Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin tədqiqat üzrə müavini Höccətül-İslam vəl-müslimin Türkaşvənd Əhli-beytə (ə) məhəbbətin və İmam Hüseynə (ə) göz yaşı tökməyin mədəniyyət baxımından əhəmiyyətindən danışaraq bildirib ki, bu dini dəyərlər fərdi ibadət və axirət savabı çərçivəsini aşır. Onlar tarix boyu İslam və şiə sivilizasiyasının formalaşması, davamlılığı və dinamikliyində əsaslı rol oynayıblar.
Sivilizasiya hərəkatı
O qeyd edib ki, Əhli-beytə (ə) məhəbbət və İmam Hüseynə (ə) matəm saxlamaq sivilizasiya prizmasından dəyərləndirilməlidir. Bu anlayışlar yalnız ibadi və ya emosional tövsiyələr deyil, həm də sivilizasiya hərəkatının formalaşmasına xidmət edən mühüm mənəvi və ictimai sərvətdir. Onlar əsrlər boyu şiə cəmiyyətinin kimliyinin və birliyinin qorunmasına xidmət edib.
Əhli-beytə (ə) məhəbbətin və İmam Hüseynə (ə) ağlamağın yeri
Qum Elmi hövzəsinin tədqiqat üzrə müavini Əhli-beytə (ə) məhəbbət və İmam Hüseynə (ə) ağlamağın fəziləti barədə çoxsaylı hədislərə işarə edərək deyib ki, dini mətnlərdə bu mövzu dərin ifadələr və böyük ilahi müjdələrlə təqdim olunur.
O əlavə edib ki, həzrət Peyğəmbər (s) buyurur:
«İmam Hüseynin (ə) şəhadətinə görə möminlərin qəlbində elə bir hərarət vardır ki, heç vaxt sönməz.»
Bu hədis göstərir ki, İmam Hüseynə (ə) olan hüzn və kədər keçici bir hiss deyil, möminlər cəmiyyətinin daxilində daim yaşayan və davam edən bir axındır.
Höccətül-İslam vəl-müslimin Türkaşvənd bildirib ki, rəvayətlərdə İmam Hüseynə (ə) göz yaşı tökməyin çoxsaylı bərəkət və təsirləri qeyd olunub. Bunlara qiyamət günü həmin müsibətə ağlayan gözlər üçün sevinc və fərəh müjdəsi, günahların bağışlanması, ilahi rəhmətin nazil olması, eləcə də iman və mənəviyyət dərəcələrinin yüksəlməsi daxildir.
İmam Hüseyn (ə) üçün əzadarlığın sivilizasiya funksiyaları
Höccətül-İslam vəl-müslimin Türkaşvənd bu dini dəyərlərin sivilizasiya yönümlü təsirlərini təhlil edərək vurğulayıb ki, Qurani-Kərimdə qeyd olunan «məvəddət»in (birliy) nümunəsi kimi Əhli-beytə (ə) məhəbbət sadəcə şəxsi hiss deyil, iman cəmiyyətinin birliyini və həmrəyliyini təmin edən amildir.
O bildirib ki, İmam Hüseynə (ə) tökülən göz yaşları da tarix boyu şiələrin ortaq emosional dili rolunu oynayıb və onları etnik, mədəni və coğrafi fərqlərdən asılı olmayaraq bir-birinə bağlayıb.
Mərasim və əzadarlıq ənənələrinin şiə məzhəbinin qorunmasındakı rolu
Qum Elmi hövzəsinin tədqiqat üzrə müavini əzadarlıq mərasimlərinin şiə məzhəbinin qorunmasındakı roluna toxunaraq bildirib ki, İmam Hüseyn (ə) üçün təşkil olunan əzadarlıq mərasimləri Kərbəla hadisəsini sadəcə tarixi bir hadisə olmaqdan çıxararaq, müxtəlif nəsillər arasında canlı və daim yaddaşlarda qalan bir tarixə çevirib. Bu mərasimlər Əhli-beyt (ə) davamçıları arasında müqavimət, ədalətsevərlik və zülm ilə mübarizə prinsiplərinə əsaslanan bir kimlik formalaşdırıb. Belə mərasimlər insanları ortaq tarixi və etiqadi dəyərlər ətrafında birləşdirib.
Zülm və istibdada qarşı mübarizə aparma üsulu
Qum Elmi hövzəsinin tədqiqat üzrə müavini tarix boyu bəzi dövrlərdə mövcud olan ağır siyasi şəraitə də toxunaraq qeyd edib ki, təzyiq və zalım hakimiyyətlərin hökm sürdüyü dövrlərdə əzadarlıq məclisləri və Əhli-beytin (ə) müsibətlərinin yad edilməsi «Əhli-beyt (ə) məktəbinin yaşadılması» üçün mühüm bir platformaya çevrilib və praktik olaraq zülm və istibdada qarşı silahsız mədəni müqavimət forması olub.
O əlavə edib ki, tarix boyunca əzadarlıq və matəm məclisləri yalnız yas mərasimlərinin keçirildiyi məkanlar olmayıb, eyni zamanda ictimai, mədəni və elmi şəbəkələrin formalaşdığı mərkəzlərə çevrilib. Məhz bu sosial və mənəvi bağlar şiəliyin yayılmasına və İslam dünyasının müxtəlif bölgələrində, o cümlədən İran İslam Respublikasında möhkəmlənməsinə zəmin yaradıb.
İmam Hüseynin (ə) əza məclislərinin tərbiyədə təsiri
Höccətül-İslam vəl-müslimin Türkaşvənd bu təlimlərin tərbiyəvi rolunu vurğulayaraq bildirib ki, İmam Hüseynin (ə) məzlumiyyətinə ağlamaq sadəcə emosional reaksiya deyil, insanı izzətə, ədalətsevərliyə və zülmlə mübarizəyə yönəldən əxlaqi və tərbiyəvi prosesin başlanğıcıdır. Bu baxımdan Əhli-beytə (ə) məhəbbət yeni İslam sivilizasiyasının formalaşmasına da zəmin yarada bilər.
Məzhəblərarası potensial
O, bu təlimlərin məzhəblərarası potensialına da diqqət çəkərək bildirib ki, Əhli-beytə (ə) məhəbbət müsəlmanların birlik və vəhdəti üçün ortaq nöqtə kimi dəyərləndirilə bilər. Bundan əlavə, Əhli-beytin (ə) məqamı və həyat yolu yüksək insanlıq və əxlaq dəyərlərinə malik olduğundan, qeyri-müsəlmanlar üçün də cəlbedicidir və qlobal səviyyədə mədəni və sivilizasion dialoqlara zəmin yarada bilər.
Şiə sivilizasiyasının hərəkətverici qüvvəsi
Qum Elmi hövzəsinin tədqiqat üzrə müavini sonda vurğulayıb ki, Əhli-beytə (ə) məhəbbət və İmam Hüseynə (ə) göz yaşı tökməklə bağlı rəvayətlərin sivilizasion baxımdan araşdırılması göstərir ki, bu təlimlər əslində şiə sivilizasiyası tarixinin hərəkətverici qüvvəsi olub. Dini duyğuları sosial kapitala, tarixi hadisələri kollektiv yaddaşa və əzadarlıq məclislərini geniş ictimai şəbəkələrə çevirən bu dəyərlər tarix boyu şiə sivilizasiyasının qorunması, genişlənməsi və dinamikliyinin təmin olunmasında mühüm rol oynayıb.
Xəbərin sonu
Rəyiniz