bazar 4 yanvar 2026 - 18:06
Amerikanın Venesuelaya hərbi müdaxiləsi və İranı hədələməsi beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır

Hövzə / Senator Raca Nasir Abbas Cəfəri yaydığı bəyanatda Donald Trampın Venesuelaya qarşı hərbi tədbirlərini, eləcə də İran İslam Respublikasına yönəlmiş təhrikedici hədələrini qətiyyətlə pisləyib və vurğulayıb ki, müstəqil bir ölkənin bombardmanı və blokadası heç bir şəraitdə qəbuledilən deyil.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Pakistan Müslman Birliyi Assambleyasının sədri senator Raca Nasir Abbas Cəfəri yaydığı bəyanatda bildirib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi BMT nizamnaməsinin, beynəlxalq qanunların və bütün qəbul olunmuş qlobal norma və prinsiplərin açıq şəkildə pozulmasıdır. Bu ölkəyə qarşı iqtisadi blokada və hərbi təzyiqlər Amerika dövlətinin administrasiyasının təxribatçı və imperialist siyasətə malik olmasının əsl üzünü göstərir. Belə bir siyasətdə diplomatiya və dialoq əvəzinə neft maraqları və daxili uğursuzluqları gizlətmək üçün ictimai rəy manipulyasiyası əsas məqsəd kimi görünür.

O əlavə edib ki, ABŞ-ın sərhədlərdən kənarda hərbi güc nümayiş etdirməsi əslində ölkə rəhbərliyinin zəifliyini və daxili siyasi böhranları gizlətmək cəhdindən başqa bir şey deyil. Belə yanaşma yalnız qlobal sabitliyə zərər vurmaqla kifayətlənmir, eyni zamanda gərginliyi artırır və dünyanı daha böyük təhlükələrə sürükləyir.
Pakistan Müslman  Birliyi Assambleyasının sədri həmçinin Donald Trampın İran İslam Respublikasına qarşı təhrikedici hədələrini ikili standart və riyakarlığın bariz nümunəsi kimi qiymətləndirib və vurğulayıb ki, müstəqil bir ölkənin daxili işlərinə müdaxilə etməkdən danışmaq, etirazları dəstəkləmək bəhanəsi ilə, əslində uzun müddət müxalifləri boğmaq və zorakılığı təşviq etmək tarixi olan bir şəxsin etdiyi açıq ikili standartdır.
O qeyd edib ki, bu cür mövqelər qlobal sülh üçün ciddi təhlükə yaradır və məqsəd yalnız şəxsi güc nümayişi və siyasi təbliğatdır. Belə ki, Nobel Sülh mükafatı iddiası açıq və inanılmaz bir ziddiyyətə çevrilib.

Senator Raca Nasir Abbas Cəfəri yekunda beynəlxalq ictimaiyyəti, xüsusən BMT-ni və beynəlxalq insan hüquqları qurumlarını ABŞ-ın təcavüzünə qarşı susmamağa çağıraraq vurğulayıb ki, zorakılığa əl atmaq əvəzinə dialoq, danışıqlar və diplomatiya yolları gücləndirilməlidir. Dünya artıq yeni müharibələrə dözə bilməz və imperialist hədəflərə qarşı mübarizə təcili zərurətdir. Pakistan və bütün azad, müstəqil xalqlar zülm görən ölkələrin yanında durmalı və qlobal sülhün qorunması, dövlətlərin milli suverənliyinin müdafiəsi və beynəlxalq qanunların üstünlüyü uğrunda vahid və güclü səs verməlidirlər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha