cümə axşamı 10 iyul 2025 - 21:16
Hibrid düşüncə insan ağlı ilə süni intellektin sinerjisidir

Hövzə / Dini təhsil müəssisələrinin ağıllı texnologiyalar üzrə qərargahının katibi bildirdi: Hibrid düşüncə yaxud kollektiv zəka o deməkdir ki, süni intellekt insanın yerini tuta bilməz. Əksinə o, ənənəvi metodlarla müasir texnologiyalar arasında bir körpüdür. Bu nəzəriyyə günümüzün çətinliklərlə dolu şəraitində, xüsusilə humanitar və islam elmləri sahəsində, insanın mənəvi və əxlaqi dərinliyi ilə süni intellektin dəqiqliyi və gücü arasında sinerji yaratmaq üçün bir yoldur.

Elmi Hövzələrin ağıllı texnologiyalar üzrə idarəetmə qərargahının katibi Məhəmməd Rza Qasimi Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində deyib:

Koqnitiv Davranış (Cognitive Approach) bu gün psixologiya, dilçilik, neyroelmlər və son dövrlərdə süni intellekt elmlərinin imkanlarından faydalanaraq insan ağlının bilik istehsalı və emalı proseslərini daha yaxşı başa düşmək məqsədi daşıyan müasir analitik çərçivədir. Bu yanaşma idrak, öyrənmə, mühakimə yürütmə, problem həll etmə və qərarvermə kimi zehni proseslərə diqqət yetirir.

Dini təhsil müəssisələrinin ağıllı texnologiyalar üzrə idarəetmə qərargahının katibi əlavə etdi ki, bu elm əsasən MRT (Maqnit Rezonans Tomoqrafiyası) kimi ölçü cihazları vasitəsilə həyata keçirilən testlərə əsaslanır və insan davranışlarını beynin neyron hüceyrələrinin xüsusiyyətlərində izləyir. Süni intellektin sinir şəbəkələrinin öyrənilməsində əldə edilən nəticələrdən istifadə və bu nəticələrin təfəkkür fenomeni ilə uyğunlaşdırılması Hibrid düşüncəyə səbəb ola bilər.

O, sözlərinə belə davam etdi: Mümkündür ki, bu yeni yanaşmadan İslam araşdırmalarında da istifadə olunsun. Çünki bu cür araşdırmalar kompleks mətnlər, abstrakt anlayışlar və dərin məna strukturları ilə qarşı-qarşıya gəlir. Bu baxımdan, koqnitiv davranış dini mətnlərin məna və məqsədlərinin, anlayış və əlaqələrinin daha dəqiq başa düşülməsinə kömək edə bilər. Koqnitiv davranış Hipermətnlər ilə təhlillər aparmaq üçün uyğun modellər təklif edir. Koqnitiv elmlər sahəsinin mütəxəssisləri inanırlar ki, bu modellər Quran və sünnənin müxtəlif təfsir mərhələlərinə nüfuz etməyə və daha dərin struktur anlayışlarına çatmağa imkan verir.

Qasimi Hibrid düşüncə barədə də belə bir açıqlama verdi: Bu anlayış insanın rasional imkanlarının maşınların hesablama və analiz gücü ilə birləşdirilməsini ifadə edir. Bu nəzəriyyə, koqnitiv elmləri üzrə alimlərinin insanın zehni fəaliyyətlərinin mənşəyinin beynin fiziki və kimyəvi proseslərində axtarılmalı olduğu qənaətinə gəlməsindən irəli gəlir. Bu fəaliyyətlər, süni intellektin də əsaslandığı sinir şəbəkəsi formasında baş verir. Bu struktura ontologiya deyilir. Bu anlayış sadəcə texnologiyadan istifadə deyil, insan ağlının potensialı ilə süni intellektin imkanları arasında sinerji yaratmaqdır.

