cümə axşamı 11 iyun 2026 - 16:36
Məhdəviyyət mövzuları (49) | Qurani-Kərimdə Məhdəviyyət (birinci hissə)

Hövzə/ Qurani-Kərim Həzrət Məhdinin (ə.f) zühuru və qiyamı barədə ümumi şəkildə bəhs etmiş, dünya miqyasında ədalət hökumətinin qurulacağı və salehlərin qələbə çalacağı barədə müjdə vermişdir. Şiə müfəssirləri və bəzi əhli-sünnə müfəssirləri bu qəbildən olan ayələri həzrət Məhdiyə (ə.f) aid etmişlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Zaman (ə.f) ilə bağlı maarif və təlimlərin yayılması məqsədilə hazırlanan «İdeal cəmiyyətə doğru» adlı silsilə məqalələr hörmətli ziyalılara təqdim olunur.

“Məhdəviyyət” düşüncəsi İslamda Qurani-Kərimə əsaslanır və bu səmavi kitab qətiyyətlə bütün insanlara haqqın batil üzərində son qələbəsini müjdələmişdir.

Qurani-Kərim həzrət Məhdinin (ə.f) zühuru və qiyamı barədə ümumi şəkildə bəhs etmiş, dünya miqyasında ədalət hökumətinin qurulacağını və salehlərin qələbə çalacağını müjdələmişdir. Şiə təfsirçiləri və bəzi əhli-sünnə müfəssirləri Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə və İslam alimlərinin nəzərlərinə istinad edərək bu qəbildən olan ayələri həzrət Məhdiyə (ə.f) aid etmişlər.

Bu yazıda Məhdəviyyət mövzusuna aid olan və bu sahədə daha aydın məna daşıyan Quran ayələrinin hamısından yalnız bir neçəsini nəql edib araşdıracağıq.

Mövzuya daxil olmamışdan əvvəl bir neçə termin və anlayışın mənası ilə tanış olmaq zəruridir:

1. Təfsir

“Təfsir” sözü “فَسَرَ” kökündən olub, aydınlaşdırmaq, izah etmək və aşkara çıxarmaq mənasını daşıyır. Terminoloji baxımdan isə belə tərif olunur:

“Çətin və mürəkkəb sözün məna baxımından daşıdığı qeyri-müəyyənliyi aradan qaldırmaq”.

Həmçinin bu anlayışa kəlamın məna və dəlalətində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması da daxildir.

Təfsir o zaman ortaya çıxır ki, ifadədə müəyyən bir qaranlıq və anlaşılmazlıq mövcud olur. Bu da mənanın və kəlamın dəlalətinin qeyri-müəyyənləşməsinə səbəb olur və həmin qaranlığın aradan qaldırılması üçün geniş elmi səylərə ehtiyac yaranır.

Qurani-Kərimin bəzi ayələrinin mənasının insanlar üçün tam aydın olmaması səbəbindən onların izahına və pərdəsinin qaldırılmasına ehtiyac vardır. Bu mühüm vəzifə isə belə bir işi yerinə yetirmək səlahiyyəti və elmi qüdrəti olan, həmçinin Uca Allah tərəfindən təsdiqlənmiş şəxslərin öhdəsinə düşür.

2. Təvil

Təvil sözü “اَول” kökündən olub, əslə və başlanğıca qayıtmaq mənasını ifadə edir. Bir şeyin təvili, onu öz ilkin mənbəyinə və həqiqi mənşəyinə qaytarmaq deməkdir. Mütəşabih bir sözün təvili isə onun zahiri mənasının elə şəkildə izah edilməsidir ki, həmin məna öz həqiqi və əsl mənasına qayıtsın.

Bu söz Qurani-Kərimdə üç mənada işlədilmişdir:

Mütəşabih söz və ya əməlin zahirinin düzgün şəkildə izah edilməsi; elə bir formada ki, həm ağıl tərəfindən qəbul olunsun, həm də nəqli dəlillərlə uyğun gəlsin. (Ali-İmran, 7)

Yuxunun yozulması: Təvil bu mənada Yusuf surəsində səkkiz dəfə işlədilmişdir.

Bir işin aqibəti və nəticəsi: Bu mənada bir məsələnin təvili, onun sonda gəlib çatdığı nəticə və sonluq deməkdir. (Kəhf, 78)


Dördüncü məna isə Quranda işlədilməsə də, əvvəlki alimlərin kəlamlarında mövcuddur. Bu məna belədir:

Xüsusi bir hadisə haqqında nazil olmuş ayədən ümumi və geniş bir məfhumun çıxarılması.

Bu mənada təvilə bəzən “bətn” də deyilir. Yəni ayənin zahirindən birbaşa əldə olunmayan ikinci və gizli məna nəzərdə tutulur.

Bu, “zəhr” anlayışının qarşı tərəfində dayanır. “Zəhr” dedikdə ayənin zahiri ifadəsinin, dil qaydaları və istifadə forması əsasında başa düşülən ilkin mənası nəzərdə tutulur.

Bu məna çox geniş bir sahəni əhatə edir və Qurani-Kərimin ümumbəşəriliyinin təminatçısı hesab olunur. Həmçinin Quranın bütün zamanlara və dövrlərə aid olmasına səbəb olur. Çünki əgər xüsusi hadisələrdən ümumi məfhumlar çıxarılmasa, Qurandakı bir çox ayələr öz təsirini itirər və onların faydası yalnız tilavət və qiraət savabı ilə məhdudlaşar.

Şübhəsiz ki, Quranda təvilə ehtiyac duyan mütəşabih ayələr mövcuddur. Lakin onların təvilini Allahdan və elmdə dərin kök salmış şəxslərdən başqa heç kəs bilmir. (Ali-İmran, 7)

Təvilin özünəməxsus şərtləri və meyarları vardır ki, bunlar müvafiq elmi əsərlərdə ətraflı şəkildə bəyan edilmişdir.

3. Tətbiq

Qurani-Kərimin ayələrində çoxlu məsələlər ümumi ifadələrlə bəyan olunmuşdur ki, onlar hər dövrdə müəyyən insan qruplarına tətbiq edilə bilər.

Bəzən ayənin ifadəsi xüsusi olsa da, onun mənası ümumi xarakter daşıyır və həmin əmələ bənzər bir işi görən başqa insanları da əhatə edir.

Yuxarıda qeyd olunan məqamları nəzərə alaraq, indi həzrət Məhdi (ə.f) və onun qlobal inqilabı ilə əlaqədar olan bəzi Quran ayələrini araşdıracağıq.

Bu mövzuların ardı var...

Mənbə: "Dərsnameyi-Mehdəviyyət ” kitabından müəyyən dəyişikliklərlə..

Müəllif: Xudamurad Səlimiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha