Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Bəhreynli şiə din xadimi Höccətül-İslam vəl-müslimin Adil Şuələ çıxışında bildirib ki, bu gün Bəhreyndə şiə vətəndaşların hüquqlarının ardıcıl şəkildə pozulması artıq təkcə siyasi və ya təhlükəsizlik məhdudiyyətləri ilə məhdudlaşmır, birbaşa dini və insani müqəddəslərin tapdanmasına çevrilib.
O hesab edir ki, hakimiyyət son dövrlərdə ölkə əhalisinin ən böyük təbəqəsini təşkil edən şiələrə qarşı görünməmiş təzyiqləri gücləndirməklə, Əhli-beyt (ə) davamçılarının kimliyini, onların dini müqəddəslərini və dini qurumlarını hədəfə alan siyasət həyata keçirir.
Şeyx Adil Şuələ deyib: Bəhreyndə hakimiyyət Əhli-beyt (ə) marif və təlimlərini məhv etmək, onlara zərbə vurmaq niyyətini artıq açıq şəkildə nümayiş etdirir.
O bu siyasətin çoxsaylı təzahürlərinə toxunaraq bildirib ki, bunların başında məhkəmə hakimiyyəti üzərində tam nəzarətin qurulması və Cəfəri məhkəmələrinin səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması dayanır. Halbuki digər işlər İslam və qanunla heç bir uyğunluğu olmayan məhkəmə sisteminə həvalə edilir.
Bəhreynli din xadimi əlavə edib ki, bu siyasətin digər açıq nümunəsi Əhli-beyt (ə) davamçılarının vəqf idarələri üzərində nəzarətin ələ keçirilməsi və onların əmlakının qanunsuz şəkildə mənimsənilməsidir. Bundan başqa, bəzilərinin tarixi hakim ailənin Bəhreynə gəlişindən də əvvələ gedib çıxan onlarla məscid tamamilə dağıdılıb. Eyni zamanda şiələrin yaşadığı bölgələrdə onlara yeni məscid tikməyə icazə verilmədiyi halda, həmin ərazilərdə başqa məzhəbə məxsus məscidlərin tikintisinə icazə verilməsi açıq şəkildə təşkil olunmuş məzhəbçi və nifrət doğuran siyasətin göstəricisidir.
Şeyx Adil Şuələ qeyd edib ki, hakimiyyət dini qurumları hədəfə almaqla kifayətlənməyib, şiə icmasının nüfuzlu dini simaları hesab olunan onlarla alimi, o cümlədən tanınmış fəqihləri həbs etməklə şiələrin dini rəhbərlərini də hədəfə alıb.
O vurğulayıb ki, hakimiyyət bu ölkənin ən böyük əhali təbəqəsinə heç bir dəyər vermir. Hakimiyyət başçısını “toxunulmaz şəxs” hesab etdiyi halda, şiə alimlərinə qarşı təhqir, həbs və alçaldıcı davranışlar sərgiləyir.
Şeyx Adil Şuələ əlavə edib ki, həbsdə olan şiə alimlərinə işgəncə verilməsi, onlara qarşı təhqir və qeyri-insani rəftar edilməsi, sonra isə bu məlumatların “yalan və böhtan” adlandırılması onlara qarşı törədilən hüquq pozuntularının miqyasını bir daha göstərir.
O belə bir sual verib: Əgər icmanın böyük alimləri və dini rəhbərləri bu vəziyyətdədirsə, onda həbs edilən, döyülən, alçaldılan və ölüm həddinə qədər işgəncəyə məruz qalan adi, imkansız vətəndaşın vəziyyəti necədir?
Şeyx Adil Şuələ vurğulayıb ki, İslamda insanın toxunulmazlığı onun canını, malını, namusunu, ləyaqətini və şəxsi həyatını əhatə edir. Lakin bu gün bütün bu toxunulmazlıqlar sistemli şəkildə pozulur. Bu pozuntular evlərə basqınlar edilməsində, ailələrin qorxu altında saxlanılmasında, dini ayinlərin məhdudlaşdırılmasında, eləcə də alimlərin və məhbusların hədəfə alınmasında özünü göstərir.
Şeyx Adil Şuələ sonda bildirib ki, hakimiyyətin fəaliyyəti onu göstərir ki, ölkədə “cəngəllik qanunu” hökm sürür. Belə bir şəraitdə vətəndaş günahı sübuta yetirilməmiş məsum sayılmır, əksinə, əvvəlcədən təqsirkar hesab edilir. Bu isə hüququn və İslam şəriətinin ən əsas prinsiplərinə tamamilə ziddir.
O, bu siyasətin dayandırılmasına, vətəndaşların ləyaqətinə hörmət edilməsinə, dini və insani müqəddəslərin qorunmasına çağırıb.

Şeyx Adil Şuələ Bəhreyn
Rəyiniz