O qeyd etdi: İslam araşdırmalarında Hibrid düşüncə ənənə və texnologiyanın qovuşduğu nöqtə ola bilər. Məsələn, mövcud klassik təfsirlər süni intellektin köməyi ilə struktur şəkildə təhlil edilə bilər ki, onların gizli məna qatları aşkarlansın. Yəni burada süni intellekt həmin təfsirləri qələmə alan insanların düşüncə prosesi ilə birgə fəaliyyət göstərir. Başqa bir misalda isə rəvayətlərin şəbəkə təhlili yolu ilə yeni məna əlaqələri aşkarlanması mümkündür. Bu cür əlaqələr daha əvvəl insan zehnində təsəvvür edilə bilməzdi. Bu isə İslam mənbələrinin daha dərin anlaşılması üçün insan zəkası və texnologiyanın sintezidir.

Elmi Hövzələrin ağıllı texnologiyalar üzrə idarəetmə qərargahının katibi qeyd etdi: Süni intellektin İslam araşdırmalarında inteqrativ istifadəsi aşağıdakı xüsusiyyətləri ehtiva edir:

Mətnə əsaslanma yəni Quran, hədislər, qədim və müasir İslam alimlərinin əsərlərinə dərin diqqət,
çoxqatlı məna strukturları yəni zahiri təfsirdən batini təvilə qədər olan mənəvi qatlar, klassik dil və xüsusi semantik quruluş yəni ərəb dilinin yüksək səviyyəli və qədim forması, bu da təhlili çətinləşdirir.

O əlavə etdi ki, bu araşdırmaların dəyər əsaslı olması onları digər elm sahələrindən fərqləndirir. Belə ki, təcrübə elmlərindən fərqli olaraq, İslam araşdırmaları vəhyi və əxlaqi dəyərləri özündə daşıyır və nəticələri çox ehtiyatla qiymətləndirilib dəyərləndirilir ki, onların dini etibarlılığı təmin olunsun. Digər tərəfdən bu araşdırmalar multidissiplinar və çoxşaxəli xarakter daşıyır. Bir çox İslam mövzuları fəlsəfə, kəlam, fiqh, əxlaq və irfan sahələri ilə sıx bağlıdır.

Qasimi vurğuladı: Bu xüsusiyyətlər süni intellektin ideal və qabaqcıl tətbiq sahələrinə tam uyğundur. Süni intellekt böyük həcmli məlumatları və geniş mətnləri təhlil etmək, oradakı meyillərdən davranış modelləri çıxarmaq, bu modellər əsasında yeni fəaliyyətləri qiymətləndirmək və eyni zamanda meyar pozuntuları və səhvləri müəyyən etmək qabiliyyətinə malikdir.

Elmi Hövzələrin ağıllı texnologiyalar üzrə idarəetmə qərargahının katibi xatırlatdı:
Bu gün əminliklə demək olar ki, təkcə insanın zehni metodları artıq kifayət deyil və süni intellekt araşdırmalara əvvəllər təsəvvür edilməyən yeni bir perspektiv qata bilər.

O, İslam araşdırmaları aparan tədqiqatçılara tövsiyə etdi:
İslam alimləri multidissiplinar və çoxşaxəli tədqiqat qrupları yaratmalıdırlar. Bu qruplarda həm İslam elmləri üzrə mütəxəssislər, həm də süni intellekt və koqnitiv elmlər üzrə mütəxəssislər yer almalıdır. Təbii dilin emalı (Natural Language Processing – NLP) alətlərindən, məsələn, dini mətnlərin semantik təhlili və ya onların məntiqi strukturlarının bərpası da bu sahədə çox önəmlidir.

Qasimi vurğuladı ki, bu istiqamətdə dini mətnləri üzrə koqnitiv məlumat bazalarının yaradılması vacibdir. Həmçinin hövzə tələbələrinə və tədqiqatçılarına koqnitiv anlayışlar və süni intellekt üzrə təhsil verilməsi zəruridir ki, yeni texnoloji yanaşmalara uyğunlaşa bilsinlər.

Sonda o bildirdi: Hibrid düşüncə o deməkdir ki, süni intellekt insanı əvəz edə bilməz. O, yalnız ənənəvi metodlarla müasir texnologiyalar arasında bir körpü rolunu oynayacaq. Bu nəzəriyyə, xüsusilə bu günün çətinliklərlə dolu şəraitində, o cümlədən humanitar və İslam elmlərində, insanın mənəvi və əxlaqi dərinliyi ilə texnologiyanın dəqiqliyi və gücü arasında sinerji yaratma yoludur.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha