməyə çalışdı.”
O, Pakistan Milli Şurasının roluna da toxunaraq bildirmişdir ki, bu şura məhz belə təxribatları neytrallaşdırmaq və müsəlmanların fərqlilikləri bir kənara qoyaraq İslam ümmətinin birliyi və həmrəyliyi yolunda addım atmalarını təmin etmək üçün yaradılmışdır.
Ərəb dünyasında vəziyyətlə bağlı xəbərdarlıq
Ləyaqət Bəluç ərəb dünyasının durumundan narahatlıq ifadə edərək qeyd etmişdir: “Bəzi ərəb ölkələri düşünürdülər ki, Həmas və Hizbullahı aradan qaldırmaqla vəziyyəti idarə edə biləcəklər, lakin hətta Qətər də İsrail rejiminin hücumlarından sığortalanmayıb. İsrail öz yırtıcı hücum dairəsini Ankaradan İslamabada qədər genişləndirə bilər. Şri-Lanka, Banqladeş və Nepal kimi region ölkələrində müşahidə edilən təcrübə göstərir ki, düşmənin təhdidləri çox real və ciddi xarakter daşıyır.”
O əlavə etmişdir ki, insanlar ədalətsizlik, qanunsuz qərarlar və insafsız siyasətlərdən yorulublar. İslam ümməti heç vaxt icazə verməyəcək ki, Peyğəmbər Əkrəmin (s) əleyhinə qanun qəbul edilsin və ya Qadianilərin (Əhmədilər cərəyanı) təxribatları uğur qazansın.
Ləyaqət Bəluç çıxışını yekunlaşdıraraq vurğulamışdır: “Bu konfransın mesajı aydındır: Qurani-Kərim və İlahi sünnə ali mövqedədir və heç bir qüvvə onların statusunu zəiflədə bilməz. Pakistan Milli Şurası Peyğəmbər Əkrəmin (s) şərəfinin müdafiəsində ön cəbhədə dayanır və ‘azlıqların hüquqları’ adı altında dinə və Peyğəmbərimizə (s) qarşı hörmətsizlik edənləri qanun çətiri altında qorumağa heç vaxt icazə verməyəcək.”
Rəyiniz