çərşənbə 8 oktyabr 2025 - 15:45
İmam Zamanın (ə.f) uzunömürlülüyü / Mədəviyyət mövzusu - 13

Hövzə / Bütün səmavi dinlərin ardıcıllarının inancına görə, aləmdəki bütün zərrələr Allahın ixtiyarındadır. Bütün səbəb və vasitələrin təsiri Onun iradəsinə bağlıdır; əgər O istəməzsə, səbəblər təsirsiz qalır. Həmçinin, Allah təbii səbəb və vasitələr olmadan da varlıqları yarada və meydana gətirə bilər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, məhdəviyyət mövzularına dair "ideal cəmiyyətə doğru" adlı konfrans, Həzrət İmam Zamanın (ə.f) öyrədici bilik və dərslərinin yayılmasını məqsəd qoymaqla siz hörmətli oxucularımıza təqdim edirik.

İmam Mehdinin (ə.f) həyatına dair mövzulardan biri də onun uzunömürlülüyüdür. Bəzi insanlar üçün bu sual yaranır: Necə ola bilər ki, bir insan bu qədər uzun bir ömür yaşasın?!

Bu sualın yaranma səbəbi odur ki, müasir dünyada insanların ömrü məhduddur və adətən müəyyən yaş həddini aşmır. Belə bir vəziyyətdə bəziləri uzunömürlülük anlayışını qəbul etməkdə çətinlik çəkirlər. Halbuki, ağıl və elmi baxımdan uzun ömür sürmək qeyri-mümkün bir hal deyil. Alimlər insan bədəninin quruluşunu və hüceyrələrini tədqiq etməklə bu nəticəyə gəlmişlər ki, insan çox uzun illər boyu yaşaya bilər və hətta qocalıq və bədən aşınması kimi hallar da zəruri deyil.

Alimlərin qocalığa qalib gəlmək və ömrü uzatmaq yollarını tapmaq istiqamətində apardıqları elmi araşdırmalar, belə bir hadisənin mümkünlüyünü göstərir. Hətta bu sahədə müəyyən uğurlu addımlar da atılmışdır.

Səmavi və tarixi kitablarda adı, həyatı və fəaliyyəti qeyd olunan bir çox insanların ömürlərinin, müasir dövrdəki adi insan ömründən qat-qat uzun olduğu bildirilir.

Qurani-Kərimdə bir ayə vardır ki, orada təkcə uzunömürlülükdən deyil, həm də əbədi həyatın mümkünlüyündən xəbər verilir. Bu ayə Həzrət Yunis (əleyhis-salam) haqqında belə buyurur: 

 «فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ * لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ»
“Əgər o, təsbih edənlərdən olmasaydı, Qiyamət gününə qədər balığın qarnında qalardı.”
(Saffat surəsi, 143–144-cü ayələr)

Beləliklə, Qurani-Kərimə görə, çox uzun bir ömür Həzrət Yunisin (ə) dövründən Qiyamət gününə qədər davam edən, biologiya elminin terminologiyasında “əbədi həyat” adlandırılan bir ömür həm insan, həm də digər canlı üçün mümkündür.

Qurani-Kərim Həzrət Nuh (əleyhis-salam) barəsində də belə buyurur:

> «وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ.»
(Ənkəbut surəsi, 14-cü ayə)

“Biz Nuhu öz qövmünə göndərdik. O, onların arasında min ildən əlli il az qaldı. Nəhayət, onlar zalım olduqları halda, tufan onları bürüdü.”

Bu mübarək ayədə qeyd olunan müddət, Həzrət Nuhun (əleyhis-salam) peyğəmbərlik dövrünü göstərir. Bəzi rəvayətlərə əsasən isə, həmin mübarək peyğəmbərin ümumi ömrü 2450 il olmuşdur.

Maraqlıdır ki, İmam Səccad (əleyhis-salam) buyurmuşdur:

> «فِی اَلْقَائِمِ مِنَّا سُنَنٌ مِنَ اَلْأَنْبِیَاءِ ... فَأَمَّا مِنْ آدَمَ وَ نُوحٍ فَطُولُ اَلْعُمُرِ.»
(Kəmalud-din, c. 1, s. 321)

“Bizim Qaimimizdə (İmam Mehdidə) peyğəmbərlərin sünnələrindən bəziləri vardır. Adəm (əleyhis-salam) və Nuh (əleyhis-salam) barədə olan sünnə isə uzunömürlülükdür.”

Qurani-Kərim Həzrət İsa (əleyhis-salam) barəsində də belə buyurur:

> «وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِنْ شُبِّهَ لَهُمْ ... بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ.»
(Nisa surəsi, 157–158-ci ayələr)

“Onlar nə onu öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin (bu hadisə) onlara belə göstərildi... Əksinə, Allah onu Öz dərgahına qaldırdı.”

Beləliklə, Qurani-Kərim açıq şəkildə bildirir ki, Həzrət İsa (əleyhis-salam) sağ olaraq səmaya ucaldılmışdır və bu gün də diridir.

Eyni mövzu Tövrat və İncil kitablarında da öz əksini tapmışdır.

Tövratda belə yazılır:
 “Adəmin bütün ömrü doqquz yüz otuz il oldu, sonra o vəfat etdi. Şit yüz beş yaşında Enosu dünyaya gətirdi. Şit Enosu dünyaya gətirdikdən sonra səkkiz yüz yeddi il yaşadı və oğlanlar, qızlar dünyaya gətirdi. Şitin bütün ömrü doqquz yüz on iki il idi, sonra o öldü... Lamək yeddi yüz yetmiş yeddi il yaşadı və vəfat etdi. Nuh beş yüz yaşında idi ki, Samı, Hamu və Yafəsi dünyaya gətirdi.”
(Yaradılış kitabı, 5-ci bab, ayələr 5–32)

Bu məlumatdan açıq-aşkar görünür ki, Tövrat uzunömürlü insanların yəni doqquz yüz ildən artıq yaşamış şəxslərin  mövcudluğunu açıq şəkildə təsdiqləyir.

İncildə də qeyd olunur ki, Həzrət İsa (əleyhis-salam) çarmıxa çəkildikdən sonra dirilmiş, səmaya ucaldılmış və müəyyən bir zamanda yenidən enəcəkdir. Bu isə o deməkdir ki, həmin mübarək şəxsiyyətin ömrü artıq iki min ildən çoxdur.

Beləliklə, həm Yəhudilik, həm də Xristianlıq dinlərinin ardıcılları öz müqəddəs kitablarının məzmununa əsasən uzunömürlülüyə inanmalıdırlar.

Bundan əlavə, uzun ömür həm elmi, həm də məntiqi baxımdan mümkündür və tarixi faktlar da bunu təsdiqləyir. Ən əsası isə, sonsuz qüdrət sahibi olan Allahın iradəsi baxımından bu məsələ tamamilə məqbul və isbat olunandır.

Bütün səmavi dinlərin inancına görə, kainatdakı bütün zərrələr Allahın hökmü altındadır. Hər bir səbəbin təsiri Onun iradəsinə bağlıdır. O istəmədikcə səbəblər nəticə verməz. Allah istədiyi zaman təbii səbəblərdən asılı olmayaraq, yaratmağa və var etməyə qadirdir.

O, dağın ortasından dəvə çıxaran, yandırıcı atəşi Həzrət İbrahim (əleyhis-salam) üçün sərin və salamat edən, dənizi Həzrət Musa (əleyhis-salam) və onun ardıcılları üçün iki su divarına çevirərək qurudan Allahdır. Belə bir Allah, peyğəmbərlərin və övliyaların xülasəsi, ilahi vəhyin son nişanəsi, Qurani-Kərimdə vəd edilən böyük ilahi vədin daşıyıcısı olan İmam Mehdiyə (əleyhis-salam) uzun bir ömür bəxş etməkdə aciz ola bilərmi?!

Qeyd (1):
“Elmi mümkünlük” ifadəsindən məqsəd odur ki, bəzi hadisələri indiki texnoloji imkanlarla həyata keçirmək mümkün olmasa da, elmi qanunlar baxımından onların baş verməsinə heç bir maneə yoxdur.

Məşhur alimlərdən alman alimi Vayzman, tanınmış fizik Floker, amerikalı tədqiqatçı doktor Kilor Dhouz, professor Ettinger və Dimond Veberl (Johns Hopkins Universitetinin professorları)  insan ömrünün bir neçə yüz ilə qədər uzanmasının elmi cəhətdən mümkün olduğunu qeyd etmişlər.

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Rəyiniz

You are replying to: .
captcha