şənbə 13 iyun 2026 - 15:52
Türkiyə Əhli-beyt Alimləri Birliyinin baş katibi İran xalqının əzəmətli müqavimət və qüdrətini yüksək qiymətləndirib

Hövzə | Türkiyənin Əhli-beyt Alimləri Birliyinin baş katibi son dövrdə İrana qarşı aparılan müharibənin nəticələrinə toxunaraq vurğulayıb ki, İranın gənc nəsli “müqavimət mədəniyyəti”ni artıq nəzəri anlayış kimi deyil, həyatın real meydanında təcrübə etmişdir. Onun sözlərinə görə, bu dönüşüm İmam Xomeyninin (r) ideoloji məktəbindən qaynaqlanır və bu gün İran cəmiyyətində, eləcə də Müqavimət Cəbhəsində daha dərin bir həmrəyliyin formalaşmasına səbəb olmuşdur.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumatına görə, İstanbulda fəaliyyət göstərən Türkiyənin Şiə Alimlər Birliyinin baş katibi (EHLADER) Höccətul-İslam vəl-müslimin Şeyx Qədir Akaras Hövzə Xəbər Agentliyinə verdiyi müsahibəsində İrana qarşı aparılan son müharibənin nəticələrini, İran cəmiyyətində müqavimət mədəniyyətinin formalaşmasını, eləcə də İmam Xomeyninin (r) düşüncələrinin bugünkü hadisələrə olan təsirini dəyərləndirib.

Müsahibənin mətni aşağıdakı kimidir:

Bizim dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. 
ABŞ və İsrailin İrana qarşı hücumu ilə başlayan müharibənin ilk günündən etibarən küçələrdə və meydanlarda xalqın həmrəyliyi və səfərbərliyi geniş diqqət çəkib. Yüz gün ərzində baş vermiş son hadisələri türkiyəli bir şəxs olaraq bu ictimai həmrəyliyi necə qiymətləndirirsiniz? Sizcə İran xalqının dünyaya verdiyi mesaj nədir?

İlk öncə mən də həqiqətin səsini çatdırmaq və bu mühüm sualları gündəmə gətirmək istiqamətində göstərdiyiniz səylərə görə sizə təşəkkür edirəm.

Bu son yüz gün ərzində baş vermiş hadisələr bir daha onu göstərdi ki, İslam İnqilabının təməlləri nə qədər möhkəmdir. ABŞ, İsrail və Qərb güclərinin əsas səhvi İranı adi bir dövlət və xalq kimi təhlil etmələridir. İnsaniyyətin əsl düşməni olan ABŞ və İsrail, öz gücünü imandan alan, şəhid olmağa can atan bir xalqla üz-üzədirlər.

Mənim də İrana səfərim zamanı şahidi olduğum misilsiz həmrəylik dünyaya, xüsusilə də qlobal hegemon qüvvələrə, sanksiya, bombardman və ya daxili təxribatlarla bizi diz çökdürə bilməzsiniz mesajını verir. İran xalqı izzəti zillətdən üstün tutan bir xalqdır.

Bu ümumxalq səfərbərliyi göstərdi ki, müqavimət cəbhəsi yalnız hərbi bir struktur deyil, həm də etnik mənsubiyyətindən, məzhəbindən və müxtəlif aidiyyətlərindən asılı olmayaraq insanları birləşdirən genişmiqyaslı ideoloji və ictimai sistemdir.

– Bu müddətdə İrana səfər etmək imkanınız da oldu. Beynəlxalq medianın təqdim etdiyi mənzərə ilə yerində müşahidə etdiyiniz reallıq arasında hansı fərqlər var idi?

– Qərb və sionist media qurumları illərdir İran cəmiyyətində parçalanma və dağılmanın mövcud olduğu, sistemin yalnız bir şəxsə bağlı olduğu və həmin şəxs aradan götürüldüyü təqdirdə quruluşun süqut edəcəyi fikrini aşılamağa çalışırlar. Lakin mənim yerində müşahidə etdiklərim bu təsvirlərin tam əksini göstərirdi.

Müxtəlif şəhərlərdə gördüyüm mənzərə xalqın böyük təmkinə, Allaha təvəkkülünə və dövlətə olan möhkəm etimadına söykənirdi. Medianın gərginlik içində olan, qütbləşmiş və dağılmaq həddinə çatmış bir cəmiyyət kimi təqdim etdiyi obraz həqiqətdən uzaqdır.

Əksinə, xarici təhdid bütün etnik qrupların və ictimai təbəqələrin həqiqi birlik şəraitində bir araya gəlməsinə səbəb olmuşdur.

– Müharibənin ilk günündə ABŞ-ın hücumu nəticəsində Minab şəhərindəki bir məktəbdə 168 şagird və müəllim şəhid oldu. Bu hadisə ilə bağlı həyata keçirilən ictimai layihə barədə məlumat verərdiniz.

– Təhsil məkanında 168 şagird və müəllimin şəhid edilməsi sionizmin və Amerika imperializminin hədsiz-hüdudsuz cinayətlərinin ən açıq nümunələrindən biridir. Biz Türkiyədə müqavimət cəbhəsinin dostları olaraq bu ağrıya laqeyd qala bilməzdik.

Bu şəhidlərin xatirəsini yaşatmaq məqsədilə EHLADER, Kövsər müəssisələri və Kövsər Beynəlxalq Humanitar Yardım Assosiasiyasının əməkdaşlığı ilə genişmiqyaslı həmrəylik və yenidənqurma layihəsinə başladıq. Bu layihə bölgənin təhsil infrastrukturunun yenidən qurulmasını və şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsini əhatə edir.

