çərşənbə axşamı 8 aprel 2025 - 15:57
Ühüd döyüşünün bu günkü cəmiyyət üçün dərsləri

Hövzə / Ühüd döyüşündə baş verənlər, dünyadakı hər bir orduyu məğlub etməyə kifayət edərdi. Lakin müzakirəyə layiq olan məsələ, məğlubiyyətdən sonra müsəlmanların bir araya gəlməsidir və qaçışdan sonra onların yenidən sürətlə liderlərinin ətrafında toplanmalarıdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Məkarim Şirazı bir çıxışında "Ühüd Döyüşü"nün hadisələrindən danışıb və belə demişdir:

Qısa cavab:
Bədir döyüşündə Qureyşin məğlubiyyətindən bir müddət sonra, Əbu Sufyan 5000 yaxşı təchiz olunmuş əsgərlə Məkkədən çıxdı. Bu hadisə Peyğəmbərə (s) bildirildi və o, müharibə şurası qurdu. Müsəlmanlar döyüşə çıxdılar və döyüşün başlanğıcında müşriklərə qalib gəldilər. Lakin yeni müsəlmanlardan bəzilərinin nizam-intizamı pozması və əmrləri yerinə yetirməməsi nəticəsində döyüşün gedişi dəyişdi, çox sayda müsəlman şəhid oldu, yaralandı və ordu dağılmağa başladı. Buna baxmayaraq, Peyğəmbər (s) ordunu yenidən bir araya gətirdi və Qureyş ordusunu izləməyə başladı. Bu siyasi manevr müsəlmanların ruhunu və nüfuzunu qorudu və müşrikləri zəiflətdi.

Ətraflı cavab:

İslam tarixi və rəvayətlərindən belə məlum olur ki, Qureyş Bədir döyüşündə məğlub olduqdan sonra 70 şəhid və 70 əsir ilə Məkkəyə qayıtdılar. (1) Əbu Sufyan Məkkə əhalisinə xəbərdarlıq etdi və dedi: "Bədir döyüşünün şəhidlərinə qadınların ağlamasına icazə verməyin, çünki göz yaşı kədəri aradan qaldırar və Məhəmməd (s) ilə bağlı olan düşmənçilik və ədavəti ürəklərindən çıxaracaq!" Əbu Sufyan həmçinin and içdi ki, Bədir döyüşünün qatillərindən intiqam almayınca, həyat yoldaşı ilə yatağa girməyəcək. Beləliklə, Qureyş qəbiləsi əlindəki bütün vasitələrlə, insanları müsəlmanlarla müharibəyə təşviq etdi və "intiqam, intiqam" qışqırıqları Məkkəni bürüdü.

Üçüncü hicri ili gəldikdə, Qureyş, Peyğəmbər (s) ilə döyüşmək məqsədilə 3000 atlı və 2000 piyada, kifayət qədər təchiz olunmuş şəkildə Məkkədən çıxdılar. Onlar, döyüşdə əsgərlərin ruhunu yüksəltmək və qəzəblərini oyatmaq üçün "bütləri" və  "qadınları" da özləri ilə apardılar.

Həmin vaxt, Peyğəmbərin (s) əmisi Abbas hələ İslamı qəbul etməmişdi və Qureyşin dini inancına sadiq qalırdı; amma o, qardaşı oğluna çox sevgi bəslədiyi üçün, Qureyşin güclü ordu hazırladığını və Peyğəmbərə (s) qarşı döyüşə çıxmağa hazır olduqlarını gördükdə, bir məktub yazdı və bu məktubu "Bəni Ğəffar" qəbiləsindən bir şəxs vasitəsilə Mədinəyə göndərdi. (2)

Peyğəmbər (s) bu vəziyyətdən xəbərdar olduqda, bir neçə müsəlmana Məkkə yolunu tutmalarını və Qureyşin ordusunun vəziyyəti barədə daha ətraflı məlumat almaqlarını əmr etdi (bu, müharibə idarəçiliyi və liderlikdə ilk addım idi).

Çox keçmədi ki, Peyğəmbərin (s) göndərdiyi iki kəşfiyyatçı, Qureyşin ordusunun vəziyyəti barədə məlumatla qayıtdılar və dedilər ki, bu qüvvə Əbu Sufyanın komandanlığı altındadır.

Peyğəmbər (s), bütün səhabələri və Mədinə əhalisini məsləhət üçün dəvət etdi və şəhəri müdafiə etmək mövzusunu onlarla açıq şəkildə müzakirə etdi. Sonra isə, şəhər daxilində döyüşə girib-girməmək və ya şəhəri tərk edib düşmənlə döyüşmək məsələsində müsəlmanlarla danışdı. Bəzi şəxslər dedilər ki, biz Mədinəni tərk etməyək, şəhərin dar küçələrində düşmənlə döyüşək, çünki bu halda hətta zəif kişilər və qadınlar da cəbhənin arxasında orduya kömək edə bilərlər. (3)

"Abdullah ibn Ubəy" bu sözləri söylədikdən sonra əlavə etdi: "Ey Allahın Peyğəmbəri! İndiyə qədər heç vaxt öz evimizin həsarları içində olub düşmənin bizə qalib gəlməsinə razı olmamışıq." Bu fikir, o dövrün Mədinə şəhərinin xüsusi vəziyyəti nəzərə alınaraq, Peyğəmbər (s) tərəfindən qəbul olundu. O, şəhər daxilində Qureyşlə döyüşməyə meyl edirdi, amma bir qrup gənc və döyüşçü bu fikirlə razılaşmadılar. "Səid ibn Muaz" və "Ovs" qəbiləsindən bir neçə nəfər ayağa qalxaraq dedilər: "Ey Peyğəmbər, keçmişdə heç bir ərəb bizə göz dikməyə cürət etməmişdi, halbuki o vaxt biz müşrik və bütpərəst idik. İndi isə sən aramızdasın, necə ola bilər ki, onlar bizə göz dikə bilərlər? Əlbəttə ki, biz şəhəri tərk edəcəyik və düşmənlə döyüşəcəyik. Əgər bizdən kimsə şəhid olarsa, o, şəhadət şərəfi qazanmış olacaq, əgər sağ qalsa, Allah yolunda cihad etməklə mükafatlandırılacaqdır." (4)

Bu cür həyəcanverici sözlər, Mədinəni tərk etməyi təklif edənlərin sayını daha da artırdı, nəticədə "Abdullah ibn Ubəyin" təklifi azlıqda qaldı. Peyğəmbər (s), Mədinəni tərk etmək istəməsə də, ümumi şura prinsiplərinə hörmət edərək, Mədinəni tərk etmək tərəfdarlarının təklifini qəbul etdi (bu, ikinci addım idi).

Sonra, Peyğəmbər (s) bir səhabəsi ilə birlikdə şəhərdən çıxaraq düşərgə hazırlamağa başladı və "Ühüd" dağının ətəyində, hərbi baxımdan əlverişli bir yer seçdi və bu yerin bütün lazımi hazırlıqlarını gördü (bu, üçüncü addım idi).

Cümə günü, Peyğəmbər (s) cümə namazının xütbəsini oxumağa başladı və Allahı tərif etdikdən sonra, müsəlmanları Qureyş ordusunun yaxınlaşması barədə məlumatlandırdı və dedi: "Əgər siz can və ürəkdən döyüşə hazırsınızsa və bu ruhla düşmənlə vuruşursunuzsa, Allah sizi mütləq qələbəyə çatdıracaq!" Beləliklə, o, yoldaşlarına o qədər ruh yüksəkliyi verdi ki, həmin gün min nəfər mühacir və ənsar düşərgəyə yollandılar.

