Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, 4 may bazar ertəsi günü, ölkə üzrə Elmi hövzələrinin beynəlxalq məsələlər üzrə müavini, Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari, Ali Fiqh mədrəsəsində keçirilən “Ramazan ayında baş vermiş müharibənin beynəlxalq ölçülərinin son vəziyyəti və dini hövzələrin prioritetləri mövzusunda elmi və mədəni iclasda çıxış edib.
O, beynəlxalq arenada baş verən sürətli dəyişikliklərə toxunaraq, Ramazan ayında baş vermiş müharibəni strateji hadisə və tarixi dönüş nöqtəsi kimi qiymətləndirərək bildirib ki, bu hadisə dünyanı siyasi, təhlükəsizlik, sivilizasiya və düşüncə baxımından yeni xüsusiyyətlərə malik mərhələyə daxil edib.
O, müzakirənin iki əsas istiqamətinə diqqət çəkərək bildirib ki, bu iclasda bir tərəfdən Ramazan ayında baş vermiş müharibənin təsir və nəticələrinə fokuslanan beynəlxalq vəziyyətin son durumu təhlil olunur, digər tərəfdən isə “irəlidə gedən və sivilizasiya yaradan dini hövzə manifesti”nə beynəlxalq baxış təqdim edilir. Çünki bu iki müzakirənin nəticəsi dini hövzələrin beynəlxalq sahədə şəxsi, institusional və strateji proqramlarının ciddi şəkildə yenidən nəzərdən keçirilməsinə səbəb olmalıdır.
Dini hövzələrin beynəlxalq məsələlər üzrə müavini Ramazan ayında baş vermiş müharibəni real tarixi dönüş nöqtəsi adlandıraraq xatırladıb ki, bu, “şəhid Ayətullah Seyid Əli Xameneinin” son illərdə dəfələrlə xəbər verdiyi və baş verəcəyini müjdələdiyi reallıqdır.
O vurğulayıb ki, Ramazan müharibəsi beynəlxalq arenada mühüm dəyişikliklərə səbəb olub və bu müharibədən əvvəlki dünya ilə sonrakı dünya tamamilə fərqlidir.
Hüseyni Kuhsari əlavə edib ki, Ramazan ayında baş vermiş müharibədən əvvəl və sonra arasındakı fərq sadəcə zaman fərqi deyil, bu, tarixi miqyasda bir fərqdir.
O bildirib ki, bu gün biz yeni bir dünya ilə, eləcədə yeni xüsusiyyətlərə və parametrlərə malik, müxtəlif sahələrdə geniş “fəthlər”in baş verdiyi bir reallıqla qarşı-qarşıyayıq. Bu “fəthlər” siyasi sahədə İslam Respublikasına və müqavimət diskursuna, məzhəbi sahədə şiəliyə, dini sahədə İslama və qlobal səviyyədə insan fitrəti və insanlıq diskursuna münasibətdə özünü göstərir.
O qeyd edib ki, bu dəyişiklikləri kiçiltmək olmaz və əgər dünyanın yeni bir nizam mərhələsinə daxil olduğu düzgün dərk edilməzsə, düzgün qərarvermə və təsirli rol oynamaq imkanı da itirilə bilər.
O əlavə edib ki, regionda bu yeni nizam böyük ölçüdə formalaşıb və dünyanın digər bölgələrində də tədricən genişlənməkdə və möhkəmlənməkdədir.
Elmi hövzələrin yeni dünya nizamı dövründə məsuliyyətləri
O, qeyd edib ki, mövcud şəraitdə Elmi hövzələrin üzərinə əvvəlkindən qat-qat daha ağır məsuliyyətlər düşür. İslam İnqilabının yolgöstərəni, müqavimət düşüncəsinin rəhbəri və bu gün artıq yeni dünya nizamının istiqamətləndirici qüvvəsi kimi Elmi hövzələr bu yeni şəraitə fikri, diskursiv və strateji baxımdan hazır olmalıdırlar.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari əlavə edib: Elmi hövzə artıq əvvəlki model və imkanlarla fəaliyyət göstərə bilməz, əksinə, baxış tərzi, planlaşdırma, düşüncə forması, kadr hazırlığı və eləcədə qlobal miqyasda meydana çıxan yeni problemlərə cavab verməkdə də ciddi yenidənqurmaya ehtiyac var.
Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Ali Məqamlı Rəhbərin fikirlərinə istinad edərək, hegemon sistemin zəifləməsi və süqutunun dörd əsas amilini belə sadalayıb: Amerikanın regiondan çıxarılması, sionist rejimin zəifləməsi və süqutu, təkqütblü dünya nizamının sona çatması və Qərb sivilizasiyasının tənəzzülü. O bildirib ki, Ramazan ayında baş vermiş müharibə bu dörd istiqamətin hər birində ciddi sürətlənmə və mühüm irəliləyiş yaradıb.
O vurğulayıb: ABŞ artıq regionda əvvəlki mövqeyini itirib və bu dəyişikliklərdən sonra onun mövcudluğu heç vaxt Ramazan ayında baş vermiş müharibədən əvvəlki səviyyə və keyfiyyətə qayıtmayacaq. Digər tərəfdən, sionist rejim tənəzzül yoluna daxil olub və dünya sürətlə ABŞ mərkəzli təkqütblü modeldən uzaqlaşır.
O bildirib ki, bu gün Qərbin özündə də əvvəlki vahidlik müşahidə olunmur və ABŞ-la yanaşı, Avropa İttifaqı da daha müstəqil bir güc mərkəzi kimi çıxış edir. Bununla yanaşı, Çin, Rusiya və Hindistan kimi güclər də daha təsirli və müəyyənedici rol qazanıblar.
Fars körfəzi ölkələrində güc balansının dəyişməsi
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Fars körfəzi ölkələrindəki dəyişikliklərə toxunaraq bildirib: Bu regionda artıq ABŞ-a tam təhlükəsizlik asılılığı və Vaşinqtonun birbaşa və həlledici təsiri mərhələsi geridə qalır və yeni bir nizam formalaşır.
O əlavə edib: Bu yeni nizamda bəzi ərəb ölkələrinin ABŞ-la tam strateji ittifaqları sarsılacaq və əvvəllər İran İslam Respublikasına qarşı mövcud olan vahid bloklar artıq davamlı olmayacaq.
O, bəzi regional ölkələrin davranışında dəyişikliklərə işarə edərək bildirib: Qətər, Oman və hətta Küveyt kimi ölkələr əvvəlki siyasətlərindən müəyyən məsafə götürdüklərini göstərirlər və artıq əvvəlki kimi İran İslam Respublikasına qarşı koordinasiyalı blok çərçivəsində hərəkət etmək istəmirlər.
Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini bəzi regional ölkələrin ABŞ-la əməkdaşlığının birbaşa və dolayı xərclərinə toxunaraq bildirib: Bu ölkələr müharibə zamanı infrastruktur, iqtisadiyyat, enerji, tranzit, turizm və investisiya sahələrində ciddi zərərlərə məruz qaldılar və bu vəziyyət onları strateji hesablamalarını yenidən nəzərdən keçirməyə sövq etdi.
O, region ölkələri arasında ABŞ-a, sionist rejimə və müqavimət cəbhəsinə münasibətdə artan uzaqlaşmadan danışaraq vurğulayıb: İran İslam Respublikası bu siyasi və təhlükəsizlik dəyişikliklərini iqtisadi fürsətə çevirməlidir. Çünki düzgün və ağıllı idarəetmə ilə bu proses regionda İslamın yeni sivilizasiyası istiqamətində davamlı transformasiyaya səbəb ola bilər.
İqtisadi əsas olmadan yeni İslam sivilizasiyası mümkün deyil
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari qeyd edib ki, sivilizasiya quruculuğu məsələsinə iqtisadi amil nəzərə alınmadan daxil olmaq mümkün deyil. O bildirib ki, yeni İslam sivilizasiyasından danışarkən artıq yalnız siyasi, təhlükəsizlik, ideoloji və mədəni sahələrlə kifayətlənmək olmaz. Regionda və İslam dünyasında iqtisadi sahə üçün də fundamental yanaşma formalaşdırılmalıdır.
O əlavə edərək bildirib ki, sivilizasiyanın formalaşması İslam dünyası səviyyəsində dayanıqlı iqtisadi strukturların qurulmasını tələb edir və dini hövzələr bu sahədə daha ciddi nəzəri və ideoloji rol oynamalıdır.
O, müqavimət cəbhəsində baş verən dəyişikliklərə toxunaraq bildirib ki, müqavimət artıq müdafiə və çəkindirmə mərhələsini geridə qoyaraq bu gün müəyyənedici mərhələyə qədəm qoyub. Yəni artıq təkcə təsir göstərən deyil, regiondakı prosesləri müəyyən edən əsas amilə çevrilib.
Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini vurğulayıb ki, müqavimət cəbhəsi müdafiə şəbəkəsi mərhələsini aşaraq artıq regional müharibə çərçivəsində hücum xarakterli yanaşmanı təcrübədən keçirir. Bundan əlavə, müqavimət regional sərhədləri də aşaraq qlobal müqavimət müstəvisinə daxil olur.
O, bu sahədə beş mühüm dəyişiklik olduğunu qeyd edərək əlavə edib ki, bunlara müqavimət cəbhəsinin müxtəlif komponentləri arasında misilsiz operativ koordinasiya, müharibənin hərbi səviyyədən regional səviyyəyə keçməsi, müharibənin tam hibrid xarakter alması, meydanla ictimai rəy arasında güclü vəhdətin yaranması və qlobal səviyyədə yeni müqavimət cəbhələşməsinin formalaşması daxildir.
Hüseyni Kuhsari qeyd edib ki, müasir müharibə artıq yalnız hərbi müstəvidə aparılmır, bu gün iqtisadi, media, idrak (kognitiv), siyasi və təhlükəsizlik ölçülərini eyni vaxtda əhatə edən tam hibrid müharibə ilə qarşı-qarşıyayıq.
O, müqavimət cəbhəsinin kognitiv müharibə sahəsində zəifliyini tənqid edərək bildirib: Bu sahədə intellektual, ideoloji və media fəallarının ciddi çatışmazlığı hiss olunur. Müqavimət cəbhəsi hələ də bu istiqamətdə lazımi təşkilatlanmaya nail olmayıb, elementlər bir-birini kifayət qədər tanımır, ciddi şəbəkələşmə aparılmayıb və vahid əməliyyat xəritəsi mövcud deyil.
O vurğulayıb: Müqavimət cəbhəsinin hər bir hissəsi kognitiv və media sahəsində ayrı-ayrılıqda fəaliyyət göstərir, halbuki bu sahə vahid koordinasiya mərkəzi, sinxron fəaliyyət və sürətli birgə əməliyyatlar tələb edir.
O, Ramazan ayında baş vermiş müharibədən sonra ABŞ-ın vəziyyətini təhlil edərək bildirib: ABŞ regionda artıq hegemon və mütləq üstünlük mərhələsini geridə qoyub və hazırda idarə olunan geriçəkilmə dövrünü yaşayır.
Hüseyni Kuhsari qeyd edib: ABŞ artıq regionun hegemon gücü deyil və faktiki olaraq İran İslam Respublikası əsas və müəyyənedici aktora çevrilib.
O əlavə edib: ABŞ-ın hərbi və təhlükəsizlik sahəsində çəkindirici nüfuzu ciddi şəkildə zədələnib və bu ölkənin böhranları idarə etməkdə acizliyi hətta müttəfiqləri arasında da tərəddüd və məyusluq yaradıb.
Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini həmçinin ABŞ-ın beynəlxalq səviyyədə görünməmiş təcrid vəziyyətinə düşdüyünü qeyd edərək bildirib: Bir çox Avropa ölkələri açıq şəkildə bəyan ediblər ki, İran əleyhinə müharibə üçün öz ərazilərindən, hava məkanından və ya imkanlarından istifadə olunmasına razı deyillər. Bu isə Qərb cəbhəsində ciddi parçalanmanın aydın göstəricisidir.
Sionist rejim mövcudluq böhranında
O vurğulayıb ki, sionist rejim üstünlük iddiaları və region ölkələri ilə münasibətlərin normallaşdırılması layihəsi mərhələsindən çıxaraq artıq mövcudluq və sağ qalma böhranı mərhələsinə daxil olub.
O bildirib ki, bu rejim hazırda tükənmə və strateji zəifləmə prosesinə daxil olub və bu proses geri dönməz xarakter daşıyır. Müdafiə doktrinasının sarsılması, ona qarşı çoxsaylı cəbhələrin aktivləşməsi, daxili böhranların dərinləşməsi, qlobal miqyasda nifrətin artması və münasibətlərin normallaşdırılması prosesinin arxa plana keçməsi bu yeni vəziyyətin əsas əlamətləridir.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari qeyd edib: Bu gün artıq əsas məsələ sionist rejimin necə genişlənməsi deyil, əsas sual onun ümumiyyətlə mövcudluğunu davam etdirə bilib-bilməyəcəyidir.
O, İslam dünyasında baş verən dəyişikliklərə toxunaraq bildirib: Pakistan, İraq, Banqladeş, Hindistan və digər bəzi bölgələrdə ölkələr passivlik və müşahidəçi mövqedən çıxaraq yeni bir İslami oyanış, bəzi hallarda isə bir növ İslami dirçəliş mərhələsinə daxil olublar.
O vurğulayıb ki, bu yeni oyanış artıq elita və hakimiyyətlər qarşısında ümumi bir tələbə çevrilib və ictimai rəyin müqavimət cəbhəsi və regional hadisələrə münasibətdə daha aydın və fəal mövqelər tələb etməsi getdikcə güclənir.
Hüseyni Kuhsari bu vəziyyəti İslam dünyasında sivilizasiya baxımından yaxınlaşma üçün zəmin kimi qiymətləndirərək bildirib: İran İslam Respublikası bu fürsətdən istifadə edərək mühüm İslam ölkələri ilə münasibətlərini yenidən müəyyənləşdirməlidir.
Dini hövzələrin beynəlxalq məsələlər üzrə müavini İran İslam Respublikasının İslam dünyasında bəzi diplomatik və strateji təşəbbüslərinə də toxunaraq qeyd edib ki, bu mərhələdə Pakistan, Türkiyə və Misir kimi ölkələrlə mühüm qarşılıqlı əlaqələr formalaşıb.
O, Pakistanla bağlı bildirib: Bu ölkə Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik və hərbi əlaqələrinə baxmayaraq, hazırkı mərhələdə İran İslam Respublikası ilə daha yüksək səviyyəli yaxınlaşmaya daxil olub və şərq sərhədlərindən qaynaqlanan bəzi potensial təhlükələr də azalıb.
O vurğulayıb ki, bu proseslər İran İslam Respublikasının İslam dünyası ilə münasibətlərdə yeni mərhələyə daxil olduğunu göstərir və əgər bu xətt hikmət və düzgün idarəetmə ilə davam etdirilərsə, daha geniş və dərin yaxınlaşmalara gətirib çıxara bilər.
Yeni İslam sivilizasiyası, transmilli və çoxölkəli layihə
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari bildirib ki, sivilizasiya quruculuğu tək bir ölkəyə əsaslanaraq mümkün deyil. O qeyd edib: Əgər yeni İslam sivilizasiyasından danışırıqsa, bilməliyik ki, sivilizasiya mahiyyət etibarilə transmilli xarakter daşıyır və eyni baxışa malik ölkələrdən ibarət bir şəbəkə tələb edir.
O əlavə edib ki, İran İslam Respublikası Pakistan, Türkiyə, İndoneziya, İraq, Səudiyyə Ərəbistanı, Hindistan, Banqladeş və digər təsirli İslam ölkələri ilə münasibətlərini dəqiqləşdirməli və onları ən azı qarşıdurma və düşmənçilik müstəvisindən çıxarmalıdır ki, sivilizasiya baxımından yaxınlaşma üçün zəmin yaradılsın.
O, “irəlidə gedən və sivilizasiya yaradan Elmi hövzə manifesti”nə toxunaraq bildirib: Bu sənəd mahiyyət etibarilə tamamilə beynəlxalq, qlobal və sivilizasiya xarakterli bir sənəddir.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari sonda tələbə və dini elita nümayəndələrinə müraciətlə bildirib: Əgər bizim dini təhsil modelimiz, dərs oxuma üsulumuz və elmi baxışlarımız hələ də 10 il əvvəlki kimi qalırsa, bu, ciddi strateji səhvdir. Çünki bu gün biz tarixi dönüş nöqtəsi və sivilizasiya qarşıdurması ilə üz-üzəyik və bu vəziyyət baxışın, məzmunun, strukturun və planlaşdırmanın dəyişdirilməsini qaçılmaz edir.
Xəbərin sonu

Ramazan ayında baş vermiş müharibənin beynəlxalq ölçülərinin son vəziyyəti və Elmi hövzələrin prioritetlərinin araşdırılması üzrə toplantı

Rəyiniz