şənbə 11 iyul 2026 - 10:01
Şəhid Ayətullah Seyid Əli Xameneinin intiqamının alınmasını düşünməyən məsul şəxs öz vicdanını sorğu-sual etməlidir / ABŞ-la sülh məqsədilə aparılan danışıqlar xəyanətdir

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni vurğulayıb: Biz İran İslam Respublikasının məsul şəxslərini layiqli insanlar hesab edir, onları şəhid Ayətullah Seyid Əli Xameneiyə sadiq və təəssübkeş şəxslər kimi tanıyırıq və onların hər biri ilə fəxr edirik. Lakin şəhid Ayətullah Seyid Əli Xameneinin qisasını almağı düşünməyən hər bir məsul şəxs öz vicdanını sorğu-sual etməli və daşıdığı məsuliyyət barədə ciddi şəkildə düşünməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni cümə günü axşamı İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən həzrət Məsumənin (ə) mübarək hərəminin həyətində təşkil olunan şəhid Ayətullah üzma Seyid Əli Xameneinin anım mərasimində çıxış edərək, onun yoxluğunun çətinliyinə toxunaraq bildirib, onun şəhadətinin yaratdığı böyük itkinin ağırlığı hələ də hamı üçün hiss olunur.

O qeyd edib ki, bu hadisəni qəbul etmək hələ də bir çoxları üçün çətindir və zamanın keçməsi də bu acını azaltmayıb. Bəzən televizoru açanda istər-istəməz şəhid Ayətullah Seyid Əli Xameneini xalq qarşısında çıxış edərkən görəcəyimizi düşünürük. Hətta İmam Xomeyni (r) adına müsəllaya baxanda belə, bir anlıq onun yenidən həmin məkanda cümə namazını qıldıracağını təsəvvür edirik. Lakin bu, dünyanın dəyişməz qanunudur.

O vurğulayıb ki, bu dünyada heç bir insan əbədi deyil. Əgər saleh insanlar əbədi yaşamalı olsaydılar, ilk növbədə həzrət Peyğəmbər (s), daha sonra isə İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) bu dünyada qalardılar. Dünya fanidir və belə böyük müsibətlər qarşısında yalnız səbir, dözüm və Allaha təvəkkül yolu qalır.

İran xalqının matəm üçün belə fürsəti olmadı

Seyid Əli Xomeyni ölkənin həmin dövrdə son dərəcə həssas şəraitdə olduğunu bildirərək deyib ki, İran xalqının əslində matəm saxlamağa belə imkanı yox idi. Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadəti ilə eyni vaxtda ölkə ağır müharibə şəraitində idi və dünyanın ən böyük zahiri gücü bütün imkanlarını İran İslam Respublikasına zərbə vurmağa səfərbər etmişdi.

O əlavə edib ki, belə şəraitdə kənara çəkilmək, yalnız yasla məşğul olmaq mümkün deyildi. Hər kəs ölkənin və İslam Respublikasının müdafiəsi üçün meydanda olmalı idi və İran xalqı bu tarixi vəzifəni ən yüksək şəkildə yerinə yetirdi.

Düşmən İslam Respublikasının bir neçə günə süqut edəcəyini düşünürdü

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni bildirib ki, müharibənin ilk günlərində dünyanın bir çox gücləri ABŞ-ın İran İslam Respublikasını iki-üç gün ərzində dağıdacağını gözləyirdi. ABŞ-ın səriştəsiz və şər prezidenti hədələyici bəyanatlar verir, hətta İran xalqına rəhbər təyin edəcəyini iddia edirdi. Halbuki bu, yalnız boş və puç bir xəyaldan ibarət idi.

O vurğulayıb ki, İran xalqı həmin tarixi məqamda öz yolunu müəyyənləşdirmək üçün nə daxildən, nə də xaricdən heç bir göstərişə ehtiyac duymadığını sübut etdi. İmam Xomeyni (r) və Şəhid Ayətullah Seyid Əli Xameneinin xalqın qəlbində formalaşdırdığı ruh həmin günlərdə özünü bütün aydınlığı ilə göstərdi.