Peyğəmbər (s) şəxsi olaraq orduya rəhbərlik edirdi və Mədinəni tərk etməzdən əvvəl üç bayraq hazırlamağa əmr etdi: birini mühacirlərə, iki bayrağı isə ənsara verdi. (5)

Peyğəmbər (s) Mədinə ilə Ühüd arasında olan məsafəni piyada keçdi və yol boyu ordu sıralarını nəzərdən keçirərək, özü sıraları düzəltdi və nizamlı hala gətirdi (bu, dördüncü addım idi).

Məşhur tarixçi və bioqraf yazarı "Burhanəddin Hələbî" öz kitabında belə yazır: "Peyğəmbər (s) hələ Ühüdə çatmamışdı ki, ordusunu yoxlayarkən, onların arasında heç vaxt görmədiyi bir qrup insan gördü. O, soruşdu: 'Bunlar kimdir?' Cavab verdilər: 'Bunlar yəhudilərdir, 'Abdullah ibn Ubəy' ilə ittifaq bağlamışlar və bu səbəbdən müsəlmanlara kömək etməyə gəliblər.' Peyğəmbər (s) soruşdu: 'Onlar müsəlman oldularmı?' Onlar dedilər: 'Xeyr.' Peyğəmbər (s) bir an düşünərək dedi: «إِنّا لانَنْتَصِرُ بِأَهْلِ الْکُفْرِ عَلی أَهْلِ الشِّرْکِ» (Biz küfr əhli ilə müşriklərə qarşı mübarizə aparmaq üçün kömək almırıq, yalnız onlar müsəlman olduqda kömək edə bilərlər!)". (6) Yəhudilər bu təklifi qəbul etmədilər və hamısı Mədinəyə qayıtdılar. Beləliklə, Peyğəmbərin (s) 1000 nəfərlik ordusundan 300 nəfər azaldı, amma ordudakı qeyri-sağlam və ixlassız şəxslər təmizlənmiş oldu (bu, beşinci addım idi).

Hər halda, Peyğəmbər (s) lazım olan təmizləməni etdikdən sonra, 700 nəfərlik ordusu ilə Ühüd dağının ətəyinə çatdı və səhər namazını qıldıqdan sonra, müsəlmanların sıralarını düzəltdi. O, "Abdullah ibn Cübeyr"i 50 nəfər oxçudan ibarət bir qrupla dağın çatının ağzında mövqelənməyə təyin etdi və onlara vurğuladı ki, heç bir halda mövqelərini tərk etməsinlər, ordunun arxasını qorusunlar və dedi: 'Hətta biz düşməni Məkkəyə qədər təqib edəriksə və ya düşmən bizi məğlub edərək Mədinəyə qədər geri çəkilməyə məcbur edərsə belə, mövqelərinizdən heç bir halda ayrılmayın!'". (7)

O tərəfdən, Abu Səfyan, Xalid ibn Vəlidə 200 seçilmiş əsgər təyin edərək, bu dar keçidi nəzarət altına almasını və müsəlmanların bu dərədən çıxana qədər gözləməsini əmr etdi. Sonra isə, müsəlman ordusunu dərhal arxadan hücuma keçirməyi planlaşdırdı.

İki ordu qarşı-qarşıya sıralandı. Abu Səfyan, bütlər və gözəl qadınlarla öz döyüşçülərini həvəsləndirməyə çalışarkən, İslam Peyğəmbəri (s) Allahın adı və ilahi rəhməti ilə müsəlmanları müdafiəyə təşviq edirdi. Müsəlmanların "Təkbir" səsi bütün düzənlikləri və Ühüd dağının ətəyini bürümüşdü; digər tərəfdən isə, Qureyş qadınları və qızları döyüşçülərinin hisslərini və əhval-ruhiyyəsini oyandırmaq üçün mahnılar oxuyurdular!

