cümə 4 sentyabr 2026 - 14:58
Din sahəsində olan süni intellektə fəqih və dini mütəfəkkirlər rəhbərlik etməlidir

Bəhruz Minayi bildirib ki, süni intellekt elm, təhsil, araşdırma və dini təbliğdə yeni imkanlar yaradır. Eyni zamanda, İslamın elm və fiqhi prinsipləri bu texnologiyanın inkişaf və tətbiq istiqamətini müəyyənləşdirə bilər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elm və Texnologiya Universitetinin professoru Bəhruz Minayi 4 sentyabr 2026-cı il tarixində Qum Alul-Beyt (ə) Beynəlxalq Universitetində keçirilən İslam elmləri üzrə texnologiya məhsullarının təqdimat mərasimində İslam və süni intellekt arasındakı qarşılıqlı əlaqənin əhəmiyyətini vurğulayıb.

Bəhruz Minayi bildirib ki, süni intellekt təhsil və elmi araşdırma eyni zamanda dini təbliğ sahələrində mühüm dəyişikliklərə yol aça bilər. Bununla yanaşı, İslamın elm, əxlaq və fiqhi prinsipləri süni intellektin inkişafı və tətbiqinin istiqamətləndirilməsində əsas rol oynamalıdır.

O qeyd edib ki, süni intellekt dini təhsil və araşdırmalar üçün yeni imkanlar yaratsa da bu texnologiyanın mənəvi və dəyər əsaslı çərçivədən kənar inkişafı arzuolunmaz nəticələrə səbəb ola bilər.

Bəhruz Minayi vurğulayıb ki, texnologiyanın idarə olunması və qərarvermə prosesində ilahi dəyərlər, vəhy və dini düşüncə nəzərə alınmalıdır. O, süni intellekti güclü və sürətli bir maşına bənzədərək bildirib ki, din sahəsində bu texnologiyanın istiqamətləndirilməsi fəqih və dini mütəfəkkirlərin məsuliyyətində olmalıdır.

Süni intellektdən ictihadda istifadə ideyasının keçmişi

Bəhruz Minayinin sözlərinə görə, süni intellektdən ictihad, təhsil və hövzə araşdırmalarında istifadə ideyası 1998-ci ildən etibarən gündəmdə olub. O bildirib ki, bu texnologiyadan məhkəmə fəaliyyəti, qanunların hazırlanması və təkmilləşdirilməsi kimi sahələrdə də istifadə etmək mümkündür.

O əlavə edib ki, bu istiqamətdə 2020-ci ildə keçirilən elmi toplantıda 70-ə yaxın məqalə təqdim edilib və sonrakı dövrdə süni intellektin din və ictihad sahəsinə təsiri ilə bağlı müxtəlif elmi layihələr həyata keçirilib.

Bəhruz Minayi qeyd edib ki, süni intellektin dinə təsiri ilə yanaşı, İslamın da süni intellektin inkişafına təsiri araşdırılmalıdır. Bu çərçivədə süni intellektin cəmiyyətə daxil olması ilə fiqh, fəlsəfə, humanitar elmlər və digər bilik sahələrində meydana çıxan yeni suallar və nəticələr elmi şəkildə öyrənilməlidir.

Dini araşdırma və mühakimə üçün ağıllı «Hüda» sistemi

Bəhruz Minayi təqdim olunan məhsullardan birinin ağıllı «Hüda» sisteminin olduğunu bildirərək deyib: Bu sistem İslam elmləri sahəsində istifadə üçün hazırlanmış, ağıllı, mühakimə və bilik əsaslı fəaliyyət imkanlarına malik bir vasitədir. Sistem fəqih və ya tədqiqatçının sualını qəbul edir, sualın məqsəd və məramını müəyyənləşdirir, çoxsaylı mənbələr arasından mövzu ilə əlaqəli və mötəbər mənbələri müəyyən edərək onları araşdırır və təhlil edir.

O əlavə edib: Sistem mənbələri araşdırdıqdan sonra əldə olunan məlumatları uclaşdırır və mühakimə prosesi əsasında ümumiləşdirilmiş nəticəyə gəlir. Daha sonra düzgünlük və etibarlılığın yoxlanılması mərhələlərini həyata keçirərək nəticəni düzgün, aydın, səlis və istifadəçi üçün əlverişli formada təqdim edir.

Bəhruz Minayi qeyd edib: Bu sistemin nəticələri sənəd, cədvəl, diaqram və infoqrafika formatlarında təqdim oluna bilər. Bununla da istifadəçi aparılmış tədqiqatın nəticələrindən daha sadə, əhatəli və dəqiq şəkildə yararlana bilər.

O bildirib ki, bu ağıllı sistemin hazırlanmasında əsas məqsəd süni intellekt imkanlarından cəmiyyətdə, xüsusilə də yeni nəsil arasında dinin inkişafına təkan vermək və dini maarifin yayılmasını gücləndirməkdir.

«Süni intellekt teologiyası» – Elm və Texnologiya Universitetinin ilk dərs vəsaiti

Bəhruz Minayi digər məhsulun «süni intellekt teologiyası» adlı kitab və dərs vəsaiti olduğunu bildirərək deyib: Bu məhsul Elm və Texnologiya Universitetinin fəaliyyəti çərçivəsində hazırlanıb və gələn semestrdən etibarən tədris prosesində istifadəsi nəzərdə tutulur.

O əlavə edib: Bu universitetdə beynəlxalq səviyyədə İslam dünyasından və digər ölkələrdən olan istedadlı və bacarıqlı şəxslərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərilib. Məqsəd onların süni intellektlə tanışlığı ilə yanaşı, bu texnologiyanın yaratdığı idrak, din və sosial çağırışları da dərindən öyrənmələrinə şərait yaratmaqdır.

Elm və Texnologiya Universitetinin professoru bildirib: Bu dərs vəsaitində rəqəmsal idrak təcrübələri, ölümsüzlük, insanın yaradılmışların ən şərəflisi kimi mövqeyi, eləcə də süni intellektin, xüsusilə də güclü süni intellektin din qarşısında yarada biləcəyi müxtəlif dini şübhələr kimi məsələlər araşdırılıb.

O davam edib: Bu mövzular 16 dərs şəklində hazırlanıb və kitabın universitetlərin və elmi mərkəzlərin sərbəst istifadəsinə təqdim edilməsinə çalışılıb ki, onun əsasında tədris və elmi fəaliyyətlərin həyata keçirilməsi mümkün olsun.

Bəhruz Minayi həmçinin əxlaq, fəlsəfə, İslam elmlərinin digər istiqamətləri və süni intellekt arasındakı əlaqəyə dair bir neçə digər kitabın hazırlanması barədə məlumat verib və bildirib ki, həmin əsərlər mərhələli şəkildə təqdim ediləcək və ictimaiyyətə tanıdılacaq.

O, elmi hövzələr ilə texnologiyanın kəsişməsində ixtisaslı mütəxəssislərin hazırlanmasının zəruriliyini vurğulayaraq deyib: Bu sahənin gələcəyi həm İslam elmləri və dini prinsiplərlə dərindən tanış olan, həm də müasir texnologiyaları, xüsusilə süni intellekti yüksək səviyyədə bilən mütəxəssislərin hazırlanmasını tələb edir.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha