Hövzə Xəbər Agentliyi | Min illərdir ki, bəşər cəmiyyəti Allahın höccətinin zühur nemətindən məhrum qalmış, ilahi rəhbərin və məsum imamın hüzurunu dərk etməkdən uzaq düşmüşdür.
Belə bir sual yaranır: Allahın Höccətinin qeybətdə olması və həyatını insanların gözündən gizli şəkildə sürdürməsi dünya və məxluqat üçün hansı faydaları vardır? Məgər o, zühur dövrünə yaxın bir zamanda doğula bilməzdimi ki, uzun müddətli qeybətin məşəqqətlərini həm özü, həm də bəşəriyyət yaşamasın?
Bu kimi suallar, əslində, imam və ilahi höccətin mövqeyini kifayət qədər tanımamaqdan qaynaqlanır.
Əslində, imamın varlıq aləmində mövqeyi necədir? Onun bütün faydaları yalnız zahirdə olmasına bağlıdırmı? O, sadəcə insanların rəhbəri və başçısı olaraqmı mövcuddur, yoxsa onun varlığı bütün məxluqat üçün fayda və bərəkət mənbəyidir?
İmam varlığın əsasıdır
Şiə etiqadına və dini təlimlərə əsasən, imam Allahın yaratdığı bütün mövcudata öz faydasını çatdırmaqda vasitədir. O, kainat nizamının əsası və mərkəzidir. İmam olmasa nə insan, nə cin, nə mələk, nə heyvan, nə də cansız varlıqların mövcudluğu davam edə bilməz.
İmam Cəfər Sadiq (ə) buyurmuşdur:
لَوْ بَقِیَتِ اَلْأَرْضُ بِغَیْرِ إِمَامٍ لَسَاخَتْ. (کافی، ج ۱، ص ۱۷۹)
«Əgər yer üzü imamsız qalsa, mütləq batar (və nizamı pozular).»
(Kafi, c.1, s.179)
İmamın Allahın göstərişlərini insanlara çatdırmaqda və onları kamala doğru hidayət etməkdə vasitə olması aydın və danılmaz həqiqətdir. Çünki əzəldən bəri uca Allah peyğəmbərlər sonra isə onların canişinləri vasitəsilə bəşəriyyət karvanını hidayət etmişdir. Lakin məsumların kəlamlarından aydın olur ki, imamların mövcudluğu yalnız insanların mənəvi rəhbərliyi ilə məhdudlaşmır. Onların varlığı, ümumilikdə, aləmdəki bütün nemət və feyzlərin məxluqata çatması üçün ilahi vasitədir.
Başqa sözlə, hər bir mövcudat kiçik və böyük öz varlığını və həyat boyu əldə etdiyi bütün nemətləri imam vasitəsilə Allahdan alır. Həm varlığın əsası, həm də bütün bərəkətlər imamın vücudu ilə bağlıdır.
“Came Kəbirə Ziyarəti ” tam bir imamşünaslıq məktəbidir bu həqiqət aydın şəkildə belə bəyan edir: «بِکُمْ فَتَحَ اللّهُ وَبِکُمْ یخْتِمْ وَبِکُمْ ینَزِّلُ الغَیثَ وَبِکُمْ یمسِکُ السَّماءَ اَنْ تَقَعَ عَلَی الاَرضِ اِلاّ بِاِذنِهِ.»
Allah sizin vasitənizlə (ey böyük imamlar) aləmi yaratmağa başladı və sizinlə də onu sona yetirəcəkdir. Sizin bərəkətinizlə yağış endirilir və sizin səbəbinizlə göy Allahın izni olmadan yerin üstünə düşməkdən qorunur.»
Beləliklə, imamın varlıq aləmindəki təsiri yalnız onun zahirdə olması ilə məhdudlaşmır. Onun varlığı hətta qeybətdə və insanların gözündən gizli yaşadığı halda da bütün məxluqatın həyat mənbəyi və ilahi feyzin daşıyıcısıdır. Çünki Allahın iradəsi belədir ki, ən kamil və üstün varlıq olaraq imam, ilahi nemətlərin bütün mövcudata çatdırılmasında vasitə olsun. Bu baxımdan, imamın qeybəti ilə zühuru arasında fərq yoxdur. Hər halda bütün aləm onun varlığından faydalanır və imam Mehdi (ə.f) qeybətdə olduğu dövrdə də bu həqiqət dəyişmir.
Maraqlıdır ki, İmam Mehdi (ə.f) qeybət dövründə insanlığın ondan necə faydalandığını belə açıqlayır: «وَ أَمَّا وَجْهُ اَلاِنْتِفَاعِ بِی فِی غَیْبَتِی فَکَالاِنْتِفَاعِ بِالشَّمْسِ إِذَا غَیَّبَتْهَا عَنِ اَلْأَبْصَارِ اَلسَّحَابُ وَ إِنِّی لَأَمَانٌ لِأَهْلِ اَلْأَرْضِ کَمَا أَنَّ اَلنُّجُومَ أَمَانٌ لِأَهْلِ اَلسَّمَاءِ.» (کمال الدین، ج ۲، ص ۴۸۳)
«Mənim qeybətimdə məndən faydalanmağın nümunəsi, buludların arxasında gizlənsə də, insanlara istilik və işıq saçan günəşdən faydalanmaq kimidir. Həqiqətən də, mən yer əhli üçün əminlik mənbəyiyəm. Necə ki, ulduzlar göy əhli üçün əminlik vasitəsidir.»
(Kəmalud-din, c.2, s.483)
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz