Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Hüseynin (ə) adı və xatirəsinin bərəkəti, eləcə də şiələrin və onun ardıcıllarının Aşura məktəbinin qırxıncı günü olan Ərbəin münasibətilə göstərdikləri diqqət sayəsində bu mənəvi mərasim son illərdə təqvimdə qeyd olunan dini mərasimlər çərçivəsindən kənara çıxaraq, möhtəşəm və misilsiz bir sivilizasiya hadisəsi səviyyəsində təzahür edib.
Tədqiqatçıların və mütəxəssislərin ifadəsinə görə, “İmam Hüseynin (ə) Ərbəin” hadisəsi ilə “yeni İslam sivilizasiyası” arasındakı əlaqəni dərk etmək üçün bu hadisəyə yalnız zahiri görünüş səviyyəsindən deyil, onun dərin ictimai, siyasi və idraki qatlarından baxmaq lazımdır. Çünki həqiqətən də bu baxımdan Ərbəin qlobal miqyasda sivilizasiya həyat tərzinin bir məşqidir.
Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) adından Ərbəin yürüşü
Hövzə müəllimi və mədəniyyət işləri üzrə fəal Höccətül-İslam Seyid Mahmud Musəvi Həsəb, bu barədə bildirib: Bəlkə də Ərbəinin ən mühüm və böyük nailiyyəti İslamın ‘ümmət’ anlayışını yenidən dirçəltməsidir. Hakimiyyət və istismar sistemi illər boyu bu anlayışı dar milliyyətçilik, coğrafiya və ötəri maraqlar çərçivəsində məhdudlaşdırmağa çalışıb, lakin bu böyük hadisə qarşısında əməldə uğursuz olub.
O, bu il xüsusilə iranlılar və müqavimət cəbhəsinin bütün tərəfdarları üçün Ərbəin ziyarətinin fərqli ab-havaya malik olduğunu qeyd edərək deyib: Həqiqət budur ki, xalqın şəhid Ayətullah Seyid Əli Xameneini yola salması və onun əzəmətli dəfn mərasimində iştirakı ilə bağlı xatirələr hələ də insanların zehnində və qəlbində qalmaqdadır. Bu iştirak Aşura ümmətini bizim dövrümüzdə Kərbəlanın əbədi həqiqətini yenidən anlatmağa vadar etdi.
Hövzə müəllimi və mədəniyyət işləri üzrə fəal vurğulayıb: Məhz buna görə biz inanırıq ki, bu ilki Ərbəin yürüşü Aşuradan başlayan və bizim dövrümüzdə böyük şəhid Ayətullah Seyid Əli Xameneinin və digər İslam ümmətinin şəhidlərinin qanı ilə davam edən müqəddəs yolun davamıdır. Bu il Ərbəin yürüşünü İmam Xomeyni və şəhid Ayətullah Seyid Əli Xameneinin adından daha böyük güc və əzəmətlə keçirəcəyik və dünyaya göstərəcəyik ki, biz İmam Hüseyn (ə) və həzrət Zeynəb (s.ə) məktəbinin davamçılarıyıq və zamanın Yezidləri qarşısında nə razılaşma, nə də təslimiyyət yolunu seçirik.
Əhli-Beyt (ə) sevənlərinin ən böyük ictimai sərvəti
Bu hövzə müəllimi bildirib: Ərbəin mərasimində özünü göstərən şiələrin və Əhli-Beyti (ə) sevənlərin ən böyük ictimai sərvəti məhz müqavimət ruhudur. Bu ruh İslam ümmətinin birlik və həmrəyliyi ilə yanaşı, dinin və bu məktəbin düşmənlərinin Ərbəinin və yürüş iştirakçılarının əzəmətini görməkdən ciddi narahat olmasına səbəb olub.
O, sonda deyib: Ərbəində görürük ki, xalq təşkilat və qurumları, müxtəlif xalqlar, dini heyətlər, eləcədə könüllü qruplar və həmçinin milyonlarla insan öz müxtəlif kimliklərindən imtina etmədən bir-birinin yanında dayanaraq dünyanın ən böyük insan toplantısını təşkil edirlər. Allahın lütfü və İmam Hüseynin (ə) inayəti ilə Ərbəin mərasimi gündən-günə daha qlobal ölçülər qazanır və bəşəriyyətin daha çox oyanışına zəmin yaradır.
Tarixin mühüm dönüş nöqtəsində ümmətin dirçəlişi
Qadınlar hövzəsinin tədqiqatçısı Nərgiz Şükrzadə də hesab edir ki, İmam Hüseynin (ə) Ərbəin ziyarəti əslində həssas müasir dövrdə ümmət quruculuğunun güc nümayişidir. Bu elə bir dövrdür ki, onu həqiqətən də tarixin mühüm dönüş nöqtəsi adlandırmaq lazımdır.
O, həmçinin əlavə edib: Həqiqət budur ki, müasir dünya ifrat fərdiyyətçiliyin yayılması ilə insan münasibətlərinin qopmasına zəmin yaradıb. Halbuki böyük və misilsiz Ərbəin hadisəsi bunun tam əksinə olaraq, İmam Hüseynə (ə) məhəbbət mərkəzində coğrafi, dil və irqi sərhədlərin aradan qalxması üçün zəmin yaradıb və maddi dünyanın hesablamalarından daha üstün bir şəkildə belə şərait formalaşdırıb ki, iman cəmiyyətinin insanları bu mühitdə Allaha yaxınlaşma yolunda hidayət tapsın və inkişaf etsinlər”.
O deyib: Yeni İslam sivilizasiyasının əsas xüsusiyyətlərindən biri budur ki, o, kapitalizmin mənfəət yönümlü məntiqi üzərində qurula bilməz. Burada Ərbəinin təqdim etdiyi model əslində alternativ iqtisadi nümunədir; bu nümunədə insanların ehtiyaclarının təmin edilməsində qarşılıqsız ehsan, səmimi xidmət və fədakarlıq əsas rol oynayır.
Ərbəin iqtisadiyyatı, sivilizasiya yanaşmasının bariz təzahürü
Nərgiz Şükrzadə vurğulayıb: Başqa sözlə, biz yürüş yolunda sərvət və malların maksimum şəkildə bölüşdürülməsinin şahidi oluruq. Bu, tələb və təklif qanununa əsasən deyil, fədakarlıq məntiqinə əsaslanır. Məsələnin əsas məqamı budur ki, ehsan üzərində qurulan bu iqtisadiyyat modeli daha kiçik və davamlı miqyaslarda İslam ümmətinin ümumi siyasətlərinə tətbiq olunarsa, sivilizasiya səviyyəsində sosial ədalətin yenidən müəyyənləşdirilməsinə səbəb ola bilər.
O, həmçinin Ərbəin məsələsində insanın xalq əsaslı idarəçiliyin gerçəkləşməsinin şahidi olduğunu bildirərək deyib: Adətən Qərbin inkişaf modellərində dövlətlərin rolu hərtərəfli olur. Lakin Ərbəin sübut edib ki, biz daha çox mərkəzləşdirilməmiş və xalq əsaslı idarəçilik imkanları üzərində düşünməli və bu əsasda planlaşdırma aparmalıyıq.
Bu hövzə yazıçısı və tədqiqatçısı bildirib: Həqiqət budur ki, yüksək səviyyəli xidmətlərin insan ləyaqəti və izzəti ilə yanaşı təqdim edilməsi, xüsusilə də təhlükəsizliyin təmin olunması, yeni İslam sivilizasiyasının həyata keçirilməsi yolunda cəmiyyət quruculuğunun mühüm bir tərəfini göstərir. Burada insanlar sadəcə tamaşaçı deyil, özləri sivilizasiya quruculuğunun aparıcı qüvvəsinə çevrilirlər. Bu xidmətlər insanların tövhidi əxlaqı və imanı əsasında təqdim olunur və bu məqam Ərbəin hadisəsinin həqiqətinin təhlilində çox mühüm məsələdir.
Müqavimət cəbhəsi tərəfdarlarının qüdrət nümayişi
O, davam edib: Əzəmətli Ərbəin mərasimi digər tərəfdən dünya hegemonluğu və zalım güclər qarşısında müqavimət cəbhəsinin qüdrət nümayişidir. Çünki Kərbəla yolunda qəlbləri birləşdirən bu xalq yürüşü müasir dünyaya siyasi mesaj verir ki, İslam ümməti nəinki diridir, həm də böyük qlobal toplantılarda barışıq düşüncəsinin yerinə müqavimət ideyasını təqdim edə biləcək kollektiv iradəyə sahibdir. Bu, bizim yeni İslam sivilizasiyasında gerçəkləşməsini istədiyimiz həqiqətdir.
O əlavə edib: Ərbəinin inkarolunmaz həqiqətinə diqqət göstərmək və ona bağlı qalmaq o deməkdir ki, belə bir hadisənin nəticəsi yeni İslam sivilizasiyasına uyğun insanın yetişdirilməsidir. Məhz buna görə biz inanırıq ki, İmam Hüseynin (ə) Ərbəin ziyarəti hər şeydən əvvəl sivilizasiya üfüqünə malikdir və tədqiqatçılarla analitiklər də bu baxımdan onun müxtəlif ölçülərini və tərəflərini araşdırmalıdırlar.
Rəyiniz