Başlanğıcda, İslam ordusu güclü bir hücumla Qureyş ordusunu darmadağın edərək, onları geri çəkinməyə məcbur etdi; lakin Xalid ibn Vəlid, Qureyşin məğlubiyyətinin qaçılmaz olduğunu görərək, dağ keçidindən çıxaraq müsəlmanları arxadan hücuma keçirməyi planlaşdırırdı. Lakin oxçular onu geri çəkinməyə məcbur etdilər. Hər şey yaxşı gedirdi, amma sonradan bir nizamsızlıq baş verdi ki, bütün hesablar pozuldu. Bu nizamsızlıq, Qureyşin geri çəkilməsi ilə bağlı idi; bəzi yeni müsəlmanlar düşmənin tamamilə məğlub olduğunu düşünərək, qənimət toplamaq üçün mövqelərini tərk etdilər və hətta dağın çatında mövqelənmiş oxçular belə yerlərini tərk edib döyüşə qatıldılar. Abdullah ibn Cübeyr nə qədər qışqırıb, Peyğəmbərin (s) əmrini xatırlatdısa da, yalnız bir neçə nəfər – təxminən on nəfər – o vacib nöqtədə qaldılar.

Bu nizamsızlıq və itaətsizlik nəticəsində, Xalid ibn Vəlid, 200 nəfərlik gücü ilə gizlənmiş vəziyyətdə, dağın keçidini gözləyərək, onu qoruyanlardan təmizləndiyini görən zaman sürətlə Abdullah ibn Cübeyr və yoldaşlarının üzərinə hücum etdi və onları öldürərək, İslam ordusunun arxasından hücuma keçdi. Qureyş ordusu geri döndü. Birdən-birə müsəlmanlar özlərini hər tərəfdən düşmənin qılıncları altında gördülər, onların nizamı və koordinasiyası pozuldu. Bu zaman, İslamın igid komandiri "Həmzə, Şəhidlərin Seyidi" və bir neçə başqa cəsur yoldaşları şəhadətə çatdılar, yalnız çox az sayda, rəhbərləri ətrafında fələk kimi dövrə vurmuş olanlar qaçmadılar. (8)

Bu təhlükəli döyüşdə ən çox fədakarlıq edən və düşməndən Peyğəmbərə edilən hər hücumu dəf edən şəxs, hamının etirafına görə, Əli ibn Əbu Talib (ə) idi. İmam Əli (ə) bütün cəsarəti ilə döyüşürdü, ta ki, qılıncı qırıldı; Peyğəmbər (s) ona özünün "Zülfəqar" adlı qılıncını verdi. Nəhayət, Peyğəmbər (s) bir yerdə mövqe tutdu və İmam Əli (ə) hələ də onu müdafiə edirdi. (9)

Bəzi tarixçilərin rəvayətinə görə, onun başına, üzünə və bədəninə altmışdan çox zərbə dəydi və bu vaxt vəhy mələyi Peyğəmbərə belə dedi: «یا رَسُولَ اللّهِ هذهِ المُواساة»؛  "Ya Rəsulullah, bu, müvaəsatın (bərabərliy) mənasıdır!"

Peyğəmbər (s) dedi: «اِنَّهُ مِنّی وَ اَنَا مِنْهُ، "O, məndəndir və mən də ondanam!"  Cəbrayıl əlavə etdi: وَ اَنَا مِنْکُما  "Və mən də sizdənəm." Bu zaman bir səs eşidildi [ki, vəhy mələyi yer ilə göy arasında dedi]: «لاسَیْفَ إِلاّ ذُوالْفَقارِ وَ لافتی إِلاّ عَلیٌ»)  "Zülfəqar kimi qılınc, Əli kimi igid yoxdur!" (10)

Bəzi tarix yazıçıları deyirlər: Qureyşdən bir döyüşçü, bir müsəlmanı "Müsəb" adlı döyüşçü zənn edərək onu güclü bir zərbə ilə yerə sərdi; sonra yüksək səslə qışqırdı: "Lat və Uzza adına and olsun ki, Məhəmməd öldü!" Lakin bu təhlükəli şayiə iki cəhətdən tamamilə müsəlmanların xeyrinə oldu:

Bir tərəfdən, düşmən Peyğəmbər (s) öldü deyə düşündü və "Ühüd"ü Məkkəyə getmək məqsədilə tərk etməyə hazırlaşdı. Əgər Peyğəmbər (s) öldürülməsəydi, Qureyşin qələbə çalan ordusu, İslam və Peyğəmbərə (s) qarşı ən böyük nifrət və düşmənçiliyi daşıyan və məhz ondan intiqam almaq üçün gələn, heç vaxt Ühüdü tərk etməzdi; və bu da maraqlıdır ki, Qureyşin minlərlə nəfərlik ordusu, döyüşdə qələbə çaldıqdan sonra, heç bir gecəni orada qalmadı, daha dərinə getmək və araşdırmaq istəmədən dərhal Məkkəyə getməyə başladılar! (11)

Digər tərəfdən, Peyğəmbərin (s) şəhid olması xəbəri yayılanda, Onun (s.) əmri ilə bir qrup müsəlman ağır yaralı olmasına baxmayaraq, Peyğəmbəri dağın başına apardılar ki, camaata göstərsinlər: O, hələ sağdır. Bu hadisə müsəlmanlardan qaçanların geri dönməsinə və Onun ətrafında toplanmasına səbəb oldu (bu hadisə İslam ordusunun dirçəlişi üçün növbəti mühüm addım idi). Hərçənd ki, bu yolla məğlubiyyətin qarşısı alındı, lakin müsəlmanlar həm can, həm də mal baxımından böyük itkilər verdilər. Döyüş meydanında yetmiş nəfər şəhid oldu və çoxlu sayda insan yaralandı.(12)

Lakin bu məğlubiyyətdən müsəlmanlar elə böyük bir dərs aldılar ki, bu dərs onların gələcək zəfərlərinin zəmanəti oldu və çox müsbət nəticələr verdi. Şübhəsiz ki, Ühüd döyüşündə baş verənlər istənilən ordunu məhv etməyə kifayət edərdi. Amma müzakirəyə dəyər məsələ budur: məğlubiyyətdən sonra müsəlmanların yenidən toparlanması və qaçdıqdan sonra sürətlə Peyğəmbərin ətrafında toplanmaları oldu.

Əlbəttə, bu hadisədə Peyğəmbərin (s) şəxsi cəsarət və şücaəti olduqca təsirli oldu. O, müsəlmanların ətrafını bürümüş təhlükəli halqadan çıxmalarında mühüm rol oynadı. Qeyd edilməlidir ki, Peyğəmbər (s.) müharibənin gedişatı düşmənin xeyrinə olduğu vaxtda belə, misilsiz bir lider və komandan olduğunu sübut etdi. O, nə ordunun təşkili, nə də döyüş zamanı əsəblərinə nəzarət baxımından heç vaxt zəiflik göstərmədi. Özünü xilas etməyi düşünmək əvəzinə, dağ kimi döyüş meydanında durdu və uca səslə nida etdi: “Gəlin mənim yanıma, mən Allahın elçisiyəm!” Onun ruhlandırıcı səsini eşidənlər yenidən ətrafında toplaşdılar.

Bundan əlavə, “Həmraül-Əsəd” hücumu və Məkkə ordusunun təqibi İslam rəhbərinin dolayı hücum yollarında nə qədər uzaqgörən və ayıq olduğunu göstərdi. Məkkə ordusunun Ühüddə qəfil qazandığı qələbə Mədinədəki İslam hərəkatı üçün sarsıdıcı mənfi təsir buraxdı. Bu hərəkətin düşmənlər – yəhudi və münafiqlər – arasında olan möhtəşəmliyini və qüdrətini azaltdı. Elə buna görə də bu qruplar fürsətdən istifadə edib hücuma keçmək niyyətində idilər. Bu səbəbdən İslam Peyğəmbəri qəfil, cəsarətli və sərt tədbirlərlə hərəkatın sütunlarını möhkəmləndirməyə qərar verdi.

Elə həmin vaxt ki, Məkkə ordusu “Rəvha” adlı bölgədə konfrans keçirməkdə idi, onlara xəbər çatdı ki, İslam ordusu Peyğəmbərin (s) rəhbərliyi ilə onları təqib etmək üçün hərəkətə keçib. Onlara məlumat verildi ki, Məhəmmədin (s) ordusu böyük şücaətlə “Həmra-ul-Əsəd ” bölgəsində düşərgə salıb. Bu xəbər onların ruhdan düşməsinə, iradələrinin sarsılmasına səbəb oldu və belə göründü ki, artıq müsəlmanlarla qarşı-qarşıya gəlməyə cürətləri qalmayıb.

Xüsusilə, Əbu Sufyanın qorxusu daha çox idi. O, çarəsiz qalaraq Peyğəmbərə (s) hədə dolu bir məktub göndərdi. Lakin İslam Peyğəmbəri (s) bu hədə məktubuna heç bir əhəmiyyət vermədi, böyük vüqar və əzəmətlə yerində qaldı və ordusu ilə birlikdə üç gecə “Həmra-ul-Əsəd”də düşərgədə dayandı. Onlar bütün gecə boyu nəhəng tonqallar yandırdılar ki, Qureyş tayfası bilsin: müsəlmanlar öz mövqelərində qətiyyətlə dayanıb, istənilən an hücuma keçmək üçün hazır vəziyyətdədirlər.

Bu siyasi manevrlə İslam ordusunun qətiyyət və döyüş hazırlığı aydın olduqdan sonra, Peyğəmbər (s) qəhrəman ordusu ilə birlikdə başı uca şəkildə Mədinəyə qayıtdı. Bu cəsarətli hərbi manevr nəticəsində həm hərbi, həm də siyasi baxımdan mühüm bir qələbə əldə edildi.

Bəzi tarixçilərin fikrincə, məğlubiyyətə uğramış əsgərlərinə yenidən nəzarət etməyi bacaran və onları nizama salan liderlər tarix boyunca barmaqla sayılacaq qədər az olub. Bu səbəbdən də dünyanın ən böyük hərbi komandanları İslam Peyğəmbərinin (s) bu iş qarşısında baş əyirlər. Xüsusilə də “Həmra-ul-Əsəd” səfəri ilə həyata keçirdiyi misilsiz hərbi manevr, İslam hərəkatının zəifləmiş gücünü yenidən bərpa etdi və ərəb cəmiyyətində onun əzəmət və heybətini qoruyub saxladı.

Qeyd:
(1) Bədr döyüşü günündə Qureyşdən 70 nəfər müsəlmanlar tərəfindən öldürüldü. İbn İshaq öz əsəri Siyrət və Məğazidə (müəllif: Məhəmməd ibn İshaq ibn Yəsar əl-Müttalibi), (tədqiqat: Sühayl Zəkār, nəşriyyat: Dar ul-Fikr, Beyrut, hicri 1398 / miladi 1978, I nəşr, səh. 130) onlardan yalnız 50 nəfərinin adını çəkir.
İbn Hişam isə əs-Siyrətün-Nəbəviyyə əsərində (müəllif: Əbdülməlik ibn Hişam əl-Himyəri əl-Məafəri, tədqiqatçılar: Mustafa əs-Səqqa, İbrahim əl-Ebyari, Əbdülhafiz Şələbi, nəşriyyat: Dar ul-Məarifə, Beyrut, tarixsiz nəşr, cild 1, səh. 706) əlavə olaraq daha 20 nəfərin adını qeyd edir.

Mərhum Şeyx Müfid isə əl-İrşad əsərində Bədr döyüşündə öldürülənlərdən 36 nəfərin adını çəkir və əlavə edir ki, həm "xass" (şiə) rəvayətçilər, həm də "ammə" (sünni) rəvayətçilər bu adları təsdiqləmişlər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha