şənbə 3 may 2025 - 16:48
İran neft sənayesinin milliləşdirilməsində Hövzə elm mərkəzinin və Ayətullah Kaşaninin rolu.

Hövzə / Ayətullah Kaşani milli hərəkatın formalaşmasında əsas rol oynadı və dini motivasiyalarla xalqı böyük mitinqlərə səfərbər etdi. O, 1330-cu ildə (miladi 1951) nümayəndələrini müxtəlif şəhərlərə göndərərək hərəkatı genişləndirdi. Əgər o olmasaydı, nə milli hərəkat yaranardı, nə də Müsəddiqin siyasət səhnəsində hər hansı bir rolu olardı.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İranın neft sənayesinin milliləşdirilməsi hərəkatında hövzə elmi mərkəzinin və Ayətullah Kaşaninin rolu əsas və həlledici olmuşdur. O, mənəvi nüfuzundan və geniş ictimai dəstəyindən istifadə edərək iqtisadi korrupsiya və müstəmləkə xarakterli müqavilələri ifşa etməklə, neftin milliləşdirilməsi hərəkatını elitlərin tələbindən ümumxalq istəyi səviyyəsinə yüksəldə bildi.

Neft sənayesinin milliləşdirilməsi prosesi boyunca Ayətullah Kaşani daim əsas və rəhbər rol oynamışdır.

O, xalq arasında qazandığı güclü ictimai dəstəyə söykənərək elə bir siyasi təzyiq formalaşdırırdı ki, bu da həm Müsəddiq və silahdaşları da daxil olmaqla hərəkatın tərəfdarlarının mübarizədən çəkilməməsinə və müqavimət göstərməsinə səbəb olurdu, həm də milli hərəkatın əleyhdarlarının – istər ölkə daxilindəki siyasi fiqurların, istərsə də xarici səfirliklərin – bu prosesi öz maraqları istiqamətində yönəltmələrinin qarşısını alırdı.

Ayətullah Kaşaninin İran neftinin milliləşdirilməsi təşəbbüsündə rolu

Ayətullah Kaşani dövlət məmurlarının iqtisadi korrupsiyası və ölkədəki acınacaqlı iqtisadi vəziyyəti ifşa etməklə fəaliyyətə başlamış, ardınca isə tədricən neft sənayesinin milliləşdirilməsi ideyasını irəli sürmüşdür.

Məsələn, 1326-cı ilin dey ayının 19-da (miladi təqvimlə 10 yanvar 1948), Ərbəin münasibətilə keçirilən bir məclisdə, "Hazırkı vəziyyətimiz qeyri-adi və təhlükəlidir. Ölkə uçuruma doğru gedir. Hakimiyyət sahibləri xalqın sərvətini talayırlar... Təəssüf ki, müsəlmanların ticarəti bir neçə yad yəhudinin əlindədir" kimi fikirlərlə çıxış edərək xalqı iqtisadi vəziyyətə, korrupsiyaya və yəhudi təsirinə qarşı qəzəbləndirmişdi.

Bu çıxışdan sonra, 1327-ci ilin bəhmən ayının 15-də (4 fevral 1949) "İslam bayrağı" qəzetinin müxbiri Nasir Fəxrarainin şahı güllələməsi hadisəsinə qədər müxtəlif fürsətlərdə Ayətullah Kaşani dövlətin korrupsiyaya uğramış məmurlarına və xarici təsirlərə qarşı çıxışlar etmiş, ifşaedici bəyanatlar vermişdir.

Bu hadisədən sonra Livana sürgün edilən Ayətullah Kaşani, 1329-cu ilin xordad ayının 29-da (19 iyun 1950) Tehran xalqı tərəfindən qiyabi olaraq 16-cı məclisə deputat seçildikdən sonra ölkəyə qayıtmış və misilsiz bir şəkildə qarşılanmışdır.

İran neft sənayesinin milliləşdirilməsində Hövzə elm mərkəzinin və Ayətullah Kaşaninin rolu.

Ayətullah Kaşani bir qədər sonra "Qus-Qolşayan" müqaviləsinə qarşı bəyanat yayaraq bildirdi: İran nefti İran millətinə məxsusdur və millət ona istədiyi şəkildə sahib çıxmaq haqqına malikdir. Zorla və məcburiyyətlə qəbul etdirilən heç bir müqavilənin hüquqi dəyəri yoxdur.

Ayətullah Kaşaninin İrana qayıdışından yeddi gün sonra, 1329-cu ilin tir ayının 5-də (27 iyun 1950) baş nazir Mənsur istefa verdi və onun yerinə Rəzmara baş nazir oldu.

Ayətullah Kaşaninin neftin milliləşdirilməsi istiqamətində bəyanatları

Ayətullah Kaşani 1329-cu ilin dey ayının 8-də və bəhmən ayının 6-da (29 dekabr 1950 və 26 yanvar 1951) xalq mitinqləri təşkil etdi. Bu mitinqlər Rəzmara hökumətinə qarşı idi; çünki Rəzmara “İran xalqı hətta mis qab düzəltməyə də qadir deyil” deyərək neftin milliləşdirilməsinə qarşı çıxırdı. Ayətullah Kaşani bu mitinqlərin yekun qətnamələrində neftin milliləşdirilməsini “xalqın ümumi tələbi” kimi təqdim etdi.

Həmçinin, o, ətraflı bir bəyanat da yayaraq bildirdi:

1. İslam ölkələri başa düşmüşlər ki, Qərbin onlara buraxdığı miras dinsizlik, riyakarlıq, zülm, korrupsiya və əxlaqsızlıqdan başqa bir şey deyil. Bu səbəbdən Qərb ölkələrinin hökmranlığı, hərbi rejimlər və onların İslam dünyasındakı təsiri artıq davam edə bilməz.


2. Dini liderlər belə bir qənaətə gəliblər ki, İran nefti milliləşdirilməlidir ki, onun gəliri xalqın ümumi rifahına xidmət etsin. Milli sərvətlərin milliləşdirilməsi, Avropa ölkələrinin o cümlədən İngiltərənin öz vətəndaşlarının rifahı üçün tətbiq etdiyi bir siyasətdir.

İran neft sənayesinin milliləşdirilməsində Hövzə elm mərkəzinin və Ayətullah Kaşaninin rolu.

3. Neft sənayesinin milliləşdirilməsi xalqın ümumi istəyinə çevrildiyi halda, müstəmləkəçilər buna qarşı duruş gətirə bilməzlər. Necə ki, Hindistan, Pakistan, Birma, Misir, İrlandiya və s. xalqların azadlıq mübarizəsi qarşısında İngiltərənin zalım hökuməti də məcbur olub zülmündən əl çəkmiş və başa düşmüşdür ki, əgər istismarına son verməzsə, bunun ağır nəticələri birbaşa onun öz başına gələcəkdir.

4. İran xalqının səadəti və dünya sülhünə töhfə məqsədilə ölkənin bütün bölgələrində, istisnasız olaraq, neft sənayesinin milliləşdirilməsini bütün millət tələb etməlidir. Vətənpərvər millət vəkillərindən də gözləntilər yalnız bu məqsədə çatmaq üçün bütün güclərini səfərbər etmələridir.
Bu bəyanatın məzmunu millət vəkili Dr. Bəqai tərəfindən qanun layihəsi formasında məclisə təqdim olundu, lakin cəmi 11 imza toplandığı üçün 15 imza tələbini keçmədiyindən gündəliyə salınmadı.

İranın bədbəxtliyinin mənbəyi: İngiltərənin əlaltılarıdır.

1329-cu ilin əsfənd ayının 16-da (7 mart 1951) “İslam Fədailəri” cəmiyyətinin üzvü Xəlil Təhmasibi baş nazir Rəzmaraya sui-qəsd edərək onu öldürdü. Ayətullah Kaşani “Daily Express” qəzetindən jurnalist Delmer ilə keçirdiyi mətbuat konfransında Rəzmara’nın qatillərini müdafiə edərək, bu sualın cavabında ki, "Bu cür sui-qəsdlər davam edəcəkmi?" bildirdi: Əgər hakimiyyət daxilində xəyanət davam edərsə, ölkənin idarəsində olan bəzi şəxslər əcnəbilərin maraqları naminə xalqın ziyanına fəaliyyət göstərsələr, xalq xəyanətkarların cəzalandırılmasından geri çəkilməyəcək.

Jurnalistin “Əgər şah özü Rəzmara və onun varislərinin əməllərində iştirak edirsə, sizin bu barədə mövqeyiniz nə olacaq?” sualına isə Ayətullah Kaşani ümumi və dolaylı cavab verərək dedi: "Ümumiyyətlə, şah milli hökumətdə məsuliyyət daşımır.” Bu cavab, şahın da Rəzmara kimi davranışla qarşılaşmasının istisna edilmədiyini göstərirdi.

Ayətullah Kaşanidən “Cənub neft sənayesinin milliləşdirilməsi ilə yanaşı, siz ingilis mühəndisləri və neft şirkəti işçilərinin iranlılarla əməkdaşlıq etməsinə razısınızmı?” deyə soruşduqda o belə cavab verdi:

“İran xalqının əksər bədbəxtliklərinin mənbəyi neft şirkətinin agentləridir. Onlar ölkəmizin müxtəlif sahələrinə əsassız müdaxilələr edirlər. Mən inanıram ki, əgər ingilislər neftdən götürdüklərinin ikiqatını belə bizə ödəməyi təklif etsələr, yenə də onların neft sənayesindən tamamilə uzaqlaşdırılması vacibdir.”

İran neft sənayesinin milliləşdirilməsində Hövzə elm mərkəzinin və Ayətullah Kaşaninin rolu.

Biz İngiltərə dövləti ilə müharibə etmirik və dünya vəziyyəti, beynəlxalq şərait artıq İngiltərəyə imkan və icazə verməyəcək ki, hərbi gəmilərini İrana göndərsin və ölkəmizi təhdid etsin.

Ayətullah Kaşaninin İranın məsələsinin Haaqa (Lahey) Beynəlxalq Məhkəməsinə verilməsi haqqında fikirləri:

Ayətullah Kaşani, sonradan baş verən və İran məsələsinin Lahey Məhkəməsinə çıxarılması ilə bağlı bildirmişdi: Artıq bir müddətdir ki, kapitulyasiya ləğv olunmuşdur. Əgər İran daxilində əcnəbilərlə iranlılar arasında hər hansı bir mübahisə və ya ixtilaf yaranarsa, bu məsələ yalnız İran məhkəmələrində müzakirə edilməli və onlarda həll olunmalıdır.

1933-cü il müqaviləsində də qeyd olunan hər hansı mübahisənin Lahey Beynəlxalq Məhkəməsinə göndərilməsi məsələsi  hüquqi baxımdan keçərli deyil və icra oluna bilməz. Çünki bu müqavilə qeyri-qanuni və məcburi şəkildə imzalanmışdır. Bu da həmin sənədi imzalayan şəxsin (hazırda Senat sədri olan Təqizadə) açıq-aşkar etirafı ilə və eləcə də ingilislərin dəfələrlə İranın o dövrdə diktator rejimi ilə idarə olunmasına dair etirafları ilə təsdiqlənir.

Ayətullah Kaşaniyə “kommunizm İran üçün nə qədər təhlükəlidir?” sualı verildikdə, belə cavab verir: Əgər bolşevizm və kommunizm təhlükəsi ölkəmizi təhdid edirsə və ya edəcəksə, bunun günahkarı ingilislərdir. Çünki neft şirkətinin agentləri seçkilərə müdaxilə edir, dövlət idarələrinin təsirli üzvlərinin və rəhbərlərinin təyin olunmasında, eləcə də mühüm vəzifələrə yerləşdirilməsində rol oynayırlar. Onlar xain və mənfəətpərəst nazirləri və hökumət rəhbərlərini dəstəkləyirlər. Bu isə əməkçi təbəqələrə, orta sinifə və ləyaqətli tacirlərə daha çox təzyiq və yük gətirir. Bu yolla yoxsulluq və əxlaqi çöküş yayılır, bu da bolşevik və kommunist düşüncələrinin və fəaliyyətlərinin inkişafı üçün münbit zəmin yaradır.

Əslində bu müsahibə xüsusilə də Rəzmaranın qatili ilə bağlı Ayətullah Kaşaninin qəti dəstəyi İngiltərə Neft Şirkətinə vurulan öldürücü zərbə idi və neft sənayesinin milliləşdirilməsinə səbəb olan zəncirvari hadisələrin son halqası oldu.


Əgər Ayətullah Kaşani olmasaydı, nə milli hərəkat olardı, nə də Müsəddiq

İranın Ali Rəhbəri Ayətullah Xamenei Ayətullah Kaşaninin neftin milliləşdirilməsi hərəkatındakı roluna dair belə buyurur:

30 Tir hadisəsi barədə qeyd etməliyəm ki, bu hadisə tarixi təhrifin qurbanı olmuşdur. O gün, əslində ‘Kaşani günü’ adlanmalı idi. İslam fiqhinin, dini duyğuların və dinin siyasi mübarizələrdə təcəssümünün səhnəyə çıxdığı bir gün. İranın milli hərəkatını, demək olar ki, mərhum Ayətullah Kaşaniyə bağlı hesab etmək lazımdır.

Müsəddiqdən əvvəl və onun hakimiyyətə gəlməsindən öncə xalqın təşkil etdiyi kütləvi etirazlar yalnız bir səbəbdən idi  bu səbəb dini motivasiya idi. Əgər mərhum Ayətullah Kaşani milli hərəkatdan kənarlaşdırılsaydı, ölkəmizdə ‘milli hərəkat’ adlı bir şeyin yaranması mümkün olmazdı.

İran neft sənayesinin milliləşdirilməsində Hövzə elm mərkəzinin və Ayətullah Kaşaninin rolu.

Əgər mərhum Ayətullah Kaşani olmasaydı, əgər mərhum Ayətullah Kaşaninin nümayəndələri 1330-cu (1951) ildə müxtəlif şəhərlərə göndərilməsəydi, bu böyük xalq toplantıları heç vaxt təşkil olunmazdı. Bu, mərhum Ayətullah Kaşaninin rolu idi.

Əgər mərhum Kaşani olmasaydı, Müsəddiq kənarda oturmuşdu, nə siyasət səhnəsində idi, nə də siyasətlə hər hansı bir əlaqəsi vardı.

Mənbə: “Müasir İran təcrübəsində şiə alimlərinin Qərbşünaslığı”, s. 501

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha