şənbə 27 sentyabr 2025 - 14:08
Şəhid Seyid Həsən Nəsrullah  sionizmə qarşı qlobal müqavimətin əbədi örnəyi.

Həmin dövrün dini elmi mərkəzlərinin və universitet müəllimlərinin etirafına görə, Şəhid Seyid Həsən Nəsrullah bu gün uşaqları qətlə yetirən və cinayətkar sionizmə qarşı qlobal müqavimət cəbhəsinin əbədi nümunəsinə çevrilmişdir.

Hövzə Xəbər Agentliyinin  məlumatına görə, biz bu gün şəhid Seyid Həsən Nəsrullahın məzlumcasına şəhadətinin ilk ildönümünü qeyd edirik. Onun şəxsiyyətinin böyüklüyünü və tarixi rolunu təsdiqləmək üçün kifayətdir ki, ötən il Ali Dini Lider, Hizbullahın sabiq baş katibinin şəhadəti münasibətilə göndərdiyi müraciətdə onu yeddi dəyərli sifətlə yad etmişdir. Bunlar “böyük mücahid”, “regionda müqavimətin bayraqdarı”, “fəzilətli dini alim”, “məharətli siyasi rəhbər”, “əzəmətli şəxsiyyət”, “müqavimətin seyidi” və “böyük Nasrullah” kimi ifadələr idi.

Müqavimətin əziz Seyidi, hərçənd sionistlərin Dahiyə bölgəsində törətdikləri misilsiz cinayət nəticəsində mübarək cismi aramızdan getmişdir, lakin şübhəsiz ki, onun düşüncəsi, strateji baxışları və mənəvi təsirləri yalnız yaşamaqda deyil, yeni nəsil müqavimət komandirlərində təəccüblü bir şəkildə çoxalmışdır. Çünki biz inanırıq ki, şəhid qanı ilə həqiqəti təsdiqləyir, bir xalqı, hətta bir ümməti oyadır.

Müqavimət cəbhəsinin izzəti Seyid Həsən Nəsrullahla

İslam Mədəniyyəti və Düşüncə Araşdırmaları İnstitutunun elmi heyət üzvü Höccətul-İslam vəl-müslimin Məhəmməd Məlikzadənin sözlərinə görə, bölgə xalqlarının ağır təslimçilik və güzəşt kölgəsində yaşadığı bir zamanda, sadə bir əba geymiş, lakin imanla dolu qəlbi olan bir şəxs müqavimət bayrağını izzət və şərəfin ən uca zirvələrində dalğalandırdı.

O, əlavə edərək bildirdi ki, Seyid Həsən Nəsrullah yalnız Livan Hizbullahının baş katibi deyil, zalım və işğalçılıq qarşısında ayağa qalxan hər bir azad insanın gur səsi idi. Buna görə də demək olar ki, Müqavimət Seyidinin şəhadəti yalnız Livan xalqı üçün deyil, bütün Qərbi Asiya və ondan kənarda yerləşən müqavimət cəbhəsi üçün həm emosional, həm də strateji məqamdır.

Sarsılmaz iman və İlahi vədəyə əminlik

Qum Elmi Hövzəsinin Siyasi Araşdırmalar Cəmiyyətinin üzvü vurğulamışdır ki, müqavimətin seyidinin ən mühüm və başlıca xüsusiyyətlərindən biri onun sarsılmaz imanı və İlahi vədəyə əməli etiqadı olmuşdur. Şəhid Nəsrullah dəfələrlə çıxışlarında müqavimətin əməli strategiyası kimi “Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər” ayəsinə istinad edirdi. Ali Dini Lider də illər öncə Seyid Həsənlə görüşündə onu imanlı, basirətli və cəsur komandirin canlı nümunəsi adlandırmışdı. Onun məğlubedilməzliyi də məhz Allaha təvəkkülündən və dərin inamından qaynaqlanırdı.

O əlavə etdi ki, Şəhid Seyid Həsən Nəsrullah yalnız cəsur hərbi komandan deyil, eyni zamanda siyasi təfəkkür sahibi olan bir mütəfəkkir idi. Belə ki, döyüş meydanında hərbi savaşla yanaşı, “rəvayətlər müharibəsində" də müqavimət diskursunu qlobal səviyyəyə çıxarmışdı. Regional prosesləri dəqiq təhlil etmək və düşmənin reaksiyasını qabaqcadan görmək onun güclü məziyyətlərindən idi. Bu xüsusiyyətlər sayəsində Hizbullah 33 günlük müharibədən və digər toqquşmalardan qalibiyyətlə çıxmağı bacardı.

Medianın imkanlarından ağıllı şəkildə bəhrələnmək

İmam Sadiq (ə) Araşdırma İnstitutunun elmi heyət üzvü doktor Mehdi İslami, Müqavimətin Seyidüş-şühədasının düşmənlərin sui-qəsdlərini zərərsizləşdirmək üçün media imkanlarından yüksək zəkayla istifadə etməsinə diqqət çəkərək bildirdi: Seyid Həsənin çıxışları və mövqeləri elə təsirli idi ki, doğrudan da sionist düşmənin ruhunu zəiflədir, eyni zamanda müqavimət oxuna yeni bir ruh və daha böyük motivasiya bəxş edirdi ki, düşmənlə mübarizədə əvvəlkindən daha qətiyyətli və iradəli olsunlar.