İslam Respublikasını xalq qorudu

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni bildirib ki, İslam Respublikasını qoruyan məhz xalq oldu. Xalq Silahlı Qüvvələrlə çiyin-çiyinə raket bazalarında, buraxılış qurğularının yanında, qüdrətli Sepahın və həmçinin ordunun yanında dayandı, eyni zamanda ölkənin küçələrində birlik nümayiş etdirərək düşmənlərin bütün planlarını puça çıxardı.

O çıxışının davamında qeyd edib ki, belə bir xalqa minnətdar olmaq və onun rolunu daim yüksək qiymətləndirmək lazımdır. Çünki ən ağır şəraitdə ölkənin təhlükəsizliyini, müstəqilliyini və eyni zamanda qüdrətini qoruyan məhz bu xalq olub.

Böhran başa çatdıqdan sonra xalqı radikal adlandırmaq olmaz

O, çıxışının digər hissəsində inqilabçı qüvvələrə və hadisələr zamanı meydanda olan xalqa qarşı bəzi yanaşmaları tənqid edərək bildirib: Çətin günlərdə və böhran zamanı hamının bu xalqa arxalanması, onları küçələrə və meydanlara çağırması, düşmən qarşısında dayanmağı istəməsi və İslam Respublikasının düşmənlərinin uzun illər hazırladığı planları puça çıxardıqları halda, böhran bitdikdən sonra həmin insanların "radikal" və ya "ifratçı" kimi damğalanması qəbulolunmazdır.

O əlavə edib: Əgər bu xalq şəhidlərin qanı, düşməndən qisas alınması və İslam İnqilabının ideallarının qorunması naminə şüarlar səsləndirirsə, onları ifratçı adlandırmaq olmaz. Çünki məhz həmin insanlar ən çətin günlərdə ölkəni müdafiə edib, İranın təhlükəsizliyini və izzətini qoruyublar.

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni vurğulayıb ki, məhz bu xalq İslam Respublikasını qoruyub, ölkəni və xalqın namusunu müdafiə edib, düşmənlərin məqsədlərinə çatmasına imkan verməyib. Buna görə də onların iştirakı, müqaviməti və sədaqəti daim yüksək qiymətləndirilməlidir.

Şəhid Ayətullah Seyid Əli Xameneinin terror edilməsi İrana və İran xalqına qarşı ən böyük təhqir idi

O bildirib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin terror edilməsi təkcə siyasi və ya dini bir şəxsiyyətə qarşı yönəlmiş cinayət deyildi. Bu, həm də İrana, İran xalqına və ölkənin milli kimliyinə qarşı edilmiş ən böyük təhqir idi.

O əlavə edib: Bu gün hamımız oturub düşünməliyik ki, İrana və iranlılara qarşı ən böyük hörmətsizlik baş verib.

O qeyd edib ki, ola bilər ki, ölkədə hamı siyasi baxımdan eyni mövqedə olmasın, hətta şəhid Ayətullah Seyid Əli Xameneiə rəğbət bəsləməyən insanlar da olsun. Lakin zor və gücə arxalanaraq İranın böyük dini və siyasi rəhbərini hədəfə almağı və bunun heç bir nəticə verməyəcəyini düşünmək necə qəbul edilə bilər?

Elmi hövzə müəllimi vurğulayıb ki, İran xalqı belə bir hadisəyə biganə qala bilməz.

O bildirib: Doğrudanmı, biz evdə oturub bu cinayətin və fitnənin təşkilatçılarının sərbəst gəzməsini, hətta öz əməlləri ilə fəxr etməsini seyr etməliyik?

O əlavə etdi: Əgər bu təhqirin İran xalqına qarşı nə qədər böyük olduğunu dərk etsək, anlayarıq ki, bu hadisə yalnız bir şəxsiyyətin şəhadəti deyildi. Bu, İran xalqının izzət və ləyaqətinə təcavüz idi. Ölkənin dini və siyasi rəhbəri hədəfə alınırsa və cavab vermək imkanı olduğu halda heç bir addım atılmırsa, buna laqeyd yanaşmaq mümkün deyil.

Şəhid Ayətullah Seyid Əli Xameneinin qanının qisasını düşünməyən məsul şəxs öz vicdanını sorğu-suala çəkməlidir

İmam Xomeyninin (r) nəvəsi qisas məsələsinə toxunaraq qeyd edib: Qisasın necə və hansı formada alınacağı barədə danışmıram. Lakin İslam Respublikasının məsul şəxslərinə bir söz demək istəyirəm.

O bildirib: Biz İslam Respublikasının məsul şəxslərini layiqli, şəhid Ayətullah Seyid Əli Xameneiə sadiq və xalqın təəssübünü çəkən insanlar hesab edir, onların hər biri ilə fəxr edirik. Ancaq şəhid Ayətullah Seyid Əli Xameneinin qanının qisasını almağı düşünməyən hər bir məsul şəxs öz vicdanını sorğu-suala çəkməli və tutduğu vəzifə barədə ciddi düşünməlidir.

Şəhid Ayətullah Seyid Əli Xameneinin anım mərasimləri eyni zamanda təkəbbürlü dövlətlərə qarşı mövqe ilə müşayiət olunmalıdır

O, ölkənin müxtəlif bölgələrində şəhid rəhbərin xatirəsinə həsr olunan mərasimlərə toxunaraq bildirib: Bu günlərdə ölkənin hər yerində onun anım mərasimləri keçirilir. Bu mərasimləri necə xarakterizə etməli olduğum barədə çox düşündüm və sonda belə qənaətə gəldim ki, ən doğru ifadəni elə şəhid Ayətullah Seyid Əli Xameneinin özü işlədib.

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni əlavə edib: Şəhid Ayətullah Seyid Əli Xamenei buyururdu: "Bizim hüznümüzün mahiyyəti Aşura hüznünün mahiyyətidir." Necə ki, həzrət İmam Hüseynin (ə) matəm məclisini qurub onun qatilləri haqqında danışmamaq və ya zalımların qınanmadan həmin məclisdə iştirakına göz yummaq mümkün deyil, eyni qaydada şəhid Ayətullah Seyid Əli Xameneinin anım mərasimləri də dünya təkəbbürlüləri və bu cinayətin törədicilərinin ifşa və məhkum edilmədən keçirilə bilməz.

"Amerikaya ölüm" şüarı bu mərasimlərdə öz yerini tutmalıdır

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni vurğulayıb ki, şəhid Ayətullah Seyid Əli Xameneinin anım mərasimləri sükut, passivlik və laqeydlik məclisləri deyil və belə də olmamalıdır. Bu mərasimlərdə dünya təkəbbürlüləri törətdiyi cinayətlərə görə qətiyyətlə məhkum edilməli, "Amerikaya ölüm" şüarı da öz layiqli yerini tutmalıdır. Çünki şəhid Ayətullah Seyid Əli Xameneini yad edib, eyni zamanda bu cinayətin təşkilatçıları və himayədarları qarşısında susmaq olmaz.

Şəhid Ayətullah Seyid Əli Xameneinin adı İran xalqının yaddaşında əbədi yaşayacaq

O daha sonra bildirib ki, bu cinayəti törədənlər elə düşünürdülər ki, bu yolla şəhid Ayətullah Seyid Əli Xameneinin adını və yolunu tarixdən silə biləcəklər. Lakin tam əks nəticə əldə olundu. Onlar özləri də bilmədən şəhid Ayətullah Seyid Əli Xameneinu əbədiləşdirdilər. Düşmənlərin istəyinin əksinə olaraq, İran xalqı bu böyük rəhbərin adını və xatirəsini heç vaxt unutmayacaq, onun yolu isə xalqın tarixi yaddaşında əbədi yaşayacaq.

Şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyəti və düşüncələri gələcək nəsillərə çatdırılmalıdır

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni şəhid İnqilab rəhbərinin şəxsiyyətinin və düşüncə irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq bildirib: Bu böyük şəxsiyyəti tanıtmaq üçün ciddi səylər göstərilməlidir. Xətiblər, natiqlər, din xadimləri və onunla yaxından ünsiyyətdə olmuş bütün şəxslər onun şəxsiyyətini, düşüncə tərzini və idarəçilik məktəbini gələcək nəsillərə düzgün şəkildə təqdim etməyə borcludurlar.

O əlavə edib: Mənim fikrimcə, onu tanımağın ən doğru yollarından biri, təxminən qırx il ərzində İmam Xomeyni (r) haqqında söylədiyi çıxış və bəyanatlara müraciət etməkdir. Şəhid Ayətullah Seyid Əli Xamenei daim İmam Xomeyniyə dərin məhəbbət bəsləyirdi və bütün mənəvi və fikri dünyasını onun məktəbindən qaynaqlandığını hesab edirdi.

Şəhid Ayətullah Seyid Əli Xameneinin İmam Xomeyni (r) haqqında söylədiyi xüsusiyyətlər onun öz şəxsiyyətində də təcəssüm tapmışdı

İmam Xomeyninin (r) nəvəsi sözünə davam edərək bildirib: Şəhid Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin (r) vəfat ildönümlərində və müxtəlif münasibətlərdə daim İmam Xomeyninin seçkin xüsusiyyətlərini sadalayırdı. Mən bu çıxışlar üzərində düşündükdə belə bir nəticəyə gəldim ki, onun İmam Xomeyni üçün qeyd etdiyi hər bir xüsusiyyət, elə öz şəxsiyyətində də əks olunmuşdu, sanki o, həmin xüsusiyyətləri əks etdirən bir güzgü idi.

O vurğulayaraq bildirib: Şəhid Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin (r) cəsarətindən danışırdısa, həmin cəsarəti onun öz həyatında və fəaliyyətində də görmək mümkün idi. İmam Xomeyninin (r),ixlasından söz açırdısa, bu ixlas onun öz qəlbində və varlığında da öz əksini tapmışdı. Buna görə də bu böyük şəxsiyyəti tanımağın ən doğru yolu, onun öz çıxışlarına müraciət etmək və İmam Xomeyni (r) haqqında söylədiyi xüsusiyyətlər vasitəsilə onun öz şəxsiyyətini də dərk etməkdir.

O əlavə edib ki, şəhid Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin (r) məktəbində tanıdığı bütün xüsusiyyətləri öz şəxsiyyətində yaşatmağa çalışıb və həqiqətən də İmam Xomeyninin (r) kamil davamçısı olmağı bacarıb.

Şəhid Ayətullah Seyid Əli Xameneinin ən böyük xidməti İnqilabın ideya xəttini qorumaq və gücləndirmək idi

Elmi hövzə müəllimi daha sonra onun ən mühüm xidmətinə toxunaraq bildirib: Əgər yalnız bir xüsusiyyəti qeyd etməli olsam, deyərəm ki, onun ən böyük xidməti İslam İnqilabının ideya xəttini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək olub.

O bildirib: İmam Xomeyninin (r) vəfatından sonra bir çoxları İran xalqının inqilabçı ruhunun tədricən zəifləyəcəyini düşünürdü. Bu fikir yalnız bəzi daxili çevrələrə məxsus deyildi, eyni zamanda Qərbin bir çox analitikləri və nəzəriyyəçiləri də belə hesab edirdilər ki, İslam İnqilabının ideya xətti zaman keçdikcə zəifləyəcək.

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni əlavə edib ki, şəhid Ayətullah Seyid Əli Xamenei uzaqgörən rəhbərliyi, davamlı maarifləndirməsi və düzgün istiqamətləndirməsi sayəsində bu ideya xəttini nəinki qorudu, hətta ildən-ilə onu daha da möhkəmləndirdi, dərinləşdirdi və yeni nəsillərə ötürdü.

İslam İnqilabının ideya xətti dərin və sarsılmaz köklərə malikdir

O, Qurani-Kərimə istinad edərək bildirib: İslam İnqilabının ideya xəttini Quranda bəhs olunan "kəlmeyi-təyyibə"nin (gözəl söz) nümunələrindən biri hesab etmək olar. Quranda bu, kökləri möhkəm və dərin olan, daim bəhrə verən pak bir ağaca bənzədilir.

O əlavə edərək bildirib: İslam İnqilabının ideya xəttinin çox dərin kökləri var. Ola bilər ki, biz həmin köklərin bütün dərinliyini tam dərk etməyək, lakin məhz bu möhkəmlik və dərinlik ötən illər ərzində bu yolun davamlılığının və dayanıqlığının əsas səbəbi olub.

ABŞ və İsrail bütün imkanlarını səfərbər etdi

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni son müharibələrə toxunaraq bildirib ki, ABŞ bütün gücü ilə meydana çıxdı. Özünü regionun ən böyük gücü hesab edən İsrail də bütün imkanlarını səfərbər etdi. Bəziləri NATO-nun iştirakını məhdud hesab etsə də, əslində bütün media, kəşfiyyat və logistik imkanlar bu müharibənin xidmətinə verilmişdi və onların əlində olan hər vasitədən istifadə edildi.

O əlavə olaraq qeyd edib ki, bu müharibədən sonra artıq heç kim ABŞ-ın bütün imkanlarından istifadə etmədiyini iddia edə bilməz. Əvvəllər bəziləri qorxudan deyirdilər ki, ABŞ birbaşa müharibəyə qoşularsa, İslam Respublikası qısa müddətdə süqut edəcək. Lakin 12 günlük müharibə və üçüncü məcburi müharibə bunun tam əksini sübut etdi.

Elmi hövzə müəllimi vurğulayıb ki, İran xalqı son məcburi müharibələrdə qalib gəldi. İslam Respublikasına qarşı başladılan bu müharibədə məğlub olan İran deyildi. Heç bir nüfuzlu ekspert ABŞ-ın bu müharibədə strateji uğur qazandığını iddia edə bilməz. İslam Respublikası hərbi təzyiqlər qarşısında dayana bildiyini sübut etdi.

İnqilabın ideya xəttinə və xalqa arxalanmaq

O daha sonra İslam İnqilabının ideya xəttinə toxunaraq bildirib: İmam Xomeyninin (r) müəyyən etdiyi inqilab prinsipləri və əsasları bu gün də xalq üçün aydın və möhkəmdir. İmam Xomeyni (r) istər İnqilabdan əvvəl, istərsə də ondan sonra yalnız Allahın iradəsinə və xalqa arxalanırdı, nə Şərqə, nə də Qərbə güvənmirdi.

O əlavə edib ki, hətta bəzi şəxslərin silahlı mübarizə və terror yolu təklif etdiyi dövrlərdə belə, İmam Xomeyni (r) xalqın meydanda olmasını əsas prinsip hesab edir və xalq İnqilabla birlikdə olduğu müddətdə qələbənin təmin olunacağına inanırdı.

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni xaricdəki İslam Respublikası əleyhdarlarını da tənqid edərək bildirib: Onlar xalqı küçələrə çıxmağa və xarici müdaxiləyə şərait yaratmağa çağırırdılar. Çünki özləri dövlət sistemini dəyişəcək gücə malik olmadıqlarını anlayırdılar. ABŞ və İsrailin dəstəyinə ümid bağlayan bu cərəyan xarici hücumun baş verməsini istəyirdi. Lakin müharibə başlayandan və bir neçə gün keçəndən sonra məlum oldu ki, bu ssenari uğursuzluğa düçar olub və İslam Respublikası zəifləməyib.

Müharibənin öz xərcləri var, lakin ondan qorxmaq olmaz

O bildirib: Müharibə, şübhəsiz ki, özündə xərclər, çətinliklər və ağır nəticələr daşıyır. Lakin bu, qorxuya səbəb olmamalıdır. İslam Respublikası heç vaxt müharibə başladan tərəf olmayıb. Ancaq müharibə ölkəyə zorla qəbul etdirilərsə, özünü müdafiə etməyə tam hazırdır.

Danışıqlar sülh demək deyil

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni danışıqlar məsələsinə toxunaraq bildirib: Danışıqları sülhlə eyniləşdirmək olmaz. Mən dəfələrlə demişəm ki, danışıqlar sülh demək deyil. Cinayətkar Amerika ilə sülh mümkün deyil. Danışıqlar aparılması isə İslam Respublikasının prinsiplərindən geri çəkilmək mənasına gəlmir.

Danışıq da mübarizənin bir növüdür

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni bildirib ki, əgər danışıqlardan söhbət gedirsə, nəzərə almaq lazımdır ki, danışıq da mübarizənin bir növüdür. Mübarizə yalnız hərbi qarşıdurma ilə məhdudlaşmır, onun müxtəlif formaları var. Necə ki, keçmişdə xalq küçə və meydanlara çıxanda bəziləri bunu mübarizə hesab etmirdi. Halbuki bu da mübarizə meydanının bir hissəsi idi».

Amerika ilə sülh məqsədilə aparılan danışıqları xəyanət hesab edirəm

İmam Xomeyninin nəvəsi Amerika ilə sülh məqsədi daşıyan istənilən danışıqları rədd edərək vurğulayıb: Kim Amerika ilə sülh məqsədilə danışıqlar aparmaq istəsə, xəyanət etmiş olar. Kim Amerikaya dostluq mesajı göndərsə, onun dili xəbis və murdardır.

O əlavə olaraq qeyd edib ki, İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf bu günün və ya dünənin məsələsi deyil. Bu düşmənçiliyin kökü Amerikanın İranda həyata keçirdiyi çevrilişə gedib çıxır. Lakin son hadisələrdən sonra bu düşmənçilik daha da dərinləşib və mənim ifadəmlə desək, artıq Amerika ilə qan davasımız yaranıb.

Xalqa və Əhli-beyt (ə) məddahlarına təşəkkür

Seyid Əli Xomeyni çıxışının digər hissəsində xalqın iştirakına və Əhli-beyt (ə) məddahlarının fəaliyyətinə görə təşəkkür edərək bildirib ki, İranın qeyrətli xalqına xüsusi təşəkkür edirəm. Həmçinin Əhli-beyt (ə) məddahlarının fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Onlar böyük iş görüblər. İmam Xomeyninin (r) məclislərində məddahlıq həmişə proqramın əsas hissələrindən biri olub, hətta məddahlar üçün ayrıca toplantılar keçirilirdi. Bu gün də məddahlar öz vəzifələrini layiqincə yerinə yetirdilər və meydanda təsirli rol oynadılar.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin göstərişinədək xalq meydanlarda olacaq

O, xalq toplantılarının gələcəyinə toxunaraq bildirib: Xalq vəziyyəti düzgün dərk edərək meydana çıxdı. Çoxları soruşur ki, bu toplantılar nə vaxta qədər davam edəcək? Bunun cavabı yalnız bir cümlədir.

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni vurğulayıb: İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xamenei başqa göstəriş verməyənədək xalq küçə və meydanlarda qalacaq və bu meydanları qoruyacaq. Nə vaxt ki, o həzrət başqa göstəriş versə, xalq da verilən tapşırığa uyğun hərəkət edəcək.

Amerikanın İran və İraq xalqları arasında uçurum yaratmaq cəhdləri

O, İran və İraq münasibətlərinə toxunaraq bildirib: Siz bilirsiniz, yaxud bəlkə də bilmirsiniz ki, uzun illərdir müxtəlif qüvvələr İran və İraq xalqları arasında ayrılıq salmağa çalışır və bu cəhdlər hələ də davam edir. Amerika illərlə İraq xalqını İran İslam Respublikasından uzaqlaşdırmaq üçün planlar hazırlayıb və siyasətlər həyata keçirib. Bunun qarşısında isə çoxlu sayda iranlı və iraqlı mədəni fəaliyyətlər vasitəsilə bu planları puça çıxarmağa çalışıblar.

Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra bütün fitnələr puça çıxdı

O davam çıxışına edərək bildirib: Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra düşmənlərin bütün planları puça çıxdı. İraqda Fitr bayramı gününə baxsanız görərsiniz ki, bu bayram iraqlılar üçün ən böyük dini bayramlardan biri olsa da, bütün ölkə matəm və hüzn içində idi.

Bölgə xalqlarının İnqilab rəhbərlərinə sevgisi

Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni son olaraq qeyd edib ki, İraqda baş verənlər bu xalqın İnqilab rəhbərlərinə olan dərin sevgisinin göstəricisi idi. Mən inanıram ki, əgər şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşi Əfqanıstana, Pakistana, Hindistana və digər bir çox ölkələrə aparılsaydı, eyni mənzərələr təkrar olunardı. O zaman dünya məzlumlarının vilayəti-fəqihə, İnqilaba və İran İslam Respublikasına olan sevgi və bağlılığı daha aydın şəkildə üzə çıxardı.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha