Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Abidini Qum şəhərində “Məşər İman Cəmiyyəti”nin təşəbbüsü ilə həzrət Məhdi (əc) dostları adlı kompleksində keçirilən “Risalətlər” toplantısının iyirminci iclasında çıxışı zamanı müqavimət cəbhəsində baş verən son hadisələrə toxunaraq bildirib ki, zühura yaxınlaşdıqca Qurani-Kərimin həqiqətləri və ilahi sünnələr hadisələrin içində daha aydın görünür və insan gündəlik hadisələrdə ilahi ayələrin nümunələrini daha yaxşı müşahidə edə bilir.
O, hadisələrin Quran əsasında təhlil edilməsinin vacibliyini vurğulayaraq deyib: Möminlər dünyada baş verən hadisələri Qurana qaytarmalı, ictimai, siyasi və sivilizasiya yönümlü təhlillərində Qurani-Kərimi əsas meyar qəbul etməlidirlər. Əvvəlcə şəxsi düşüncə və analizlər əsasında nəticəyə gəlib sonra ona Qurandan dəlil axtarmaq düzgün yanaşma deyil.
Quran – bütün hadisələrə şahid olan canlı kitab
Qum Elmi hövzəsinin müəllimi bildirib ki, Quran yalnız əxlaq və ya tarix kitabı deyil: “Quran diri və əbədi olan Allah tərəfindən nazil edilib və ilahi ad və sifətlərin təcəllisi onda əks olunub. Cəmiyyət Quranın canlı olduğuna inansa, insanın Quranla münasibəti də formal münasibətdən həqiqi və canlı əlaqəyə çevrilər.”
O əlavə edib ki, bu günün əsas problemi Quranı yaxşı kitab hesab etməyimiz, lakin onu həqiqi mənada Allahın canlı kəlamı kimi qəbul etməməyimizdir. Hadisələr ilahi qanunlar əsasında təhlil edilərsə, insan yəqinlik və mənəvi aramlıq əldə edər.
Höccətül-İslam vəl-müslimin Abidini «لَئِن شَکَرتُم لَأَزیدَنَّکُم» “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam” (İbrahim surəsi, 7-ci ayə) və «إِن تَنصُرُوا اللَّهَ یَنصُرکُم» “Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.” (Məhəmməd surəsi 7-ci ayə) ayələrinə işarə edərək vurğulayıb ki, bu ayələr sadəcə əxlaqi tövsiyə deyil, dəyişməz ilahi qanunlardır və onlara əsaslanan hər bir cəmiyyət bunun nəticəsini görəcək.
İlahi baxış hadisələrin gizli həqiqətini ortaya qoyur
O, “ilahi baxış” anlayışını izah edərək bildirib ki, dünyadakı hər hadisənin üç növ izahı mövcuddur: Zahiri baxış, şeytani baxış və ilahi baxış. Zahiri baxış görünən hadisələri göstərir, ilahi baxış isə hadisələrin arxasında cərəyan edən həqiqəti üzə çıxarır.
Onun sözlərinə görə, Aşura hadisəsində zahiri baxış İmam Hüseynin (ə) şəhadəti və Əhli-beytin (ə) əsirliyi idi, lakin ilahi baxış haqq cəbhəsinin böyük tarixi qələbəsini və Bəni-üməyyənin süqutunun başlanmasını göstərirdi.
Son hadisələr ABŞ və sionist rejimin zəifləməsinin göstəricisidir
Höccətül-İslam vəl-müslimin Abidini son illərin hərbi və təhlükəsizlik hadisələrinə toxunaraq bildirib ki, İran İslam Respublikası mühüm nailiyyətlər əldə edib və bu hadisələrin hər biri başqa dövrdə baş versəydi, illərlə milli qürur mənbəyi olardı.
O, ABŞ-ın qabaqcıl pilotsuz aparatlarının vurulması, yeni texnologiyaların əldə olunması, düşmənin mürəkkəb sistemlərinin uğursuzluğu və ABŞ hərbi gəmilərinin bölgədə geri çəkilməsini “hegemon qüvvələrin məğlubiyyət əlamətləri” adlandırıb.
Qum Elmi hövzəsinin müəllimi qeyd edib ki, düşmən ən son hərbi texnologiyalarla meydana çıxsa da, məqsədlərinə çata bilməyib və bu hadisələr xalqa “fəth rəvayəti” kimi çatdırılmalıdır; yalnız problemlər və çatışmazlıqlar ön plana çəkilməməlidir.
İnqilabın şəhid rəhbərinin şəhadəti və xalqın vilayət anlayışının güclənməsi
O, İnqilabın şəhid rəhbərinin şəhadətinə toxunaraq bildirib ki, bu hadisə xalqın vilayət, beyət anlayışını daha real və daha aydın şəkildə dərk etməsinə səbəb oldu. Necə ki, insanlar Aşura hadisəsində “Sərallah” (qanının intiqamını Allah alan şəxs) həqiqətini anladılar, bu gün də vilayət və vilayəti-fəqihlə bağlılıq anlayışını daha dərindən hiss edirlər.
Höccətül-İslam vəl-müslimin Abidini əlavə edib ki, qeyb dövründə nayiblik xalqın İmam Zamanın (ə.f) vilayət həqiqəti ilə əlaqə qurmasının yoludur və son hadisələr bu bağlılığı cəmiyyət üçün daha hissolunan edib.
Xalqın oyadılması – peyğəmbərlərin əsas missiyası
«لِیَقُومَ النَّاسُ بِالقِسط»
O, “İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik” (Hədid surəsi, 25-ci ayə) ayəsinə işarə edərək bildirib ki, peyğəmbərlərin məqsədi yalnız ədaləti bərqərar etmək deyildi, əsas məqsəd ədalət uğrunda özü ayağa qalxan bir toplum yetişdirmək idi.
Qum Elmi hövzəsinin müəllimi əlavə edib ki, İslamın tərbiyəvi baxışı “xalqın dirçəldilməsi və oyadılması” üzərində qurulub və din və mədəniyyət fəalları insanları ittiham etmək əvəzinə əvvəlcə öz fəaliyyətlərini islah etməlidirlər.
Düşmənə qarşı ortaq nifrət xalqların birliyini gücləndirir
Höccətül-İslam vəl-müslimin Abidini bölgədə baş verən son hadisələrə toxunaraq deyib ki, cəmiyyətlər arasında birliyin yaranmasında ən mühüm amillərdən biri düşmənə qarşı ortaq nifrətdir.
O bildirib ki, sevgi birliyi möhkəmləndirdiyi kimi, ortaq nifrət də birliyin formalaşmasını sürətləndirir. Buna görə də Aşura ziyarətində lənət və düşməndən uzaq olduğunu elan etmək xüsusi yer tutur.
Qum Elmi hövzəsinin müəllimi vurğulayıb ki, bu gün dünya miqyasında sionist rejimə qarşı artan nifrət xalqların yaxınlaşması üçün böyük imkan yaradıb və bu sivilizasiya fürsəti əldən verilməməlidir.
Aşura ziyarəti – müqavimət cəbhəsinin manifesti
O, Aşura ziyarətini müqavimət cəbhəsinin manifesti adlandıraraq bildirib ki, bu ziyarətdə Əhli-beytə (ə) qarşı duran dörd cərəyan tanıdılır: Zülmü mədəniyyət kimi formalaşdıranlar, batil sistemi quranlar, cinayətləri birbaşa həyata keçirənlər və düşmənin hakimiyyətə gəlməsinə zəmin yaradan qüvvələr.
Höccətül-İslam vəl-müslimin Abidini sonda qeyd edib ki, haqq cəbhəsi düşmən qarşısında qalib gəlmək istəyirsə, bütün bu sahələrdə təşkilatlanmaya, düzgün rəvayətə, güclü struktura və ictimai qüdrətə sahib olmalıdır.
Rəyiniz