Həmçinin İrana səfərimiz zamanı Təhsil Nazirliyi ilə razılıq əldə etdik və rəsmi protokolun imzalanması ilə Minab şəhərindəki məktəblərdən birinin tikintisi məsuliyyətini öz üzərimizə götürdük. İnşallah yeni tədris ilinin başlanmasına qədər Minabda “İran-Türkiyə Dostluq Məktəbi” inşa edilərək istifadəyə veriləcək.

Məqsədimiz zülmün dağıtdığı ümidi yenidən dirçəltməkdir. Çünki orada tökülən qan bizim öz övladlarımızın qanıdır.

– Bu müharibədən sonra dünya ictimaiyyətində ABŞ və İsrail siyasətlərinə qarşı tənqidlər artıb. Bu baxış dəyişikliyinin səbəbi nədir?

– Artıq maskalar düşüb və həqiqət üzə çıxıb. İnsan hüquqları, demokratiya və uşaq hüquqları kimi anlayışlar müsəlmanların qanı töküldükdə faktiki olaraq mənasını itirmişdir.

Bu baxış dəyişikliyinin əsas səbəbi Qəzzada törədilən genişmiqyaslı cinayətlər, Livandakı qırğınlar və İrana qarşı aparılan ədalətsiz müharibədir. Bütün bunlar həmin siyasətlərin riyakarlıq mahiyyətini aşkara çıxarmışdır.

Bu gün artıq Qərb paytaxtlarında belə, vicdanlı insanlar öz hökumətlərinin bu cinayətlərdəki şərikliyi barədə suallar verməyə başlayıblar.

ABŞ və İsrailin “məğlubedilməzliyi” haqqında yaradılmış təsəvvür günahsız insanların qanı qarşısında çöküb. Əlbəttə, bu təfəkkürün formalaşmasında İran xalqının birliyi, rəhbərliyin uzaqgörənliyi, dini iman, Allaha təvəkkül və İmam Məhdinin (ə.f) inayəti də mühüm rol oynayıb.

– Türkiyədə də ABŞ və İsrailə qarşı “düşmən” kimi yanaşma mövcuddur. İran əleyhinə hücumlara Türkiyə cəmiyyətinin reaksiyasını necə qiymətləndirirsiniz?

– Anadolu xalqının mədəniyyətində zülmə qarşı dayanmaq və məzlumun yanında olmaq dərin köklərə malikdir. Siyasi baxışlar, həyat tərzi və ya məzhəbi fərqlər bu həqiqəti dəyişmir.

ABŞ və İsrailin təcavüzləri qarşısında Türkiyə cəmiyyəti siyasi meyillərindən asılı olmayaraq vahid və mənfi reaksiya nümayiş etdirdi. Çünki insanlar çox yaxşı bilirlər ki, bu layihələrin son məqsədi bütün bölgənin parçalanmasıdır.

Bu proses göstərdi ki, Türkiyədə antiimperialist mövqeyə əsaslanan geniş ictimai konsensus mövcuddur.

– İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günlərində onun düşüncələrinin bu müharibədə İranın qərarlarına təsirini necə qiymətləndirirsiniz?

– İmam Xomeyninin (r) məktəbi “Nə Şərq, nə Qərb, yalnız İslam Respublikası” şüarı və müstəqillik prinsipi üzərində qurulub. Bu gün görürük ki, onun əkdiyi toxumlar nəhəng və möhkəm bir ağaca çevrilib.

Bu müharibədə İranın qəbul etdiyi qərarlar yalnız siyasi və hərbi addımlar deyildi. Bunlar haqqın batilə qalib gələcəyinə olan inamın əməli təcəssümü idi.

İmam Xomeyninin (r) müqavimət düşüncəsi olmasaydı, bu qədər təzyiq və sanksiya qarşısında dayanmaq mümkün olmazdı.

– Bu müharibənin İran cəmiyyətinə ən mühüm təsiri nə olacaq?

– Bu müharibənin ən mühüm təsiri yeni nəslin üzərində olub. İnqilabın ilk illərini və ya İran İraq müharibəsinin dövrünü görməyən gənclər artıq “müqavimət mədəniyyəti”ni nəzəri səviyyədə deyil, real həyat təcrübəsi kimi yaşayaraq dərk ediblər.

Bu müharibə İran cəmiyyətində müstəqillik ruhunu gücləndirdi, dini və milli kimliyi daha da möhkəmləndirdi. Şəhidlərin qanının zalımlar tərəfindən tökülməsi cəmiyyəti zəiflətmədi, əksinə gələcəyə və müqavimət yoluna olan inamı daha da artırdı.

– Yekun olaraq əlavə etmək istədiyiniz bir məqam varmı?

– Sonda vurğulamaq istəyirəm ki, bu ağır şəraitdə İslam ümmətinin nicat yolu yalnız birlik, qardaşlıq və rəhbərliyin göstərişlərinə tabe olmaqdan keçir. Süni şəkildə yaradılan ixtilaflar, məzhəbi təxribatlar və etnik ayrı-seçkiliklər kənara qoyulmalıdır.

Qələbə Allaha təvəkkül edən və müqavimət yolunda möhkəm dayananların olacaqdır.

Biz də Türkiyə xalqı və İranın qonşuları olaraq İslam Respublikasına və müqavimət cəbhəsinə dəstəyimizi bəyan edirik.

Sizin də bu səsi ictimaiyyətə çatdırdığınıza görə təşəkkür edirəm.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha