Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, Höccətül-İslam vəl-müslimin Məhəmməd Rza Zibayi Nejad Qadın və Ailə Tədqiqat Mərkəzinin rəhbəri “Elçi gələn şəxsdə kişi xüsusiyyətlərinin əlamətləri” mövzusunda bir sual-cavab təqdim etmişdir ki, bu da dəyərli oxuculara təqdim olunur.
Sual:
Elçilik görüşündə, bir şəxsin kişilik xüsusiyyətlərini qiymətləndirmək üçün hansı əlamətlərə diqqət yetirilməlidir? Bu göstəriciləri necə dəyərləndirmək olar?
Cavab:
Elçi gələn şəxsdə kişilik xüsusiyyətlərini qiymətləndirməyin mühüm yollarından biri, onun ata tərəf ailəsindəki qərarvermə modelini araşdırmaqdır.
Bu, o deməkdir ki, həmin şəxsin böyüdüyü ailədə əsas qərarları kimin verdiyi araşdırılmalıdır. Bu qərarlarda ata əsas rol oynayır, yoxsa ana?
Əgər müəyyən edilsə ki, ailədə ata qərarvermə prosesində əsas və təsirli bir mövqe tutur və ailə strukturunda güclü bir nüfuza malikdir, bu zaman təxmin etmək olar ki, belə bir ailədə böyüyən oğlan övladı kişi modelinə daha yaxından bələd olub və kişilik xüsusiyyətləri istiqamətində tərbiyə almışdır.
Lakin əgər aparılan tədqiqatlar zamanı müəyyənləşsə ki, ailədə əsas qərarları ana verir və ata prosesdən kənarda qalır yəni, ata ailədə fiziki olaraq mövcud olsa da, mühüm qərarlara təsiri yoxdur və ana faktiki olaraq ailə işlərinin idarəsini öz üzərinə götürürsə, bu zaman ehtimal olunur ki, ailədə böyüyən oğlan hələ bizim nəzərdə tutduğumuz kişilik modelinə tam şəkildə çatmamışdır.
Eyni zamanda, əgər ailədə ata öz real rolunu yerinə yetirmir və ana ya atanın yanında bərabər mövqe tutur, ya da onu geridə qoyaraq ön plana çıxırsa, bu da həmin ailədə kişilik strukturunun zəif olduğunu göstərən bir əlamət ola bilər.
Belə bir mühitdə böyüyən uşağın ailədəki kişi roluna dair sağlam və funksional bir model formalaşdıra bilməməsi ehtimalı artır.
Diqqət yetirilməli digər mühüm məqam ondan ibarətdir ki, əgər ailədə atanın hökmranlığı mənfi bir forma alıbsa yəni ata aqressiv, zorakı və təzyiqedici davranışlarla ailədə hakim mövqe qazanıbsa bu da oğlan övladında kişilik anlayışının təhrif olunmasına səbəb ola bilər.
Belə bir vəziyyətdə uşaq bu sərt və zorakı davranışlara alışa və onları kişiliyin normal göstəricisi kimi qəbul edə bilər.
Ümumilikdə, bu kimi məsələləri ailədaxili münasibətlərə diqqətlə yanaşaraq, mütəxəssis araşdırmaları və ailə üzvlərinin rollarının müşahidəsi ilə müəyyənləşdirmək mümkündür. Lakin bu mövzunun daha dərindən və əhatəli şəkildə araşdırılması psixologiya, sosiologiya və ailə məsləhətçiliyi sahəsindəki mütəxəssislərin analitik yanaşmasını tələb edir.
Rəyiniz