Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun məlumatına əsasən Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin başçısı: Senator Raca Nasir Abbas Cəfəri partiyanın bir qrup yüksək səviyyəli rəhbəri ilə birlikdə keçirdiyi mətbuat konfransında Pakistanın Pəncab əyaləti hökumətinin Məhərrəm mərasimləri və Seyyidüş-Şühəda İmam Hüseynin (ə) əzadarlığına qarşı olan ayrı-seçkiliyi sərt şəkildə tənqid edərək bildirib ki, İmam Hüseynin (ə) əzadarlığı xalqın qanuni və ayrılmaz haqqıdır və bu sahədə heç bir məhdudiyyət qəbul edilə bilməz.
O, çıxışının davamında İmam Hüseynin (ə) əzadarlığının Pakistan torpağında dərin tarixi və köklü bir ənənəyə malik olduğunu vurğulayaraq bildirib: İmam Hüseynin (ə) əzadarlığı təkcə qədim bir dini ənənə deyil həm də bu ölkədə hər bir müsəlmanın əsas və qanuni haqqıdır. Təəssüf ki, hər il Məhərrəm ayı başladıqda bəzi dövlət qurumları əsassız məhdudiyyətlər tətbiq etməklə cəmiyyətə qeyri-sabitlik və təhlükə hissi aşılayırlar.
Senator Raca Nasir Abbas Cəfəri əzadarlıq mərasimlərində əzadarlıq yürüyüşlərinin qadağan edilməsinə toxunaraq bildirib:
Bəzi məsul şəxslər əzadarlıq yürüyüşlərində piyada iştirak etməyi bidət adlandırırlar. Halbuki bu şiələrin Aşura ənənəsinin bir hissəsidir və heç bir qurum və ya şəxs xalqın inanclarına bu şəkildə müdaxilə etmək haqqına sahib deyil.
O, həmçinin polisin əzadarlıq məclislərinə xüsusilə qadınların məclislərinə hücum etməsini, məclis təşkilatçılarının həbs olunmasını, səsucaldıcılarına qoyulan məhdudiyyətləri və bəzi xətib və zəvvarların şəhərlərə girişinin qadağan olunmasını tənqid edərək vurğulayıb:
Bu addımlar ayrı-seçkiliklə yanaşı konstitusiyaya eləcə də vətəndaş hüquqlarına ziddir. Alimlərin ev dustaqlığına məhkum edilməsi və ya sürgün olunması, imamzadələrin bağlanması və ənənəvi məclislərin keçirilməsinin qarşısının alınması Aşura mədəniyyətinə düşmənçilikdən başqa bir şey deyil.
Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin başçısı çıxışının davamında Gilgit universitetində Yəvməl-Hüseyn mərasiminin qadağan olunması və Kəraçidə küçələrdə ehsan paylanmasına qoyulan məhdudiyyətlərə toxunaraq dedi:
Bu cür addımlar narahatedicidir. İmam Hüseynin (ə) əzadarlığı bizim ibadətimizdir və heç kimin onu məhdudlaşdırmaq haqqı yoxdur. İran İslam Respublikası bu gün Amerika və sionist rejim qarşısında qalib gəlmibdirsə bu Kərbəla hərəkatından ilham aldığı üçündür.
O, Pakistan xalqının öz ölkəsini dini etiqad azadlığı naminə qurduğunu bildirərək deyib:
Təəssüf ki, hazırda Pəncab, Sind və Xeybər-Pəxtunxva kimi bəzi əyalətlərdə bu azadlığın pozulmasının şahidi oluruq. Biz bu addımları qətiyyətlə pisləyirik və bildiririk ki, dini və qanuni haqqımızdan heç vaxt geri çəkilməyəcəyik.
Senator Raca Nasir Abbas Cəfəri sonda federal hökumətə xüsusilə də Daxili İşlər Nazirinə müraciət edərək tələb edib ki, Pəncab əyalət hökumətinin əsassız müdaxilələrinə və məhdudlaşdırıcı addımlarına son qoyulsun və ölkə üzrə əzadarlıq mərasimlərinin rahat, azad və təhlükəsiz şəkildə keçirilməsi üçün şərait yaradılsın.
Xəbərin sonu
Rəyiniz