Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları toplusu İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə hörmətli oxuculara təqdim olunur.
Sünni mənbələrində məhdəviyyət
“Məhdəviyyət” inancı və İmam Məhdinin (ə.f) zühur düşüncəsi – bəzi insanların təsəvvürünün əksinə olaraq – yalnız şiələrə məxsus deyil. Əksinə, İslamın əsas etiqad hissələrindən biridir ki, Peyğəmbəri-Əkrəmin (s) müjdələrinə əsaslanaraq bütün İslam firqələri və məzhəbləri arasında formalaşmışdır.
İslam etiqadı sahəsində az mövzu tapılar ki, bu qədər böyük əhəmiyyət verilmiş olsun.
İmam Məhdiyə (ə.f) dair hədislər sünnilərin bir çox məşhur kitablarında da yer almışdır. Bu kitablarda əksər hallarda İmam Məhdinin (ə) vəsfləri və həyatı, zühur əlamətləri, zühur və beyət məkanı, köməkçilərinin sayı və digər mövzular haqqında danışılmışdır.
Müsəlmanlar arasında tarix boyu məşhur olan fikir budur ki, axırzaman dövründə Əhli-beytdən (ə) bir şəxs zühur edəcək və ədaləti aşkar edəcəkdir. Müsəlmanlar ona tabe olacaq və o, İslam ölkələrinə hakim olacaqdır. Onun adı “Məhdi”dir. (Əbdürrəhman ibn Xəldun, “Muqəddimətül-İbr”, s. 245)
Bəzi az sayda insanlar isə “məhdəviyyət”in əsasını qəbul etməmiş, zəif dəlillərlə onu inkar etmiş və bunu şiə fikri kimi təqdim etməyə çalışmışlar.
Sünni hədis kitablarına nəzər saldıqda aydın olur ki, məhədiyyət mövzusu bu mənbələrdə də geniş şəkildə qeyd olunmuşdur. Sünni mənbələrində pərakəndə şəkildə çoxsaylı rəvayətlərdən əlavə, bəzi alimlər tərəfindən İmam Məhdi (ə.f) haqqında ayrıca hədis kitablarının yazılması “məhdəviyyət” bəhsinin onların yanında da yüksək mövqeyə malik olduğunu göstərir.
Sünni mətnlərini məhdəviyyət mövzusunda iki hissəyə bölmək olar:
1. Ümumi kitablar:
Bu kitablarda digər bir çox məsələlər kimi “məhdəviyyət” mövzusuna da münasibət olaraq toxunulmuşdur. Burada qeyd olunan mövzulara İmam Məhdinin (ə.f) Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytindən (ə), İmam Əli (ə) və həzrət Fatimənin (s.ə) övladlarından olması, onun xüsusiyyətləri, həyatı və davranışı, zühur və hökumətinin necə olacağı və s. ilə bağlı rəvayətlər daxildir.
İmam Məhdiyə (ə) dair daha çox rəvayət nəql olunan kitablardan bəziləri bunlardır:
“Əl-Müsənnəf” – Əbdürrəzzaq
Bu kitab Əbu Bəkr Əbdürrəzzaq ibn Həmmam Sənaninin (vəfatı 211 h.q.) əsəridir. O, bu kitabında “Babul-Məhdi” adlı bir fəsil açmış və orada ondan çox hədis nəql etmişdir. Daha sonra “Əşrat əs-Saə” (Qiyamət əlamətləri) adlı babda bəzi digər mövzulara toxunmuşdur. Bu, sünni alimləri tərəfindən İmam Məhdiyə (ə.f) dair hədisləri sistemli şəkildə toplayan ilk kitablardan biridir.
“Fitənələr” kitabı
Hafiz Əbu Abdullah Nəim ibn Həmmad əl-Mərvəzi (vəfatı 229 h.q.) “Əl-Fitən” kitabında İmam Məhdiyə (ə.f), onun xüsusiyyətlərinə və onun dövründə baş verəcək hadisələrə dair çoxsaylı hədislər nəql etmişdir. Müəllif ümumilikdə müxtəlif başlıqlar altında axırzaman fitnələrinə aid mövzular üçün on fəsil ayırmışdır. İlk dörd fəsil rəvayətlərdə qeyd olunan hadisə və fitnələrə aiddir. İmam Məhdiyə (ə.f) dair əsas rəvayətlər beşinci fəsildən etibarən və sonrakı bölmələrdə qeyd olunmuşdur.
“Əl-Müsənnəf fil-əhadis vəl-əsar”
Hafiz Abdullah ibn Məhəmməd ibn Əbi Şeybə əl-Kufi (vəfatı 235 h.q.) bu kitabın müəllifidir. O, kitabının 37-ci fəslində “fitnələr” adlı bir bölmə ayırmış və burada İmam Məhdiyə (ə.f) və onunla bağlı mövzulara dair hədislər qeyd etmişdir. Bu rəvayətlərin bəzisində İmam Məhdinin (ə) adı açıq şəkildə zikr olunmuşdur. Bu hədislərdə onun nəsil xüsusiyyətləri, əxlaqi sifətləri, hakimiyyət müddəti və ömrü, zühurdan öncəki vəziyyət, zühur əlamətləri və zühur dövrünün xüsusiyyətləri kimi mövzulara toxunulmuşdur.
“Müsnəd Əhməd”
Əhməd ibn Hənbəl Əbu Abdullah əş-Şeybani (vəfatı 241 h.q.) dörd sünni məzhəbinin imamlarından biridir. O, “Müsnəd” kitabında İmam Məhdiyə (ə.f) dair müxtəlif hədislər qeyd etmişdir. Bu hədislər “Əl-Bəyan fil-əxbar sahibəz-zaman” kitabına əlavə edilərək “Müsnəd Əhməd ibn Hənbəl”də “Əl-Məhdi hədisləri” adı ilə ayrıca toplanıb nəşr olunmuşdur.
Qədim hədis kitabları arasında “Müsnəd Əhməd” bu mövzuda ən çox hədis nəql edən mənbələrdən biridir.
“Sünən İbn Macə”
Məhəmməd ibn Yezid Əbu Abdullah əl-Qəzvini (vəfatı 275 h.q.) sünni hədis alimlərindən biri olmuş və onun “Sünən” kitabı “Sihah Sittə” (altı səhih kitab) arasında yer almışdır. O, bu əsərdə “fitnələr” bölməsində “Babu xurucil-Məhdi” (Məhdinin çıxışı fəsli) adı ilə İmam Məhdiyə (ə.f) dair hədislərə yer vermişdir.
“Sünən Əbu Davud”
Bu kitab da “Sihah Sittə”dən biridir və Süleyman ibn əl-Əşəs Əbu Davud əs-Sicistani (vəfatı 275 h.q.) tərəfindən yazılmışdır. O, bu məcmuədə “Kitabul-Məhdi” adlı ayrıca bir bölmə ayırmışdır.
Əbu Davudun “Sünən” kitabındakı hədislər sünni mənbələrində məhədiyyət mövzusunun ən mühüm qaynaqlarından biri hesab olunur.
“Camius-Səhih (Sünən Tirmizi)”
Bu kitab da “Sihah Sittə”dəndir və Məhəmməd ibn İsa Əbu İsa Tirmizi əs-Suləmi (vəfatı 279 h.q.) tərəfindən yazılmışdır. Bu hədis toplusunda İmam Məhdiyə (ə.f) aid hədislərin sayı nisbətən az olsa da, onların sənəd baxımından güclü olması səbəbilə mühüm və diqqətəlayiq məlumatlar ehtiva edir.
“Əl-Müstədrək ələs-Sahihəyn”
Məhəmməd ibn Abdullah Əbu Abdullah əl-Hakim ən-Nişaburi (vəfatı 405 h.q.) İmam Məhdiyə (ə.f) dair hədisləri “fitən və məlahim” bölməsində və kitabın digər hissələrində ayrıca şəkildə qeyd etmişdir. Bu rəvayətlərdə İmam Məhdinin (ə.f) nəsəbi, bədən xüsusiyyətləri, zühurdan əvvəlki vəziyyət, zühurun özü və müxtəlif məsələlər yer almışdır.
“Kənzul-Ummal fi sunənil-aqval vəl-əf’al”
Əlaəddin Əli əl-Müttəqi ibn Hüsaməddin əl-Hindi (vəfatı 975 h.q.) bu məşhur hədis toplusunun müəllifidir. O, həmçinin “Əl-Burhan fi əlamat Məhdiyyil-axırizzaman” adlı ayrıca əsərində də İmam Məhdiyə (ə.f) toxunmuşdur. “Kənzul-Ummal” əsərində isə müxtəlif rəvayətlərdən əlavə olaraq “Xurucul-Məhdi” adlı bir fəsil açmış və burada müxtəlif mənbələrdən onlarla hədis nəql etmişdir.
2. İmam Məhdiyə (ə.f) həsr olunmuş hədis kitabları
Sünni alimləri də şiə alimləri kimi yalnız müxtəlif kitablarda məhədiyyətlə bağlı rəvayətlərin mövcudluğu ilə kifayətlənməmiş, İmam Məhdiyə (ə.f) həsr olunmuş ayrıca əsərlər qələmə almışlar. Bu dəyərli əsərlərdən bəziləri aşağıdakılardır:
“Ərbəun Hədis”
Əbu Nüəym İsfahani (vəfatı 420 h.q.) sünni dünyanın tanınmış alimlərindən biridir və çoxsaylı əsərlərin müəllifidir. Onun “Ərbəun Hədis” kitabı hazırda mövcud deyil. Lakin Ərbili “Kəşfül-ğummə fi mərifətil-əimmə” əsərində bu kitabın məzmununu nəql etmişdir.
Ərbili hədisləri qeyd etməzdən əvvəl yazır:
“Əbu Nüəym İsfahaninin İmam Məhdi (ə.f) haqqında topladığı qırx hədisi onun qeyd etdiyi şəkildə tam olaraq burada gətirdim.”
“Əl-Bəyan fi əxbari Sahibizzəman (ə)”
Bu əsərin müəllifi Əbu Abdullah Məhəmməd Gənci Şafeidir (vəfatı 658 h.q.). O, İmam Məhdiyə (ə.f) aid hədisləri, onun xüsusiyyətlərini və məziyyətlərini xüsusi bir tərtiblə və sistemli fəsillər şəklində bu kitabda toplamışdır.
Müəllif kitabın müqəddiməsində məhədiyyət əqidəsinin yalnız şiələrə aid olması iddiasını rədd etmək və onun ümumi İslam inancı olduğunu sübut etmək məqsədilə vurğulayır ki, bu kitabda yalnız sünni mənbələrindən nəql olunmuş hədislərə yer vermiş, şiə rəvayətlərini isə qeyd etməmişdir.
O, ümumilikdə yetmiş hədisi iyirmi beş fəsildə toplamış, hətta İmam Məhdi (ə.f) ilə bağlı bəzi təfərrüatlı məsələlərə də toxunmuşdur.
Diqqətəlayiq məqam budur ki, sünni alimlərinin əksəriyyətinin İmam Məhdinin (ə.f) doğumunu qəbul etməməsinə baxmayaraq, müəllif kitabın son fəslini belə adlandırmışdır:
“İmam Məhdinin (ə.f) sağ qalmasının mümkünlüyünə dair dəlillər haqqında.”
Bu da göstərir ki, o, təkcə İmam Məhdinin (ə.f) doğumunu qəbul etməmiş, həm də onun uzun ömür sürməsi ilə bağlı bütün şübhələri əsassız hesab etmişdir.
“İqdud-dürər fi əxbaril-Müntəzər”
Bu kitab Yusuf ibn Yəhya ibn Əli ibn Əbdüləziz əl-Məqdisi əş-Şafeinin (vəfatı 658 h.q.) qələmindən çıxmışdır.
“İqdud-dürər” əhatəliliyi və genişliyi baxımından öz növündə nadir əsərlərdən sayılır və sonrakı dövrdə yazılmış bir çox kitablar üçün mühüm mənbə olmuşdur.
Müəllif kitabın müqəddiməsində yazılma səbəbini belə izah edir:
“Zamanın fəsadı, insanların problemləri və çətinlikləri, islahatdan ümidsizliyə qapılmaları və insanlar arasında kin-küdurətin mövcudluğu qiyamətədək davam etməyəcək. Bu problemlərin aradan qalxması Mehdinin zühuru və qiyamı ilə baş verəcəkdir... Bəziləri bu məsələni tamamilə inkar edir, digərləri isə İsa Məsihdən başqa Məhdi olmadığını güman edirlər.”
Müəllif bu iki baxışı ətraflı şəkildə rədd etmiş, kifayət qədər dəlillərlə onların əsassız olduğunu göstərmişdir. O, kitabı tərtib edərkən İmam Məhdiyə (ə.f) aid hədisləri sənədlərini qeyd etmədən nəql etmiş, lakin onların əsas mənbələrini göstərmişdir.
Müəllif hədislərin əksəriyyəti barədə onların zəif və ya səhih olması haqqında fikir bildirməmiş, yalnız onları nəql etməklə kifayətlənmişdir.
Əhəmiyyətli bir müqəddimədən sonra o, məhədiyyət mövzularını on iki fəsildə tənzimləmişdir.
“Əl-Ürfül-vərdi fi əxbaril-Mehdi (ə)”
Cəlaləddin Əbdürrəhman ibn Əbi Bəkr Süyuti (vəfatı 911 h.q.) bu kitabda İmam Məhdi (ə.f) haqqında hədisləri geniş və əhatəli şəkildə toplamışdır.
Bu kitab “Ər-rəsailül-əşrə” adlı risalələr toplusunun tərkibində, daha böyük bir külliyyat olan “Əl-Havi lil-fətava” əsərində çap olunmuşdur.
Süyuti risalənin əvvəlində yazır:
“Bu, Məhdi haqqında nəql olunmuş hədis və əsərləri topladığım bir bölümdür. Hafiz Əbu Nüəym tərəfindən qeyd edilən qırx hədisi ixtisar edilmiş şəkildə gətirdim, onun qeyd etmədiyi hədisləri isə əlavə etdim və onları ‘k’ işarəsi ilə göstərdim.”
“Əl-Bürhan fi əlamati Məhdi axırizzəman”
Bu əsər İmam Məhdi (ə.f) haqqında yazılmış geniş həcmli hədis kitablarından biridir və 270-dən çox hədisi əhatə edir.
Kitab Əlaəddin Əli ibn Hüsaməddin, daha çox Müttəqi Hindi adı ilə tanınan alim (vəfatı 975 h.q.) tərəfindən qələmə alınmışdır.
Bu mövzuların ardı var...
“Dərsnamei-Məhdəviyyət” kitabından, müəyyən dəyişikliklərlə...
Müəllif: Xudamurad Səlimiyan
Rəyiniz