O əlavə etdi: Bizim üçün tam aydın idi ki, Şəhid Seyid Həsən Nəsrullah medianı və informasiya fəaliyyətinin imkanlarını çox yaxşı tanıyırdı. Onun çıxışlarında işlətdiyi ifadə və terminlər dərhal müqaviməti dəstəkləyən ölkələrin, o cümlədən İranın siyasi leksikonuna daxil olur və beləliklə yüksək media təsiri qazanırdı.

İslami qeyd etdi ki, müqavimət Seyidinin  media ustalığının zirvəsi onun Livanda peycerlərin partlayışından sonrakı son çıxışında özünü göstərmişdir. Çünki həmin çıxış düşkün sionist düşmənin qorxuya düşməsinə ciddi zəmin yaratdı. Şəhid Nəsrullah bu çıxışında Hizbullaha vurulan zərbəni əsla gizlətməyə çalışmadı, lakin dərhal vurğuladı ki, bu hücumlara baxmayaraq, nə Livan cəbhəsi dayanacaq, nə də Qəzza və İordan çayının qərb sahəsinə dəstək kəsiləcək. Əksinə, bu yol əvvəlkindən daha böyük əzm və iftixarla davam etdiriləcək.


İxlas və sadə həyat tərzi, Müqavimət Seyidinin  seçilən xüsusiyyəti.

O bildirdi: Bu ilahi şəxsin yüksək ixlas və itaətkarlığının yanında ən mühüm xüsusiyyətlərindən biri sadə və təmtəraqsız şəxsi həyatı idi. Onun bu səmimi sadəliyi, Livan xalqı, xüsusən İslam müqavimətinin döyüşçüləri ilə dərin bir mənəvi bağlılıq yaratmışdı. Necə ki, Ali Lider də sevimli komandirləri təsvir edərkən buyurmuşdur: ‘Onlar xalqın içindən çıxıb, xalqla yaşadılar və xalq üçün canlarını fəda etdilər.’

Universitet müəllimi həmçinin əlavə etdi: 2006-cı il müharibəsi təcrübəsindən sonra Seyid Həsən Nəsrullahın şəxsiyyəti təkcə Livanda deyil, Fələstində, Suriyada və hətta İraqda antisionist qüvvələr arasında birləşdirici sütunlardan birinə çevrildi. Bu, Müqavimət cəbhəsinin dərin strateji gücüdür və Ali Liderin ifadəsi ilə desək, düşmənə qarşı əsas çəkindirici amildir.

Rəvayətlər müharibəsi və media qarşıdurması

O xatırlatdı ki, İslam müqavimət qüvvələri Seyid Həsən Nəsrullahın rəhbərliyi və istiqamətləndirilməsi altında döyüşlərə dair yerli rəvayətlər istehsal etməklə həm öz qanuniliyini möhkəmləndirdi, həm də Qüdsün qəsbkar rejiminin məğlubedilməz olmadığı təsəvvürünü ictimai rəyin yaddaşına həkk etdi. Bu, məhz o mühüm mövzudur ki, Ali Dini Lider dəfələrlə “rəvayətlər müharibəsi” barədə vurğulamış və daim xüsusi diqqət yetirmişdir.

İslami, həmçinin Seyid Həsən Nəsrullah məktəbinin saf təlimlərinin və bu günün dünyasında İslam müqaviməti mədəniyyəti ilə ruhunun təbliği istiqamətində məqsədyönlü, davamlı və yorulmaz səylərin zəruriliyini qeyd edərək dedi:
“Düşmən yanlış təsəvvürlə düşünürdü və hələ də düşünür ki, Seyid Həsən Nəsrullah və Yəhya Sinvar kimi komandirləri fiziki olaraq aradan götürməklə, rəhbərlik xəttini kəsə, müqavimət cəbhəsini iflic edə və onun məhvinə zəmin yarada bilər. Halbuki təcrübə göstərmişdir ki, ilahi kişilərin şəhadəti motivasiyaları qat-qat artırır, müqavimət hərəkatına bağlılıq və marağı daha da gücləndirir. Necə ki, Hacı Qasimin şəhadətindən sonra da ona sevgi və bağlılıq əvvəlkindən daha çox artmışdır.

Müqavimətin Seyidüş-şühədasının əbədi və ilhamverici mirası

O əlavə etdi: İlahi lütf sayəsində və ABŞ ilə İsrailin cinayətkar rəhbərlərinin bütün kin-küdurətinə rəğmən, bu gün Şəhid Seyid Həsən Nəsrullahın qanı yalnız Hizbullahın damarlarında deyil, İslam ümmətinin qəlbində və müqavimətin bütün coğrafiyalarında axır. Hətta qlobal miqyasda bütün haqqsevərlərə və azadlıq aşiqlərinə ilham mənbəyi olmuşdur. Bu həqiqət Müqavimət Seyidinin əbədi mirası kimi dəyərləndirilməli və dərindən təhlil edilməlidir.

Hesabat: Seyid Məhəmməd Mehdi Musəvi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha