Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Zamanın (ə.f) zühuru ilə bağlı təlim və maarifin yayılması məqsədilə hazırlanan “İdal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları silsiləsi hörmətli oxuculara təqdim olunur.
İntizarın həqiqi mənası aydın və qəti olmasına baxmayaraq, onun barəsində müxtəlif izahlar və yanaşmalar irəli sürülmüşdür. Bu yanaşmaların bir hissəsi alim və mütəfəkkirlərin baxışlarından, digər hissəsi isə bəzi şiələrin intizar anlayışına dair təsəvvürlərindən qaynaqlanır.
Bu mövzuda iki əsas və mühüm yanaşma mövcuddur:
1. Düzgün və qurucu intizar
Qurucu, hərəkətverici və məsuliyyət yaradan intizar, hədislərdə “ən fəzilətli ibadət” və “Peyğəmbər (s) ümmətinin ən üstün cihadı” kimi təqdim edilən həqiqi intizardır.
Mərhum Müzəffər bu anlayışı qısa və əhatəli şəkildə belə izah edir:
Son xilaskar və həqiqi islahatçı olan həzrət Məhdinin (ə.f) zühurunu gözləmək o demək deyil ki, müsəlmanlar dini vəzifələrini kənara qoysunlar, haqqı müdafiə etmək, dini hökmləri yaşatmaq, cihad etmək, yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirmək kimi vacib vəzifələrdə səhlənkarlıq göstərsinlər və “İmam Zaman (ə.f) gəlib hər şeyi düzəldəcək” düşüncəsi ilə bu öhdəlikləri tərk etsinlər.
Hər bir müsəlman İslam dinin göstərişlərinə əməl etməyi özünə vacib bilməli, dini düzgün yolla tanımaq üçün əlindən gələn səyi göstərməli, imkan daxilində əmr be məruf və nəhy əz münkər (yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək) vəzifəsini yerinə yetirməkdən vaz keçməməlidir.
Necə ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
> «كُلُّكُمْ رَاعٍ وَ كُلُّكُمْ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ»
“Hamınız bir-birinizə qarşı məsuliyyət daşıyırsınız və hər biriniz himayəsində olanlar barəsində cavabdehsiniz.”
(“Biharül-Ənvar”, c. 72, s. 38)
Bu əsasda, bir müsəlman İmam Məhdinin (ə.f) zühurunu gözlədiyini bəhanə edərək öz qəti və aydın dini vəzifələrindən əl çəkə və ya onlara laqeyd yanaşa bilməz. Çünki zühur intizarı nə insanın üzərindən vəzifəni götürür, nə də əməli təxirə salmağa icazə verir. Dini vəzifələrdə səhlənkarlıq etmək və onlara qarşı biganə qalmaq heç bir halda caiz deyildir. (“Əqaidül-İmamiyyə”, s. 118)
Qısacası, həqiqi intizar mədəniyyəti üç əsas sütun üzərində qurulur:
a) Mövcud vəziyyətdən narazı olmaq və ya onunla kifayətlənməmək;
b) Daha yaxşı gələcəyə ümid bəsləmək;
c) Mövcud vəziyyətdən çıxaraq arzu olunan vəziyyətə çatmaq üçün hərəkət etmək və səy göstərmək.
2. Yanlış və azdırıcı intizar
Azdırıcı və fəaliyyətdən saxlayan intizar anlayışı ki, əslində bir növ ibahəçilik (hər şeyi sərbəst saymaq) düşüncəsidir, daim din böyükləri tərəfindən məzəmmət olunmuş və Əhli-beyt (ə) məktəbinin davamçıları bu düşüncədən çəkindirilmışlər.
Şəhid Mürtəza Mütəhhəri (Allah ona rəhmət eləsin) bu barədə yazır: Bu cür intizar, insanların məhdəviyyət və həzrət Mehdinin (Allah onun zühurunu tezləşdirsin) qiyamı barədə səthi təsəvvürlərindən qaynaqlanır. Onlar düşünürlər ki, bu qiyam yalnız partlayış xarakteri daşıyır və sadəcə zülmün, ayrı-seçkiliyin, boğucu mühitin, haqsızlığın və fəsadın geniş yayılması nəticəsində baş verəcəkdir.
Həzrət Məhdinin (ə.f) zühuru və qiyamı barədə belə bir düşüncə, eləcə də insanı İslamın hədd və qanunlarını kənara qoymağa sövq edən bu cür intizar anlayışı bir növ ibahəçilik hesab olunmalıdır və heç bir şəkildə İslam və Qurani-Kərimin meyarları ilə uyğunluq təşkil etmir. (“Qiyam və İnqilabe-Məhdi (ə)”, s. 54)
İslam İnqilabı və İran İslam Respublikasının banisi İmam Xomeyni də intizar barədə yanlış təsəvvürləri açıqladıqdan sonra bu cür düşüncələrə sahib olanları ciddi şəkildə qınamışdır. (“Səhifeyi-Nur”, c. 21)
Buna görə də həqiqi intizar sahibi olan bir şəxs, Həzrət Məhdinin (ə.f) zühurunu və qiyamını gözləyərkən heç vaxt tamaşaçı rolunda qala bilməz.
Bu mövzuların ardı var...
Mənbə: Xodamurad Süleymaniyannın “Dərsnaməyi-Məhdəviyyət” kitabından müəyyən dəyişikliklərlə.
(1) Məhəmmədrza Müzəffər (1322–1383 h.q.) məşhur müctəhid, fəqih, usul elmi üzrə alim, mütəkəllim, filosof və fiqh, üsul, məntiq, kəlam və əqaid sahələrində tanınmış şiə tədqiqatçılarından olmuşdur.
Rəyiniz